Cəmil Həsənli

QARABAĞIN QARA GÜNÜ (5)

 


Avqustun ilk günlərindən Qarabağda Qafqaz Bürosunun 5 iyul qərarının geniş təbliğat işlərinə başlandı. 1921-ci ilin avqust ayının 1-də Şuşa qəzası 2-ci yaşayış sahəsi kəndlilərinin fövqəladə qurultayı keçirildi və bu iclasda Mərkəzin (Bakının - C.H.) nümayəndəsi kimi Levon Mirzoyan məruzə etdi. O, çıxışında bildirdi ki, həm iqtisadi, həm mənəvi və siyasi, həm də milli nöqteyi-nəzərdən Qarabağ Azərbaycanın mərkəzi olan Bakı ilə bağlıdır.

Levon Mirzoyan Qafqaz Bürosunun Qarabağın dağlıq hissəsində Bakıya tabe olan xüsusi inzibati vahidin yaradılması qərarını doğru hesab edirdi. O, Qarabağ ermənilərinə bildirirdi ki, muxtariyyət alsanız, bütün məsələləriniz həll olunacaq. Ezamiyyətdən döndükdən sonra Levon Mirzoyan AK(b)P MK-ya və RK(b)P MK Qafqaz Bürosuna Qarabağın dağlıq hissəsinə səfəri barədə hesabat yazmışdı və orada göstərirdi: “Mənim dərin inamıma görə, Qarabağ məsələsi bir tərəfdən bizim partiya və sovet rəhbər işçiləri, digər tərəfdən isə bəzi millətçi əhval- ruhiyyəli erməni ziyalıları tərəfindən yaradılıb və yaradılmaqdadır”.

Bu mövqe Levon Mirzoyan və Əliheydər Qarayevin AK(b)P MK Siyasi və Təşkilat Bürosunun 1921-ci ilin avqust ayının 8-də keçirilən iclasında da əks olunmuşdu. “Qarabağda vəziyyət haqqında” adlı bu məruzə daha çox Qarabağda partiya işinin vəziyyəti üzərində qurulmuşdu. İclasda Şuşa qəzasının Adıgözəlov, Mahmudbəyov, Danelyans, Atayev, Səfərov, Avakyan, Qəmbərovdan ibarət partiya komitəsinin tərkibi də təsdiqləndi. Ə.Qarayev müvəqqəti olaraq Qarabağa fövqəladə müvəkkil təyin edildi.

Levon Mirzoyanın hesabatında bəhs etdiyi həmin millətçi əhval-ruhiyyəli ermənilər 5 iyul qərarından sonra belə şayiə yaymağa başlamışdılar ki, guya erməniləri Qarabağdan Ermənistana köçürməyə başlayıblar. Bu şayiələr hətta RK(b)P MK-nın Qafqaz Bürosuna da gedib çatmışdı. Sergey Kirov Azərbaycan K(b)P MK-nın birinci katibi seçiləndən sonra Qafqaz Bürosunun Dağlıq Qarabağ haqqında 5 iyul qərarından narazı qalan bəzi üzvləri Azərbaycana qarşı öz pozuculuq əməllərini onun vasitəsi ilə həyata keçirməyə çalışırdılar. RK(b)P MK-nın Qafqaz Bürosunun katibi Fiqatner Yuri Petroviç (Yakov İsakoviç) 1921-ci ilin avqustunda Sergey Kirova yazırdı ki, guya büronun Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması haqqında 5 iyul qərarından sonra “bir çox erməni kəndləri ordan Ermənistana” köçürülür.

Bu haqda məlumat alan kimi S.Kirov həmin vaxt Qarabağda olan Əliheydər Qarayev və Levon Mirzoyana sorğu göndərmişdi. Halbuki çoxsaylı faktlar sovetləşmənin ilk aylarında ermənilərin deyil, məhz müsəlmanların Qarabağdan müxtəlif yerlərə köç etdiyini göstərir. A.Karakozov AK(b)P MK-ya göndərdiyi teleqramda yazırdı: “Demək olar, Cavanşir qəzasının müsəlman əhalisinin hamısı öz yerlərindən qaçaraq ətraf ərazilərə dağılıb”.

