|
||
Son dönəmlərdə Güney Azərbaycanla bağlı eşikdə çıxan yayınlarda olsun, gündəlik danışıq, söhbət, söyləmlərdə olsun tez tez bu qavramı işlədirik : SATQIN. Bu son dərəcə ağır bir suçu və ciddi bir suçlamanı özündə barındıran bir qavramdır. Bu suçlamanı irəli sürmədən öncə yüz ölçüb bir biçmək, bu ağır ittihamı birisinə tuşlamaq üçün çox ciddi əsaslara sahib olmaq gərəkir. Ancaq nə yazıq, tez tez bəzi aydınlarımızın ölçü hissini itirərək, gerçəklik duyğusundan uzaqlaşaraq keyfi istədiyi insanla ilgili keyfinin istədiyi vaxt bu ağır suçlamanı eninə-boyuna, bol-bol, tez-tez işlətdiyini görürük. Bu, kəsinliklə yolverilməz bir durumdur. Çünkü bu ağır suçlamanı sadələşdirib kiçiltməklə, bu qavramı yozlaşdırmaqla birlikdə, sıradan bəsit olaylarla önəmli xəyanətlərin bir birinə qarışdırılmasına da nədən olmaqdadır. Bu durum həm qavram alanında böyük çaşqınlıq yaratmaqda, həm də xalqımıza edilən böyük xəyanətlərin gözdən qaçıb unudulmasıyla sonuclanmaqdadır. Bu yerdə çox önəmli bir ayırım etməliyik : siyasi dözümsüzlük, hövsələsizlik durumunu, gerçək xəyanət məsələsindən ayırmalıyıq. Bəzi aydınlarımız düşüncə fərqləri, görüş çeşidliliyi kimi çox doğal (təbii), sıradan durumları belə sindirə bilməyib mədəni, siyasi dözümsüzlük sərgiləyirlər. Onların ürəyinə yatmayan, xoşuna gəlməyən düşüncələrə aşırı təpki göstərirlər. Özünükontrol duyğusunu itirib sağa-sola, ağızları köpüklənə-köpüklənə ağır ittihamlarla bəyənmədikləri insanlara “satqın”,”casus” damğası vururlar. Mədəni bir toplum(cəmiyyət) və demokratik bir birey(fərd) üçün bu, qəbul edilməz bir durumdur. Başqa insanların bizimkindən fərqli olan düşüncələrinə sayğı duymağı öyrənməliyik. Mədəni işbirliyi və demokratik uzlaşma yollarını aramağı öyrənməliyik. Toplum fərqli düşüncələri olan insanların birliyindən oluşmaqdadır. Ancaq burada önəmli bir məsələni də gözdən qaçırmamalıyıq. Fərqli düşüncələr deyəndə vətənimizin azadlığı üçün çalışan, vuruşan insanlarımızın hədəfə varmada taktik fərqlilikləri nəzərdə tutulur. Millətimizi əsarətdən qurtarma ideyasında düşüncə çəşidliliyinə, taktik fərqliliklərinə sahib vətənsevər yurddaşarımızı millətimizə aktiv biçimdə bilərək xəyanət edən satqınlar və milli məsələdə passiv qalan, özgə kültürünə yem olan bilincsiz, vətəninə vəfasız manqurtlardan ciddi biçimdə ayırmalıyıq. Bu millətin övladı olub, ancaq milli hərəkatımıza düşməncə yanaşan, xalqımızın əleyhində olan plan və proqramlara bilincli olaraq qoşulan, düşmənlə iş birliyi edən insanlar açıqca Vətənimizə xəyanət etməkdədirlər. Bilincsiz davrananlar isə adlım “manqurt” qavramına girib, öz dilinə, kültürünə yad olanlar, özgə dilinə əsir olub, yabançı kültürü içində əriyənlər(assimilə olanlar)dir. Bilindiyi kimi “manqurt” qavramı ilk dəfə adlım Qırğız yazıçısı Çingiz Aytmatovun “Gün uzanar, yüz il olar” adlı əsərində tanıdılmışdır. Düşmən qəbilə tərəfindən əsir alınan bir gənc oğlanın qolları bağlanmış olaraq başına dəvə dərisi keçirilərək çölün uzaq bir yerində qızmar günəşin altında günlərcə tutulmaqdadır. Bunun sonucunda istinin etkisiylə büzüşən dərinin daralmasıyla uzanan saçların tərs dönərək içəriyə oğlanın öz başının, beyninin içinə doğru yeriməsi dəhşətli ağrı-acılarla birlikdə sürməkdədir. Sonunda oğlan bilincini və iradəsini tamamən itirərək zavallı bir məxluq olur və bir robot kimi öz ağasının köləsinə çevrilir. O, artıq keçmişində yaşadığı hər şeyi unutmuş, hətta öz doğma ana-atasını belə tanımaz hala düşmüşdür. Ağasının bütün buyruqlarına sözsüz əməl edən oğlan bir gün düşmənlərlə birlikdə öz doğma obasına hücum edir, öldürmə və yağmalar sırasında oxu ilə öz doğma anasını da vurub öldürür. Ananın ölərkən balasının adını səsləyərək atdığı son çığlıq manqurtun beynində çoxdan silinmiş keçmişinin bulanıq bir xəyalını canlandırır. Günümüzdə “manqurt” qavramı öz dilinə, kültürünə yadlaşaraq milli bilincini itirmiş, milli duyğulardan yoxsun qalmış özgələrə “yamaq” zavallı varlıqları ifadə etmək üçün işlədilir. Böyük Atatürkün