|
||
Şübhəsiz ki, ermənilər təbii sərhəd hesab etdikləri bu dağ zolağının da qeydinə qalmışdılar və belə hesab edirdilər ki, iki səbəbə görə həmin dağ zolağı Dağlıq Qarabağa birləşdirilməlidir: birincisi, guya bu zona faktiki olaraq erməni əhalisinin istifadəsindədir; ikincisi, dağlıq zolaqda istifadəyə yararlı torpaqlar az olduğundan bu alçaq dağ zolağı bu və ya digər dərəcədə dağlıq hissədə yaşayan əhalini çörəklə təmin edə bilən yeganə torpaq fondudur. Məhz bu mülahizələrə görə Ermənistan hökumətinin hazırladığı arayışda deyilirdi ki, Dağlıq Qarabağ Talış, Marağalı, Kasapet, Kabarek, Boyəhmədli, Xanabad, Gülablı, Yengikənd, Kaqardin və Qacar kənd cəmiyyətlərini əhatə etməklə Ermənistanın hüdudlarına daxil olmalıdır. Sənəddə etiraf edilirdi ki, bu halda Boyəhmədli, Gülablı, Qacar kimi bir sıra müsəlman cəmiyyətləri Dağlıq Qarabağda qalır. Onlar bunu guya düzən Qarabağda erməni əhalisinə məxsusi bir sıra ərazilərin müsəlmanlarda qalması ilə izah edirdilər. Sənədin ən maraqlı hissəsi onun beşinci bəndi idi. Bu bənddə göstərilirdi: ”Dağlıq Qarabağın Ermənistan Respublikasına keçməsi ilə birlikdə Qarabağla Zəngəzur arasında ensiz dağ zolağını təşkil edən Kürdüstan deyilən ərazi də Ermənistana keçməlidir. Lakin bu rayonun özünəməxsus vəziyyəti və oranın əhalisi arasında millətçilik meyllərinin mövcud olması bu məsələdə bəzi çətinliklər doğura bilər. Bu çətinlikləri aradan qaldırmaq üçün aşağıdakı müddəaları rəhbər tutmaq zəruridir: rayon Şuşa-Gorus yolundan yuxarıda yerləşir və cəmisi 27 min əhalisi olan altı kənd cəmiyyətindən ibarətdir. Bu rayonda Ermənistan Respublikasının idarəçiliyi və ya əlacsız qaldıqda Azərbaycanın protektoratlığı altında xüsusi kanton yaradıla bilər. Kürdüstan tərəfindən Şuşa şəhəri daxil olmaqla Malıbəylı cəmiyyətinin ona birləşdirilməsi tələbi mümkündür. Aşağıdakı səbəblərə görə bu qəbul edilə bilməz: 1. Bu kənd cəmiyyətlərindən yalnız Malıbəyli kəndi oturaq həyat tərzi keçirir və faktiki olaraq indi o da mövcud deyil, sovet hakimiyyəti qurulduqdan sonra kəndin əhalisi arana enib. Qalan kəndlər köçəri həyat tərzi keçirirdi və son illərdə özlərinin düzənlikdəki torpaqlarında qəti olaraq məskunlaşıblar; 2. Bu kənd cəmiyyəti (Malıbəyli - C.H.) paz kimi Vərəndi Xaçından ayırır və belə vəziyyətdə Şuşa qəzasının bu iki sahəsindən bir inzibati vahid yaratmaq mümkün deyil; 3. Bu mülahizələri biz eyni ilə Şuşikənd cəmiyyətinin torpaqları və Qaybalıkənd erməni kəndi ilə tamamilə əhatə olunmuş Şuşa şəhərinə də aid edə bilərik. Şuşa şəhəri özü tarixi rayon olaraq Şuşikənd cəmiyyətinin bir hissəsidir; 4.Kürdüstan da eyni ilə Xankəndindən keçən yol vasitəsi ilə aranla birləşir”.
