Seyfəddin Altaylı

XOCALI SOYQIRIMI


   Bu həftə, bir insanlıq faciəsinin, Xocalı Soyqırımının anımı ilə keçir. Türkiyənin hər tərəfində Xocalı faciəsi ilə bağlı tədbirlər həyata keçirilir. Türkiyə məsələyə ən başından həssasiyyətlə yanaşdı, bunu dost da, düşmən də gördü. Türkiyənin başdan bəri nümayiş etdirdiyi rəftarı təbii ki, qardaşlığının vacibatıdır, inşallah bu rəftar digərlərinə də nümunə olar və onlara bəzi şeyləri başa salar.
   
   Kaş bu həftə keçirilən tədbirlərdə bir Türk dövlətinin yaranmasının sevincini bölüşmək məqsədiylə bir araya gələydik; kaş hərhansı bir Türk dövlətinin dünya miqyasında reallaşdırdığı uğurunu qeyd etmək üçün bir araya gələydik; kaş hər hansı bir Türkün bəşəriyyətə xeyir verəcək, bəhrə qazandıracaq bir ixtirasının sevinciylə meydanlara, salonlara axışaydıq və belə bir oğula malik olduğumuza görə sinəmizi gərə-gərə fəxr edəydik; kaş qardaş Türk dövlətlərinin öz aralarında eynilə Avropa Birliyi kimi bir birlik yaratmasının, ictimai, mədəni və siyasi yöndən bütövləşməyə başlamalarının oyandırdığı sevinci bölüşmək üçün yığışaydıq, bir-birimizi bərk-bərk qucaqlayıb təbrik edəydik, kefincə çalıb oynayaydıq, düşmənləri qısqanclıqdan çatdadaydıq; kaş qardaş Azərbaycanın qarı düşmənin işğalı altındakı torpaqlarının xilas edilməsinin yaratdığı ab-havayla sevincdən gözlərimizdən su ələnə-ələnə küçələrə axışaydıq, qucaqlaşaydıq, babalarımızın ruhunun şad olmasına görə qol-boyun olub nərə çəkəydik; ancaq bu həftə həm Türkiyənin həm də Azərbaycanın hər tərəfində tarixin bəlkə də ən iyrənc xislətinin yaratdığı soyqırımın illiyində, şəxsi marağından savayı heç nəyə fikir vermiyən, gözləri kor, qulaqları kar olan qərb imperializminin qranitləşmiş vicdanının qaysağını azca olsun törpüləyə biləcək mesajları vermək məqsədiylə yığışmışıq, yığışırıq.
   
   Təəssüflər olsun ki, Birinci Dünya Müharibəsi əsnasında missioner məktəblərində yetişdirib beyinlərini yuduqları Erməni terrorçularını təpədən dırnağacan silahlandıraraq Anadoluda müdafiəsiz kəndlərə hücumlar çəkdirib oğul-uşaq, qadın-kişi, qoca-cavan fərqi qoymadan qırğınlar törətdirdikləri ermənilərin, ölkənin hərb getməyən asudə bölgələrinə həmi də hər cür ehtiyacları təmin olunaraq və ordu hissələrinin nəzarətində köçürülməsi hadisəsini bu gün qabağımıza dırnaqarası o soyqırımı törətmişik kimi gətirib bizi məhkum etdirmək cəhdinə düşən imperialist xarakterli qərb dünyası, dünən yaranmış və qanı hələ də qurumamış Xocalı Soyqırımı barəsində, üstünə basa-basa deyirəm təəssüflər olsun ki, kar, kor və lal rolunu oynayır. Onların bu rəftarı qərbə də, rusa da heç nə qazandırmaz, əksinə müəyyən şeyləri itirməsinə amil olar. Qərb dünyası Justin Mc Carthy və Erich Feigle kimi ziyalıların hayqırışını eşitməlidir və heç olmasa onların haqlı olub-olmadıqlarını, papaqlarını qabaqlarına qoyub fikrə getməlidilər, onların düzmü, əyrimi dediklərini axtarıb tapmalıdılar.
   
   Xocalı Soyqırımı niyə yarandı və Xocalıda yaşayan Azərbaycan Türkləri ermənilərə neynəmişdi. Onlar ermənilərə hansı pisliyi eləmişdi ki, oğul-uşaq, qadın-kişi fərqi qoymadan bu cür bir vəhşəti, caniliyi yaratdılar?!
   