dediyi kimi: `Millətin tarixini oxumayanlar, milli duyğulardan yoxsun, ya cəhalət, ya da xəyanət içində olanlardır. Cahil ya da xain ya yalan söylər, ya da iftira atar.” Burada manqurt dediyimiz bilincsiz varlıqlara Atatürk “cahil” deməkdədir. Atatürkün “xain” dediyi şəxslər isə bilincli olaraq düşmənlə əlbir olan satqınlardır. Hərəkatımız içində çeşidli kəsimlər, qruplar Azərbaycanın özgürlüyünü əldə etmənin yollarını yüzdə yüz eyni biçimdə, eyni qalıbda görməyib, eyni tasarıda (projedə) planlaşdırmaya bilər. Bu, son dərəcə doğaldır. Vətənimizin qurtuluşuna, ulusumuzun özgürlüyünə gedən yan yolların hamısı bir ana yolda birləşməkdə, bütövləşməkdədir. Yəni taktiklər fərqli olsa da stratejik hədəf eynidir. Çeşidli qruplarımız arasındaki bu taktik fərqlərini qabardaraq, aşırı dərəcədə şişirdərək aqressiv bir tavırla düşmənçilik həddində bir birindən ayrı, uzaq göstərmək son dərəcə yanlışdır. Halbuki, dünya təcrübəsi bizə bunun tərsini göstərir. Dünyadakı milli hərəkatları incələdiyimizdə başarılı hərəkatlarda sərt və ilimli qanadlar arasında hər zaman iş birliyi, eyləm birliyi olduğunu görürük. Mərkəzi rejimlə mübarizədə bu məqsədyönlü işbirliyi çox önəmlidir. Mübarizənin çeşidli aşamalarında siyasi səhnəyə ilimli(mülayim) qruplar çıxmaqda, yumşaq üslubla və rejim tərəfindən rahatlıqla qəbul edilə biləcək tələblər irəli sürülməkdədir. Ancaq mərkəzi rejimlə xoşluqla dil tapmaq mümkün olmayanda bilincli olaraq qəti istiqlal yanlısı qruplar səhnədə öz yerini alaraq mərkəzlə daha sərt dildə danışmağa, ayrılıqçı tələblərini qətiyyətlə ortaya qoymaqdadır. Sıxışmış duruma düşən mərkəzi rejim yenidən ilimlərlə dialoqa girərək onlarla anlaşmaq, onların tələblərini qəbul etmək zorunda qalmaqdadır. Bu durum, daha doğrusu rejimlə aparılan bu taktik oyunlar hərəkatın gəlişməsi, güclənməsi üçün zaman qazandırmaqda, sərt və ilimlilərin gerçək hədəflərinə addım addım yaxınlaşdırmaqdadır. Bu gün bizim hərəkatımızın içində də uzlaşmaz tavır sərgiləyib bir kərədə özgürlüyə çatmaq istəyən tam istiqlal yanlısı sərt qanadda olan istiqlalçılar və istiqlal hədəfinə yavaş, aşamalı, uzun dönəmdə çatmağı uyğun görən yumşaq tavırlı federalçı qanad vardır. İstiqlalçılar yaranan ilk fürsətdə mərkəzi rejimdən qopmağı, ən qısa zamanda ayrılıb ayrı dövlət olmağı istəməkdə, bu məsələni yubatmanın, gecikdirmənin mərkəzi rejimə yenidən zaman və güc qazanması üçün gərəkli sürə və olanaqları verəcəyindən çəkinməkdədirlər. İstiqlalçılar tarixdə Güney Azərbaycanın başlatdığı hərəkatların başarısızlıqla sonuclanmasının ən önəmli nədənlərindən biri olaraq hərəkat liderlərinin tərəddüdlü davranışı, istiqlal qərarını verməkdə yubanaraq uduzduqlarını, hərəkatın da beləliklə yenilgiyə uğramasına gətirib çıxardığına inanırlar. Federalçılar isə mərkəzi rejimdən birdən, qısa zamanda qopmağın ağrılı, sancılı olacağını, bu nədənlə yavaş yavaş, aşamalı olaraq istiqlala doğru yürümənin daha yararlı, daha acısız olacağını düşünürlər. Gerçəkdə hər iki qrup Azərbaycanın qurtuluşunu düşünməkdə olub, istiqlalçılar bu hədəfə bir kərədə və qısa sürədə, federalçılar isə aşamalı olaraq uzun sürədə çatmağı hədəfləyirlər. Taktik fərqləri olsa da, hər iki qrupun hərəkat içində etməsi gərəkən, gerçəkləşdirməsi vacib bir işləri vardır, bu da xalqımızın aydınlanması, milli bilincinin yüksəldilməsi, ulusumuzu istiqlala aparacaq yolun daş-çınqıldan təmizləyərək, hamarlaşdırılması və xalqın bu yolda əzimlə, yorulmadan, ruhdan düşmədən yürüməsini sağlamaqdır. İstiqlalın birdənmi, yoxsa aşamalı olaraq gələcəyi məsələsini isə zamanın axarına, olayların gedişinə buraxaraq, xalqımızı istiqlal düşüncəsinə və hədəfinə hazırlamalıyıq. Xalq bu hədəfi mənimsəməli, gücünü, enerjisini toplayaraq bu böyük hədəfə doğru yönəlməlidir. Bəlirgin bir hədəf və kütləviləşən bir milli hərəkat zamanın bizlərə sunduğu ilk fürsətdə istəyini əldə edəcək, amacına ulaşacaqdır. Bunun qarşısında dura biləcək, yolunu kəsə biləcək heç bir güc yoxdur. DR.Gülara Yenisey |
||