Ədəbiyat üzərinə müsahibə
 

Güntay Gəncalp

 

1.     Bir az özünüz haqqında danışın, oxucularımız sizi tanısın.

 

Mən 1966-ci İldə Güney Azərbaycanın Muğan bölgəsinin Xoruzlu mahalının Limli kəndində doğulmuşam. Dağların qoynunda yerləşən bu məhrum kənddə dünya ilə, varlıqla tanış olmağa başlamışam. Kəndimizdə yazıb-oxuması olan adamların sayı çox az idi. Olanlar da şəhərdə çalışıb evlərinə para göndərirdilər. Kiçik bir məktəb var idi kəndimizdə. Orada başladım oxumağa. Fars dilini ilk öyrənməyə başladığımda şok durumla qarşılaşdığımı unutmuram. Əlimizdəki kitablarda yazılan mətnləri nə mən anlaya bilirdim, nə də evimizdə anlayan var idi. Beləcə başlandı oxumağım. Ən böyük qardaşımın haqqında evimizdə sayqılı sözlər eşidirdim. Ancaq görməmişdim. O, Ərdəbildə təhsil alırdı. Yalnız yay tətilində gəlirdi kəndə. Şəhərə necə getdiyini xatırlamırdım. Sadəcə sirli bir yerdə yaşadığı haqda çocuqluq xəyalımda bir şeylər dolaşırdı. Kənddə çox böyük olmayan tarlamız var idi. Bir də atamın kənddə kiçik bir dükanı var idi. Həyat qaynağımız bunlar idi. Böyüdükçə kəndimizdə ağır ailəli olanlara şahid olurdum ki, onların heç bir tarlaları yox idi. Onun-bunun tarlalarında çalışıb əmələlik edirdilər. Buna çox üzülürdüm. Özəlliklə onların mən yaşda olan uşaqlarındakı aşağılıq və yoxsulluq kompleksini gördüyümdə içim sızlayırdı. Kiçik kəndimizdə əslində zəngin sayılacaq kimsə yox idi, ancaq çox aşağı səviyədə yaşayan 8-9 ailə var idi. Bu yoxsulluğa baxmayaraq, təbiət kəndimizdə gözəlliyini hər kəslə bərabərcə paylaşırdı. Dərələrdə kəndin qızları bulaqotu yığaraq şərqi söylərdilər. Bunlar mənim üçün indi gözlərimi yaşardan xatirlər. Kənddə su qıtlığı olduğundan yayın istisində qızlar dərədəki göldə çimərdilər. Məndə uşaq olduğum üçün onlara qatılardım. Bəzən də qızlar mənim kimi uşaqları təpənin başında bəkçi qoyardılar ki, gölə doğru gələn kişilər olursa xəbər verək. O qızların çılpaq bədənlərinin görüntüləri daha sonra gözlərimin önündə şeiriyətin örnəyi kimi canlanırdı. Orta məktəbdə oxuduğum zaman bəzən bu mənzərəni şeirə dönüşdürürdüm:

Çeşmənin başında gözəl bir pəri

Uzanan yollara tikdi gözünü

Gördü ki, yollardan kimsə gəlməyir

Soyunub bulaqda yudu özünü.

Belə idi kəndimizdəki həyat şəklimiz. İnsanların həyatdan böyük bəkləntiləri olmazdı. Hər kəs gündəlik yeməyinin arxasında idi. Yazda və yayda tarlalarda çalışıb qış üçün həm özümüz, həm də heyvanlarımız üçün azuqə toplardıq. Otları dəryazlar, tarlalarda arpa-buğda biçər və atla, eşşəklə kəndə daşıyardıq. Çətin həyat idi. İndi o həyat şəkli dəyişmiş. Ancaq çətin olsa da, çox şərəfli və əməklə dolu həyat idi. Lev Tolstoy “nədən aşağı siniflərdə zənginlərdə olan umutsuzluqlar yoxdur?” sualına bu şəkildə cavab verir: “Çünkü onlar sürəkli əməklə məşğuldurlar və həyatlarında boşluq meydana çıxmır.” Bu üzdən də Tolstoy özü də bütün zənginlik imkanlarını buraxıb mutlu həyatı yaxalamaq üçün pinəçiliklə məşğul oldu və ən ölməz və önəmli əsəri olan “Sənət nədir?” kitabını bu zaman yazdı. Bu açıdan indiki həyatımın əski həyatımdan daha yaxşı olduğunu söyləməzdim. Əmək insanın əxlaqını doğruca şəkilləndirən amildir.

