Əli Hüsenof

Bakıdan İrana ağır sözlər

 

"Sənin dinin də, ruhaniyyətin də saxtadır”

“Bu gün “Human Rightes Watch”, “Aministy International” kimi beynəlxalq təşkilat və bəzi KİV-lər Azərbaycanı Afrika dövləti hesab edir və düşünür ki, QHT-lərimiz Azərbaycanda onların qabağından qaçmalıdır”.

Lent.az-ın məlumatına görə, bunu Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı konfransda deyib. O deyib ki, Azərbaycanda bir çox Avropa ölkəsi ilə müqayisədə insan hüquqları sahəsində daha ciddi addımlar atılıb, əsrin əvvəlində cümhuriyyət yaradılıb, qadınlara səsvermə hüququ verilib, opera yaradılıb. Ə.Həsənov deyib ki, transmilli KİV-lər və bəzi təşkilatlar özləri müstəqil olmadığı halda Azərbaycana damğa vurmağa çalışır: “Ancaq onlar demirlər ki, Ermənistan 20 ildir ki, Azərbaycan torpaqlarını işğal altında saxlayır, BMT-nin qətnamələrini yerinə yetirmir”.

Əli Həsənov “Eurovision”la bağlı Azərbaycana gələn xarici jurnalistlərə də irad bildirib: “Yazmadılar ki, Azərbaycan Cənubi Qafqazda yeganə dövlətdir ki, Avropanın enerji təminatında rol oynayır, İrandan və digər dövlətlərdən gələn fundamental dini müdaxilələrin qarşısını alır”.

Əli Həsənov deyib ki, dünyanın hər hansı ölkəsindən fərqli olaraq Azərbaycanda KİV-lər istədiyini yazır, prezidenti, icra qurumlarının rəhbərlərini tənqid və hətta təhqir edir: “Hansı ölkədə Azərbaycandakı kimi müxalifət belə sərbəst fəaliyyət göstərir? Sərf eləyəndə Azərbaycanı tərəfdaş adlandırırlar, sərf eləməyəndə Avropa qurumları Azərbaycanı hədəf seçir. Avropa nə gündədir? Şərqi Avropada istehsalı dayandırdılar ki, guya kompensasiya verəcəklər. İndi də kompensasiyanı dayandırıblar. Qəddafidən 5 il əvvəl pul alırdılar, 5 il sonra adını diktator qoyub üstünə təyyarə göndərdilər”.

Əli Həsənov qeyd edib ki, İran ruhaniyyətinin Azərbaycana təzyiqləri də yolverilməzdir: “Biz İrana deyirik ki, sənin dinin də, ruhaniyyətin də saxtadır. Biz bunu qəbul etmirik. Biz “Eurovision” keçiririk, yenə də deyirlər ki, siz gey-parad keçirirsiniz”.

MƏNBƏ: 31 May 2012 Azadlıq