Henri Bergson*
 

Will Durant
Çevirən: Güntay Gəncalp

A) Materializmə qarşı üsyan

Yeni ə tarixi fizika və psixologiya arasındakı mücadilədən ibarətdir. Düşüncə öz nəsnəsindən, yəni maddədən başlarsa, sonunda iç və son həqiqəti maddi fenomenlərdə və mexanik qanunlarda aramağa çalışacaqdır. Əgər özündən başlarsa, məntiqi bir zərurət üzrə hər şeyi zehnin yaratdıqları və təsəvvürləri olaraq anlayacaqdır. Riyaziyat və mixanikin üstünlüyü və artan gündəlik ehtiyaclar əsasında sənayeləşmə ilə fizikanın bir-birinə qarşılıqlı təsiri düşüncəni materializm məcrasına sövq etmişdir. Dekartın “Fəlsəfə nəfsdən başlayıb dış dünyaya uzanmalıdır” söyləməsinə baxmayaraq, Qərbi Avropanın sənayeləşməsi düşüncəni özündən ayırıb onu maddi əşyalara yönəltdi.

Spenser´in metodu mexanik nəzəriyənin zirvəsi idi. Spenser “Darvinçi filosof” kimi tanınsa da, o, özünü sənayeləşmənin şərhçisi kimi anlamışdır. Onun sənayeləşməyə tanıdığı üstünlük və ərdəm (fəzilət) bu gün bizim üçün gülünc görünür. O, maddənin dalğalarına qərq olmuş mühəndis və mexanist idi, həyatın sıçırayışlarını anlayan bioloq deyildi. Spenser fəlsəfəsinin daha sürətli şəkildə yadırqanmasının səbəbi yeni fəlsəfədə fizikanın yerini biologiyanın alması idi. Gündən-günə dünyanın sirlərini maddənin durğun şəkli ilə deyil, həyatın devingənliyində (hərəkətliliyində) arama görüşü daha da açıqca özünə yer etməkdədir. Günümüzdə maddəni də canlı olaraq qəbul edənlər var. Elektrisitə, muğnatis və elektron haqqındakı araşdırmalar fizikaya həyat rəngi vermişdir. Bu üzdən də fizikaya psixoloji özəllik tanımaq yerinə az qala ona həyat özəlliyi tanıyıb, onu ruhaniləşdirməkdədirlər. Düşüncə tarixində ilk dəfə Şopenhauer bu şəkildə düşünmüşdür. Günümüzdə isə Bergson bu görüşü savunmuş, öz yetkinlik və imanı ilə şəkkak dünyanın diqqətini çəkmişdir. Bergson 1859-cu ildə atası yəhudi və anası fransız olan bir oğuşda (ailədə) Parisdə dünyaya göz açdı. Dərslərində çox çalışqanlıq göstərmiş, öyrəncilərə xas olan ödülləri bir neçə kərə eyitimi boyunca qazana bilmişdi. İlk öncə riyaziyata və fizikaya yönəldi, lakin analiz və təhlil sahəsindəki istedadı çox keçmədən onu fəlsəfəyə tərəf yönləndirdi. 1878-inci ildə Fransa Ali Məktəbinə girib lisans alır. 1888-ci ildə “Duyuncun (vicdanın) vasitəsiz məlumatları haqqında risalə” adlı kitabçasını yayınlayır. 8 il sonra ən çətin əsəri olan “Maddə və hafizə” adlı kitabını nəşr etdirir. 1898-ci ildə universitet öyrətməni olur. 1907-ci ildə “yaradıcı transformasiya” adlı şah əsərini yazır. Bu əsər onu qısa zamanda dünyanın ünlü filosofu kimi tanıtdı. 1914-cü ildə onun bu əsəri “mürtəd əsərlər” cərgəsində sıralandı. Bir il sonra o, fransa akademiyasının üzvü oldu.

Maraqlı olan budur ki, materializmi çökərtmək istəyən Bergson gəncliyində Spenser´çi olmuşdur. Lakin bilgi artışı hər zaman şübhəyə yol açır və başlanqıcda təəssübkeş mömin olanlar sonunda mürtəd kafir olurlar. Suçluların yaşlandıqlarında dindar olmaları kimi. Bergson Spenseri oxuduqca materialistlərin maddə və həyat, cism və ruh, determinasiya və ixtiyar arasında qurduqları irtibatın nə qədər də zəif olduğunu anlayırdı. Yüz il keçməsinə rəğmən, materialistlər həyatın qaynağı haqda mövcud olan sorulara cavab verə bilməmişdilər. Şübhəsiz ki, beyin və düşüncənin bir-biri ilə sıx irtibatı var, ancaq bu irtibatın keyfiyəti başqa növdür. Zehn yalnız maddədən ibarətdir və hər zehni davranış da əsəb sisteminin mexanik nəticəsidirsə, o zaman duyunc nədir?