Kənd həyatımız bu şəkildə davam edirdi. Artıq yazıb-oxumam var idi. Kəndə gələn məktubları mənə oxudardılar. Kəndimizin əsgərlikdə olan gənclərindən gələn məktublar. Ərdəbil şəhərində dərs oxuyan qardaşımdan gələn məktublar. Qardaşımın məktubları xaricində məktubların hamısı farsca olardı. Qardaşım çox gözəl türkçə məktublar yazardı. Türk dili ilə tanışlığım qardaşımın evimizə yazdığı məktublarla oldu. O məktubların bir qismi hələ də qalır. Mənim əziz və dəyərli varlığım kimi. Milli şüurumun biçimlənməsində qardaşımın böyük rolu oldu. Qardaşım orta məktəbi bitirib əsgərliyə getmişdi. Pəhləvilərin zamanı idi və türk dilinə aşırı şəkildə yasaqlar tətbiq edilirdi. Əsgərlikdə qardaşımın bir dostunu yaxalamışlar. Çantasındakı türkçə kitablardan dolayı. O dostunu hərbi məhkəməyə sövq etmişlər ki, pantürkist ədəbiyatı ordunun içində yayır. Qardaşımın daha sonra anlatdıqlarına görə o türkçə kitab oxuyan gəncdən xəbər çıxmamış. Başına nələr gəldiyini kimsə bilməmiş. Ancaq o əsgərin qardaşımda bir neçə kitabı qalmışdı. Bu kitabları qardaşım onu görməyə gedən atam vasitəsi ilə kəndə göndərmişdi. Atamın yazıb-oxuması olmadığı üçün necə təhlükəli iş gördüyünü bilməmiş. Qardaşım da kitabları kəndə göndərməyi düşünmüş. Kitabların içində Füzulinin divanı da var idi. Bəzi qəzəllərin və “Leyli və Məcnun” poemasının bir yerlərinə xətt çəkmiş və məktubda mənə yazmışdı ki, bu qəzəlləri və şeir parçalarını əzbərlərsən, gəldiyimdə sənə ikərlək (velsopet) alacağam. Mən də ikərlək sevdası ilə əzbərləmişdim. O zaman əzbərlədiklərim heç bir zaman unudulmadı. Beləcə mən Füzuli ilə tanış oldum. Füzuli ilə tanışlığım yolumu açdı. Füzuli oldu mənim sirdaşım. Bəzən ən acı günlərimdə Füzulinin qəzəllərini, şeirlərini təkbaşıma oxuyub içimi rahatladıram. Daha sonralar qardaşım qucağımda can verdiyində son sözü bu oldu: “Mənim məzar daşıməın üstünü farsca yazdırma, türkçə yazdır.” İndi Ərdəbilin “Qəriblər” məzarlığında bir məzar var ki, üzərində türkçə bir şeir parçası yazılmış. 

Beşinci sinifdə oxuduğumda İranda inqilab oldu. İnqilabdan az sonra ölkədə nisbətən demokratik mühit oluşmuşdu. Pişəvrinin zamanında çap olan dərslik kitabları yenidən yayıldı. Bütün bu kitabları alıb oxudum. Bir çox ana dilində dərgi və qəzetlər çıxdı. Türk dilinin nəfəs almasına imkan yarandı. Daha sonra İslam Rejimi özünü və dayanaqlarını bərkitdikdən sonra hamısını qapadacaqdı. Bakı radiosunu evimizdə sürəkli dinlədiyimiz üçün Sovet Azərbaycanına bir təmayülüm var idi. Bu üzdən də İranda Sovet yanlısı Kommunist təşkilatlara meyilli idim. Bakı radiosunda səslənən və muğamlarda oxunan qəzəlləri kasetə yazıb şeirlərini də dəftərimə köçürüb əzbərlərdim. İran mühitindəki imkansızlıqdan belə imkanlar yaradardıq. Şəhərə getdikdən sonra Ankara radiosunu dinləmək də buna əkləndi və türkçəmin miqyası dərinləşməyə, genişləməyə başladı. Orta məktəbi bitirib Təbriz diş doktorluğu institutuna girdim. Təbrizdə bir səhifəsi türkçə çıxan bir qəzetdə yazdığım şeirlərim və kiçik hekayələrim çap olardı. Sovetlərin dağılmasına yaxın zamanda Eyvaz Tahanın Tehranda yayımladığı “Yol” dərgisində də şeirlərim və hikayələrim çap olurdu. Univesitetdən bəlli düşüncələrimdən dolayı məni uzaqlaşdırdılar. 1985-ci ildə sərhəddi keçib Sovetlərə gəldim. Sovetlərin siyasəti Qarbaçov iş başına gəldikdən sonra dəyişmişdi. 45 gün məni tutuqlu saxlayıb İrana geri qaytardılar.  Dünyanın ən pis zindanlarının sovetlərdə olduğunu düşünürəm. İran-İraq savaşı davam edirdi. İranda məni yaxlayıb əsgərliyə apardılar. Savaşda Səddamın qullandığı kimyəvi silah qolumu yandırdı. Ağzıma taxdığım qoruyucu maskadan da ağzıma yol tapmışdı. Tənəffüs də etdiyim üçün o zamandan indiyə qədər aşırı öskürəyim davam edir, burda da dərdimə dərman bulmamışlar. İki müsəlman ölkənin qaranlıq qafalıları əlində həyatımız oyuncaq olmuşdu. Din qaranlığına gömülmüş İslam ölkələrində gənclərin həyatı bir heçdir. İnsan haqları yoxdur, olmaz, İslam haqları var. İslam haqlarının ehtiyacı insan qanına susamaq kimi ortaya çıxmış. Milyonlarca gənc adam İranda və İraqda İslam haqları yolunda qurban getdilər. Mən də təsadüfən diri qalmışam. Bu qorxunc savaşdakı xatirələrimin bir qismi əsasında “Yüksəl Birol” adında bir roman yazmışam. Bakıda çap oldu. İslam ölkələrində yaşayan bütün insanlar əşyalaşmağa məhkum edilmişlər. Çünkü din kültüründə düşünən insan ehtiyac yoxdur, qullanılan əşyalara ehtiyac var. Allahın sadiq kölələri olmalıdırlar. Bu inanc içində insan haqları və insan mərkəzli ədəbiyat ortaya çıxa bilməz. Çıxmamışdır. Bu ölkələrdə ədəbiyatın ilk görəvi dini əsarətə son vermək olmalıdır. Humanizm “Allah qulları” anlayışının yerinə oturmadıqca despotism davam edəcək, düşünən insanlar edam ediləcək, yurdlarından sürgün olacaqlar. Allahın yer üzündəki xəlifələrinin şəhvəti, nəfsi və seksual istəkləri yolunda gənclərin həyatları fəda edilə bilər. Azadlıq olmayan yerdə düşüncə döllənə bilməz. Əsarətə bəraət qazandıran şəriət yasaları üzərinə kitablar yazılar və bu əxlaq və insanlıq dışı bilgilər doldurular çocuqların beyninə. Bir ovuc vəhşi kapitalizmə dönüşmüş din xadimlərinin mənafeləri yolunda ölmək “cihad” sayılar və cənnətə gedən yol kimi göstərilər. Bizim tariximiz belədir. Bizim tariximiz bu dünyanın planlarına görə deyil, o dünyanın yalanlarına görə sürüb gəlmiş. Ona görə də tariximiz qaranlıq və boşluqdur. Bu diktatoru qovalayırsan tariximiz başqa bir diktatoru önümüzə çıxarır. Bu tarix devrilməlidir. Devrilmədikçə insana qurtuluş olmaz. Bir rönesans gerçəkləşdirməliyik.  