Y.Fiqatnerin Qarabağ erməniləri üçün narahatlığına gəldikdə isə 20-ci illərin əvvəllərində Qafqaz Bürosunda çalışan partiya işçilərinin milli tərkibinə diqqət yetirilərsə, Azərbaycana qarşı törədilən təxribatların və təhlükənin haradan gəldiyi açıq şəkildə üzə çıxar. O dövrdə büroda 80 nəfər partiya işçisi çalışırdı. Onların 12-si gürcü, 28-i erməni, 25-i rus, 13-ü digər millətlərin nümayəndəsi, vur-tut 2-si türk idi. 
    
***  

1921-ci ilin sentyabr ayının 26-da “Qarabağ işi” adlı məsələ AK(b)P MK Siyasi və Təşkilat bürosunun müzakirəsinə çıxarıldı. İclasda qərara alındı ki, Qafqaz Bürosundan xahiş edilsin Dağlıq Qarabağa muxtariyyət verilməsi ilə bağlı məsələyə yenidən baxsın, həmin vaxta qədər muxtariyyət elan olunmasın. Bu məsələ ilə bağlı material toplamaq üçün Qarayev, Əfəndiyev, Stukalov və Mirzoyandan ibarət bir komissiya yaradıb Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sessiyasından sonra Qarabağa göndərilməsi haqqında razılığa gəlindi. Qarabağda olduğu müddətdə komissiya həm də ordakı partiya və sovet işinə rəhbərlik etməli idi.

Bu qərarı möhkəmləndirmək üçün AK(b)P MK Təşkilat Bürosu Nərimanovun iştirakı olmadan oktyabrın 6-da yenidən bu məsələni müzakirə edib komissiyaya tapşırıq verdi ki, Stukalovu çıxmaqla oktyabrın 9-dan gec olmayaraq Qarabağa yola düşsün. Eyni zamanda maliyyə komissarı Tağıyevə tapşırıldı ki, Azərbaycan Xalq Komissarları Sovetinin qərarı ilə Qarabağda 4 qəza üçün 1 milyard rubl pul ayırsın və bu pulu Qarabağa yola düşən komissiyaya versin. Daxili işlər komissarı Bağırova tapşırıldı ki, komissiyanı müşayiət etmək üçün məsul işçilər ayırsın. Hərbi dəniz komissarı Qarayevə tapşırıldı ki, komissiyaya Qarabağ milisi üçün 500 dəst forma versin və Qarabağ üçün 3 kq xinin (malyariyaya qarşı dərman - C.H.) ayırsın.

Komissiya Qarabağda vəziyyəti öyrəndikdən sonra oktyabr ayının 21-də AK(b)P MK Təşkilat Bürosu ilə birlikdə Qarabağda (Şuşa, Cavanşir, Qubadlı və Qaryagin qəzalarında) işləyən məsul işçilərin konfransını keçirdi. Həm azərbaycanlılar, həm də ermənilər bu konfransda iştirak edirdilər. Ə.Qarayevin məruzəsi və məruzə ətrafındakı uzun müzakirələrdən sonra konfrans “Dağlıq Qarabağın əlahiddə muxtar vilayətə ayrılmasını məqsədəuyğun hesab etmədi”.

Qarabağa səfər və məsul işçilərin konfransının materialları əsasında komissiya AK(b)P MK-ya məruzə hazırladı və bu məruzə oktyabr ayının 24-də MK-nın Təşkilat Bürosunun müzakirəsinə çıxarıldı. Müzakirələrdən sonra Qarabağda banditizmə qarşı mübarizənin gücləndirilməsi Azərbaycan Dövlət Siyasi İdarəsinə tapşırıldı, ən qısa vaxtda 4 qəzaya 1,5 milyard rubl vəsait ayrılması haqqında qərar qəbul edildi.

Mübahisəli torpaq məsələlərini həll etmək üçün yerlərə səlahiyyətli komissiya göndərilməsi Torpaq Komissarlığına təklif edildi. Eyni zamanda hər 4 qəzada partiya və sovet işinin yenidən təşkil olunması istiqamətində bir sıra addımların atılması məqsədəuyğun sayıldı, ilk addım kimi Şamil Mahmudbəyov Şuşa qəzası icraiyyə komitəsinin sədri vəzifəsindən azad edildi və onun yerinə Əliqulu Babayev təyin edildi.