Sənədin yekun hissədən ibarət
olan altıncı maddəsində Ermənistan hökumətinin niyyəti daha
açıq şəkildə ifadə olunurdu. Orada yazılırdı ki,
“Kürdüstandan cənuba Həkəri çayı boyunca böyük hissəsi
erməni əhalisindən ibarət olan Qaladərəsi və Cəmilli kənd
cəmiyyətləri yerləşir. Bu həmin zolaqdır ki, oradan şose
yolu keçir və bir inzibati vahid, habelə bir idarəçilik
yaratmaq üçün Dağlıq Qarabağ yalnız bu yol vasitəsilə
Zəngəzurla birləşə bilər. Bu bağlantı olmadan Dağlıq
Qarabağın Ermənistan Respublikasına birləşdirilməsinin heç
bir mənası yoxdur”. Məhz bu mülahizələrin təsiri altında 1921-ci ilin may ayında Ermənistan hökuməti heç bir hüquqi anlayışlara söykənmədən birtərəfli qaydada Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qərar verdi. Bu qərarın təzahürü kimi Ermənistan K(b)P MK-nın plenumu 1921-ci ilin may ayının 23-də Hakop İoanisyanı Ermənistan SSR-in Dağlıq Qarabağda müvəkkili təyin etdi. Plenumun qərarında göstərilirdi: “Hakop İoanisyan Ermənistan SSR-in Dağlıq Qarabağda müvəkkili təyin edilsin və yoldaş Bekzadyandan təlimat almaq üçün o, teleqraf vasitəsi ilə Bakıdan Tiflisə çağrılsın”. May ayının 23-də keçirilən plenumda Aleksandropol (Gümrü) qəzasının İnqilab Komitəsi ilə bağlı məsələ müzakirə edilərkən D.Ter-Simonyan Dərələyəz qəzasına komissar təyin edildi. İclasda Zəngəzur komissiyasının bəyanatı haqqında Pirumovun məruzəsi dinlənildikdən sonra belə bir qərar qəbul edildi ki, RK(b)P Qafqaz Bürosunun qarşıdakı plenumunda Dağlıq Qarabağ haqqında məsələ aydınlaşana qədər Azərbaycana nota göndərilməsindən imtina edilsin. Göründüyü kimi, Ermənistan artıq may ayından başlayaraq Dağlıq Qarabağın ilhaq edilməsi istiqamətində əməli addımlara keçmişdi. Digər tərəfdən, ermənilər RK(b)P MK-nın Qafqaz Bürosunun iyun ayının əvvəllərində keçiriləcək plenumunda Dağlıq Qarabağ məsələsinin müzakirə ediləcəyindən məlumatlı idilər. Ona görə də hüquqi baxımdan bu qanunsuz addımın gerçəkləşdirilmə yollarını axtarır və indi Qafqaz Bürosunun qərarı ilə ona qanuni don geyindirmək və Azərbaycanın müqavimətini qırmaq istəyirdilər. Qafqaz Bürosunun 3 iyun (1921-ci il) plenumunun qərarı ilə Dağlıq Qarabağı mənimsəmək istiqamətində Ermənistana verdiyi “tövsiyə” də məhz bu zərurətdən irəli gəlirdi. *** 1921-ci ilin mayında Azərbaycan rəhbərliyi də Qarabağla bağlı təşkilati baxımdan bir sıra qabaqlayıcı addımlar atmışdı. 1920-ci ilin mayından 1921-ci ilin yanvarına qədər Qarabağ və Zəngəzur fövqəladə komissarlığında rəhbər vəzifə tutan Armenak Karakozov Ermənistan Təsərrüfat Şurasındakı təxminən bir illik fəaliyyətindən sonra yenidən Azərbaycana qayıtmışdı. 1921-ci ilin may ayının 3-də o, Azərbaycan İnqilab Komitəsinin dekreti ilə Qarabağ və Zəngəzura fövqəladə komissar təyin edilmişdi. Görünür, bu müddətdə Ermənistan Dağlıq Qarabağı özünün “ayrılmaz hissəsi” elan etdiyindən, Nəriman Nərimanovun təbirincə desək, Azərbaycan İnqilab Komitəsi “bir ayağı Ermənistanda, bir ayağı Azərbaycanda olan” ermənilərdən biri kimi Karakozovu birinci şəxs qismində “fövqəladə və qeyri-məhdud hüquqlarla” Qarabağa göndərməkdən ehtiyatlandı. Ona görə də may ayının 15-də Azərbaycan İnqilab Komitəsi yeni dekretlə A.Karakozova may ayının 3-də verilmiş mandatı ləğv etdi və o, Qarabağ dairəsi üzrə fövqəladə komissarın müavini təyin edildi. Lakin Sergey Kirov Azərbaycan partiya təşkilatına rəhbərlik etməyə başlayandan sonra Karakozovun məsul şəxs kimi Qarabağa göndərilməsinə nail olmuşdu.
