Qərbin müstəmləkəçi qüvvələrinin rəhbər işçiləri uluslar
arası yığıncaqlarda nüvə silahlarının ixtisar edilməsi,
kloroflorokarbon qazlarının buraxılması və s. ilə bağlı
müzakirələrdə tez-tez bu ifadələri işlədirlər: "Bu dünya
hamımızındır, bu dünyanı qorumalıyıq. Çünki hamımız burada
yaşayırıq, təbiətin tarazlığını daha artıq təxrib edə
bilmərikg və s. və s..."
Gedib adamların yaxasına yapışıb gözünün içinə baxa-baxa
sual verəcəksən:
"Ağalar, dediklərinizdə
səmimisiniz?!"
Amerika qitəsi
tapılandan sonra oranın yerli xalqını, yəni qızıldərililəri
və aztekləri soyqırımla məhv edib axırına çıxdınız. Yüzillər
boyu gücünüzün çatdığını vəhşicəsinə əzib çığnadınız.
Xirosima və Naqazakidə ilk dəfə atom bombasını partladıb on
minlərlə insanı bir anda məhv edərək soyqırım törətdiniz. O
gündən üzübəri də silahlanma yarışını imperialist
psixozunuzu təmin etmək məqsədiylə sürətlə yeridirsiniz...
Əvvəlcə gəmilərlə və əsrin ən müasir silahlarıyla altdan
geyinib üstdən qıfıllandınız qul ovuna çıxdınız. Tuta
bildiyiniz yazıq Afrikalıları aparıb əsir bazarlarında
satdınız. Satın aldığınız kölələrə hər cürə insana zidd
əməlləri rəva bildiniz. İçinizdə dünyaya gəlib böyüyən və
sizə xidməd edən o yazıqların dərisinin rəngi qaradır deyə
onların sizinlə eyni avtobusda, qatarda, gəmidə səyahət
etməsinə, eyni məktəblərdə təhsil almasına, eyni kilsələrdə
ibadət etməsinə, eyni məhəllələrdə yaşamasına, eyni
yeməkxanalarda yemək yeməsinə və s. şiddətlə müxalifət
etdiniz, qoymadınız. Kefiniz istəyəndə onları vəhşicəsinə
döyə-döyə qətlə yetirdiniz və "zənci də insandırmı, onu
öldürdüyümə görə heç kəs mənə sorğu-sual edə bilməz" deyə
sinənizi gərə-gərə öz ağlınızca fəxr etdiniz.
Aradan illər ötdü və fikirləşə-fikirləşə yeni-yeni
şeytanlıqlar tapdınız. Əllərinizə babalarınız tərəfindən
təhrif olunmuş müqəddəs İncilləri alıb Afrikaya apardınız.
Yazıq təmiz ürəkli afrikalılar qarşısında tiragikomik
oyunlar səhnəyə qoydunuz və min bir cildə bürünüb onlara bir
vaxtlar keşişlərinizin cənnətin açarlarını avam xalqınıza
satdığı anlardakı saxtakarlıqlarla yaxınlaşıb; "Sizi o biri
dünyada xilas edəcək dini gətirdik, gəlin bu dinə girin və o
biri dünyada xoşbəxtliyə nail olun, cənnətin açarı bizdədir,
bizim dediklərimizə fikir verin və biz də sizə əl tutaq,
Allah dostu eləyək" deyərək, yazıqları Allah və dindən öz
maraqlarınız uğrunda sui-istifadə edərək aldatdınız.
