Cəmil Həsənli

QARABAĞIN QARA GÜNÜ (6)

 


1922-ci ilin dekabrında Qarabağ komitəsinin tərkibi Azərbaycan MİK-in kommunist fraksiyası ilə birlikdə AK(b)P MK-da təsdiq edildikdə komitəyə tapşırılırdı ki, Xankəndidə məktəb və xəstəxana açılması işini həyata keçirsin. Əsasən azərbaycanlılardan ibarət olan Şuşa şəhərinin əhalisinin bu məsələyə münasibəti necə idi?

1923-cü ilin avqust ayının 9-da Şuşa şəhər əhalisinin adından onların səlahiyyətli nümayəndələri Rüstəm Əliyev, İbrahim Musayev, Bəşir Sarabi və Hacı Şəmşıyevin Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə göndərdikləri ərizə bu baxımdan müstəsna dərəcədə maraqlıdır. Ərizənin əvvəlində son yüz il ərzində Qarabağda cərəyan edən hadisələrə toxunaraq deyilirdi: “Bir əsrdən artıq davam edən uzun illər ərzində Qarabağ Rusiya imperiyasının digər hissələri kimi rus militarizminin zülmü altında inləyib”.

Sonra onlar Şuşa şəhərinin və ətrafdakı müsəlman kəndlərinin Muxtar Qarabağ Dağlıq Vilayətinin tərkibinə daxil edilməsinə öz etirazlarını bildirir və Azərbaycan Mərkəzi İcraiyyə Komitəsindən xahiş edirdilər: “Şuşa şəhəri və onun ətrafında olan müsəlman kəndləri iqtisadi baxımdan yeni yaradılan Kürdüstan qəzasının əhalisi ilə bağlıdır. Ona görə əhali bizi vəkil edibdir ki, şəhərin və onun ətraf kəndlərinin Kürdüstan qəzasına birləşdirilməsi məsələsini qaldıraq. Yuxarıda deyilənlərə əsasən biz əminik ki, sovet hökuməti əhalinin maraqlarından yan keçməz, əksinə, həmişə onun ədalətli istəklərini xoş məramla qarşılayar. Ona görə də xahiş edirik ki, Şuşa şəhəri və onun ətraf kəndlərinin əhalisinin Kürdüstan qəzasına birləşdirilməsi ilə bağlı müraciətini təmin edəsiniz”.

Ərizənin sonunda Şuşanın və ətrafdakı müsəlman kəndlərinin səlahiyyətli nümayəndələri yazırdılar: “Əgər hər hansı mülahizələrlə bizim xahişimizi yerinə yetirmək mümkün deyilsə, onda xahiş edirik Şuşa şəhərini Dağlıq Qarabağın mərkəzi kimi saxlayasınız, onu (mərkəzi - C.H.) Xankəndinə keçirməyəsiniz”.

Şuşa əhalisi nümayəndələrinin Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə müraciətindən xəbər tutan kimi yeni yaradılmış muxtar vilayətin erməni rəhbərliyi Sergey Kirova teleqram vurub bunu ehtikarlıq adlandırdılar. Şuşa Qəza İcraiyyə Komitəsinin katibi S.Manusyan yazırdı ki, belə müraciətlər mərkəzin köçürülməsinin Şuşada ticarətin bağlanmasına gətirib çıxaracağıni hiss edən tacirlərin gözlədikləri gəlirdən məhrum olacaqları təhlükəsinin açıq ifadəsidir.

Lakin vilayətin erməni rəhbərliyinin müqavimətinə baxmayaraq Şuşa əhalisi muxtar vilayətin tərkibində qalmamaq üçün öz səylərini davam etdirdi. 1924-cü ilin yanvar ayının 4-də Şuşa əhalisinin adından səlahiyyətli nümayəndə kimi Miriş Mirbağırov və Ələsgər Quliyev surəti Sergey Kirov, Mir Cəfər Bağırov və Serqo Orconikidzeyə olmaqla Zaqafqaziya sovetlər qurultayına göndərdikləri teleqramda Şuşanın çoxminli azərbaycanlı əhalisinin adından bu şəhərin Kürdüstan qəzasına birləşdirilməsini tələb edirdilər. Yalnız Şuşa şəhərinin azərbaycanlı əhalisinin ciddi cəhdlərindən sonra AKP MK 1924-cü ilin aprel ayının 17-də keçirilən iclasında Qarabağ Vilayət Komitəsinə tapşırdı ki, ətrafındakı türk kəndləri ilə birlikdə Şuşa şəhərini ayrıca inzibati rayona ayırsın.