AK(b)P MK-nın Siyasi və Təşkilat
Bürosunun 5 fevral 1922-ci il tarixli iclasının qərarında
göstərilirdi ki, “Yoldaş Karakozov Qarabağda işləmək üçün
göndərilsin. İş haqqında direktivi yoldaş Karakozov AK(b)P
MK-dan alsın”. Lakin ən maraqlısı bu qərarın ikinci hissəsi
idi. Orada göstərilirdi ki, “Yoldaş Karakozov Azərbaycan
İnqilab Komitəsinin, Ermənistan İnqilab Komitəsinin və
AK(b)P MK nümayəndəsi kimi Qarabağa göndərilir”. Deməli,
AK(b)P MK öz qərarı ilə Armenak Karakozovu həm də Ermənistan
İnqilab Komitəsinin nümayəndəsi kimi Qarabağa göndərirdi.
Qafqaz Bürosunun 3 iyun 1921-ci il tarixli plenumunun iclasının protokolundan aydın olur ki, Nəriman Nərimanov plenumun işində iştirak edib. İclasda Nərimanovun Azərbaycan partiya təşkilatındakı əleyhdarlarından olan Sərkisə (təcili olaraq işdən azad edilməsi), Cəbiyev, Axundov, Ağamirov, Şatunovskaya və Lordkipanidzeyə (Bakı komitəsinə ziyan vermədən yerlərinin dəyişdirilməsinin Azərbaycan MK-ya təklif edilməsi) qarşı qərar qəbul edilib. Ola bilsin ki, Nərimanov 3 iyun iclasında tək qalacağını nəzərə alıb Qafqaz Bürosunun qərarına münasibət bildirməyib və mübarizəni az sonra respublika orqanları vasitəsi ilə davam etdirməyə üstünlük verib. Digər tərəfdən, Qafqaz Bürosunun “Zəngəzur məsələsi” haqqında gizli qərarının Yuri Fiqatnerin (Qafqaz Bürosunun katibi) imzası və Qafqaz Bürosunun möhürü ilə təsdiqlənmiş nüsxəsi büronun bütün üzvlərilə yanaşı Bakıya, Nərimanova da göndərilib. Göründüyü kimi, Azərbaycan tərəfinin dərhal qeyd edilən qərara və xüsusilə də onun tərkibinə qeyri-qanuni şəkildə salınmış Qarabağla bağlı maddəyə etiraz etməməsi az sonra ermənilərin Qarabağa iddialarının güclənməsi istiqamətindəki bir sıra əməli addımlarına rəvac verib. Bir sıra azərbaycanlı müəlliflər RK(b)P MK Qafqaz Bürosunun 3 iyun 1921-ci il tarixli axşam iclasının 6 saylı protokolundan və həmin protokola əlavə edilmiş “tamamilə məxfi” şifrli sənədlə tanış olmadıqlarından səhv olaraq belə hesab edirlər ki, Qafqaz Bürosunun həmin iclasında Dağlıq Qarabağla bağlı qərar Azərbaycanın iştirakı olmadan qəbul edilib. Halbuki Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanov və Azərbaycan K(b)P MK-nın katibi Qriqori Kaminski bilavasitə həmin iclasda iştirak ediblər, Azərbaycan rəhbərliyi isə həmin gün, demək olar, tam heyətdə Tiflisdə olub. Bundan əlavə, Qafqaz Bürosu plenumunun 4 iyun tarixli iclasının protokollarından aydın olur ki, Azərbaycan rəhbərliyindən həmin vaxt Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri Muxtar Hacıyev, Azərbaycan K(b)P MK-nın katibləri Qriqori Kaminski və Ruhulla Axundov, Bakı komitəsinin katibi Sərkis (Danilyan) də eyni zamanda Tiflisdə olublar və iyun ayının 4-də plenumun işində iştirak ediblər. Çünki iyun ayının 3-4-də keçirilən Qafqaz Bürosu plenumunun gündəliyində Azərbaycanla bağlı çoxlu məsələ var idi. Qeyd edilən rəhbər işçilərin Tiflisdə olmasına baxmayaraq Nərimanov və Kaminski istisna olmaqla digərləri plenumun iyun ayının 3-də