Təşkilat Bürosunun qərarına görə, Qarabağın muxtar hissəsinin sərhədlərini müəyyənləşdirmək üçün Torpaq, Hərbi Dəniz və Daxili İşlər komissarlıqlarının nümayəndələrindən ibarət xüsusi komissiya yaradıldı. Halbuki üç gün əvvəl AK(b)P MK-nın Təşkilat Bürosunun və Qarabağın məsul işçilərinin geniş təmsil olunduğu konfransda Dağlıq Qarabağa ayrıca muxtar vilayət statusu verilməsi məqsədəuyğun hesab edilməmişdi.
    
***

Qarabağın dağlıq hissəsinə muxtariyyət verilməsi haqqında Qafqaz Bürosunun məlum qərarından sonra Mərkəz bu məsələyə aid olan ən kiçik məqamları belə diqqətdə saxlayırdı. 1922-ci ilin may ayının 22-də İ.Stalin Azərbaycan K(b)P MK-nın baş katibi S.Kirova məktubunda istehzayla soruşurdu: “Deyirlər, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsində Qarabağı, demək olar, “əsl qarabağlı” Fonşteyn təmsil edir?”

İyun ayının 18-də Stalinə göndərdiyi gizli cavabda Kirov izahat verirdi ki, “Kimsə sizi yanlış məlumatlandırıb... Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin Qarabağdan olan üzvlərinin siyahısını sizə məlum edirəm: 1) Əhmədov, 2) Arzanyan, 3) Ələkbərov, 4) Məmmədxanov, 5) Mirzəbekyans, 6) İldırım. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin üzvlüyünə namizədlər: 1) Hacıbəyli, 2) Avetisov, 3) Xanbudaqov, 4) Hacıyev. Bundan əlavə Mirzəbekyans Azərbaycan XKS-ə komissar vəzifəsinə keçirilib”.

Həmin dövrdə Mərkəzin Qarabağda fəaliyyət göstərən partiya təşkilatını Azərbaycan partiya təşkilatına tabe etməməyə müəyyən cəhdləri var idi. Buna ermənilər Moskvanın vasitəsi ilə nail olmaq istəyirdilər. Ona görə də 1922-ci ilin avqust ayının 1-də RK(b)P MK-ya göndərdikləri teleqramda AK(b)P MK-nın katibi S.Kirov və təşkilat şöbəsinin müdiri Matyuşin yazırdılar ki, “Qarabağın ərazisi Azərbaycanın tərkibinə daxildir və partiya təşkilatı da AK(b)P-nin bir hissəsidir”.

1921-ci ilin 5 iyul qərarından sonra bir müddət sakitlik olsa da, Kirov və Orconikidzenin təşəbbüsü ilə Zaqafqaziya Diyar Komitəsi Rəyasət Heyətinin 1922-ci ilin oktyabr ayının 27-də keçirilən iclasında AK(b)P MK-ya Qafqaz Bürosunun 5 iyul qərarının reallaşdırılması tapşırıldı. Zaqafqaziya Diyar Komitəsinin həmin iclasının qərarı ilə A.Karakozov Qarabağ İcraiyyə Komitəsinin sədri təyin edildi, eyni zamanda Ermənistanda fəaliyyət göstərən S.Şaduns Qarabağa məsul vəzifəyə təyin edilmək üçün Azərbaycan KP MK-nın sərəncamına göndərildi.

Bundan 3 gün sonra AK(b)P MK rəhbərliyi  “Dağlıq Qarabağın muxtariyyəti haqqında” məsələni müzakirə edib Zaqafqaziya Diyar Komitəsinin tapşırığını həyata keçirmək üçün müvafiq komissiya yaratdı. Elə həmin gün Ağamalıoğlu başda olmaqla Karakozov və Sviridovdan ibarət komissiyanın tərkibi iclasda təsdiq edildi.

Eyni zamanda AKP MK-nın tapşırığı ilə Qarabağın dağlıq hissəsində olan kənd sovetləri sədrlərinin və partiya təşkilatları katiblərinin müşavirəsini keçirmək üçün L.Mirzoyan və Ə.Qarayev həmin ilin noyabrında Şuşaya ezam edildilər. Üç günlük müzakirələrdən sonra müşavirə Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması haqqında qərar qəbul etdi. 
    
