"Varlığın səsi" dərgisinin tərəfindən: Mirmosa Haşimi

 

Sayardım günləri qurbət diyarda,

Ömrün baharı sayanda getdi.

El - oba həsrəti, hicranın dərdi,

Qurbətdə yaşımı yetmiş beş etdi.

Mərasimə başlamadan öncə deməliyəm ki, 30 may yəni bir neçə gün bundan əvvəl Malmö şəhərində inanılmaz acı hadisə ilə uğraşdıq. Qudrətli gurnalist, kəsərli qələm sahibi, vətən sevər nəcib insan və “Varlığın səsi” dərgisinin baş yazarı Xumar xanım Cəfərli trafik qəzasında dünyasın dəyişdi. Mərhum Xumar xanım bu yubileyin nə qədər təntənəli keçirilməsinə can atırdı?! Üç gün hadisədən qabaq bir məktub da göndərmişdi, və daha sonra gələn təbriklər içində oxunacaq.

 Xumar xanımın ruhu şad olsun!

 

Hörmətli xanımlar, bəylər, əziz qonaqlar, hər vaxtınız xeyir olsun!

Azərbaycan səmasının parlaq ulduzlarından biri sayılan ustad Ibrahim Əhrarinin bu gün yubileyi mərasimi keçirilir.

“Varlığın səsi” dərgisi əməkdaşları adından siz əziz qonaqları ürəkdən salamlayıram! Ustadımızın səxsiyyətinə bəslədiyimiz dərin ehtiramın, sənətinə verdiyimiz yüksək  dəyərin təzahuru olan bu yubiley mərasimdə iştirakınıza görə minnətdarıq!

Bu gün biz xaricdə yaşayan azərbaycanlılar üçün unudulmaz və yadda qalan günlərdən biridir. Ona görə ki, ustad Ibrahim Əhrarinin 75-ci il dönümünü qeyd etmək üçün hamımız buraya toplaşmışıq. Biz tədbir boyunca ustadimızın həyat və yaradıcılığına nəzər salacayıq, onun ictimai fəaliyyətindən bəhs edəcəyik və ustadın öz dilindən həyat hekayəsini və xatirələrini dinləyəcəyik. Bu əziz gündə ustad Əhrarini təbrik etmək ücün  yaxından, uzaqdan ta buralara qədər gələn əziz qonaqlarımızla, bu əlamətdar gundə ustadimızın ətrafına toplaşan bütün soydaşlarımızla hamımız qürur duyuruq.

Ustadımıza göstərilən bu qayğı və qiymət bir daha sübut edir ki, xalqımız qədirbilən xalqdir və xalqımız el-obasına bağlı olan sənərkarlara, alimlərinə hər zaman  sayğı ilə yanaşır və biz bununla fəxr edirik.

Beli, səbirsizliklə yolunu gözlədiyimiz, hamımızın sevimlimiz görkəmli rəssam ustad Əhrari bu gün qonağımızdır.

 

Əziz Ustad Əhrari bəy!   

Hamımız bilirik ki, gənc yaşlarından bu günə qədər yüksək enerji və iradənizi itirmədən parça- parça bölünmüş məzlum xalqımızın səsini dünyaya yaymaq, xalqımızın mədəniyyətini incəsənətini dünyaya tanıtmaq sahəsində   çalışmalarınıza davam edirsiniz. Gözəl, insani düşüncə və duyğularınız ilə azərbaycan həqiqətlərini gözlərmizin önündə sərgiləyirsiniz. Sizin yüksək estetik dəyəri olan sanballı əsərləriniz dunya qalereyalarını, sərgilərini bəzəyir.  Siz zamanın nəbzini tutan bir rəssamsınız, çağdaş fikirlə, yeni nəsil ilə ayaqlaşırsınız, hər zaman axtariş içərisindəsiniz. Bu barədə daha artıq məlumatı proqram içərisində Bakıdan gəlmiş əziz qonağımız Azərbaycan Dövlət Rəssamlıq Akedemiyasının  dekanı professor Salxab Məmmədovdan eşitməyimiz daha maraqlı olacaq.

Azərbaycan milləti sizin kimi nəcib və alicənab ustadlara, onların sənətlərinə  dəyər verir. Dünən Bakıda və bu gün Isveçın Malmö şəhərində göstərilən təbrik və alqışlar da bir daha bunu göstərir.

Ustad Əhrari çox xoşbəxt bir insandır. Çünki nadir bir insana nəsib olur bu xoşbəxtlik ki, sərhədlərdən eşikdə onun bu qədər sevənləri olsun. Ustada daha neçə belə gözəl yubiley illəri arzılayırıq!


Sağ olun, var olun, yaşayın, yaradın!

 

“Varlığın səsi” dərgisinin müdür məsulu, Mirmusa Haşimi

Isveç, Malmö şəhəri, 9 iyun 2013