Mən ərəbəm; ancaq ərəb məndən deyildir..!"
Həzrət Məhəmməd
Peyğəmbər (S.A.V)
Tanınmış rübaiçi Ömər Xəyyam, "tarix, kainatın vicdanıdır"
deyir. Tarix üçün söylənmiş gözəl bir sözdür.
Ömər Xəyyamın
gözüylə baxsaq tarix, dünyada yaşayan millətlərin öz
vicdanları ilə yaratdıqları hadisələr xronologiyasıdır.
Ancaq bu, yəni vicdan məsələsi hər millət üçün eyni
səviyyədə qiymətləndirilə bilməz. Bir atanın övladlarının
xarakterləri nə cür bir-birindən fərqlidirsə, millətlərin də
özlərinə məxsus xarakterləri vardır və hər millət də öz
xarakterinə uyğun hərəkətlər nümayiş etdirir. Təbii ki, hər
millətin içində yaxşıları da vardır, pisləri də; ancaq
millətləri məhəkdaşına çəkdiyiniz vaxt yaxşıların və
pislərin faizinə görə hər millətə layiq olduğu qiyməti verə
bilərsiniz.
Ərəblərin
yaşadığı coğrafiya müqəddəs dinimiz yönündən də, digər
səmavi dinlər yönündən də həddən artıq önəmli bir məkandır
və misli-bərabəri olmayan bir müqəddəsliyə malikdir. İslam
dünyasının döyünən ürəyi olan Kəbə və Ulu Peyğəmbərimizin
əbədi istirahətgahı olan Mədinə; İslamiyyət, Xristianlıq və
Musəvilik üçün də böyük bir müqəddəsliyə malik Qüds şəhəri,
dörd xəlifənin, əhlibeytin məzarlarının olduğu məkanların
tamamı bu torpaqlardadır. Dinimizə görə insanlığın ulu
babası sayılan Adəm əleyhissalamın yoğrulduğu torpaq da
Kəbənin olduğu yerdən Cəbrail tərəfindən götürülübdür. Hal
belə olduqda insan öz təbiətinə uyğun olaraq bunu
fikirləşir: Bu torpaqlarda yaşayan insanlar Allahın sevimli
qullarıdır; çünkü bəşəriyyət üçün müqəddəs sayılan və dini
rəhbər kimi qəbul edilən bu cür şəxsiyyətlərin bir dənəsinin
belə özgə bir millətin torpaqlarında nə məzarı var və ya
onlarla bağlı xatirələrin əksəriyyəti o coğrafiyalarda
qarşımıza çıxır, ancaq ərəb coğrafiyası bu cür bir
müqəddəsliyə malikdir. Musəvilik də, Xristianlıq da,
İslamiyyət də bu torpaqlarda bəşəriyyətə təbliğ edilib və
buradan dünyaya yayılmışdır. Bəzi millətlər və sərkərdələr
ayrı yerlərdə yaşasalar da, bu torpaqlardan yayılan dinləri
əllərində bayrağa çevirərək böyük imperiyalar yaradıblar,
din adına işğallar, qırğınlar həyata keçiriblər. Tarixdə
özünü Xristianlığın keşikçisi və təbliğatçısı kimi qələmə
verən Böyük Roma İmperiyası, Makedoniyalı İsgəndər, Bizans
İmperiyası, Böyük Britaniya İmperiyası və digərləri daim
Xristianlığı əllərində tutalğa edərək dünyanı tutmağa
çalışıblar, indi də çalışırlar. Türkləri Anadolu
torpaqlarından qovub çıxarmaqdan savayı heç bir hədəfi
olmayan Səlib Yürüşlərinin əsas fikri də, təbliğat vasitəsi
də Xristianlığın müqəddəs məkanı olan Qüds şəhərini ələ
keçirməkdi. Ancaq bu yol üstündəki Anadolu Türklüyü onlar
üçün böyük maneə idi. Onlar da ya bu maneənin nəslini kəsmək
və ya onları bu torpaqlardan kürüyüb eşiyə tökmək üçün
yüzillər boyu əlbir olub türklərin üstünə hücum çəkdilər.
