Təkrarsız fikir adamı Cəmil Həsənli Cavad Heyətin üç mərasimində çıxış edib |
|
Bü gün professor Cəmil Həsənli bir neçə gün əvvəl dünyasını dəyişmiş böyük alim və fikir
adamı doktor Cavad Heyətinin üç mərasimində mərhumun keçdiyi zəngin həyat yolu və ictimai fikirdəki yeri barədə
çıxış edib. O, doktor Heyətlə tanışlığına toxunaraq deyib ki, “bu təkrarsız fikir adamı ilə məni çox illər əvvəl
böyük şairimiz Bəxtiyar Vahabzadə tanış etmişdi və bu tanışlıq mənim həyatımda dərin izlər buraxmışdır. Doktor
Heyət haqqında danışanda onun Bakıdakı bir neçə fikir və əməl dostlarının adlarını hökmən çəkmək lazımdır.
Bura Bəxtiyar müəllim, Nurəddin müəllim, professor Süleyman Əliyarlı və başqa tanınmış simalar daxildir. Tale
elə gətirib ki, doktor Heyət Bakıya gələndə mən adlarını zikr etdiyim bu böyük insanların bir sıra görüşlərində,
söhbətlərində, müzakirələrində iştirak etmişəm və açığını deyim ki, həmin müzakirələrdən çox şey öyrənmişəm.
Hələ ötən əsrin 90-cı illərinin ortalarında Bəxtiyar müəllim, Şirməmməd müəllim və mənim Rəsulzadə haqqında
birlikdə bir məqaləmiz çıxmışdı və doktor Heyət də həmin məqaləni oxumuşdu. Növbəti görüşlərin birində bu
məqaləyə toxunaraq o, Rəsulzadənin İrandakı fəaliyyəti Seyid Həsən Tağızadə ilə münasibətləri və birgə qəzet
nəşr etmələri haqqında çox maraqlı məlumatlar verdi”. Cəmil müəllim doktor Heyətin keçdiyi zəngin həyat yolundan
danışaraq bildirdi ki, “onun ömrü 3 ölkə arasında keçib. Professor Cavad Heyət Təbrizdə doğulub, Türkiyənin
məşhur İstanbul Universitetində tibb təhsili alıb, İranda ürək cərrahiyyəsinin əsasını qoyub və Bakıda
əbədiyyətə qovuşub. Əslində, belə bir həyatı Allah ona düşüncələrinə görə, amallarına görə vermişdi və hər
üç ölkəni o, özü üçün vətən bilirdi. Doktor Heyət bir tibb alimi, bir tibb professoru olsa da, Türk Dil
Kurumunun fəxri sədri idi. Bu böyük missiya ona görə onun çiyinlərinə qoyulmuşdu ki, Cavad bəy türkologiyaya
aid 7 cildlik bir külliyyatın müəllifi idi. Mən dəfələrlə onunla Türkiyədə keçirilən beynəlxalq türkoloji
konfranslarda iştirak etmişəm və böyük dil alimlərinin onun mötəbər fikirlər və mülahizələrinə necə dərindən
iman gətirdiklərinin şahidi olmuşam. Onun türk dili, xüsusilə İran türklərinin dili, türk dili ilə fars
dilinin müqayisəli təhlili ilə bağlı apardığı elmi araşdırmalar, nəşr etdirdiyi kitablar dilçilik sahəsində
dərin elmi məzmuna malikdir. Doktor Heyət gözəl ədəbiyyat bilicisi idi. O, xüsusilə orta çağ İran və Azərbaycan
ədəbiyyatının, XX əsr türk ədəbiyyatının aşiqi idi. Yaddaşının arxivində Firdovsi, Nizami, Hafiz, Sədi, Şəms
Təbrizidən gözəl nümunələr vardı, Yəhya Kamal və Tofiq Fikrəti əzbər bilirdi, amma poeziyada təqlidi Şəhriyara
idi. Doktor Heyət bir tarix bilicisi idi. Onun "Türklərin tarix və mədəniyyətinə bir baxış, (İslamdan əvvəl
və islam dövrü başlanğıcından XVI əsrə qədər” adlı əsəri mükəmməl bir tarixi tədqiqatıdır və hər bir peşəkar
tarixçi bu əsərə qibtə edə bilər. Cavad Heyət əməl adamı idi. “Varlıq” jurnalını təsis etmək onun əməlpərvərliyindən
irəli gəlirdi. Həmid Nutkini, Məhəmmədəli Fərzanəni, Həsən Savalanı, Kərim Sönməzi, Xamneyi Mənzurini, Səməd
Sərdarniyanı, Qulamhüseyn Beqdelini və bu sıradan olan kişiləri “Varlıq”ın ətrafına toplayaraq doktor Heyət
İranda türk dilinin varlığını qoruyub saxlaya bildi. Bu onun öz xalqı qarşısında böyük xidməti idi. Ən nəhayət,
professor Cavad Heyət bir simvol idi, bir nümunə idi, öz sənətinə vurğunluğun nümunəsi, öz prinsiplərinə sədaqətin
nümunəsi idi. Boyundan da uca şəxsiyyəti var idi, yaşının doxsanı haqlamasına baxmayaraq qamətini də şəxsiyyəti
kimi düz saxlamağı bacardı. İşıqlı adam idi. Zəmanəmizdə belələrinə az təsadüf edilir. Böyük irs qoydu, onun irsi
milli mənəvi varlığı zənginləşdirir, yaddaşları təzələyir. Əminliklə deyə bilərəm ki, professor Cavad Heyətin mənəvi
ömrü, onun dövrümüz üçün uzun hesab edilən cismani ömründən də çox-çox uzun olacaq, çünki diri bir həyat yaşadı öz
varlığı ilə millətin diriliyinə xidmət etdi. Bir qayda olaraq yas məclislərində mərhumun ailəsinə, yaxınlarına baş
sağlığı verirlər. Amma doktor Heyətin itkisi ailə hüdudlarından çox-çox kənara çıxır. Bu itkinin miqyası çox böyükdür,
bu səbəbdən mən bütün Azərbaycan xalqına, İran millətlərinə başsağlığı verirəm. Allah rəhmət eləsin, qəbri nurla dolsun”.
|