***

Muxtar Qarabağ Dağlıq Vilayətinin yaranması haqqında Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin dekretinin sonuncu, 5-ci bəndində göstərilirdi ki, vilayətin əsasnaməsini hazırlamaq və Muxtar Qarabağ Dağlıq Vilayətinə faktiki olaraq inzibati vahid vermək, habelə muxtar vilayətin sərhədlərini müəyyən etmək üçün Dağlıq Qarabağın, düzən Qarabağın, Kürdüstan və Azərbaycan SSR-in mərkəzi orqanlarının nümayəndələrindən ibarət qarışıq komissiya yaradılsın. Komissiyaya tapşırılırdı ki, avqust ayının 15-nə qədər öz işini başa çatdırsın.

Ona görə də Muxtar Qarabağ Dağlıq Vilayətinə hüquqi məzmun verməkdən ötrü 1923-cü ilin iyul ayının 14-də AK(b)P MK-nın Rəyasət Heyəti onun əsasnaməsinin hazırlanması məsələsini müzakirəyə çıxardı. Ə.Qarayevin iştirak edə bilməyəcəyini nəzərə alaraq A.Karakozov, Ç.İldırım, M.Xanbudaqov, M.Çalyan və S.Manusyandan ibarət komissiyaya rəhbərlik etmək Dadaş Bünyadzadəyə tapşırıldı. Komissiya ən qısa zamanda əsasnaməni hazırlayıb Rəyasət Heyətinin təsdiqinə verməli idi.

İyulun 23-də AKP MK Rəyasət Heyəti bu məsələni yenidən müzakirəyə çıxarıb əsasnamə layihəsində bəzi kiçik dəyişikliklər etdi. Eyni zamanda iclasda Dağlıq Qarabağ işləri üzrə komitə ləğv edildi və onun bütün əmlakı muxtar vilayətin inqilab komitəsinə verildi. Bununla yanaşı Azərbaycan XKS iyul ayının sonunda Muxtar Qarabağ Dağlıq Vilayətinə 8 min çervon (1922-1947-ci illərdə SSRİ-də on manatlıq kağız pul - C.H.), 15 min qızıl manat dəyərində 5 min pud kerosin, müxtəlif tikinti materialları və 10 min arşın bez buraxdı.

1923-cü ilin iyul ayının son günlərində Muxtar Qarabağ Dağlıq Vilayətinin əsasnaməsini hazırlayan komissiyanın geniş iclası keçirildi. İclasda 1923-cü ildə quberniya icraiyyə komitələri üçün qəbul edilmiş əsasnamə Muxtar Qarabağ Dağlıq Vilayəti üçün də əsas kimi götürüldü. İnzibati baxımdan muxtar vilayət Qarabağda yaşayan erməni əhalisi bəhanəsi ilə yaradılsa da, komissiyanın iclasında Qarabağın çox sayda türk kəndlərinin də onun tərkibinə daxil olması haqqında qərar qəbul edildi.

Hətta komissiya üç nəfər əleyhinə olmaqla böyük səs çoxluğu ilə Şuşa şəhəri və Xonaşen kəndinin düzən Qarabağa aid olması haqqında qərar qəbul etsə də, A.Karakozov təkid etdi ki, Şuşa şəhəri və Xonaşen ərazisi Dağlıq Qarabağın tərkibində qalmalıdır. Bir Karakozovun mövqeyi komissiyanın sədri də daxil olmaqla iclasda iştirak edən altı nəfər azərbaycanlı rəhbər işçinin mövqeyindən güclü çıxdı. Eyni zamanda iclasda düzən Qarabağın və Kürdüstanın idarəçilik forması və inzibati bölgüsü haqqında qərarlar qəbul edildi.