***

1922-ci ilin dekabr ayının 14-də bəzi etirazlara baxmayaraq Zaqafqaziya Diyar Komitəsi Dağlıq Qarabağ üzrə xüsusi komitə yaradılmasına nail oldu və bir gün sonra, dekabr ayının 15-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin kommunist fraksiyası və AK(b)P MK-nın Rəyasət Heyəti “Qarabağ haqqında” Zaqafqaziya Diyar Komitəsinin qərarını müzakirə edib Kirov, Mirzabekyans və Karakozovdan ibarət xüsusi komissiya yaratdı, Armenak Karakozovun sədrliyi ilə 7 nəfərdən ibarət olan komitə formalaşdırdı. Komitəyə Şuşa, Cəbrayıl və Cavanşir qəzalarının icraiyyə komitələrinin sədrləri daxil olmalı, üç nəfər isə katibliklə birlikdə Karakozov tərəfindən irəli sürülməli idi və onlar sovet orqanlarından keçməklə Rəyasət Heyətində təsdiqlənməli idilər.

Az sonra həmin üç nəfəri A.Karakozov belə müəyyən etmişdi: Şaduns, Tavakalyan və Papazyan. Rəyasət Heyəti Azərbaycan MİK-ə və XKS-ə tapşırdı ki, 7 gün müddətinə Dağlıq Qarabağ üzrə komissiyanın və komitənin yaradıldığı barədə dekret elan etsin. Dağlıq Qarabağ üzrə komitəyə Mərkəzi orqanlarla müstəqil əlaqə saxlamaq hüququ verildi.

Dekabr ayının 17-də keçirilən AK(b)P MK-nın Rəyasət Heyətinin iclasında A.Karakozov sədr olmaqla Məmmədxanov, Ağazadə, Tavakalyan, Papazyan və Şadunsdan ibarət Dağlıq Qarabağ komitəsinin tərkibi təsdiq edildi. RK(b)P Zaqafqaziya Diyar Komitəsindən xahiş edildi ki, Dağlıq Qarabağ komitəsində işləmək üçün Papazyanı Ermənistan XKS-nin katibi, Fanokolyansı isə Zəngəzur qəza komitəsinin katibi vəzifəsindən azad etsin. Mir Cəfər Bağırova tapşırıldı ki, yuxarıda adları sadalanan tərkibi təcili olaraq XKS-dən keçirsin. Karakozova həvalə edildi ki, təcili olaraq komitənin fəaliyyəti üçün zəruri olan vəsaitin smetasını tutub həmin axşam keçiriləcək XKS-nin iclasına təqdim etsin. Ən qəribəsi o idi ki, 17 dekabr iclasında İrəvana getmək üçün A.Karakozova iki həftəlik məzuniyyət verildi.

Ümumiyyətlə, 1922-ci ilin payızından başlayaraq Qarabağda rəhbər vəzifələrdə işləyən ermənilərin Ermənistanla əlaqələri intensiv xarakter almağa başladı. Digər tərəfdən isə 20-ci illərin əvvəllərində Qarabağın Ermənistana birləşdirilməsi uğrunda mübarizədə açıq və gizli şəkildə fəal iştirak etmiş bir sıra ermənilər İrəvandan Bakıya dəvət edilərək Qarabağa rəhbər vəzifələrə təyinat aldılar. 1923-cü ilin ilk günlərində AK(b)P MK-nın katibi S.Kirov Zaqafqaziya Diyar Komitəsinə rəhbərlik edən A.Myasnikova teleqram göndərərək ondan xahiş edirdi: “Ermənistan Mərkəzi Komitəsi Qarabağ üçün Tavakelyanı və Manusyanı bizə ezam etsin. Xahiş edirəm onlara təklif edin ki, təcili olaraq Karakozovun yerləşdiyi Şuşaya getsinlər”.

1923-cü ilin yanvar ayının 23-də A.Karakozovla birllikdə Ermənistan KP MK-nın katibi Hakop İonisyana göndərdiyi teleqramda S.Kirov xahiş edirdi ki, “Qarabağda işləmək üçün Tavakelyanı, Hakopyanı, Aydınyanı, Vartanyanı, Axtınskini, Sero Manusyanı ezam etsinlər”. Axı bu teleqram göndərilən şəxs həmin Hakop İonisyan idi ki, 1921-ci ilin mayında Ermənistan onu Dağlıq Qarabağda özünün müvəkkili təyin etmişdi.

Görünür, teleqramda sadalanan işçilərin siyahısını A.Karakozov az əvvəl AKP MK-nın Rəyasət Heyətinin qərarı ilə özünün iki həftəlik məzuniyyətini İrəvanda keçirərkən İonisyanla birlikdə hazırlamışdı. Bu teleqramı eyni ilə S.Kirov bir həftə sonra A.Myasnikova da göndərmiş və onun sonuna əlavə etmişdi: “Kadrları möhkəmləndirmədən Qarabağda işləri təşkil etmək mümkün deyil”. 