keçirilən axşam iclasında iştirak etməmişdilər. Halbuki iclasın birinci məsələsi AK(b)P MK-nın fövqəladə qurultayının keçirməsi ilə bağlı “Azərbaycan məsələsi” idi. Məsələn, Azərbaycan MİK-nin sədri Muxtar Hacıyev iyunun 3-də keçirilən səhər iclasında bəyanatla çıxış edib ona xüsusi vaqon verilməməsindən narazılığını bildirmişdi. Yaxud plenumun iyunun 4-də keçirilən iclasında Ruhulla Axundov və Sərkis AK(b)P MK-nın fövqəladə qurultayının çağırılması ilə bağlı geniş məruzə ilə çıxış etmişdilər. Nərimanov və Kaminski istisna olmaqla bu rəhbər işçilər Qafqaz Bürosu plenumunun iyun ayının 3-də keçirilən axşam iclasında bilavasitə iştirak etməsələr də, həmin iclasda “Zəngəzur məsələsi”nin içərisində Dağlıq Qarabağ haqqında qəbul edilmiş qərardan onların məlumatlı olmadıqlarını söyləmək çətindir. Bu məsələ ilə bağlı bir amilə də diqqət yetirmək lazımdır. Ermənistanda və Gürcüstanda sovet hakimiyyətinin qələbəsini səbirsizliklə gözləyən Azərbaycan rəhbərliyi, xüsusilə hələ Azərbaycanın sovetləşməsi ərəfəsində Moskvadakı danışıqlarında sovet qoşunlarının “Ermənistana hücumu haqqında” təminat almış Nərimanov qonşu respublikalarda sosialist ideyasının oturuşması naminə böyük güzəştlərə hazır idi. Azərbaycan sovetlərinin 1921-ci ilin may ayında keçirilən I qurultayında o demişdi: “Erməni fəhləsi və yoxsul kəndlisi hiss etməlidir ki, bolşeviklərin vaxtında yaxşı yaşayırlar, nəinki daşnakların. Mən sizə, yoldaşlar, bunu bəyan edirəm və deyirəm ki, bütün bunlar bizim boynumuza düşür. Kiçik Azərbaycan həm Ermənistan, həm də Gürcüstan haqqında düşünməlidir, imkan daxilində bu iki respublikada həyatı təmin etməlidir”.
Qafqaz Bürosu plenumunun 1921-ci
ilin iyun ayının əvvəllərində keçirilən iclaslarının daha
müəmmalı bir məqamı var. İyun ayının 3-də keçirilən səhər
iclasında plenum 12-ci məsələ kimi Ermənistan İnqilab
Komitəsinin tərkibini təsdiq etdi. Qabaqcadan hazırlanıb
iclasın təsdiqinə verilən bu tərkibdə xarici işlər komissarı
Askanaz Mravyan İnqilab Komitəsinin üzvü olmalı idi. Lakin
Mravyan xarici işlər komissarı kimi saxlanılsa da,
Ermənistan K(b)P MK-nın qərarı ilə plenumda İnqilab
Komitəsinə üzv təsdiq edilmədi. Bu addımın elə həmin gün
keçirilən ikinci iclasda Qarabağ haqqında qəbul edilmiş
qərarla bilavasitə əlaqəsi var idi. Çünki Qafqaz Bürosunun
iyun ayının 3-də Qarabağla bağlı qəbul etdiyi qərardan az
sonra, iyun ayının 19-da Ermənistan İnqilab Komitəsi Askanaz
Mravyanı Dağlıq Qarabağa müvəkkil təyin edəcəkdi. 1921-ci ilin may-iyun aylarında RK(b)P MK-nın Qafqaz Bürosunun Dağlıq Qarabağı Ermənistana vermək cəhdləri ilə bağlı belə tələsik və hüquqi baxımdan qanunsuz qərarları nədən doğurdu? Bu, ilk növbədə Zaqafqaziya respublikalarının sərhəd məsələlərini tənzimləməli olan, hər üç respublikanın nümayəndələrindən ibarət komissiyanın iyun ayının 15-də Tiflisdə toplanacağı ilə bağlı idi. RK(b)P MK Qafqaz Bürosunun hələ 1921-ci ilin may ayının 2-də keçirilən plenumunda Zaqafqaziya respublikalarının daxili