Bir il sonra, 1924-cü ilin iyun ayının 5-də Ağdam qəzası ilə Muxtar Qarabağ Dağlıq Vilayəti arasında sərhəd məsələlərini aydınlaşdıran komissiyanın iclasında Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 6 avqust əmrinə əsasən Xonaşen torpaqlarının, o cümlədən Kuropatkino kəndinin ərazisinin muxtar vilayətin sərəncamında qalması haqqında qərar qəbul edildi. Qərarın ikinci bəndinə əsasən, qeyd edilən ərazilərdə artıq 1924-cü ildə əkin işləri aparmış avşarlar məhsul toplamaq hüququndan məhrum edildilər.

***
Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin muxtariyyət haqqında dekretindən sonra Dağlıq Qarabağda yaranmış vəziyyəti öyrənmək və izahat işləri aparmaq üçün AK(b)P MK Rəyasət Heyətinin 20 avqust və MK katibliyinin 5 sentyabr qərarına uyğun olaraq Eyyub Xanbudaqov, İsay Dovlatov və Mir Cəfər Bağırovdan ibarət heyət Qarabağa ezam edildi. Onlara tapşırıldı ki, müsəlmanların yaşadığı Kolanı kəndi ilə ermənilərin yaşadığı Sarov kəndi arasında yaranmış münaqişəni də ətraflı şəkildə öyrənsinlər.

Bu ezamiyyətin yekunları oktyabr ayının 8-də Rəyasət Heyətində geniş müzakirə olundu və müvafiq qərar qəbul edildi. Qərarda Dağlıq Qarabağ üçün haqqı ödənilmədən meşə materiallarının buraxılması Torpaq Komissarlığına tapşırılırdı. XKS-ə tapşırıldı ki, Dağlıq Qarabağ üçün borc toxum verilməsinin artırılması məsələsini qaldırsın, Stepankənddə (Xankəndində - C.H.) elektrik stansiyası qurulması üçün vəsait buraxılması işini sürətləndirsin və Dağlıq Qarabağın aclıq çəkən əhalisinə təcili qaydada yardım göstərsin. Karakozova və Torpaq Komissarlığına tapşırıldı ki, Dağlıq Qarabağda torpaq məsələləri ilə bağlı məsələləri aydınlaşdırsınlar. Səhiyyə Komissarlığına tapşırıldı ki, Stepankənddə xəstəxana açsın. Torpaq Komissarlığına tapşırıldı ki, Stepankənddə aqroməntəqə təşkil etsin (Ağdam və TərTər aqroməntəqələrinin hesabına olmamaq şərti ilə).

Eyni zamanda iclasın qərarı ilə Qarabağ Vilayət Komitəsinə və icraiyyə komitəsinə təklif edilirdi ki, əsasən müsəlmanlar yaşayan kəndlərin Kürdüstan qəzasına verilməsi ilə bağlı Qaladərəsi rayonunda sərhədləri yenidən nəzərdən keçirsin.

Sonuncu məsələ ezamiyyətdən qayıtdıqdan sonra Mir Cəfər Bağırovun AK(b)P MK-ya yazdığı geniş xidməti məlumatda irəli sürülmüşdü. Bağırov bildirirdi ki, 10 min nəfər müsəlmanın yaşadığı Şuşa şəhəri istisnasız olaraq Kürdüstan qəzasına birləşmək istəyir. O təklif edirdi ki, Şuşa şəhəri Kürdüstan qəzasına birləşdirilə və bundan sonra qəza mərkəzi bilavasitə Şuşaya köçürülə bilər.