Göründüyü kimi, 1923-cü ilin əvvəllərindən Ermənistandan dəvət edilən rəhbər partiya və sovet işçilərinin Qarabağa müxtəlif məsul vəzifələrə təyin edilməsi geniş xarakter almağa başladı və məhz bunun hesabına ermənilər orada vəziyyəti dəyişməyə nail oldular. Azərbaycan rəhbərliyinin belə kadr siyasəti ermənilərin Dağlıq Qarabağda möhkəmlənməsinə gətirib çıxardı.
    
***     

Zaqafqaziya Diyar Komitəsinin 1922-ci ilin sonlarında yaratdığı Qarabağ komitəsi hələ 1923-cü ilin may ayının 20-də hazırladığı “Qarabağ məsələsinin həlli layihəsi” adlı təkliflərini iyun ayının 20-də AK(b)P MK-nın Rəyasət Heyətinin müzakirəsinə verdi. Orada göstərilirdi ki, dağlıq və düzən Qarabağ iqtisadi baxımdan bir-biri ilə sıx bağlıdır. Layihədə Dağlıq Qarabağın Ermənistana meyl etməsi bölgədə işləri lazımi səviyyədə aparan hazırlıqlı türk işçilərin olmaması ilə izah edilirdi: “Nə qədər ki, Mərkəz (Bakı - C.H.) gücünün ən böyük və ən yaxşı hissəsini neft cəbhəsinə atır və öz diqqətini başlıca olaraq Bakı və onun rayonlarına yönəldir, nə qədər ki, müsəlman qüvvələrinin böyük çatışmazlıqları var və üç il ərzində vilayətin idarə olunmasında planlaşdırılmış işin (maarif, yer quruluşu, nəqliyyat, kooperasiya, ticarət və s.) hər hansı əlaməti belə yoxdur, nə qədər ki, Qarabağın böyük bir hissəsi öz coğrafi vəziyyətinə görə Mərkəzdən ayrılıb, nə qədər ki, azlığın hüquq və mənafeyini qorumaq zəruridir, Qarabağda inzibati-idarəçilik islahatları həyata keçirilməlidir”.

Kirovun sədrliyi və İnozemsovun katibliyi ilə keçən iclasda Xanbudaqov, Qarayev, Mirzoyan, Bağırov, Vareykis, Çaqin, Konyuşkin, Qasımov, Rəhmanov, Maşkeviç və digərləri iştirak edirdi. Geniş müzakirələrdən sonra bir neçə bənddən ibarət qərar qəbul edildi. Orada göstərilirdi: a) Qarabağın həm yuxarı, həm də aşağı hissəsinin bir inzibati vahidə ayrılması zəruri hesab edilsin; b) Qarayev sədr olmaqla Bağırov, Dövlətov, Mirzoyan, Xanbudaqovdan ibarət komissiyaya tapşırılsın ki, üç gün müddətinə bu məsələni ayrıntıları ilə öyrənib bəyənilməsi üçün MK-nın Rəyasət Heyətinə təqdim etsinlər; v) A.Karakozov və X.Şadunsa təklif edilsin ki, Qarabağ məsələsinin həllinin müzakirəsində iştirak etmək üçün RKP Zaqafqaziya Diyar Komitəsinin iclasına getsinlər; q) E.Xanbudaqov xüsusi rəydə qaldığı üçün onun rəyi protokola əlavə olunsun.

Orada qeyd olunurdu ki, “Qarabağ məsələsinin qəti şəkildə həlli üçün Dağlıq Qarabağın muxtar vahidə ayrılması haqqında Azərbaycan XKS-nin 1920-ci il may tarixli dekretinin həyata keçirilməsi zəruridir. Heç bir digər qərar Qarabağın milli azlığının tələblərini təmin edə bilməz. Əgər qeyd edilən məsələ ayrı formada həll edilərsə, biz dəfələrlə bu müzakirələri keçirməli olacağıq”.

Həmin günlərdə Moskvada gizli danışıqlar aparan erməni nümayəndələrinə Rusiya sovet hökumətinə çatdırılmaq üçün Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında 1920-ci ilin aprel ayının 29-da keçirilmiş IX erməni qurultayının qərarı göndərilsə də, bu müraciətə əhəmiyyət verilmədi.