B) Zehn və beyin


           Bergsona görə biz istər-istəməz materializmə meylliyik, çünkü bizim düşüncəmiz uzayın (fəzanın) və məkanın çənbərindədir, hamımız mühəndisik. Ancaq zaman da məkan qədər önəmlidir və şəkk yoxdur ki, zaman həyatın və bəlkə də bütün həqiqətlərin cövhəridir. Bilməmiz gərəkən budur ki, zaman birikimdən, təkamüldən və “sürəklilik”dən ibarətdir. “Sürəklilik gələcəyə doğru keçmiş zamanın irəliləyişindən yoğrulur. Bu irəliləmə nə qədər irəliləyərsə, bir o qədər də genişləmiş, böyümüş olur.” Yəni “keçmiş zaman indiliyə qədər davam etmiş, indiliyə bitişikdir, indilikdə bilfel (etkili) olaraq mövcuddur və öz fəaliyətinə davam edir.” Sürəkliliyin mənası budur ki, keçmiş zaman mövcuddur və ondan nəsə əksilməmişdir. “Şübhəsiz ki, düşüncəmiz keçmişin kiçik bir parçası ilə irtibatdadır, ancaq iradə və davranışımız keçmiş zamanımızla bir yerdə fəaliyət göstərir.” Çünkü zaman, birikim və sıxlaşımdan ibarətdir. Gələcək zaman keçmiş zaman kimi ola bilməz, çünkü hər addımda yeni birikim və sıxlaşım ortaya çıxır. “Hər bir an, sadəcə yenilik deyldir, həm də ön görülməyən oluşdur...Dəyişim və dönüşüm bizim təsəvvür etdiyimizdən daha dərindir.” Bütün mexanik elmlərin hədəfi olan həndəsi öngörü zehni yanlışlıqdan başqa bir şey olmamışdır. Hər halda “bilincli bir varlıq üçün həyat dəyişimdən, düşünsəl gəlişmədən və sonsuza qədər davam edən sürəklilikdən ibarətdir.” “Bəlkə də hər bir həqiqət zamandan, sürəklilikdən, transformasiyadan və dəyişimdən ibarətdir”1

Bizim nəfsimizdə zehn sürəkliliyin daşıyıcısı və zamanın xadimidir. Zehn lazım bildiyi qədər keçmiş zamandan bir şeylər otomatik olaraq gündəmimizdə hazır bulundurur. Nə qədər həyatın xatirələri, görüntüsü və mirası artıq olsa, bir o qədər də ixtiyar və özgürlük sahəsi genişləmiş olur və sonunda nəticələrin və cavabların müxtəlifliyi vicdanın dərinliyini yaradır ki, o da təpkilərin və cavabların yenidən təzahüründən başqa bir şey deyildir. “Belə nəzərə gəlir ki, vicdan canlı varlığın ixtiyar və özgürlüyü ilə uyğunluq təşkil edir. Hər bir əməlin ətrafında mövcud olan istedadlar və imkanlar vicdan vasitəsi ilə aydınlanır və olanla oluşacaq arasındakı boşluq vicdan aracılığı ilə dolmuş olur.” Vicdan boşuna bir sürükləniş deyildir, o, bir çox təpkilərin zahir olduğu düşlərin və imgələrin (təsəvvürlərin) canlı səhnəsidir. Ayrıca bütün bunlar insan qərar vermədən öncə vicdanda test edilmiş olur. Demək ki, “canlı bir varlıq bir sürü davranışlar bütünündən ibarətdir, yəni hər bir kəsdən bəklənən davranışların miqdarı. İnsan təsir altında qalan bir makina deyildir, tam tərsinə, insan hər an yenidən yönlənən və yaradıcı transformasiya mərkəzli enerji mərkəzidir.”2