   Qərbin insaf sahibi insanları, biz türklərə qarşı ilkin mənfi fikirlərlə yanaşsalar da heç olmasa insan olmağın məsuliyyətini əllərini ürəklərinin başına qoyub dərk edərək sadaladığım bu sualları özlərinə verməli və cavabını da bəşərə yaraşan şəkildə tapmalıdılar.
   
   Sovetlər Birliyi can verərkən ölkə rəhbərliyinin cilovunu əlində tutan Rus idarəçilərin əmriylə bölgədəki 366-cı moto-atıcı alayı gecənin oğlan çağında Xocalını tanklarla, zirehlilərlə üzük qaşı kimi dövrəyə alıb bomba yağdırmış, şəhəri qoruyan cüzi saydakı milislər də əllərindəki avtomat silahlarla şəhəri, əhalini qorumağa çalışmışdı. Qeyri-bərabər olan bu döyüşdə milislərinin əksəriyyətinin şəhid olduğunu və artıq ermənilər üçün bir təhlükə qalmadığını görən Rus komandirlər başdan-ayağa silahlanmış erməni canilərini şəhərə doldurdub müdafiəsiz insanları kütləvi şəkildə qırdırıb və tarixin ən qanlı soyqırımlarından birini törətdirmişdi.
   
   Sosial-psixolojidə bir qanun vardır: Qorxaqlar qəddar olur. Üstündə qan görəndə ödü ağzına gəlib bağrı yarılan ermənilər bu cür bir soyqırımı törədəcək cəsarəti özlərində tapa bilməzdi! Ancaq maşa xarakterli olduqlarına görə ruslar onlardan istifadə edib və yançıları olub bu soyqırımı törətdirdilər. Onlar, Azərbaycan kimi neft anbarı olan və həddən artıq strateji önəmə malik bir ölkənin caynaqlarından çıxmasının qisasını aldılar. Bu soyqırımın da, indiyə kimi Azərbaycanın işğal altındakı torpaqlarının qaytarılmamasının və buradakı şəhərlərin, kəndlərin yerlə yeksan edilməsinin də baş günahkarı ruslardır. Ruslar, Xocalı Soyqırımı kimi bir ilanı, seyidəhmədə çevirdikləri ermənilərin əliylə tutdular.
   
   Bir şeyi yaddan çıxarmamalıyıq. Xocalı Soyqırımının yaranmasında və Azərbaycan torpaqlarının işğalında ermənilərin ayrıca məlum dəstəkçiləri də vardı, onlar indi də öz işlərini görürlər. Ruslardan savayı, özlərini demokratiyanın mənbəi, beşiyi sayan Fransa da, Amerika da və bəzi qərbli ölkələr də ermənilərin dayaqçılarıdır, yançılarıdır.
   
   Ara yerdə bu cür bir soyqırım durarkən vicdan sahibi insanlığın səssiz-səmirsiz, lal-kar oturması insanlıq adına utanılacaq hadisədir. Əslində Xocalı Soyqırımı biz türklərin oyanıb özümüzə gəlməmiz üçün bir mesaj olmalıdır. Mərhum şairimiz Məmməd Araz "məni qoymayın təklənəm" deyərkən bax bu məsələyə işarə eləmişdi. Birliyimiz yoxdursa, dirliyimiz də ola bilməz və olmayacaqdı. Hər şeyimiz, taleyimiz, soyumuz birlik və bərabərliyimizdən asılıdır. Əgər əlbir olarsaq gələcəkdə soyqırımsız, işğalsız bir dünyamız olacaqdı, nəsillərimiz xoşbəxt və asudə bir atmosferdə ömür sürəcəklər, əgər bunu bacara bilməsək, sadəcə olaraq öz milli marağını düşünən, cəncəl qanununun hökm sürdüyü bu dünyanın korluğu və karlığı davam edəcək, başımıza olmazın bəlalar gələcəkdi; çünkü dünyada hamının ağzının suyunu axıtdığı, həsəd apardığı torpaqlar üstündə yaşayırıq. Ulu babamız Bilgə Xaqanın dediyi kimi "oğullarımızın qul, qızlarımızın kəniz" olmasını istəmirsək əl-ələ verməli və dosta-düşmənə qarşı birliyimizi göstərməliyik.
   
   Atalar deyib, "el gücü sel gücüdür", ellərimiz birləşərsə onun qarşısına çıxmağa heç kəs cəsarət eliyə bilməz.