ƏZİZ DOSTUM CƏMİL HƏSƏNLİYƏ
 

Rafiq ƏLİYEV

 

Bir neçə gün öncə bir həftəliyə Dubaya gedirdin. Ayrılanda sənə yaxşı yol arzuladım. Ancaq ürəyimdən sazaqlar gəldi keçdi. Axı bu boyda nəhəng vətən oğluna öz ölkəsində 60 illik yubiley məclisi keçirmək bu qədərmi çətinmiş?.. Dostum, dəyərli şairimiz Zakir Fəxri demişkən, “qalmaz belə, qalmaz dünya”. Mənim gücüm isə, əziz dostum, bu məktubu yazmağa və səni gözləməyə çatdı...

Hər bir millət özünü dünyaya tanıtmağa borcludur. Milləti ura-patriotlar yox, seçilmişlər tanıdır. Onlar həm milli dəyərləri, həm də ümumbəşəri dəyərləri yaşadır. Millətimizin belə seçilmişlərindən biri də sənsən, Cəmil bəy.

Hər bir insan dünyaya gələn andan qismətinə düşən bir ömür payı yaşayır. Yaşanan ömür payının yaddaşlarda necə iz qoyması isə insanın özündən asılıdır. Elə adamlar var ki, onun həyatda qoyduğu iz, açdığı cığır, keçdiyi ömür yolu gələcək nəsillər üçün bir örnək olur. Adətən belə adamlar ümumi məqsəd üçün çalışan, özləri isə getdikcə daha alicənab olan adamlardır. Öz alicənablığı və təvazökarlığı ilə seçilən, şəxsi həyatını ictimai həyata qatmağı bacaran insan kimi sən cəmiyyətimizdə şərəfli yer tutursan.

Bənzərsiz bir insan kimi, zirvədə dayanan tarixçi-professor kimi sən mənalı ömrünün təxminən 40 ilini xalqımıza və vətənimizə, elmimizə sərf etmisən. Sənin səsini daim auditoriyalardan, ciddi diskussiyalar aparılan elmi-nəzəri konfranslardan, ziyalılarla, adi insanlarla, dövrün nəbzi döyünən, xalqın taleyi həll olunan tribunalardan gəlib. Sənin keçdiyin mənalı həyat yolu, səni əsl ziyalı, zəhmətkeş alim, yüksək siyasi və ictimai təfəkkür sahibi, səmimi insan, gözəl şəxsiyyət kimi xarakterizə edir.

Əziz dostum, keçdiyin ömür yolu səni çox ölçülü bir şəxsiyyət zirvəsinə qaldırdı. Bu zirvənin ölçüləri elm, məktəb və müəllimlik, vətəndaşlıq, ziyalılıq, dostluq, cəsarət və ən nəhayət, insanlıq ölçüləridir.

Bu ölçülərin hamısı haqqında danışmaq, səni olduğun kimi açmaq üçün mətbu fəzası imkan vermir, inşallah, qalsın görüşənə. Ancaq bu ölçülərin bəziləri haqqında deməliyəm. Yaxşı bilirsən ki, elmdə zirvə olmur, onun hündürlüyü sonsuzdur. Ancaq sən zəkanın, zəhmətsevərliyinin gücü ilə elmi alpinist olmusan, zirvənin lap yaxınındasan. İnan ki, yalnız özü zirvəyə qalxanlar (“qaldırılanlar” bunu hiss etməz), o lap yaxın yerdə olan nadir alimlər tək bir ildə - 2011-ci ildə ABŞ-da, özü də dünyanın reytinq cədvəlində birinci yerdə duran Harvard Universitetində 30-40 çap vərəqi həcmində 2 monoqrafiya, Rusiyada, İranda, Türkiyədə 3 kitab çap etdirə bilər. Mən tarixçi deyiləm, lakin Con Hopkins Universitetinin institut direktoru professor Starr, professor Baberovski və başqa dünya alimlərinin sənin haqqına “O, postsovet coğrafiyasının ən yaxşı tarixçisidir” fikrinə tam inanıram.

Tanıtmaq istədiyim zirvənin bir ölçüsü də sənin böyük ziyalılığındır. Ziyalılığın əsas prinsipi intellektual azadlıqdır. Ziyalı ancaq öz vicdanının səsindən, bir də fikrindən azad deyil. Ziyalı vicdanı tək onun şərəfinin qoruyucusu, senzoru deyil, onun azadlığının sükançısıdır. Sənin bu ölçünü səciyyələndirən ən əsas xüsusiyyətlərin dövrümüz üçün qabaqcıl mənəvi ideallara sahib olmaq, yaxın ətrafına diqqətcil, təzahüründə yumşaq və ədəbli olmaq, xalqına inam, kiçik və böyük vətənə fədakarcasına tükənməz məhəbbətə əsaslanan vətənpərvərlik, müstəqillik, azad özünüifadəyə meyl və onda özünü tapma, mövcud hakimiyyətə tənqidi münasibət, ədalətsizliyin, antihumanizmin, antidemokratizmin istənilən formada təzahürünün məzəmmət edilməsi, ən çətin şəraitdə belə əqidəsinə sadiqlikdir.

Əziz dostum, sən dostluq eləməyi, dostu saxlamağı, bu dostluqdakı simmetrikliyi gözləyən bir insansan. Ümumiyyətlə, insanlar arasındakı münasibət intellekt səviyyəsi və intelligentlik dərəcəsi ilə müəyyən olunur. Sənin dostlarında bu tarazlıq var. Sən dostluqda ərk eləməyi də bacarırsan, ərk elətdirməyi də.

Əziz dostum, səni 60 yaşın münasibətilə ürəkdən təbrik edirəm, sənə xalqımızın, millətimizin işıqlı gələcəyi naminə uzun və mənalı ömür, ailə rahatlığı arzulayıram.

Qaynaq, Media forum sayti

2012-01-14 - 16:38:00