Özgürlük və davranış vicdan və özbilimin sonucudur. Özünü özgürbilmə bireyin nə etdiyinin bilincində olmasından qaynaqlanır. “Bəlləyin ilk görəvi indiki surətə bənzəyən keçmiş surəti anımsamaq, canlandırmaqdır. Bu da ondan öncə və sonra önümüzə çıxan halları göstərmiş olur, beləliklə uyqun və faydalı qərarvermə durumunda oluruq. Yalnız hafizənin işləvi, sadəcə bundan oluşmamaqdadır, içgözləm sonucunda sürəkli və bolluca anları anımsamaqda hafizə bizə yardımçı olur. Bu yolla da əşyanın hərəkəti, yəni əşyanın doğal hərəkətinin ahəngini bilməyə ehtiyac qalmır. Hafizənin keçmiş anları bir anda birikdirib sıxlaşdırdığı dərəcədə bizim maddə üzərinə kontrolumuz mümkün olur. Beləliklə hər şeydən öncə hər bir canlının hafizəsi bu canlının əşya üzərinə kontrol səviyəsinə görə ayarlanır.”3

Deterministlər haqlıdırlarsa və hər əməl daha öncəki qüvvələrin mexanik nəticəsidirsə, o zaman hərəkət verici faktor daha asan şəkildə əməllərə müdaxilə etməlidir. Lakin əgər bunun tərsi söz konusu olur, özgürlük və seçim zəhmət və çalışma ilə sağlanır və qərara gəlmək üçün iradə gərəkirsə, o zaman şəxsin imkanları ruhi və mənəvi cazibəyə sahib olur, hər növ alışqanlıq və tənbəlliyin ötəsinə yüksəlir. Bu səbəbdəndir ki, şəxslərin sifətində əzab, yorğunluq və dərd görüntülənir və bəzi adamlar heyvanların içgüdüsəl (instinktiv) olaraq etdikləri alışqanlıqlara qibtə edirlər. Nədən? Çünkü heyvanlarda öz nəfsinə güvən mövcuddur. Lakin, məsələn sizin köpəyinizin səssizliyi fəlsəfi səssizlik deyildir. Bu səssizlik azadlıq və seçim bilincindən yoxsun olan heyvan içgüdüsündən qaynaqlanır. “Heyvanlardakı yenilik anlayışı alışqanlıqların dəyişməsindən ibarətdir. Öz alışqanlıqlarının dustağı olan heyvan, şübhəsiz ki, bəzən göstərdiyi təşəbbüslə həbs olmaqdan qurtulmaq istər. Lakin bu təşşəbbüs ani və öz-özünədir. Zindanın qapısı açıldığında heyvan bağlandığı zənciri özüylə sürükləyir ki, bir az daha onu uzada bilsin. İnsandakı vicdan və özgürlük isə bu zənciri qırır. Vicdan, yalnız insanda özgürcə davranır.”4

Demək ki, zehn və beyin eyni şey deyildir. Vicdan və özünü dərk beyindən asılıdır və beynin zərər görməsi ilə bu funksiya ortadan qalxır. Mıxa asdığınız paltar mıxın düşməsi ilə düşür, ancaq paltarı mıxın bir özəlliyi kimi görə bilməzsiniz. Beyin təsəvvürlər və təpkilər sistemidir. Vicdan bu təsəvvürləri və təpkiləri yenidən sunur, təqdim edir və onların özgürcə seçmə eyləmini (fəaliyətini) gerçəkləşdirir. “Çayın axımı onun yatağından ayrıdır, ancaq yenə də çayın axımı yatağın çala-çuxurlarına, dolanbaclarına tabedir. Vicdan həyatın cövhəri olan üzvdən ayrıdır, ancaq onun hierarxiya silsiləsinə uymaq zorundadır.”5

