Elxan Şahinoğlu

NÖVBƏTİ QƏTLLƏRƏ HAZIRLAŞMALIYIQ?

 


Rafiq Tağının ölümü çoxlarını sarsıdıb. Ancaq yazıçının qətlinə sevinənləri və susanları da gördük. Onun yaradıcılığını, məqalələrini qəbul edib-etməmək ayrı, qətlə seyrçi qalmaq, ən dəhşətlisi isə onu dəstəkləmək tamamilə fərqli durumdur. Bu, müstəqil Azərbaycanın tarixində “yenilikdir”. Qətli dəstəkləmək bizləri orta əsrlərə, qaranlığa qərq etmək yoluna dəvətdir.

İranlı axund Məhəmməd Cavad Lənkərani (Rafiq Tağının ölümünə fitva vermiş ayətullah Məhəmməd Fazil Lənkəraninin oğlu) yazıçının qətlə yetirilməsindən sevindiyini bildirib. Açıqlamasında Rafiq Tağını təhqir edən Məhəmməd Cavad Lənkərani qatili qəhrəman adlandırıb. Bu da müstəqil Azərbaycan tarixində “yenilikdir” - İrandan gələn açıq sifariş əsasında Azərbaycan vətəndaşı qətlə yetirilib. Bu hesabla Rafiq Tağının qatili hansısa yolla sərhədi keçib İrana yetişsə, qəhrəman kimi qarşılanacaq, müxtəlif imtiyazlar qazanacaq.

Lənkəraninin açıqlamasının bir başqa hissəsi də diqqət çəkir. O, islam düşmənlərini, satqın və dini satan ünsürləri iyrənc əməllərinə görə bundan sonra da cəzalandıracaqlarını bildirib. Allah eşqinə, bu sözlər nə mənaya gəlir? Azərbaycanda kimlərin necə düşündüyünü bundan sonra İrandamı müəyyənləşdirəcəklər?

Mən ayətullahın açıqlamasının bu hissəsini belə oxuyuram: biz bundan sonra da Azərbaycanda lazım bildiyimiz insanların qətlinə fitva verəcək və bunun icrasına çalışacağıq. Yəni Azərbaycan bu hesabla yeni qətllərə hazırlaşmalıdır.

Azərbaycan rəsmiləri Rafiq Tağının qətlinə bir kriminal hadisə kimi yanaşır və bu səpkidə açıqlama verirlər. Ancaq iranlı axundun açıqlaması göstərir ki, bu, sadəcə kriminal deyil, bu qətlin arxasında böyük güclər dayanır. Rəsmi Bakının bu açıqlamaya susması, münasibət bildirməməsi Azərbaycan vətəndaşlarını növbəti təhlükələrə sürükləmək deməkdir. Açıq-aşkar milli və dövlət təhlükəsizliyimizə təhdid var. Bu halda susmaq qorxaqlıq əlaməti kimi qələmə veriləcək və qonşu ölkədəki radikal qüvvələr üstümüzə daha çox gələcəklər.

Təəssüf ki, Azərbaycanın içindəki dini dairələr də Rafiq Tağının qətlinə münasibət bildirməkdən çəkinir. Qoy bu suala cavab versinlər ki, qonşu ölkə ayətullahının başqa ölkənin vətəndaşı haqqında verdiyi ölüm fitvası dinimizə nə dərəcədə uyğundur? Yenə təkrar edirəm, mərhumun yazılarını bəyənib-bəyənməmək başqa məsələdir, bu, hər bir insanın təbii haqqıdır, ancaq qətlə haqq qazandırmaq və ya susmaq tamamilə fərqli məsələdir.

İndi sussaq, qətl növbəsi başqalarına da çatacaq. İslam dini bizi öyrədir ki, bir insanı öldürmək bəşəriyyəti öldürməkdir. Gəlin dinimizə sadiq qalaq, bəşəriyyəti öldürməyək...

2011-11-28 - 17:45:00

------------------------------------------------

Yuxarıda dərc olan yazı, "Media forumm" saytından götürülüb.