2. Nədən qürbət?
 

Yurdu məcburi olaraq tərk etməklə könüllü olaraq dünyanın səyahətinə çıxmaq fərqli şeylərdir. İnsan öz ölkəsində bütün ictimai və hüquqi statuslardan məhrum buraxıldığında istər-istəməz öz talehini başqa yerlərdə axtarmaq fikrinə düşür. Mənə görə bir İslam ölkəsində, şəriət qanunları ilə idarə olunan bir ölkədə yaşamaq gerçəkdən çox çətindir. İnsanı şərəfsizləşdirən şəriət yasaları. Çünkü insanın fərdi şərəfini əlindən alır şəriət. Fərdi şərəfi, fərdi şəxsiyəti əlindən alır və onu ərəbistan qumsallığından yoğrulmuş aşırı və öldürücü yasaların əmrinə verir. Əminəm ki, İslam ölkələrində yaşayan hər bir fərdin zehninin bir yerində bir fərar duyğusu var. İslam ölkələrindən və oradakı zülmlərdən, edamlardan, yasaqlardan fərar etmək duyğusunu hər bir insan, özəlliklə düşünən insan ağlının bir yerində daşımaqdadır. İslam ölkələrində yaşamaq, yəni şəxsiyətsizləşmək, yəni əşyalaşmaq, yəni azadlıq duyğusunu vicdanda söndürmək, yəni qorxu, yəni vahimə və riya, yəni iki üzlülük, yəni bir ovuc din xadiminin əmrlərinə təslim olmaq. İslam ölkələrində yaşamaq iki alternative ortaya qoyur: 1- Şərəfsizliyi qəbul edəcəksən, vicdanını susduracaqsan və kölələşərək sırf heyvani və bioloji həyatına davam edəcəksən. 2- Vicdanlı olacaqsan, düşünəcəksən və zindanlarda çürüyəcəksən, heç bir maddi-mənəvi tərəqqi etmədən ümidsizlik içində çürüyəcəksən.

Arxada bir cür, üzdə müsəlman görünmək. Çox çətindir vicdanlı bir insan üçün İslam ölkələrində yaşamaq. Hətta diqqət etsəniz, bütün beyin qaçışları İslam ölkələrindən Qərbə doğrudur. İslam ölkələri öldürücü, əzici, boğucudur. Əlinə fürsət düşən insan bu qaranlıq tarixdən, bu vəhşi şəriət düzənindən qaçıb qurtulmaq istəyir. Başqa yerdə necə yaşayacaqları, başlarına nələr gələcəyi önəmli deyil. İlk öncə bu qaranlıq İslam dünyasından qurtuluş bir aydın insanın ağlını məşğul edir. Bu qaranlıq şəriət tarixi devrilmədikcə də bu fərarlar davam edəcək. Bu üzdən də mənim qürbətə gəlişim istəyərək olmadı. Şəriət qaranlığından qaçış və canımı qurtamaq üçün olmuşdur. Hər kəs bir də bir az da azadca yaşamaq istər. Bu, hər kəsin haqqı. Bu haqqı şəriət islam ölkələrində yaşayan insanlardan almış. Bu baxımdan İslam Orta Çağı qaranlığı devrilməzsə, çox daha qanlar içəcək. Mənim amacım şəriətlə idarə olmayan bir ölkəmin olmasıdır. Bu üzdən də İslam Orta Çağı qaranlığını devirən Atatürk ideal şəxsiyətimdir. İranda qalası olsaydım heç bir iş etməsəydim belə, bu düşünclərimdən dolayı zindanlarda çürüyərdim. Bu düşüncəni o mühit qəbul etməz. Traiximiz doludur düşüncələri söndürmə və öldürmə örnəkləri ilə.

Ayrıca, başqa mədəniyətin refleksləri içində yaşamanın bir sənət adamı üçün yaxşı təsirləri olur. Bütün böyük insanlıq mədəniyəti mühacirətin məhsuludur. Mühacirətlər olmasaydı mədəniyətlərin bir-birinə təsiri də olmazdı. Will Durant kimi tarixçilər Sumer mədənitinin qurucularını Mərkəzi Asiyadan Mesopotamiyaya mühacirət edən moğollar olaraq bilirlər. Yəni ilk mədəniyət də kütləvi mühacirətin məhsuludur. Batı mədəniyətinin içində yaşamanın da bəzi yararları var. Ədəbi, fəlsəfi, zehni dalğalar günümüzdə Qərbdədir. Çünkü Qərbdə renesansdan başlayan proseslər düşüncəni ilahiyatın və teologiyanın əsarətindən çıxarmışdır. Şərqi də Qərb vasitəsi ilə öyrənə bilirik. Çünkü öyrənmə metodologiyasını elmi olaraq Qərb gəlişdirmiş. Qərb mədəniyəti bütün dünyanın müsbət dəyərlərini özündə birləşdirmişdir. Modernitə dünyada heç bir inanca, heç bir dinə xitab etməz, insana xitab edər. Bu baxımdan Qərb mədəniyətinin günümüzdə alternativi yoxdur. Bizim ölkələr də Şərqin şəriət qaranlığından qurtulmaq üçün qərbləşməyi hədəfləmişlər. Bu baxımdan “qürbət” sözünün elə bir anlamı yoxdur mənim üçün. Qərbə gəldikdən sonra yaradıcılığıma imkan yarandı. Bir sükunət tapdım. Bir kiçik evim oldu ki, oraya sığınıb ağlımda olanları qələmə alım və istədiyim kitabları oxuya bilim. İndi oxuduğum hər hansı kitaba görə şəriət yasaları tərəfindən təftiş edilmirəm. Bundan daha böyük xoşbəxtlik ola bilərmi? Ancaq nədən bu xoşbəxtliyi öz ölkəmizdə əldə etməyəlim?  


