|
|
Son vaxtlar İrandan Azərbaycan Respublikasına qarşı çıxışlarda 1828-ci il fevralın 10-da Rusiya ilə İran arasında bağlanmış Türkmənçay müqaviləsinin ləğv oluna biləcəyi deyilir. 184 il əvvəl imzalanmış bu sənədin ləğvi mexanizmi varmı, varsa, nədən ibarətdir? Musa Qasımlı bildirib ki, Şimali Azərbaycan çar Rusiyası tərəfindən xanlıqlar formasında işğal edilsə də, 1918-ci ildə vahid, müstəqil dövlət kimi onun tərkibindən çıxıb: “Hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə İran bizim dövlətin adındakı Azərbaycan sözünə etiraz etmiş, bunu Güney Azərbaycana iddia kimi qiymətləndirmişdi. O vaxt İran Azərbaycana muxtariyyət verməklə özünə birləşdirmək istədiyini dilə gətirmiş, belə bir təklif irəli sürmüşdü ki, siz daxildə müstəqil ola bilərsiniz, amma xarici cəhətdən vahid mərkəzdən idarə olunacaqsınız. Əlbəttə ki, bu iddia boşa çıxdı. Birinci Dünya müharibəsindən sonra keçirilən 1919-cu il Paris Sülh Konfransına İran buraxılmadı. Məhz bundan sonra İran Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini tanımalı oldu. 1921-ci il fevralın 26-da sovet Rusiyası ilə İranın müqaviləsində bütün əvvəlki qeyri-bərabər müqavilələr ləğv edildi. 1991-ci ildə İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayəti Moskvaya səfəri zamanı müsahibələrinin birində Azərbaycan Respublikasını tanımadıqlarını, Azərbaycanla bütün münasibətlərin SSRİ çərçivəsində davam edəcəyini bildirmişdi. Ancaq bu istək də yerinə yetmədi. SSRİ dağıldı, Azərbaycan öz müstəqilliyini bərpa etdi. Müstəqilliyimizi bərpa edəndən bəri bizimlə tarix, coğrafiya, mədəniyyət cəhətdən yaxın olmasına baxmayaraq İran heç vaxt Azərbaycana arzu edilən münasibəti bəsləməyib. Zaman-zaman İran rəsmiləri hətta parlamentdə 17 şəhərin “ana vətən”dən ayrı düşdüyünü bildirir, Azərbaycana iddialar səsləndirir, Xəzər dənizini Mazandaran gölü adlandırırlar”. Musa Qasımlının sözlərinə görə, İranda bəzi dairərlər sabit, iqtisadi cəhətdən inkişaf etmiş Azərbaycanı özünə güclü təsir vasitəsi kimi qəbul edir: “Onlar düşünürlər ki, Azərbaycan Respublikası İranda yaşayan 30 milyondan çox türk üçün bir model halına gəlib”. Türkmənçay müqaviləsinin pozulmasına dair söylənənlərin heç bir əsası olmadığını vurğulayan Musa Qasımlı qeyd edib ki, Azərbaycan Respublikasını bütün dünya tanıyıb: “Azərbaycan müstəqil dövlət kimi fəaliyyət göstərir. Türkmənçay müqaviləsi isə tarixdir. İran Türkmənçay müqaviləsini pozsa da, bundan Azərbaycana bir zərər görmürəm. Çünki Azərbaycan müstəqil dövlət kimi beynəlxalq qurumlarda təmsil olunur”. Tarix elmləri doktoru, professor Cəlil Həsənli “Media forum”a açıqlamasında xatırladıb ki, Türkmənçay müqaviləsini İran Rusiya ilə imzalayıb: “Onu da bildirim ki, Türkmənçay müqaviləsi təkcə Azərbaycana aid olmayıb, bu müqavilənin subyekti həm də Ermənistan olub. Türkmənçay müqaviləsi ilə Rusiyaya keçən ərazilərdə sonradan Azərbaycanla yanaşı Ermənistan dövləti də qurulub. Bu müqavilənin pozulması bu gün heç nəyi həll etmir və heç nəyə təsiri ola bilməz. Azərbaycan beynəlxalq hüququn, beynəlxalq münasibətlərin subyektidir. Məlum ərazilər çərçivəsində Azərbaycan dünya təşkilatlarına və BMT təşkilatına inteqrasiya olunmuş dövlətdir. Türkmənçay müqaviləsini pozmaqla Azərbaycanı hədələmək tamamilə mənasız addımdır. Çünki bu müqavilənin pozulub-pozulmamasının Azərbaycana təsiri ola bilməz”. Yuxarıdaki mətləb,"Media forum" saytindan götürlənibdir. |
|