Duyuncun (vicdanın) və özünüdərkin beyindən asılı olduğu söylənir. Beyni olan hər bir canlı özünü dərk edə bilər və beyni olmayan canlı özünü dərkdən yoxsundur. Bu iddiadakı yanlışlığı çox asanlıqla anlamaq mümkündür. Bu iddia ona bənzəyir ki, deyəlim: insanda həzm işi mədədən asılıdır, bu üzdən də yalnız mədəsi olan canlılar həzm işini gerçəkləşdirir. Ancaq mədəsi olmayan tək hüceyrəli amibdə də həzm əməli baş verir, çünkü amib bənzər protoplasmlar birikimindən ibarətdir. Gerçək olan budur ki, canlı bir varlıq nə qədər kamil və mürəkkəb olursa, iş bölümü və orqanların funksiyaları bir o qədər də mürəkkəbləşir. Hər bir funksiya üçün də yeni üzvlər fəaliyət göstərir. Örnəyin həzm işi mədədə və ya həzm edici üzvlərdə mərkəzləşir, bu üzvlərin də funksiyaları məhdud olduğu üçün işlərini yaxşı yerinə yetirirlər. Bu şəkildə də insanda vicdan və özünüdərk əməli qeydsiz-şərtsiz beyindən asılıdır. Lakin bu “beyin vicdanın lazım və zəruri səbəbidir” anlamına gəlməz. Heyvanlar silsiləsində mürəkkəbdən sadəyə doğru getdikcə əsəb mərkəzlərinin sadələşməsinə tanıq oluruq. Bu üzdən də həyatın ən yüksək mərhələlərində vicdan mürəkkəb əsəb sistemindən asılıdırsa, o zaman vicdan həyatın ən aşağı qatına qədər davam edirmiş kimi bir nəticəyə varmalıyıq. Nəzəri baxımdan hər bir canlının vicdana və özünüdərkə sahib olması gərəkir. “Üsula görə, vicdan və özünüdərkin varlığı həyatla iç-içədir.”6

Bütün bu hadisələrlə bir yerdə nədən düşüncə və zehni maddi olaraq qəbul edirik? Çünkü bizim zehnimizin bir qismini oluşduran hafizə maddə ilə sıx ilişkidədir. Transformasiya və dəyişim sürəci içində hafizə maddə və məkan olqusunu dərk etmək üçün gəlişmişdir. Onun qavramları və qanunları bu meydandan əldə edilmişdir. Buradan da determinizm və elmi öngörünü hər sahəyə yaymışdır. “Hafizə, sözün gerçək mənasında bizim cismimizi ən uyğun biçimdə mühitlə həmahəng edir və dış dünyanın əşyaları arasında mövcud olan ilişkiləri bizə anımsadır. Daha özət şəkildə söyləyəcək olsaq, hafizə maddə ilə ilişkidə olan bir zehn olqusudur.”7 Hafizə hər növ transformasiyanı bir varlıq şəklində görür.*

Sinemanı təsəvvür ediniz ki, necə də bizim yorğun gözlərimiz onun hərəkətli şəkillərini fəal sanmaqdadır. Təbiidir ki, burada elm və mexanizm həyatın axışını canlandırmaqdadır. Elə burdaca da elm və hafizə öz məhdudiyətini ortaya qoyur. Gördüyümüz şəkillər hərəkətli deyillər. Onlar bir silsilə ayrı və anlıq şəkillərdir. Bu şəkillər elə sürətlə sinemanın pərdəsində zahir olub keçirlər ki, tamaşaçı onların birləşib davam etməsindən ləzzət alır. Uşaqlıqda oyuncaqların hərəkətindən alınan ləzzət kimi. Anlaşıldığı kimi bu bir yanlışlıqdır və film hərəkətsiz olan bir sürü təsvirlərdən ibarətdir. Sinemanın pərdəsi hərəkətsiz təsvirlərin axışından oluşduğu kimi, insan hafizəsi də vəziyətləri və halları görür, ancaq həyatına səbəbiyət verən sürəkliliyi görmür. Maddəni görür, ancaq enerjidən xəbərsizdir. Maddənin nə olduğunu bildiyimizi sanırıq, ancaq maddənin içində enerji ilə rastlandığımızda heyrətlənirik və bütün bizim üsullarımız keçərliliyini itirir. “Şübhəsiz ki, hərəkətə aid olan bütün mülahizələr riyaziyat üsullarından ayrılmalıdır. Lakin biçimlərin oluşmasında hərəkətin müdaxiləsi yeni riyaziyatın əsasını təşkil edir.”8 Demək olar ki, XIX əsrdə riyaziyatdakı böyük gəlişmələr zaman və hərəkətin uzaysal (fəzai) həndəsəyə müdaxiləsi nəticəsində gerçəkləşmişdir. Həyat durğun durumları qəbul etməz, çünkü həyat zaman konusudur, məkan konusu deyildir. Həyat bir durum deyildir, dəyişiklikdir, kəmiyət deyildir, keyfiyətdir, maddənin və hərəkətin sürəkli bölünməsi deyildir, onun sürəkli və möhkəm tərzdə yenilənməsidir. “Əyri xəttin çox kiçik bir hissəsi düz xəttə bənzəyir. Nə qədər bu kiçik hissə daha da kiçikləşərsə, düz xəttə bənzəmə imkanı da çoxalır. Elə bir durum yaranır ki, artıq o, düz xətt olaraq qəbul edilir. Bu şəkildə həyat da fiziki və kimyəvi nöqtələrlə bənzərliyi olan bir həddir. Ancaq bu nöqtələri əyri xətlə düz xətti səhv salan zehniyətlər təsəvvür edir. Əslində kiçik əyri xətt düz xətdən oluşmadığı kimi, həyat da fiziko-kimyəvi ünsürlərdən oluşmamaqdadır.”9