Sənədlərin araşdırılmasından aydın olur ki, yeni formalaşan Azərbaycan XKS-nin 1920-ci ilin may ayında belə bir dekreti olmayıb. Bu hadisənin daha çox 1921-ci ilin may ayında olması ehtimalı mümkündür. Çünkü həmin vaxt Ermənistan KP MK-nın plenumu 1921-ci ilin may ayının 23-də Hakop İoannisyanı Ermənistanın Dağlıq Qarabağda müvəkkili təyin etmişdi. Bu qeyri-qanuni addıma Azərbaycan tərəfinin hər hansı reaksiyasının olması mümkündür.

Lakin Ermənistan bu təyinatdan səssiz-küysüz geri çəkildiyindən və məsələ Qafqaz Bürosunun iyunun 3-də keçirilən plenumunun gizli müzakirəsinə keçirildiyindən Azərbaycan XKS-nin 1921-ci ilin may ayında Qarabağla bağlı hər hansı dekret verdiyinə Xalq Komissarlar Sovetinin dekretləri siyahısında rast gəlinmir.
    
*** 

Lakin Qarabağın həm dağlıq həm də aran hissəsinin bir inzibati idarəçilikdə birləşdirilməsi haqqında AK(b)P MK-nın Rəyasət Heyətinin 20 iyun tarixli qərarı Zaqafqaziya Diyar Komitəsinin 1923-cü ilin iyun ayının sonunda keçirilən plenumunda bəyənilmədi. Ona görə də 1923-cü ilin iyulun 1-də keçirilən AKP MK Rəyasət Heyətinin iclasında Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə təklif edildi ki, Xankəndi mərkəz olmaqla Dağlıq Qarabağın muxtariyyəti məsələsini dekretləşdirsin. Mərkəzi Komitənin Rəyasət Heyətinin qərarına görə, dekretdə göstərilməli idi ki, Dağlıq Qarabağın sərhədləri və digər məsələlər xüsusi komissiya tərəfindən müəyyən ediləcək və icraiyyə komitəsi qurulana qədər Karakozov başda olmaqla 5 nəfərdən ibarət inqilab komitəsi, Manusyan başda olmaqla 5 nəfərdən ibarət vilayət partiya komitəsi yaranmalı idi.

Dağlıq Qarabağın sərhədlərini müəyyən etmək üçün Ə.Qarayevin sədrliyi ilə Karakozov, Sviridov, Çingiz İldırım və Dadaş Bünyadzadədən ibarət komissiya yaradılması təklif edilirdi. Komissiya 7 gün ərzində öz təkliflərini MK-nın Rəyasət Heyətinə verməli idi. İyulun 4-də bu təkliflər Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyətinin iclasında təsdiq edildi. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin qərarının birinci bəndində göstərilirdi: “Qarabağın dağlıq hissəsində mərkəzi Xankəndi olmaqla muxtar Qarabağ vilayəti yaradılsın”.

Üç ilə yaxın davam edən hazırlıq işlərindən sonra, nəhayət, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi 1923-cü ilin iyul ayının 7-də respublikanın tərkibində Muxtar Qarabağ Dağlıq Vilayətinin yaradılması haqqında dekret verdi.

Azərbaycan MİK sədrinin müavini Mir Bəşir Qasımovun və MİK-in katibi Mahmud Xanbudaqovun imzaladığı dekretdə göstərilirdi (Müxtəlif dillərə tərcümə edilmiş “Qarabağ: Real tarix. Faktlar. Sənədlər” kitabının müəllifləri Y.Mahmudov və K.Şükürov 1922-ci ilin avqustundan 1923-cü ilin dekabrına qədər Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin katibi işləmiş Mahmud Fərəc oğlu Xanbudaqovu (1898-1937), 1922-1924-cü illərdə Azərbaycan K(b)P MK katibi işləmiş Eyyub Şirin oğlu Xanbudaqovla (1893-1937) səhv saldıqlarından dekretin Ə.M.Xanbudaqov (E.Ş.Xanbudaqov olmalıdır - C.H.) tərəfindən imzalandığını yazırlar): “Hansı formada təzahür edir etsin, milli zülmün və milli bərabərsizliyin aradan qaldırılması, milli düşmənçiliyin və nifrətin zəhmətkeşlərin beynəlmiləl həmrəyliyi ilə vahid ittifaq dövlətində xalqların qardaşcasına əməkdaşlığı ilə əvəz edilməsi fəhlə-kəndli inqilabının və sovet hakimiyyətinin əsas vəzifələrindən biridir. Bu vəzifəni yerinə yetirmək üçün Azərbaycan Sovetlərinin Mərkəzi İcraiyyə Komitəsi qərara alır: Dağlıq Qarabağın ermənilər yaşayan hissəsində Xankəndi qəsəbəsi mərkəz olmaqla Azərbaycan SSR-in tərkib hissəsi kimi muxtar vilayət təşkil edilsin”.