3. Son romanınız haqqında danışardınız.
 

Son romanımın adı “Yağız qarışqalar”dır. Burada fəlsəfi fikirlər yer almış. Dərin duyğusal olaylar var. Bu romanımı yazıb bitirib dilimizə və tariximizə sunduğum üçün çox mutluyam. Bu roman mənim yaradıcılığımın zirvəsidir. Kiçik həcmli bu romanımda bir çox sorunlar ələ alınmışdır. Bu romanımın dili də fərqlidir. Romanın təbiətindən doğan bir ehtiyac fərqli dil oluşdurmuşdur. Dilimizin çox dərin köklərinə enərək bu romanı yazmışam. Mənim üçün vətən, yalnızca torpaqdan ibarət deyil, dildən ibarətdir. Dilin içində yaşayırsansa, vətəndən ayrı deyilsən. Mən də türkçəmizin tam içində yaşamaqdayam. Düşüncə dilim, sevgi dilim türkçədir. Türkçənin pəncərəsindən baxıram dünyaya. Bu dili çox çətinliklə öyrənib dərinliklərinə enmişəm. Böyük acılara qatlaşaraq. Məktəbdə öyrənməmişəm. Fədakarlığımın nəticəsidir türk dilində roman və digər tarixi, fəlsəfi əsərlər yaza bilmək. Tək mən deyiləm, başqaları da var. Bəlkə sizlər mənim nə demək istədiyimi anlamazsınız. Çünkü sizlər ana dilində yazıb-oxuma güvənliyindən yararlanırsınız. “Yağız qarışqalar” romanımı bitirdikdən sonra çox yaxın dostlarım oxuyub və çap olmasına yardımçı oldular. Onlar söylədilər ki, bu roman çap olub kitabxanalarda arşivləşməlidir gələcək nəsillər üçün. Ortalıqda itib-batmamalıdır. Bu romanım haqqında mənim danışmağım bəlkə doğru olmaz, bunu gərək oxucular və tənqidçilər oxuyub dəyərləndirsinlər. Yalnız bu romanı oxuyub tənqid etmək də bir az məsuliyət gərəkdirir. Təsəvvüf, Hind və alman fəlsəfəsi haqqında ilkin bilgiyə sahib olanlar romanı anlamaqda zorlanmazlar. Sorunuza cavab olaraq bunları söyləyə bilərəm. Ancaq ayrıntılı şəkildə bilgilər romanın içindədir. Romanı oxumaq lazım. 

4. Azərbaycan Qürbətdən necə görünür? 

Azərbaycan yeni bir ölkədir. Üzünü Qərbə və Qərb mədəniyətinə tutmuş bir ölkədir. Bu baxımdan İslam ölkələri içində daha modern və insan haqlarına sayqı duyan bir ölkə olma şansına sahibdir. Azərbaycanın 150 il ruslarla bir yerdə yaşaması da onun üçün bir fürsət olmuşdur. 150 il içində Şərqin Orta Çağ qaranlığından ayrılma fürsətini yaxalamışdı. Təsəvvür ediniz ki, Axundov ilk dəfə sekularizm sözünü qələmə aldığında bu sözü tələffüz edənləri Osmanlıda və Qacarlarda edam edirdilər. Nə var ki, sekularizm Şəriətə qarşı imiş. Tam Axundovla eyni zamanda Qacarlarda minlərcə Babini edam etdilər. O zaman indiki Azərbaycan da Qacar dövlətinin tərkibində qalsaydı, Axundovu mollalar edam edərdilər. Ancaq rus hüquq düzəni şəriətin adam öldürməsini öz istilasında bulunan müsəlman ölkələrdə əngəllədiyindən Azərbaycanda da modern düşüncə doğdu. Ziya Göyalp boşuna demir ki, ilk türklük bilinci Azərbaycanda doğdu və Axundov başlatdı. Nədən? Çünkü hər növ yeniliyə Qacar şiəliyi və Osmanlı sünniliyi düşmən idi. Qorxunc qaranlığa gömülmüşdülər və gömüldükləri qaranlıqlarda boğulub öldülər. Azərbaycan rusların tərkibində özünü tanıma fürsətini əldə etdi və istiqlal məfjurəsi də sırf rusların tərkibində olduğu üçün doğdu. Baxın Güney Azərbaycana. Tam bir çöllük. Nə bir Üzeyir var, nə Axundov, nə F. Əmirov, heç bir şey yoxdur. Quzey Azərbaycan da orda qalsaydı elə güneyin indiki günündə olacaqdı. Ona görə boşuna ağlayıb-sıtğamağa gərək yox ki, ay bizi böldülər. Tarixi sürəc bizim xeyirimizə olmuş. Rus mədəniyəti ilə tanış olmaq Quzey Azərbaycanı dəyişdi. Bundan sonra yenidən Şərqin qaranlığına yuvarlanmaması lazım. Azərbaycan modern və mədəni dünyanın bir parçası olmağa can atan bir ölkə kimi görünür. Yüz ildən artıqdır Azərbaycan bu təlaş içindədir.