O zaman həyatın mahiyət və axımı ağıl və hafizə ilə dərk edilməyəcəksə, necə və hansı vasitələrlə dərk ediləcəkdir? Ancaq bütün idrak vasitəsi insanda ağıl və hafizədənmi ibarətdir?

Bir an düşünməkdən duralım və bizə bütün vasitələrdən daha yaxın olan öz nəfsimizin içini müşahidə edəlim. Bu zaman görəcəyimiz gerçək zehndir, maddə deyildir. Zamandır, məkan deyildir. Hərəkətdir, durğunluq deyildir. Özgürlük və iradədir, determinizm və mexanika deyildir.
Əqli təfəkkür belə bir təlqində bulunur ki, fikir beyin zərrəciklərinin rəqsindən ibarətdir. Ağılın və hafizənin normal görəvi həyatın və ruhun maddi təzahürləri ilə məşğul olmaqdır. Iç müşahidə isə, xarici timsalı olmadan ruh və həyat haqqında bir başa təcrübə qazanır.
“Mən ağlın yerinə başqa bir şey qoyulsun demirəm və içgüdünün ağıldan daha üstün olduğunu da iddia etmirəm. Yalnız belə bir iddiada bulunmaqdayam ki, fizikanın və riyaziyatın sahəsini tərk edib vicdan və həyat sahəsinə girdikdən sonra “həyat duyğusu”ndan yararlanmalıyıq. Bu həyat duyğusu ağlın istiqamətinin tərsinədir və onun kökü içgüdülərə dayanır.” Ancaq ağlı ağıl yolu ilə rədd etmək istəmirik . Biz sadəcə ağlın və sezginin dilindən faydalanırıq. “Çünkü yalnız ağlın və sezginin dili vardır.” Bundan artıq bir iş görə bilmərik, çünkü ruh sahəsində istifadə etdiyimiz ibarələr məcazidir və maddi rəngi və qoxusu vardır, çünkü ibarə maddi mənaların bəyanı üçün istifadə edilmişdir. Məsələn ruh, nəfəs və nəsim və ağıl buxov anlamındadır və təfəkkür müəyyən bir əşya ilə ilgilidir. Bütün bunlara rəğmən, bu qavramlar ruh haqqında danışmaq üçün yeganə araclardır. Bəlkə belə bir etiraz edilə bilər ki, biz ağlın sınırlarını aşa bilmirik, çünkü yalnız ağılla idrakın və vicdanın digər surətlərini anlaya bilirik. Hətta iç gözləm (müşahidə) də maddi ibarələrdir. Psixologiya qavramanın sahəsini ağlın və hafizənin sahəsindən daha geniş göstərməlidir. “Bilinc ötəsinin dərinliklərini kəşf etmək və vicdanın alt qatlarını anlamağa çalışmaq gələcək əsrdə psixologiyanın missiyası olacaqdır. Şaşırdıcı kəşflərlə rastlanacağımıza heç şübhə etmirəm.”10


‏2007‏/11‏/27
 


2 Eyni qaynaq, s. 179, 262

3 Bergson, “Maddə və hafizə” London, 1919, s 303

4 Yaradıcı transformasiya, s. 264

5 Eyni qaynaq, s. 270.

6 Bergson, “Zehn və enerji”, Neü-York, 1920, s. 11.

7 Yaradıcı transformasiya, s. 9.

* Nitçe deyir: Varlıq, dəyişim və transformasiyadan əziyət çəkən uydurulmuş bir kabusdur. Hafizə, hər varlığa həyat bağışlayan sürəkli axımdan xəbərsizdir.

8 Yaradıcı transformasiya, s. 32.

9 Eyni qaynaq, s. 31.

10 Yaradıcı transformasiya, s. 258.