Afrikalı bir zənci liderin dediyi kimi, siz oralara gedərkən
əllərinizdə İncilləriniz, onların əlində isə məhsuldar
torpaqları vardı. Siz İncilləri onlara verdiniz, onların
əlindəki torpaqları aldınız. Aldınız, ancaq öz torpaqlarında
qarın toxluğuna işlətdiyiniz insanların insan kimi
qidalanmasına belə dözə bilmədiniz. Hər il müxtəlif
yarışmalar təşkil etdiniz, edirsiniz. Ac qoyduğunuz afrikalı
uşağın ölməsini arxada yerə qonmuş halda gözləyən qartalı və
uşağın şəklini çəkən adamınıza "çox gözəl və maraqlı şəkil
çəkmisən" deyərək mükafat da verdiniz. Afrikanı bir başdan
bir başa addım-addım böldünüz və hər birinizin payına düşəni
götürdünüz, hətta bu bölüşmələr uğrunda iki dünya hərbi
yaradaraq bir-birinizi boğazladınız, vampirlər kimi qanınızı
içdiniz. Neçə on milyonlarla məhv olmuş ocaqlardan,
yerlə-yeksan olan dünyalardan, anasız, atasız,
yarsız-yoldaşsız, kimi-kimsəsiz qalan məsum insanlardan daşa
dönmüş ürəklərinizlə dərs almadınız. Müstəmləkəçi qursağınız
iyrənc materializm lığına elə bulanıbdır ki, dünyada heç
nəyi vecinə almayan acgözlüyünüzü təmin üçün yeni-yeni
ocaqları söndürməkdən indi də imtina etmirsiniz. Afrika hələ
də oyuncağınızdı. Şeyxlikdən, krallıqdan və öz
xanədanlığından savayı özgə bir dünya nizamını qəti şəkildə
ağlına da gətirməyən, gözü korşalmış və cəhalətin
pəncəsindəki ərəb dünyasını barmağınızda oynadırsınız.
Helikopterlərlə gətirib dövlət rəhbərliyi taxtına
oturtduğunuz insanları iyirmi il sonra "kütləvi qırğın
silahlarınız vardır, demokrat deyilsiniz, insan hüquqlarını
tapdalayırsınız" bəhanəsiylə aradan götürürsünüz və guya
gətirdiyiniz demokratiya ilə onların xalqından hər gün orta
hesabla yüzlərlə insanı qətlə yetirdirsiniz. Ən böyük
şəhərlərinizdə və paytaxtlarınızda uyuşdurucu maddələrin
satıldığı və istifadə edildiyi sahələr yaradırsınız.
Uyuşdurucu maddə ticarətinin cilovunu əlinizdə saxlayırsınız
və istədiyiniz ölkəyə istədiyiniz qədər uyuşdurucu maddə
soxursunuz. Sonra da ayağa durub müəyyən ölkələrə, yəni
yeraltı sərvətləri istənən qədər bol olan ölkələrə,
"uyuşdurucu maddələri istehsal edib insanları
zəhərləyirsiniz, bu səbəblə sizə demokratiya gətirəcəyik,
sizə insanlığı sevməyi və onu qorumağı öyrədəcəyik" deyib
oraları işğal edir və yenicə buraxdığınız silahlarınızı
oralardakı yazıq insanların üstündə sınayırsınız. Onları
insan yox, silahlarınızı üstündə sınadığınız sınaq məxluqatı
gözündə görürsünüz. Sonra da durub, tarixi insan sevgisiylə
dolu, hər xalqa, hər millətə, hər mədəniyyətə nəhayətsiz
meydan buraxan, onları kölgəsi altında yüzillər boyu firavan
və xoşbəxt yaşadan bizlərə "barbar, soyqırımçı" adını
qoyursunuz.
Sizdə nə üz varmış İlahi...?!
Düz yüz ildir axtardığınız halda bizim soyqırımçı
olduğumuzu sübuta yetirəcək bir dənə də sənəd tapmadığınızı
bilə-bilə üzünüz qızarmadan və yalan dediyinizi bilə-bilə
bizi ittiham edirsiniz.
Dünən Xocalıda törətdirdiyiniz soyqırımı ağlınıza da
gətirmirsiniz...
Doğrudan da, siz nəsiniz!..
Seyfəddin Altaylı, Ankara altaylı_s@yahoo.com
(İsteyen media qurumu meqaleni
yaya biler)