sərhədlərini müəyyənləşdirmək üçün Sergey Kirov başda olmaqla üç respublikanın nümayəndələrindən ibarət komissiya yaradılmışdı. Ona görə də Qafqaz Bürosu 3 iyun qərarı ilə, Ermənistan hökuməti isə 12 iyun dekreti ilə Dağlıq Qarabağı Ermənistanın tərkibinə daxil etməklə sərhəd məsələlərinin müzakirə ediləcəyi Tiflis görüşü ərəfəsində Azərbaycanı fakt qarşısında qoymaq istəyirdilər. Azərbaycan XKS 1921-ci ilin 23 may tarixli iclasda sərhəd məsələlərinin həlli ilə bağlı Tiflisə yollanacaq nümayəndəliyə xarici işlər naziri Mirzə Davud Hüseynovu və Azərbaycan MİK sədrinin müavini Səməd ağa Ağamalıoğlunu daxil etdi. Lakin az sonra bu məsələnin əhəmiyyətini nəzərə alaraq nümayəndə heyətinin tərkibi genişləndirildi. 1921-ci ilin iyun ayının 13-də XKS Azərbaycan nümayəndə heyətinin genişləndirilmiş tərkibini təsdiq etdi. Xarici işlər komissarı M.D.Hüseynov, Azərbaycan MİK-nin sədri M.Hacıyev, onun müavini S.Ağamalıoğlu və doktor Vəkilovdan ibarət nümayəndə heyətinə vəkalət verildi ki, Azərbaycanın SSR-in Sovet Ermənistanı və Sovet Gürcüstanı ilə sərhədlərinin müəyyən edilməsi istiqamətində iyun ayının 15-də Tiflisdə işə başlayacaq konfransda Azərbaycanı təmsil etsinlər.
Azərbaycan XKS-nin iclasında
nümayəndə heyətinə təlimat verildi ki, respublikanın
sərhədlərinin qorunub saxlanması istiqamətində aktiv
fəaliyyət göstərsinlər. İyunun 14-də N.Nərimanovun
M.D.Hüseynova göndərdiyi telefonoqramda deyilirdi: “XKS-nin
qərarı ilə sizə təklif olunur ki, iyunun 15-də sərhəd
məsələlərinə baxılacaq komissiyanın iclasında iştirak etmək
üçün elə bu gün Tiflisə yola düşəsiniz. M.Hacıyev,
S.Ağamalıoğlu və doktor Vəkilov sizinlə birlikdə
gedəcəklər”. Azərbaycan Xalq Komissarları Sovetinin iyun ayının 26-da keçirilən iclasında Ə.Qarayevin Dağlıq Qarabağa və Naxçıvan diyarına səfəri haqqında məruzəsi müzakirə edildi. Müzakirə əsasında qəbul olunmuş qərarda Ermənistanın Dağlıq Qarabağa yönəlmiş iddialarını özündə əks etdirən materialları öyrənmək və bu barədə Azərbaycan XKS üçün geniş məruzə hazırlamaq məqsədəuyğun sayıldı. Bunun üçün iclasda üç nəfərdən (Şahtaxtinski, Vəzirov və Əliyev) ibarət bir komissiya yaradılması zəruri hesab edildi. Eyni zamanda qərara alındı ki, Orconikidze, Ermənistan İnqilab Komitəsinin sədri Myasnikov, Azərbaycanın hərbi dəniz komissarı Qarayev və Sovet Ermənistanının Qarabağa müvəkkil təyin etdiyi Mravyana teleqram göndərilməklə Azərbaycan XKS tərəfindən bu məsələ ətraflı şəkildə araşdırılana qədər Ermənistan hökumətinin Mravyana verilmiş vəkaləti ləğv edilsin. Bu qərara uyğun olaraq iyunun 27-də Nərimanov Orconikidze və Myasnikova teleqram göndərib bildirdi ki, Dağlıq Qarabağ məsələsinin yalnız Ermənistan İnqilab Komitəsində müzakirə edildiyini, Ermənistan XKS-də buna hələ baxılmadığını nəzərə alaraq Azərbaycan XKS yekdilliklə Mravyan yoldaşın Ermənistanın Dağlıq Qarabağda fövqəladə müvəkkili kimi peyda olmasını misli görünməmiş siyasi və taktiki səhv hesab edir, onun dərhal geri çağırılmasını xahiş edir.