Bağırov başdan-başa müsəlmanlardan ibarət olan Şuşa şəhərinin Dağlıq Qarabağın tərkibinə verilməsini səhv addım hesab edirdi. O yazırdı: “Xankəndi, Şuşa və Abdallar ətrafında 8 min əhalisi olan Xəlfəli, Zarıslı, Müsəlmanlar və digər bir sıra müsəlman kəndləri var ki, onları Abdallardan idarə etmək daha asandır, nəinki Xankəndidən. Bu müsəlman kəndləri yalnız ona görə Dağlıq Qarabağa verilib ki, həmin kəndlərin arasında 1150 nəfərə yaxın ermənin yaşadığı Qaladərəsi kəndi yerləşir. Bütün bu ərazilər nədənsə Xankəndiyə birləşdirilib”.

Kolanı kəndi ilə Sarov kəndi arasında münaqişəyə toxunan Bağırov izah edirdi ki, qarışıqlıq dövründə Cavanşır qəzasında mərkəzi orqanların bir sıra qərarları ilə Kolanı müsəlmanları Sarov erməni kəndini tutdular, lakin sonra onlar tutduqları əraziləri boşaldıb öz yerlərinə köçdülər, erməni sarovlular da öz növbəsində kolanıların tutduqları yerlərini boşaltmalı idilər.

Bağırov yazırdı: “Bizim işçilərin işə cinayətkar münasibəti nəticəsində sarovlular öz yerlərinə qayıtmaq əvəzinə onların bir hissəsi kolanıların torpaqlarında qaldı, bir hissəsi isə Sarova qayıtdı. Beləliklə, 5 min kolanılı yerləri müəyyən olunmadan qalmaqdadır. Kolanılar Qarabağın ən narahat tayfalarından biridir və əgər onlar indiyə qədər susublarsa, bu ancaq ona görədir ki, məsələnin hakimiyyət tərəfindən ədalətli həllini gözləyirlər”.

Öz xidməti məlumatında Bağırov daha ciddi bir məsələyə də toxunurdu: “Ağdam-Qaryagin yolu üzərindəki Xanabad ərazisində qədim zamanlardan bəri Xocalı, Muğanlı və digər müsəlman kəndləri yerləşiblər, onlarla qonşuluqda eyni zamanda ermənilər də yaşayıblar. Qırğınlar zamanı bütün bu kəndlər - həm erməni kəndlər, həm də müsəlman kəndləri - dağıdıldı və əhalisi qaçdı. Son vaxtlar onlar hamısı qayıdırlar, lakin onlara torpaq sahəsi ayrılması məsələsində cinayətkar səhvlərə yol verilib. Hətta müsəlman qəbiristanlıqlarını ermənilərə verməkdən belə çəkinməyiblər və indi müsəlmanların torpaqlarını qətiyyən o torpaqlara aidiyyəti olmayan ermənilər əkirlər, müsəlman kəndləri isə dayanıb bu məsələnin həllini gözləyirlər”.

***

Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 7 iyul qərarından sonra belə narazılıqların kütləvi xarakter daşımasına baxmayaraq uzun sürən müzakirələrdən sonra axır variantı M.C.Bağırov, T.Əliyev və A.Karakozov tərəfindən redaktə edilən “Muxtar Qarabağ Dağlıq Vilayətinin əsasnaməsi” 1924-cü ilin noyabr ayında keçirilən Azərbaycan Sovetlərinin Mərkəzi İcraiyyə Komitəsinin plenumunun 2-ci çağırış 4-cü növbəti sessiyasının müzakirəsinə verildi və Mərkəzi İcraiyyə Komitəsinin katibi Mahmud Xanbudaqov əsasnamə haqqında məruzə etdi. Bu məruzə ilə bağlı qərar verildi ki, əsasnamə baxılmaq üçün Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyətinə verilsin.

Elə həmin ayda da əsasnamə mətbuatda dərc edildi. Onun birinci maddəsində təsbit edilirdi ki, “Muxtar Qarabağ Dağlıq Vilayəti Azərbaycan SSR-in tərkib hissəsidir”.

İkinci maddəyə görə, MQDV-də kargüzarlıq və məhkəmə işləri, məktəblərdə təlim ana dilində aparılmalı idi.

Üçüncü maddəyə görə, MQDV Azərbaycanın respublika orqanlarının işində proporsional prinsip üzrə iştirak etməli idi.