Onların hücumları hələ də dayanmayıb və özgə vasitələrlə
davam edir, edəcəkdir də... Sadəcə Xristianlarmı, Yəhudilər
də Nildən Fərat çayına kimi olan yerləri tanrının özlərinə
bağışladığını iddia edib siyasətlərini ona görə qururlar.
Hər bir Türk də bunları nəzərə alaraq dünyaya baxmalıdır.
İslam dövlətinin
bünövrəsi Ulu Peyğəmbərimiz Həzrət Məhəmməd tərəfindən bu
torpaqlarda qoyulmuş və Həzrət Ömər zamanında imperiya
səviyyəsinə çatmışdı. Bəzi din alimlərinin Hz. Əli ilə digər
xəlifələrin, yəni Hz. Əbubəkr, Hz. Ömər və Hz. Osman
arasında siyasi ixtilafın olduğunu irəli sürməsi ki, mən
şəxsən belə bir ixtilafın olduğuna inanmıram; çünkü əgər elə
olsaydı Hz. Əli, nə Əbubəkrin, nə Ömərin, nə də Osmanın
arxasında səf bağlayıb namaz qılmazdı. O, Allahın "Aslanım"
dediyi ulu bir şəxsiyyətdi və Heybər qalasının qapısını
kökündən söküb tullayacaq qüvvəyə malik böyük bir güc və
qüvvətə malik cəngavərdi, münasibətilə də onların gücü Hz.
Əliyə çatmazdı. "La fəta illa əli, la seyfə illa Zülfüqar"
(dünyaya Əli kimi igid, Zülfüqar kimi qılınc gəlməyib və
gəlməyəcək) sözü deyilən şəxs öz hüququnu özgələrinin
tapdalamasına icazə verməzdi. Əlbəttə, bu məsələ yazımızın
mövzusu deyildir; ancaq yeri gəlmişkən iki cümlə ilə öz
fikrimi bildirmək istədim. Bu müqəddəsliyə görə də Ulu Tanrı
bu torpaqların altını bəşəriyyət üçün gərəkli olan neftlə,
qazla və digər mədənlərlə doldurub. Bununla da burada
yaşayan insanların digər xalqlardan daha yaxşı güzəran
etməsi üçün böyük lütf göstərmişdir. Bəs bu torpaqlarda
yaşayanlar?!
İnsan, ətdən,
sümükdən və ruhdan ibarət bir varlıqdır. Hər insanın bir
fiziki, bir də mənəvi yönü vardır. Yəni insan həm fiziki
yöndən müəyyən bir yerə söykənmək, həm də mənəvi olaraq bir
yerlə arasında rabitə quraraq ruhi cəhətdən ona özünü
söykəyəcək xarakterdə bir varlıq şəklində yaradılmışdır. Bir
sözlə, həm fiziki, həm də mənəvi yöndən insan bir yerə
söykənməlidir. İnsanların güvənc yeri ata-anaları,
qardaşları, ev-ocaqları, pulları, maşınları və s. hər şey
fiziki olaraq onların arxalarını söykədikləri müşəxxəs
varlıqlardır. İnsanların bir də mənəvi yöndən söykəndikləri
bir yer və ya varlıq vardır. İnam sahibi kəslər təbii olaraq
inandıqları dinlərinə, onun peyğəmbərinə, müqəddəs kitabına
və onlar vasitəsilə də tanrıya söykənirlər. Deyəcəksiniz ki,
ateistlər vardır onlar necə? Ateizm də onlar üçün bir inam
mənbəyi deyil?!
Biz türklər,
millət olaraq, ümumiyyətlə, İslam dinini mənimsəmişik, həmi
də kütlələr halında onu öz xoşumuza qəbul etmişik. Digər bir
çox millət qılınc zoruna müsəlmanlığı seçdiyi halda biz
öz-özlüyümüzdən İslam dinini qəbul edərək ona inam bəsləmiş
və ruhumuza hopdurmuşuq; çünkü biz millət olaraq bizim
eradan qabaqkı minilliklərdə İslam dininin qayda-qanunlarını
həyata keçirir, onu tələbləri istiqamətində ömür sürürdük.