Ə.Qarayevin Azərbaycan XKS-nin
iyunun 26-da keçirilən iclasındakı məruzəsində Dağlıq
Qarabağla bağlı nə deyilmişdisə S.Kirov Azərbaycan KP MK
birinci katibi seçiləndən 4 gün sonra XKS-ə yazılan məktubda
bu məruzənin mətni tələb edildi və bildirilirdi ki, məruzə
iyulun 29-u gündüz saat 3:00-dən gec olmayaraq MK-ya
göndərilsin. Lakin XKS-nin işlər idarəsinin müdiri Ə.Şirvani
MK-ya cavab yazdı ki, iyun ayının 26-da XKS-nin iclasında
Ə.Qarayevin məruzəsi şifahi şəkildə söylənilib və məruzənin
stenoqramı yazılmadığından mətni bərpa etmək mümkün deyil.
AK(b)P MK Siyasi və Təşkilat Bürosunun iyun ayının 27-də keçirilən iclasında “Azərbaycanla Ermənistan arasında sərhədlər haqqında” məsələ müzakirə edilən zaman büro Dağlıq Qarabağın Azərbaycana şəksiz iqtisadi meylini nəzərə alaraq Dağlıq Qarabağ məsələsinin Bekzadyan tərəfindən qoyuluşunu qəbuledilməz saydı. Sənəddə göstərilirdi ki, erməni və türk əhalisi yaşayan yerlərin müvafiq qaydada Ermənistana və Azərbaycana ayrılması təklifi iqtisadi baxımdan sərfəli deyil və bu səbəbdən də qəbul edilə bilməz. Azərbaycan tərəfi məsələnin yeganə həllini, Nərimanovun bəyanatında deyildiyi kimi, yerlərdə erməni və müsəlman əhalisinin geniş sovet quruculuğuna cəlb edilməsində görürdü. İclasda qərara alındı ki, bu məsələnin sonrakı gedişi və müzakirəsi Tiflisdən məlumat alınana qədər açıq saxlanılsın. Eyni zamanda, N.Nərimanova tapşırıldı ki, Siyasi və Təşkilat Bürosunun bu rəyi Tiflisə çatdırılsın. Hələ iclas davam edə-edə Ə.H.Şirvani N.Nərimanovun tapşırığı ilə qərarın mətnini birbaşa xətlə Tiflisə - M.D.Hüseynova çatdırdı: “Nərimanov yoldaş sizə bildirməyi xahiş etdi ki, məsələ yalnız bu şəkildə həll olunmalıdır, əks təqdirdə Xalq Komissarları Soveti məsuliyyəti öz üzərindən götürür. Əgər Sovet Ermənistanı bu aktla Ermənistanın bitərəf kütlələrinin və daşnakların məlum əhval-ruhiyyəsini nümayiş etdirməyi arzulayırsa, onda unutmaq lazım deyil ki, həmin şəraiti, daşnaklar kimi antisovet qrupları biz də Azərbaycanda bərpa edə bilərik”. Bu zaman telefona yaxınlaşan Nəriman Nərimanov yuxarıda qəbul olunmuş qərarla bağlı M.D.Hüseynova bildirdi: “Deyin ki, bu, Siyasi Büronun və Təşkilat Bürosunun rəyidir. Əgər onlar mənim bəyanatıma istinad edirlərsə, orada hərfən