Əsasnamədə göstərilirdi ki, vilayətin dövlət, ictimai idarələrində və təşkilatlarında ümumi istifadə dili erməni əhalisinə münasibətdə erməni dili, türk əhalisinə münasibətdə isə türk dilidir.

***

Muxtar vilayətin əsasnaməsini hazırlayan komissiyanın təklifi ilə 1923-cü ilin iyul ayında Şuşa, Cavanşir və Qubadlı qəzalarından 169 yaşayış məntəqəsi onun tərkibinə daxil edilmişdi. 1924-cü ilin noyabrın 26-da dərc edilmiş əsasnaməyə görə isə Muxtar Qarabağ Dağlıq Vilayətinin tərkibinə Şuşa qəzasının Şuşa və Xankəndi şəhərləri daxil olmaqla 115 kəndi əhatə edən 16 kənd cəmiyyəti, Cavanşir qəzasının 52 kəndi əhatə edən 6 kənd cəmiyyəti, Qaryagin qəzasının 30 kəndi əhatə edən 3 kənd cəmiyyəti, Qubadlı qəzasının Qaladərəsi kənd cəmiyyəti salınmışdı.

Beləliklə, Muxtar Qarabağ Dağlıq Vilayətinin tərkibinə daxil edilən yaşayış məntəqələrinin sayı 198-ə çatdırıldı. Lakin ermənilər heç vaxt onlara edilən güzəştlərlə, Dağlıq Qarabağa geniş muxtar qurum statusu verilməsi ilə kifayətlənmədilər. A.Karakozov Azərbaycan KP MK-nın katibi S.Kirova yazırdı ki, “Ədliyə Komissarlığı kollegiyasının qərarı ilə Naxçıvanda Ali Məhkəmə təşkil olunur, biz də isə yox. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin Qarabağda Ali Məhkəmənin şöbəsinin açılması haqqında dekreti mövcuddur. Mənim fikrimcə, bundan geri çəkilmək siyasi baxımdan münasib deyil. Digər tərəfdən Qarabağ muxtar vilayət adlansa da, öz konstitusiyasının məzmununa görə, Naxçıvan diyarından heç nə ilə fərqlənmir. Ona görə belə hesab edirəm ki, Naxçıvan diyarına aid bütün qərarların Qarabağa da şamil edilməsi məqsədəuyğun olardı”.

1923-cü ilin avqust ayının 1-də Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyətində Piricanın Kürdüstan qəzasının, Ağdam şəhərinin Ağdam qəzasının mərkəzi hesab edilməsi və Cəbrayıl qəzasının mərkəzinin Qaryagindən Cəbrayıla keçirilməsi haqqında Rəyasət Heyətinə tövsiyə verildi. Avqustun 6-da Azərbaycan MİK-in Rəyasət Heyəti Ağdam mərkəz olmaqla Ağdam qəzasının, Cəbrayıl mərkəz olmaqla Cəbrayıl qəzasının və Pirican mərkəz olmaqla Kürdüstan qəzalarının inzibati-ərazi bölgüsünü təsdiq etdi.

1923-cü ilin sentyabr ayının 18-də Manusyanın sədrliyi və Ter-Zaxarovun katibliyi ilə keçirilən AK(b)P-nin Qarabağ Vilayət Komitəsinin iclasında Xankəndi şəhərinin adının dəyişdirilməsi məsələsi müzakirə edildi. İclasın qərarında deyilirdi: “Stepan Şaumyanın və 26 Bakı komissarlarının xatirəsini yad etmək məqsədi ilə Xankəndi şəhəri Stepanakert adlandırılsın”. Elə həmin gün Muxtar Qarabağ Dağlıq Vilayəti Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Xankəndi şəhərinin adı dəyişdirilib Stepanakert qoyuldu. Azərbaycan rəhbərliyi bu dəyişikliyi “Stepankənd” kimi təsəvvür etsə və hətta bir sıra rəsmi sənədlərdə bir müddət Xankəndini “Stepan kənd” kimi adlandırsa da, ermənilər şəhərin adını “Stepanakert” kimi rəsmiləşdirdilər.