5. Azərbaycandakı ədəbi prosesi izləmək imkanız varmı? Necə bir mənzərə var?
 

Azərbaycan ədəbiyatını çox yaxşı oxumuşam. Türkçə və farsca klasik ədəbiyatı çox yaxşı oxumuşam. Axundovdan günümüzə qədər də Azərbaycan ədəbiyatını yaxşı oxumuş sayılaram. Ayrıca, modern Türkiyə ədəbiyatını da bəlli ölçü də oxumuşam. Ən çox Türkiyədə türkçəyə tərcümə olmuş Batı fəlsəfəsini və bir də Türkiyə aydınlarının yazdığı fəlsəfi kitabları oxumağa çalışmışam. Azərbaycan ədəbiyatını da yaxından izləyirəm. Çünkü özüm də onun bir parçasıyam. Gənc yazarların əsərlərini oxuyuram. Məqalələrini, şeirlərini. Çox ilgimi çəkir gənclərin yaradıclığı. Nərmin Kamal, Aqşın, Cəlil Cavanşir, Ağalar Məmmədov, Günel Mövlud, Nigar Xiyavi, Eyvaz Taha, Elşən Böyükvənd, Heydər Bayat və başqaları. Hər halda bunların içindən tarix üçün önəmli olan şəxsiyətlər yetişəcək. Ancaq ümumi fikrim budur ki, Azərbaycan hər iki tərəfdə də öz böyük ədəbi şəxsiyətlərini yetişdirməmişdir hələ. Öz Tolstoyunu, öz Dosteyeviskisini yetişdirməmişdir. Sanıram bu missiyanı Güneydən yetişən yazarlar üzərlərinə alacaqlar. Çünkü Güneydən olanların bəzi imkanları var ki, bu imkan nə Azərbaycanda, nə Türkiyədə var. Bütün Doğu ədəbiyatının dillərini bilirlər. Sadəcə öz dilimizi də dərindən mənimsəsələr, tariximizin faciəsini, örnəyin bir “Hərb və sülh” səviyəsində tablovlaşdıra bilərlər.


6. Uzun yüzilliklər yaşı olan Azərbaycan ədəbiyyatı haqqında düşüncələriniz…
 

“Azərbaycan ədəbiyatı” anlayışı yeni bir anlayışdır. Uzun illər boyu onun ömrü olmamışdır. Uzun illər boyu biz ona “Türk ədəbiyatı” demişik. Hətta Hüseyin Cavid, M. Hadi, Şəhriyar da Türk ədəbiyatına mənsub bilmişlər özlərini. Ya da Füzuli bir gün belə, Azərbaycanda olmamışdır. “Azərbaycan dili”ndə yazdığını da söyləməz. Füzuli Türk olduğundan qürur duyar və Tanrıya dua edər ki “Tanrım, mən türk dillidən mərhəmətini az eyləmə!” Ədəbiyatın göstəricisi olan onun dilidir, bəlli bir coğrafiya deyil. Azərbaycan isə, bir coğrafiyanın adıdır. Türk ədəbiyatı əski çağlarda ümum Şərq dünyasına hakim olan zehniyətin içində şəkillənmişdir. Bu yöndə də yaxşı təcrübələr qazanmış, fikri və estetik dərinliyi olan bilgilər bizə miras buraxmışdır. Mən əski ədəbiyatımızın vurğunuyam. Mühacir həyatımın bütün dönəmlərində Füzulinin və Mövlananın divanları yanımda olmuşdur. Füzuli mənim üçün fərqli bir mövzu. Qəzəllərini çox əzbər bilirəm. Heç bir zaman Füzulisiz olacağımı sanmıram. Füzulinin yaradıclığı üzərinə bir neçə yazı yazmışam. Türk ədəbiyatında Füzuli zirvədədir. Nəsiminin yaradıcılığında iki mərhələ olmuş. Birinci mərhələ Nəiminin təsiri altında olduğu dönəmə aiddir, gənclik çağına. İkinci mərhələdə azad insandır və bütün görüşlərə xoşgörü ilə yanaşır, bir hürufi kimi yanaşmır. Nəsiminin yaradıcılığının ikinci mərhələsi çox dərindir. Birinci mərhələsi daha çox ideoloji yanaşmaları ehtiva edir. Farsca yazmış şairlərimiz haqqında burda danışmağımın anlamı olmaz bəlkə. Farsca yazanların çoxunun əsərlərindən bəzi bölümləri dilimizə tərcümə etmişəm. Xaqani Şirvani gerçəkdən də çox dərindir. Həm fəlsəfi baxımdan, həm varlığı dərki baxımından və həm də şeiriyyət baxımından. Farsca yazanlarımızın sayı türkçə yazanlardan çox olmuşdur. Güclü yaradıcılıq imkanları olanlar onları dilimizə tərcümə edə bilərlər. Bu missiya da sanıram Güney Azərbaycandan və İrandan olan milli duyğuları gəlişmiş yaradıcı şəxsiyətlərimizə düşməkdədir. İndiki tarixi pozisionumuzda Güney Azərbaycanda və İranda çox geniş ölçüdə milli şüurlanma ortaya çıxmışdır. Bunun bir çox ölkə içi və qlobal səbəbləri var. Onun üzərində durmaq istəmirəm. Ancaq bunu söyləməliyəm ki, İran tarixində heç bir zaman türklərdə bu qədər şüurlanma dalğası olmamışdır. İranda tarix boyu türklük şüuru olmazkən, günümüzdə çox güclü türklük duyğusu və türklük şüuruna şahid olmaqdayıq. Bu oyanmış və dalğalanan enerjinin yaradıclığa da yansıyacağına şahid olmaqdayıq. Bu proses içində əski ədəbiyatımızın farscadan türkçəyə tərcüməsi də gerçəkləşəcək. Çünkü bu varoluş savaşında öz mənəvi keçmişimizə sahib çıxmalıyıq. Bu yöndə mən bəzi işlər görmüş və klasiklərimizin əsərlərindən dilimizə tərcümələr etmişəm.