belə deyilib ki, Dağlıq Qarabağa öz müqəddəratını sərbəst təyin etmək hüququ verilir”. M.D.Hüseynov Tiflisdə cərəyan edən proseslərin təfsilatı barədə Nərimanova Bakıya gələndən sonra məlumat verəcəyini bildirdi, lakin əlavə etdi ki, “Bizim qərar, şübhəsiz ki, çox soyuq qarşılanacaq”. M.D Hüseynov bir gün əvvəl Orconikidze ilə olan söhbətini də Nərimanova çatdırdı: ”Dünən Serqo yoldaşla söhbət etmişəm, o birbaşa dedi ki, Qarabağ məsələsi bütün sovet respublikalarının şərəf işidir və onu elə həll etməliyik ki, bu, axırıncı dəfə olsun, yəni dünən mən sizə dediyim şəkildə həll edilməlidir”. Bundan sonra Nərimanov məlumat verdi ki, “Yoldaş Mravyanı Qarabağdan geri çağırmaq barədə surəti Serqo, Myasnikov və Qarayevə olmaqla sizin adınıza teleqrama göndərilib”. Hər ehtimala qarşı Hüseynov vurğuladı ki, çox ağır vəziyyət yaranıb və bundan çıxış yolu aramaq lazımdır: “Mən belə hesab edirəm ki, məsələni köklü şəkildə müzakirə etmək lazımdır. Ona görə ki, bir tərəfdən Ermənistan XKS bizim xəbərimiz olmadan bəyanat verir və öz fövqəladə komissarını Qarabağa göndərir. Hərçənd erməni yoldaşlar iddia edirlər ki, bütün bunlar bizim razılığımız ilə edilir və biz bunlardan xəbərdarıq. Digər tərəfdən isə biz onlara teleqram göndərərək, demək olar ki, onların qərarını ləğv edirik. Mən bilmirəm necə olacaq. Fikirləşirəm ki, bu və ya digər dərəcədə məsələni bir daha və bir daha müzakirə etmək lazım gələcək, mən digər çıxış yolu bilmirəm. Əlbəttə, mən indi gedib yoldaş Serqo ilə məsləhətləşəcəyəm və yola düşmək ərəfəsində bir daha Sizə məlumat verəcəyəm”. N.Nərimanov M.D.Heseynovdan Serqoya bunları deməyi xahiş etdi: “O material ki, indi bizdə var, əgər Serqo o materialla tanış olsa, o özü bunun əleyhinə olacaq. Bütün bu materialı siz Tiflisə aparın. Onda aydın olacaq ki, bizim erməni yoldaşlar yoxsul erməni və müsəlman əhalisinin rifahı haqqında, inqilabın möhkəmlənməsi haqqında deyil, müstəsna olaraq ərazi barədə fikirləşirlər”. Kim idi Azərbaycan rəhbərliyinin adından ermənilərə bu razılıqları verən? M.D.Hüseynov “ermənilər bütün işləri bizim razılığımızla gördüklərini iddia edirlər” deyəndə yəqin ki, burada Qafqaz Bürosunun 3 iyun iclasında məlum qərar qəbul edilərkən N.Nərimanovun susmasını nəzərdə tuturdu.
