A. Yazdani

O gün uzaq deyil!

 


Hamiya məlumdur ki, İranda elementar insan hüquqları pozulur. İranda fikir və toplaşmaq azadlığı yoxdur. Tənqidi fikri olan jurnalistlər, həmkarlar ittifaqlarının nümayəndələri və insan hüququnun müdafiəçiləri izlənir, həbs olunur və işgəncələrə məruz qalırlar. Qadınlar qanun tərəfindən və cəmiyyətdə kütləvi surətdə diskriminasiyaya məruz qalırlar. Iranı dəyərləndirərkən, ümumi əhalinin ancaq bu siyasi əzilməsini ölkənin gələcəyinin proqnozu üçün yeganə amil kimi qələmə vermək böyük bir səhv olardı. Iranın gələcək inkişafında daha mühüm rol oynaya biləcək başqa bir amil mövcuddur. Bu İranda milli etniklər amilidir.

Jurnalistlər, siyasətçilər və Iran ilə maraqlanan digər şəxslərlə müzakirələr zamanı belə nəticəyə gəldim ki, İranın etnik tərkibi haqqında bir çoxlarının məlumatı yoxdur. Iran və İranlılar haqqında danışarkən çoxları etnik cəhətdən homogen olan fars milləti haqqında düşünür. Gerçəklik isə bundan tam fərqlidir.

Iran əhalisi bir çox Millətlərin külliyyatından ibarətdir: azərbaycanlılar, kürdlər,  beluçlar, ərəblər, türkmənlər, Xorasan türkləri, qaşqayi türkləri , lorlar və başqa kiçik etniklər. Deməli, İran çoxmillətli ölkədir. Iranın milli tərkibi haqqındakı rəsmi məlumatlara çox ehtiyatla yanaşmaq lazımdır. Rəsmi mənbələrə görə İran əhalisinin 51% farslardır. Əslində isə bu rəqəm  göstərildiyindən daha kiçikdir. Etniklərin faiz nisbəti haqqında ancaq ehtimallar irəli sürmək olar, çünki bu haqda etibarlı hesablamalar yoxdur. Azərbaycanlılara gəldikdə mənbələr 25-30 milyon əhalini göstərir ki, bu da ümumi əhalinin 35-40% təşkil edir.

Irandakı millətlərin vəziyyəti nə yerdədir? Bu sualın vahid cavabı yoxdur. Ancaq demək lazımdır ki, qeyri-fars millətlər ümumi siyasi təzyiqə məruz qalmaqla yanaşı, onların dili və mədəniyyəti də əzilir. Iranda millətlərin əzilməsi Riza şahın hakimiyyəti dövründə 1925-ci ildə Pəhləvi sülaləsi tərəfindən araya gətirilən fars milliyyətçiliyi ilə sıx əlaqədardır. Bu milliyyətçiliyin Hitler dövründəki alman milliyyətçiliyi ilə bir çox oxşarlıqları vardır. Başqa irqlərdən üstün olan Ari hakim irq ideologiyası fars milliyyətçiliyinin əsasını təşkil etmişdir və hal-hazırda da etməkdədir. Riza şah və onun oğlunun hakimiyyəti illərində Azərbaycan turkcəsi ictimai dil kimi qadağan edildi, 1945-ci ildə ilk dəfə olaraq Azərbaycan ədəbiyyatı kitabları kütləvi surətdə yandırıldı. Geniş assimilyasiya proqramları tərtib və tətbiq olundu. Azərbaycanlıların, eləcə də başqa millətlərin mədəni-etnik əzilməsi “bir millət, bir dil, bir irq” şüarı altında indi də davam etməkdədir.