Klassik ədəbiyatımızı yaxşı bilmək Şərqin irfan bucağından dünyaya baxışını öyrənmək anlamındadır. Hər millətin öz modernizmi var. Postmodernizm də hər millətin fərqli modernizm anlayışından doğmuşdur. Bizim modernizmimiz isə, əski dəyərlərimizi dərindən bilməklə zehni doğuş sağlaya bilər. Bu baxımdan mənim gənc nəsillərə böyük tənqidim var. Onların demək olar ki, tam əksəriyəti Füzulini, Nəsimini, H. Cavidi yaxşı oxumurlar. Çayxanalarda, ya da məktəbdə və universitetdə eşitdikləri yarımçıq bilgilərdi bilgiləri. Ancaq hər bir türk Füzulidən ən az 50-60 qəzəl əzəbər bilməlidir. Cavidi sürəkli oxumalıdır. Bütün diqqətimizi yalnız Qərbə yönəltmək də doğru olmaz. Bizim modernizmimizin kökü öz mənəviyat dədələrimizin düşüncələrindədir. Mən Qərb ədəbiyatını bəlli ölçüdə oxumuşam. Qərb ədəbiyatını və fəlsəfəsini. Ancaq kimsə Füzuli qədər məni məftun edə bilmir. Füzulini anlamam bir fitrət məsələsidir. Cavidi anlamam bir tarixilik mövzusudur, yəni Cavidlə mənim aramda tarixilik baxımından bağlar var, fitrət bağları. Bu bağlar mənim varlığı öz dilimdə anlamama yardımçı olur. Bunlar Şərqin Orta Çağ görüşünə qarşı çıxmış ərdəmli kişilərdir. Bunları bir kərə deyil, sürəkli oxumaq lazımdır. Rəmzləri dəyişdirmək, toplumu kəndi qaranlıq keçmişindən ayırmaq ədəbiyatın görəvidir. Yeni rəmzlər oluşdurmaq. Nədən Volter Qərb ədəbiyatında böyükdür? Nədən? Çünkü Orta Çağın diktator Tanrı anlayışını yıxdı. Eyni şəkildə Cavid də Şərqin Orta Çağına qarşı çıxmışdır. Mərhəmətsiz diktator Şərq allahına qarşı savaş açmışdır. Dini-xürafi mifləri yıxmışdır. Axundovdan başlayan və Caviddə zirvəyə çatan bir zehni və ədəbi inkişaf var bilgi tariximizdə, ədəbiyat tariximizdə. 

7. Klassik və müasir Azərbaycan ədəbiyyatı: Dəyişən nədir? 

Klassik ədəbiyatda ya da klassik zehniyətdə bu görüş hakim olmuşdur: Hər növ dəyişiklik olacaqsa, din mərkəzli olmalıdır. Dünyəviliyə yer verilməməlidir. Bu zehniyət üzündən Şərqdə fəlsəfi şərhlər yarandı, ancaq dram əsərləri yazma sənəti doğmadı. Nədən? Çünkü Yunan fəlsəfəsini ərəb dilinə tərcümə etdilər, yalnız yunan dram əsərlərini ərəb dilinə tərcümə etmədilər. Çünkü yunan dram əsərlərində dünyadan zövq alma, dünyəvilik zehniyəti hakim idi. Bunu da Şərqin dini görüşü qəbul etmirdi. Bu üzdən də Şərqdə Farabi, İbni-Rüşd kimi böyük filosoflar yetişdi, ancaq dram sənəti sahəsində bir İbni-Sina yetişmədi. Bir Xaqani və ya Mövlana yetişmədi. Çünkü klassik zehniyət bütün dəyişiklikləri teologiya kökənli görməkdədir. Hətta Pifaqorun dünyəvi musiqisi belə Şərqdə inkişaf etmir. Üzeyir Hacıbəyliyə qədər Şərqin musiqisi də İlahiyat mərkəzlidir. Yalnız Hacıbəyli həyat duyğularını musqiyə qatmış və musiqimizi modernləşdirmişdir. Yəni klassik ədəbiyata hakim olan zehniyət sənətin bütün sahələrinə, o cümlədən şeirə musiqiyə və rəsamlığa da hakim olmuşdur. Məsələn Şərqdə minyatür sənəti çox inkişaf etmişdir. Nədən? Çünkü minyatür bir klassik sənət növüdür. Miniyatür böyük sənət olmasına rəğmən böyük yaradıcılıq duyğusunu içində daşımaz. Rəssam yaradılmış bir əsəri rəsimlə tablovlaşdırar. Yəni minyatür daha öncədən yaranmış bir başqa sənət əsərinə arxalanar. Nizaminin əsərlərinə minyatür rəsmlər çizilmişdir. Sözlərlə daha öncədən anladılmış epik, ya da lirik bir əsəri rənglərlə tablovlaşdırar minyatür. Ancaq modern rəssamlıq rəssamın öz xəyallarının məhsuluidur. Məsələn Səttar Bəhlulzadə kimi. Diqqət etsəniz Minyatür əsərində də teoloji zehniyət hakimdir. Hər şeyi yönəldən, idarə edən mütləq bir iradə var. Modernizm isə, o mütləq iradənin yerinə insanı qoydu. Bu, klassik və modern anlayışların fərqidir məncə. Klassik sənət əsəri olmayanı deyil, olanı düşünməyə çalışmışdır. Modern baxış isə, olmayanı düşünmək istəmişdir. Olanı öyrənmək və olmayanı düşünmək modernitənin ana amacı olmuşdur. Bu fərqləri klassik və modern baxışlarda görə bilirik. Əlbəttə mənim anlatdığım səviyədə Şərqdə hələ ədəbiyyat doğmamışdır. Çünkü bu ədəbiyatın doğması üçün öncə fəlsəfə doğmalıdır, fəlsəfə və onun dili. Qərbdəki modern ədəbiyat rönesansdan başlamış günümüzə qədər davam edən fəlsəfi cərəyanlardan etkilənmişdir. Fəlsəfi düşüncələr bəzən roman dili ilə psixoloji ayrıntıları ilə anladılmışdır. Alber Kamyu “Modern anlamda fəlsəfə ilə uğraşmanın yolu roman yazmaqdır” deyir. Bu miqyasda bizdə ədəbiyat hələ yoxdur. Modern ədəbiyatı deyirəm. Çünkü fəlsəfəsi yoxdur. Fəlsəfi dərinlikdən məhrum olan bir əsər oxucunun beynini hərəkətə keçirə bilməz. Düşündürə bilməz. Sadəcə olayların təsviri olur.