Şübhəsiz ki, Nərimanovun bu
hərəkəti Qarabağ məsələsinin müzakirəsində müvəqqəti olsa da
öz mənfi rolunu oynadı, lakin hadisələrin sonrakı gedişi
göstərdi ki, Azərbaycan tərəfdən ermənilərə bu “anonim”
razılığı verən Qafqazda real hakimiyyəti öz əllərində
cəmləşdirmiş Serqo Orconikidze ilə Sergey Kirov idi. Onlar
Sovet Rusiyası ilə Türkiyə arasında Moskva müqaviləsindən
sonra (Naxçıvan üzərində Azərbaycanın qanuni hüquqlarının
tanınması ilə bağlı) Mərkəzin məxfi göstərişinə əsasən,
Qarabağın Ermənistana verilməsinin müxtəlif yollarını
arayırdılar. Həmin günlərdə onlar A.Bekzadyan tərəfindən
səsləndirilmiş Qarabağın milli-etnik əlamətlərə görə
bölüşdürülməsi ideyasını iyunun 26-da Nərimanova
göndərdikləri teleqramda belə ifadə edirdilər: “Əgər bizim
fikrimizlə maraqlanırsınızsa, o bundan ibarətdir ki, bütün
mübahisələrin qəti şəkildə həll olunması və əsl dostluq
münasibətlərinin bərqərar edilməsi üçün Dağlıq Qarabağ
haqqında məsələni həll edərkən bu prinsipləri rəhbər tutmaq
zəruridir - heç bir erməni kəndi Azərbaycana
birləşdirilməməlidir, eyni ilə buna uyğun olaraq heç bir
müsəlman kəndini də Ermənistana birləşdirmək olmaz”. İyun ayının 27-də Mirzə Davud Hüseynov Nəriman Nərimanovdan aldığı təlimatı dərhal Qafqaz Bürosunun müzakirəsinə verdi və onun məlumatından sonra qərara alındı ki, RK(b)P MK-nın Qafqaz Bürosunun fövqəladə plenumu çağırılsın, yoldaş Nərimanov və yoldaş Myasnikova bu məzmunda bir teleqram göndərilsin: “RK(b)P MK-nın Qafqaz Bürosunun Rəyasət Heyəti təklif edir ki, bu teleqramı alan kimi Qafqaz Bürosunun fövqəladə plenumuna gələsiniz. Gündəlikdə respublikaların sərhədlərinin müəyyənləşdirilməsi haqqında məsələ olacaq. Qafqaz Bürosunun 6 üzvü Tiflisdədir. Siz gəlib çıxmayacağınız təqdirdə Qafqaz Bürosunun Tiflisdə olan 6 üzvünün qəbul etdiyi qərar məcburi (tərəflər üçün - C.H.) olacaq. Ona görə təcili olaraq gəlməyinizi təkid edirik”. İyun ayının 28-də Nəriman Nərimanovun sədrliyi ilə Azərbaycan XKS-nin yeni iclası çağırıldı və Aleksandr Myasnikovun Dağlıq Qarabağı“ Ermənistan Sovet Sosialist Respublikasının bir hissəsi” kimi elan edən bəyanatı rədd edildi. Həmin iclasda Azərbaycan XKS-nin rəyi olmadan Dağlıq Qarabağa Ermənistanın fövqəladə nümayəndəsi təyin edilmiş Askanaz Mravyanın geri çağırılması məsələsi qoyuldu. İclasın qərarında deyilirdi: “Məsələni Qafqaz Bürosunda müzakirə etmək üçün yoldaş Nərimanovun Tiflisə səfərini nəzərə alaraq AK(b)P MK-nın Siyasi və Təşkilat Bürosunun 27 iyun 1921-ci il tarixli iclasının qərarı əsas kimi götürülsün”. Ermənistan tərəfindən Qarabağın dağlıq hissəsinə iddialar irəli sürüləndə Şuşa qəzasının İcraiyyə Komitəsinin sədri Bünyatov Nərimanova və daxili işlər komissarı Həmid Sultanova göndərdiyi “Şuşa qəzasında vəziyyət haqqında” məruzəsində yazırdı ki, Dağlıq Qarabağın erməni əhalisinin hər hansı formada Azərbaycandan ayrılmaq fikri yoxdur: “Onlar gözəl başa düşürlər ki, Qarabağın aranından ayrılsalar, Ermənistandan mütəmadi təlimatlardan başqa bir şey ala bilməyəcəklər və aclıqdan məhv olacaqlar. Eyni zamanda onlar yaxşı anlayırlar ki, Azərbaycan ərazisində ermənilərin həmişə hər şeyi tələb edən güclü səsləri olacaq və ümidvardırlar ki, onların tələbləri birinci növbədə təmin ediləcək, halbuki onlar bunu Ermənistan SSR-dən gözləmirlər”. Özlərini guya Azərbaycan SSR-in “ögey oğlanları” hesab edən erməni əhalisinin bəyanatına gəldikdə isə Bünyatov belə halların dövlət siyasəti ilə deyil, ayrı-ayrı işçilərin yersiz hərəkətlərilə bağlı olduğunu bildirirdi. Ona görə N.Nərimanov bu fikirdə idi ki, dünyada heç kim Dağlıq Qarabağ və Zəngəzur əhalisinin Azərbaycanla birləşməsinə mane ola bilməz”. 2010-11-23 - 10:14:00 (Ardı var) |
||