Muxtar Qarabağ Dağlıq Vilayətinin yaradılması barədə Azərbaycan MİK-nin bu dekretindən iki həftə sonra vilayətin İnqilab Komitəsinin tərkibi MİK-nin Rəyasət Heyətinin və Azərbaycan XKS-nin birgə iclasında təsdiq edildi. A.Karakozovun sədrliyi ilə beş nəfərdən ibarət olan inqilab komitəsinə B.Bünyatov, Kostonyan, Kafiyev (Kafiyan - C.H.) və Çalyan daxil idilər. Eyni zamanda muxtar vilayətin əsasnaməsinin hazırlanıb başa çatdırılması işi iclasın qərarı ilə Karakozov, Bünyatov, Çalyan, Vareykis və Manusyandan ibarət komissiyaya tapşırıldı. A.Karakozova həvalə edildi ki, komissiyanın iclasını təşkil etsin və bir həftə müddətinə işi başa çatdırsın.

Muxtar vilayətin beş nəfərdən ibarət olan inqilab komitəsinin tərkibində yeganə azərbaycanlı olan Bəşir Bünyatovun iştirakı sırf formal xarakter daşıyırdı. Bunu az sonra, 1923-cü ilin yanvarında Şuşa qəzası İcraiyyə Komitəsinin sədri təyin edildikdən sonra o özü də hiss etməyə başladı və 1923-cü ilin sentyabrında S.Kirova məktubla müraciət edərək xahiş etdi ki, onu mənəvi məhvdən xilas etmək üçün Qarabağda tutduğu vəzifədən azad etsin. O yazırdı: “Xüsusən ona görə ki, Qarabağda işlərin yenidən təşkilindən sonra məni orada saxlamağa heç bir zərurət yoxdur, zira əhalinin müsəlman hissəsi mənə satqına baxan kimi baxır”.
    
***

Şuşa şəhər əhalisi Qarabağın dağlıq hissəsinə muxtariyyət verilməsinin qəti şəkildə əleyhinə idi. Hətta 1923-cü ilin əvvəllərində Şuşa şəhər əhalisinin toplantısında Bəşir Bünyatovun məruzəsindən sonra Bakıya göndərilmək üçün nümayəndə heyəti seçilmişdi ki, Qarabağın muxtariyyət məsələsində ciddi dəyişikliklər edilməsi məsələsini Mərkəzin qarşısında qaldırsın. Sergey Kirov həyəcanlı şəkildə A.Karakozov və Bəşir Bünyatovdan hesabat tələb edirdi və soruşurdu: “Təcili olaraq məlumat verin bu nə məsələdir”. 

Qarabağın muxtar vilayət hüdudlarından kənarda qalan əraziləri hesabına isə Ağdam, Cəbrayıl və yeni bir münaqişə mənbəyi kim Kürdüstan qəzaları yaradıldı. Halbuki az sonra, 1937-ci ildə SSRİ də keçirilən və nəticələri siyasi mülahizələrə görə ləğv edilən əhali sayımının nəticələri göstərdi ki, Azərbaycanda 10 878 nəfər kürd əhalisi yaşadığı halda Ermənistanda onların sayı 22 313 nəfər idi.

Elə Muxtar Qarabağ Dağlıq Vilayəti haqqında Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin dekreti elan edilən gün Qarabağ muxtariyyətinin sərhədlərini müəyyən edən komissiyada MQDV ilə sərhəddə Kürdüstan muxtariyyətinin yaradılması ideyası səsləndirildi. Lakin iyul ayının 16-da keçirilən AK(b) MK-nın Rəyasət Heyətinin iclasında bu ideyadan imtina edildi və Kürdüstan qəzası yaradılmasına qərar verildi. İyulun 21-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi və respublika Xalq Komissarları Soveti bu qərarı təsdiq etdi.