Bir sözlə, hələ İslam dini gəlməmişdən biz onun qaydalarına
əməl edirdik. İnsana, Allahın yaratdığı şərəfli bir varlıq
kimi baxır, məzlumu qoruyur, özlərindən gücsüz olan
millətləri əzən zalım xalqların və millətlərin qarşısına
bizə dəxli olmasa da çıxır zalımlara dərsini verirdik. Buna,
Fransa kralı I Fransuvanı hərbdə məğlub edən Alman
imperatoru Şarlkenə, Fransuvanın anasının Qanuni Sultan
Süleymana oğlunu zindandan xilas etməsi üçün xahiş etməsi
səbəbiylə Qanuninin, Şarlkenə məktub yazaraq ya Fransuvanı
azadlığa buraxmasını, ya da ordusunu götürüb üstünə
yeriyəcəyini bildirərək hərbi hazırlıq görməsi ən gözəl
nümunədir. Bəlkə bu gün millət olaraq müəyyən coğrafiyalarda
bəzi xalqlarımız özgəsinin hakimiyyətində, əksəriyyətimiz öz
bayraqlarımızın altında müstəqil şəkildə dağınıq yaşayırıq;
ancaq mənəvi birliyimizi pozmamışıq. Birimizin dırnağına daş
dəyəndə müəyyən siyasi və strateji səbəblərə görə
bəzilərimizin səsi çıxmasa da hamımızın ürəyi sancır. Bəli
düzdür, Oğuz Xaqan, Bilgə Xaqan, Alp Arslan, Əmir Teymur,
Fateh Sultan Məmməd kimi tarixi şəxsiyyətlərimizin
vaxtındakı kimi güclü deyilik. Bunun günahkarı da indiki
nəsillər deyildir. İndi bizlər, ulu babalarımızın
təmbəlliyinin, elmdən-ürfandan, texnologiyadan
uzaqlaşmalarının cəriməsini çəkirik. Mənə görə indiki
halımız tanrının bizə bəzi maşalar vasitəsilə çəkdiyi
şillədir ki, O qayıdıb özümüzə gəlməyimizi istəyir.
Bu silsilə
yazımda ərəb dünyasında nələr olub, indiki vəziyyətlərinin
səbəbkarı nədir kimi sualların cavabını verməyə çalışacağam.
Bəli, Ərəb
Yarımadası, Afrikanın bir çox yeri beş yüz il qədər Türk
hakimiyyəti altında qaldı. O vaxtlarda heç bir ərəbin
burnunun qanamasına icazə verilmədi, bir kəs onlara gözünün
üstündə qaşın var, deyə bilmədi. Haçan ki, gücümüz zəiflədi,
ərəb xəncəri qınından sıyrıldı və kürəyimizin düz ortasına
sancıldı. Osmanlı dövlətinə üsyan edən Məkkə əmiri Şərif
Hüseynin oğlu, İordaniya kralı Abdullahın xatirələrindən
ibarət "Biz Osmanlıya Nədən Üsyan Etdikə" adlı əsər,
ərəblərin xarakterini də, bizim xarakterimizi də çox gözəl
əks etdirir. Bundan sonrakı bir neçə məqaləmdə Kral
Abdullahın xatirələrindən hissələr təqdim edəcəyəm.
Kral Abdullah,
üsyan etdikdən sonra yaranan hadisələrdə baş rolda çıxış
edənlərdən biridir, onların ən önəmlisidir. Abdullah,
ingilislərin qışqırtması ilə üsyan edən ərəb tayfalarını
üsyanda iştirak etmək üçün hər tərəfə yüyürür və atasıyla
görüş üçün də tez-tez Məkkəyə gedir. O, xatirələrində yazır
ki; "Məkkəyə daxil olduğumuz vaxt qarşımıza bir dilənçi
çıxdı və bu misraları dedi:
Ey bu kral kimi
köləni satın alan şəxs!
Bil ki, bu qul,
özünü satın alanı məmnun edər".
Seyfəddin
Altaylı, Ankara
altaylı_s@yahoo.com