***

Qarabağ muxtariyyətini təbliğ etmək, əhali içərisində izahat işi aparmaq məqsədi ilə Azərbaycan rəhbərliyi yerlərdə təbliğat kampaniyasına başlamışdı. 1923-cü ilin avqust ayının 12-də keçirilən Qarabağ kəndlilərinin ilk toplantılarının birində gündəliyə iki məsələ qoyulmuşdu: Dağlıq Qarabağın muxtariyyəti və Şaxsey-Vaxsey haqqında. 1923-cü ildə başlayan və Azərbaycanın taleyində və tarixində Kərbəla müsibətindən də ağır bir hadisəyə çevrilən həmin Şaxsey-Vaxsey hələ bu gün də davam etməkdədir.

Beləliklə, Zaqafqaziyada sovet hakimiyyətinin ilk illərində Dağlıq Qarabağın ərazi məxsusluğu uğrunda mübarizəyə belə yekun vuruldu. Azərbaycana rəhbərlik edən Sergey Kirov AK(b)P-nin 1924-cü ilin may ayında keçirilən VI qurultayında Dağlıq Qarabağa muxtariyyət verilməsi ilə bağlı deyirdi: “Bizim bu sahədə diqqəti cəlb edən ən böyük uğurumuz budur ki, tam olmasa da, hər halda Qarabağ məsələsi deyilən məsələ əhəmiyyətli dərəcədə həll edildi. Bu məsələ Zaqafqaziya Federasiyası tərəfindən diktə edilən məsələlər sırasına daxil idi”.

Nəriman Nərimanov bu prosesi təhlil etdikdən sonra 1924-cü ilin may ayının 27-də yazırdı: ”Dağlıq Qarabağ Mirzoyanın güclü təsiri altında muxtar vilayət elan edilib. Mənim vaxtımda bu mümkün olmamışdı, ona görə yox ki, mən bu muxtariyyətin əleyhinə idim, sadəcə olaraq ona görə ki, erməni kəndlilərinin özləri bunu istəmirdilər. Mirzoyan bu müddət ərzində erməni daşnak müəllimlərin köməyi ilə zəmin hazırladı və məsələni Zaqafqaziya Diyar Komitəsində keçirdi”.

Nəriman Nərimanov yaxşı başa düşürdü ki, Azərbaycanın başına gələn müsibətlər bununla bitmir, Dağlıq Qarabağa muxtariyyət verilməsini o haqlı olaraq Azərbaycanın fəlakətlərinin sonu deyil, başlanğıcı hesab edirdi və yazırdı: “Daha sonra Gəncənin dağlıq hissəsi məsələsi gəlir... Azərbaycanda daşnak siyasəti tam gücü ilə həyata keçirilir. Mənim zərrə qədər də şübhəm yoxdur ki, Serqo və Stalinin simasında AKP MK biz türklərə etibar etmir və Azərbaycanın taleyi erməni daşnaklarına tapşırılır”.

Qarabağın dağlıq hissəsinə muxtariyyət verilməsi ilə başlanan uzunmüddətli faciənin kökündə də məhz sovetləşmədən sonra Azərbaycanın taleyinin, N.Nərimanovun dili ilə desək, yadlara etibar edilməsi ilə bağlı idi. Bu acınacaqlı hadisənin nümunəsində Azərbaycan dövlətçiliyinin altına “gec partlayan” mina basdırıldı və saat mexanizmi də hərəkətə gətirildi ki, Rusiyanın Qafqazı tərk etdiyi məqamda yenidən partlayış olsun. Serqo Orconikidzenin hələ 1920-ci ilin iyul ayında irəli sürdüyü “Qarabağda muxtariyyət elan edib erməni əhalisini təşkilatlandırmaq” ideyası son nəticədə zamanın “sınağından” çıxdı və Qarabağ məsələsi yeni dövrdə, sovetlərin dağılmasından sonrakı dövrdə regiona nəzarət baxımından Rusiyanın əlində güclü nəzarət mexanizminə çevrildi.

2010-11-25 - 13:30:00