Yas törənləri
 

Güntay Gəncalp


Yas türklərdə qadınlar və kişilər məclisi olaraq ikiyə ayrılır. Kişilərin yas məclisini ümumən ərəb dilini də doğru-dürüst bilməyən bir axund yönləndirər. Mərsiyə söylər və ərəbcə dualar edər. Qadınların yas məclisi əski şaman inancındakı amilləri hələ də özündə daşımaqdadır. Türklərdə ilk dini rəhbərlər şaman qadınlar olmuşlar. Əski çağlarda cavanlar özlərini bütün toplumlarda əxlaqi cəhətdən dini liderlərə bənzədərdilər. Bu üzdəndən türk kişiləri uzun saç buraxmışlar. Göytürk xaqanları Çin xaqanlarına yazdıqları məktublarda dalğalanan uzun saçlarını kəsib onlarınkı kimi qısaltmayacaqlarını yazaralar. İslam sonrası törələrimizdə əski şaman-türk törəsi qadınların yas məclislərində varlığını sürdürmüşdür. Kişi axundun qadınlar məclisinə girməsi yasaqlandığı üçün yas törələrini qadınlar əski törələrə görə yönləndirmişlər. ”Ağlaşma” törəsi olaraq günümüzdə də davam edən bu kültürdə türk dilində həzin və ağrılı bayatılar söyləyib bir yerdə ağlaşarlar. Türk dili öz varlığını tarix boyu qadınların yas törənlərinə borclu olmuşdur. Qadından axund olmadığı üçün türk ulusu öz acılarını qadın yas toplantılarında türkçə yaşamalı olmuşdur. Əski şaman inancında da yas törənləri şaman qadınlar tərəfindən yönləndirilmişdir. Böyük hun imperatoru Atillanın iqtidara gəlməsində də şaman qadın yardımçı olmuşdur.

Ağlaşma mərasimində hər qadın bayatı söyləyib ağlamaz. Daha təcrübəli, səsi gözəl və el içində böyük hörməti olan qadınlar bəlli kədər və mərsiyə janrı muğamlarda bayatı söyləyib həm özləri ağlar, həm də başqalarını ağladarlar. Qadınların yas məclisi millilik və təsir baxımından kişilərin yas məclisindən daha möhtəşəm olmuşdur. Çünkü qadınların yas məclisində riya olmamışdır. Qadınlar öz dilimizdə bayatı söyləyib ağlamış və ağlatmışlar. Kişilərin yas məclisində riya olmuşdur. Çünkü axund para qarşılığı mərsiyə demişdir. Ən önəmlıisi isə, söylədiyi mərsiyə sözlərinin çoxu ərəbcə olmuşdur. Yəni pozuq bir ərəbcə. Dinləyən kişilər anlamını bilmədən, yalnızca psikolojik bir basqı altında özlərini saxta bir şəkildə dərdli göstərmək zorunda qalmışlar. Kaşqarlının əsərində, Qutatqu Bilikdə, Kitabi-Dədə Qorqudda günümüzdə qadınlar tərəfindən yürüdülən yas törənlərinin əlamətləri var.

8.4.2011