Mərkəzi hökumətin assimilyasiya siyasəti 4 metoda əsaslanmışdır:

  1. Ana dilində məktəb sisteminin qadağan edilməsi, eləcə də ana dilli kütləvi informasiya vasitələrinə yol vərilməməsi. Buna əlavə edilməlidir ki, Azərbaycan sözlərinin istifadə olunduğu 1-2 saatlıq radio-televiziya proqramı mövcuddur. Lakin burada Azərbaycan dili qəsdən qrammatik cəhətdən təhrif olunur və fars sözləri ilə qarışıq işlədilir. Bu, dilin məqsədyönlü deformasiyasıdır.
  2. Azərbaycan əyalətlərində iqtisadi inkişafa laqeyd yanaşma.
  3. Azərbaycanlıların, eləcə də başqa millətlərin irqi təhqir olunması və     Azərbaycanlıları milli kimliyindən uzaqlaşdırmaq üçün müxtəlif psixoloji metodların tətbiqi.
  4. Azərbaycanın tarixi yer, kənd və ada adlarının fars dilinə çevrilməsi.

 

Azərbaycanlıların assimilyası metodu İranın Azərbaycan əhalisinə artıq çox güclü təsir göstərmişdir. Bunun nəticəsi olaraq bir çox ictimai idarələrdə və siyasətdə çalışan bir çox azərbazcan-türkləri öz mənşə və dillərini tamamilə inkar edirlər.

İranda ana dilində məktəbi olmayan 30 milyon azərbaycanlı yaşayır. İranda yaşayan azərbaycanliların 95 %-i öz ana dillərinde savadsızdırlar. Ana dilində film, televiziya və teatr kimi təbii olan şeyler İran azərbaycanliları üçün təsəvvür edilməzdir. Azərbazcan valideynləri öz uşaqlarına Türk adları verə bilməzlər.

İranın paytaxtı Tehran şəhərində 12 milyon əhali yaşayır. Rəsmi statistikaya görə Tehran əhalisinin yarısından çoxu azərbaycanlılardır. Bunlar şəhərlərinin iqtisadi baxımsızlığa məruz qalması nəticəsində Tehrana və başqa fars şəhərlərinə getməyə məcbur olmuş azərbaycanlı köçkünlərdir. Bu milyonlarla insan üçün öz ana dillərində radio və televiziya proqramları mövcud deyildir.

2006-cı ilin may ayının 12-də İran İslam rejiminin rəsmi informasiya orqanı olan “İran” qəzetinde İranda yaşayan Turklər acından qırılmalı olan “tarakanlar” adlandırılmışdır. İranda azərbaycanlıların həşarat adlandırılması İranın Azərbaycan əyalətinin bir çox şəhərlərində kütləvi dinc etirazlara və nümayişlərə gətirdi. Təbriz, Urmiya, Ərdəbil, Zəncan, Marağa, Xoy, Mərənd, Maku və s. şəhərlərdə hər gün yüz minlərlə azərbaycanlı fars irqçiliyinin həqarətli damğalarına qarşı nümayişə çıxdı. Nümayişçilər onların mədəniyyətinə və dillərinə olan təzyiqə son qoyulmasını, uşaqları üçün ana dilində məktəb və ana dilində kütləvi informasiya vasitələri yaratmaq hüququ tələb edirdilər. Nümayişçilər öz xalqlarının müqəddəratını təyin etmək hüququnun tanınmasını, Azərbaycan əyalətlərinin iqtisadi baxımsızlıgına son qoyulmasını teleb edirdilər. İran rejimi azərbaycanlıların demokratik tələblərini zorakı polis və hərbi vasitələrlə yerindəcə boğmağa çalışdı. Minlərlə dinc nümayişçi həbs edildi, nümayişçilərin çox hissəsi İran silahlı qüvvələrinin açdığı atəş nəticəsində öldürüldü, çox insan yaralandı. Etiraz nümayişlərində iştirak etmiş təxminən 40 nəfər tanınmış azərbaycan yazıçısı, sənət adamı, mədəniyyət xadimi və ziyalısı həbsə alındı.

Bu gün Iran adlanan ölkənin zindanlarında, bir çox Azərbaycanlı, azadlıq, demokratiya və ən ibtidai insan huququ, yəni dil azadlığı tələb etdikləri üçün müxtəlif fiziki ve psixoloji işgəncələrə məruz qalırlar. Bunula belə azadlıq ve qurtuluş uğrunda mubarizə gündən-günə guclənir. Tarixin cəbri və zamanın istəyidir ki, Azərbaycan milleti azadlığını ələ keçirib ve öz muqəddratını öz əlilə təyin etsin. O gün uzaq deyil!    

 

Berlin, A. Yazdani