Klassik ədəbiyat dediyimizdə ümumən şeir göz önündə bulunur. Çünkü divan ədəbiyatı, şeiri, musiqini və rəqsi öz varlığında bütövləşdirər. Şəmsi-Təbriz “Eşq təsəvvüfü”nün üç bəyan şəklini şeir, musiqi və rəqs olaraq tanımlar. Pol Valerinin dili ilə söylərsək “Qafiyə və vəzn şeirin altun çərçivəsidir.” Divan şeirində məzmundan asılı olmayaraq formasında bu altun çərçivəni görürük. Şeir, qafiyə və vəzndən özünü azad etmək istəyirsə, o zaman bu altun çərçivənin yerini alacaq estetik nəsnələri tapmalıdır, yoxsa estetik görünüşdən və dərinlikdən məhrum olar. Bu mövzu üzərinə bizim şair və bilgə Süleymanoğlunun yaxşı təsbitləri var. Divan şeiri ümumən qulaq ədəbiyatıdır. Bəzən əlifbaya belə gərək duymaz. Vəzn, qafiyə ona öyləsinə musiqi yüklər ki, qulaq ondan xoşlanar. Modern şeir isə, göz şeiridir. Bir əlifbası olmalıdır. Gözlərini mətnə dikib oxumalısan. Modern şeir göz şeiri olduğu üçün də yadda qalmaz. Bir qəzəl, bir qoşma kimi yadda qalmaz.

Modernizm dinin dışına da çıxmağı savundu və postmodernizm dini amili inkar etmək olmaz görüşü ilə ortaya çıxdı. Əlbəttə postmodernizmin söyləmini “inanc” sözü ilə tanımlarsaq daha doğru olar. Klassik baxış toplumun hərəkətdə olan canlı ağlının yerinə bütüncü bir ağıldan yararlanmaq istəmişdir, mütləq bir ağıldan. Modernitə isə, sosial rasionallaşmanı tərcih etmiş və hər kəsə “düşünmə cəsarətin olsun!” çağrısında bulunmuşdur. Modern ədəbiyatda fərdiyətçilik də burdan doğmuşdur. Dinin siyasi və estetik həyatdan ayrılmasını savunan modern yanaşma fərdlərin ağlına azadlıq haqqı tanımışdır. Modern ədəbiyatda şahid olduğumuz yeniliklər də burdan qaynaqlanır. Ancaq maraqlı bir tablov ortaya çıxmağa başlamışdır. Qərbdə yalnızlaşan insan üçün din yenidən bir güvən amilinə dönüşməyə başlamışdır. Postmodernizmin də ortaya çıxışı bu üzdən olmuşdur. Yeni dini sürəc Orta Çağ skolastiyinə bənzəməz. Fərdi din anlayışıdır, dini institutlara gərək duymadan. Bu üzdən də postmodernizm modernitəni tamamlayan bir olqu kimi meydana çıxmışdır. Bu növ din anlayışı estetikdir, etikdir, insanidir. Doğuda din despotizmin və fərdi haqları boğmanın aracıdır. Bu səbəbdən də postmodern ədəbiyyata Doğuda rast gəlmirik, gəlmək də mümkün deyil. Kütləvi şəkildə dini istibdad və dini cəhalət əlində boğulan insanlar dindən necə ilham ala bilərlər? Ona görə də Qərbdəki insanların dindarlığı fərdi olduğu üçün çox cazibəli və insanidir, xeyirxahanədir, gözəldir. Şərqdə din bütün estetik və etik çərçivələri əzib aşdığı üçün qorxuncdur. Və heç bir ədəbi, zehni və əxlaqi ilhama qaynaq ola bilmir. Nədən? Çünkü gözəllik təcrübənin müxtəlif parçalarının daxilən bir-birinə uyumlu olmasıdır. Bundan da amac ən yüksək təsir imkanı yaratmaqdır. Varlıq, gözəllik icad etmə doğrultusundadır. Sənətin də ana amacı həqiqət qaynaqlı gözəllik icad etməkdir. Bunun üçün fərd mərkəzdə durmalı və onun azadlığı üstün sayılmalıdır. Modern düşüncə budur. Bu düşüncə Şərq millətləri üçün bir həyat şəkli deyildir hələ. Bir xəbərdir sadəcə. Modern ədəbiyatın əsas prinsibi əski ilə savaşmaqdır. Bunu ən gözəl şəkildə H. Cavid formolizə etmişdir:

“Lazımsa cəhalətlə güləşmək

Bir çarə var, ancaq yeniləşmək

Bizlər yeniləşsək belə, daim

Bir əskilik az-çox bizə hakim”

Cavidin də formolizə etdiyi bu modernizm fəlsəfəsinə görə indiki zamanı gələcəklə bağlı təsəvvürlərimiz genişlədə bilər. Bu arada bunu da söyləmək istərdim ki, modern ədəbiyatımızda H. Cavid səviyəsində romançımız yoxdur. Roman bir ifşa sənətidir. Bu sosial və tarixi mühiti ifşa edib, aydınladıb və geniş düşüncəli insan tipi təsvir etmək roman sənətində daha əlverişlidir. İctimai, ya da milli ruh olaraq tanımlanan anlayış fərdi ruhların etki və təpkisinin nəticəsində ortaya çıxar. Bu açıdan hər ulusun yaradıcı azınlığı olaraq bilinən aydınlar və yazarlar tarixi-milli ruhun gerçəkləşməsində böyük missiya öz üzərlərinə götürürlər. Məncə ruh, sürəkli hərəkət nəticəsində gerçəkləşim deməkdir. Bu gerçəkləşim də dil və sözlərlə mümkün olur. Klassik ədəbiyyatda Füzuli kimi böyük düşünürlər “söz” rədifli qəzəlində olduğu kimi dilin və sözlərin önəminə deyinmişlər. Modern düşüncənin ana fəlsəfəsi dil və sözlərdir. Bu mövzunu daha yaxşı izah etməm üçün Habermasdan bir düşüncəni söyləyərək bu sualın cavabını bitirmək istərdim. Habermas deyir: “Sözlərin üç missiyası var: 1- Zehnlər arası irtibat qurur. 2- Əşya və fenomenlərlə, xarici dünya ilə irtibat bərqərar edir. 3- Yazarın və ya danışanın hallarını və zehni təcrübələrini bəyan edir.” Ən ağıllı anlaşma və yaradıclıq biçimi bu üç amilin bir yerdə gerçəkləşməsi ilə mümkün olur. Anlaşmanı mümkün edə bilmək sözlərin və yaradıcılığın əsas amacıdır.  

8. Azərbaycanın müasir ədiblərindən kimləri oxuyursunuz? 

Ramiz Rövşəni və bir də yeni nəslin yazdıqlarını istisnasız olaraq oxuyuram. Yeni tanıdığım gənclərin əsərlərindən bəzi parçalar oxuyuram. Görsəm ki, bilgi doludur, ədəbi tərəfləri dərindir başqa əsərlərini də izləyirəm. Belə olmasa davam etmirəm. Bakıdan aralı olduğum üçün çap olan kitabları əldə etmək çətindir, yalnız internet üzərindən oxuyuram. Kitabları da əldə edib oxumağa çalışıram.

9. Azərbaycan ədəbiyyatını dünyada tanıtmaq üçün çalışmalarınız varmı? Ümumiyyətlə bizim ədəbiyyatı dünyaya çıxarmaq olarmı?
 

Bir ölkənin ədəbiyatını tanıtmaq yazarın işi ola bilməz məncə. Tərcüməçinin işi ola bilər. Azərbaycanda dünyaya lazım olan ədəbi örnəklər var. Bunları tərcümə edib yaymaq mümkündür. Mən nə qədər oxuyurumsa, bir o qədər bilgisiz olduğumu hiss edirəm. Ona görə də sürəkli axtarışdayam. Öz suallarım var. Ona oxumaqla, yazmaqla cavab verməyə çalışıram. Başqa işlərə vaxtım qalmır.  

10. Güney Azərbaycan ədəbiyyatının bu günü ilə bağlı düşüncələriniz? 

Güney Azərbaycan və onun tarixi və indiki sosial mühiti çox qorxunc bir qaranlığa gömülmüş. Orada yetişən şair və yazarlarımız gerçəkdən böyük fədakarlıq göstərirlər. Mənim onlara böyük sayqım var. Onlar mənim gerçək qəhrəmanlarım. Onlar qatı qaranlıqda parlayan ulduzlar. Ana dilində məktəb yox, ana dilində oxuma alışqanlığı olan kütlə yox. Bu yoxluqlara baxmayaraq, onlar yazırlar və oxucularını da bəlkə indiki qaranlığa gömülmüş zamanda var edə bilməslər də, gələcəkdə var edəcəklər. Bu yoxluq içində varlıq savaşıdır onların yaradıcılıqları. Mən qaranlıqlarla savaşanları öz qəhrəmanım olaraq görmüşəm hər zaman. Onlarla bir mənəvi məkandayam. Güney Azərbaycanın indiki durumu keçən əsrin əvvəllərindəki Quzey Azərbaycanın durumuna bənzəməkdədir. O zaman Y. V. Çəmənzəminli yazırdı: “Heç bir sahədə lazımlı kadrlarımız olmadığı üçün, hər bir milli aydınımız özünü bir çox sahələrdə gəlişdirmək zorunda qalmışdı. Hüquqçu, politikaçı, tarixçi, yazar, hərbçi, ədəbiyatçı, diplomat.” Yaradıcılığına rəğbət bəslədiyim Çəmənzəminlinin bu sözləri sanki bizim indiki Güney Azərbaycanın pozisionu haqqında ən dəqiq bilgidir.

 

Müsahibəni apardı:

Cəlil Cavanşir

13.07.2011