Əgər Muxtar Qarabağ Dağlıq Vilayətinin yaradılması haqqında Azərbaycan Mərkəzi İcraiyə Komitəsinin dekretinə diqqət yetirilərsə, bu dekretlə RK(b)P MK-nın Qafqaz Bürosunun 5 iyul qərarı arasında mühüm bir ziddiyyət var. Qafqaz Bürosunun qərarında yazılırdı: “İnzibati mərkəzi muxtar vilayətin tərkibindəki Şuşa şəhəri olmaqla ona geniş vilayət muxtariyyəti verilsin”. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 7 iyul dekretində isə qeyd olunurdu ki,  “Dağlıq Qarabağın ermənilər yaşayan hissəsində Xankəndi qəsəbəsi mərkəz olmaqla” muxtar vilayət yaradılsın. Bu ziddiyyət nə ilə bağlı idi?

Məsələ bundadır ki, iyul ayının 7-də Muxtar Qarabağ Dağlıq Vilayəti haqqında Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin dekreti elan olunarkən Şuşa şəhərinin onun tərkibində olması nəzərdə tutulmamışdı. Yalnız həmin dekretdən iki həftə sonra, 1923-cü ilin iyul ayının 21-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyətinin və Xalq Komissarları Sovetinin birgə iclasında Dadaş Bünyadzadə Dağlıq Qarabağ üzrə komissiyanın məruzəsi ilə çıxış etdi və həmin məruzənin müzakirəsindən sonra 8 bənddən ibarət qərar qəbul edildi. Həmin qərarda göstərilirdi: a) Dağıdılmış Skobelevski rus kənd cəmiyyətinin azad torpaqları muxtar Qarabağın ərazisinə daxil edilsin; b) Şuşa şəhəri Muxtar Qarabağ Dağlıq Vilayətinə daxil edilsin.

Başqa səbəb də var. Şuşa yeni yaradılan muxtar vilayətin ərazisində yeganə şəhər idi və bu şəhərin əhalisini başlıca olaraq azərbaycanlılar təşkil edirdi. Ermənilər ehtiyat edirdilər ki, vilayət mərkəzi kimi Şuşa şəhərinin azərbaycanlılardan ibarət olması muxtar qurumda hakimiyyət orqanlarının onların nəzarətinə keçməsinə gətirib çıxara bilər. Məhz ona görə də onlar Qarabağda yeganə mərkəz ola biləcək bu şəhərə deyil, onun yaxınlığında azərbaycanlıların yaşadığı kənd tipli Xankəndi qəsəbəsinə üstünlük verdilər.

Xankəndi tarixən müsəlmanların yaşadığı və muxtar vilayət yaradılarkən türk yaşayış məntəqəsi kimi qeydə alınan kiçik bir yaşayış məntəqəsi idi. Ona qəsəbə statusunun verilməsi Xankəndinin “paytaxt” olmaq zərurətindən irəli gəlirdi. 1920-ci ilin iyulundan başlayaraq Xankəndinin mərkəz olması istiqamətində fikirlər səslənməyə başlanmış, 1922-ci ilin payızından etibarən isə bu istiqamətdə əməli addımlar atılmağa başlamışdı. Hələ 1920-ci ilin aprel ayının sonunda yaradılmış əsasən daşnaklardan ibarət olan Dağlıq Qarabağ erməni komitəsi az sonra çox asanlıqla Azərbaycan Kommunist Partiyasının qəza komitəsinə çevrilib və iyul ayının 11-də həmin komitənin başçısı kimi S.Ambarsumyanın və digər bir həmkarının Azərbaycan K(b)P MK-ya göndərdiyi məruzədə bildirirdi ki, biz müsəlmanlar arasında partiya işinin qoyuluşundan tamamilə məlumatsızıq və müsəlman yoldaşlardan tamamilə ayrılıqda işləyirik: “Partiya nizamsızlığı Qarabağda bütün təşkilatı işi məhv olmaq təhlükəsi altına alır. Mərkəz lazımdır və bu mərkəz Qarabağın bütün rayonlarının coğrafi və iqtisadi baxımdan əlaqələndirən Xankəndi olmalıdır”.

Göründüyü kimi, müxtəlif erməni təşkilatları hələ sovetləşmənin ilk aylarından başlayaraq Xankəndini mərkəz kimi gözaltı etmişdilər. 

(Ardı var)

2010-11-24 - 13:23:00