Cəmil Həsənli

QARABAĞIN QARA GÜNÜ (3)

 


Azərbaycanla Ermənistan arasında yaranmış ərazi mübahisələrinin dərinləşdiyi və Ermənistanın Rusiya tərəfindən himayə edilməsinin 10 avqust müqaviləsindən sonra açıq müstəviyə keçdiyi bir vaxtda Nəriman Nərimanovun təkidi ilə AK(b)P MK Siyasi Bürosu 1920-ci ilin avqust ayının 26-da Əliheydər Şirvaninin Qarabağ və Zəngəzur üzrə Azərbaycanın fövqəladə komissarı, Armenak Karakozovun isə onun müavini təyin edilməsi haqqında qərar verdi.

Nərimanov əvvəlcə daha təcrübəli və nüfuzlu partiya işçisi sayılan Soltan Məcid Əfəndiyevi Qarabağ və Zəngəzur üzrə fövqəladə komissar təyin etmək istəyirdi, lakin avqustun 26-da keçirilən AKP MK-nın Təşkilat Bürosunun iclasında S.M.Əfəndiyevin təyinatından imtina edilmişdi. N.Nərimanovun narahatçılığı onunla bağlı idi ki, Qarabağı işğal edən Sovet Rusiyasının bolşevik ordusu müsəlman əhalisini başdan-başa tərk-silah etdiyi halda bölgənin erməni əhalisinin silahlanmasına göz yumur, bir sıra hallarda bu prosesdə gizli şəkildə iştirak edirdi.

Qarabağa ezam olunmuş Azərbaycan Daxili İşlər Komissarlığının müvəkkili komissar Həmid Sultanova yazırdı ki, fövqəladə komissar kimi Şirvaninin Şuşaya gəlişi inqilab komitəsi sədrinin yeniləşməsindən başqa heç bir əhəmiyyətli dəyişikliyə gətirib çıxarmayıb: “Cavanşir qəzasında Kommunist Partiyası 900 nəfər ermənidən ibarətdir. Belə təşkilat 1917-ci ilin bolşevik inqilabından keçən üç il ərzində heç Rusiyada da yaradılmayıb. Qəzanın Kommunist Partiyası ermənilərdən təşkil olunmuş qarovul batalyonundan silahlı yardım almağa qədər geniş “rəğbətə” malikdir. Bütün partiya silahlanıb və vilayətdə silahın saxlanılması qaydaları haqqında heç bir əmrə tabe olmur. Silahdan söhbət gedən zaman bu təşkilatın üzvləri “biz partiya üzvüyük” deyirlər. Bundan başqa daşnak hökumətinin agentləri tərəfindən idarə olunan bütün dağlıq erməni kəndləri də silahlıdır”.

***

N.Nərimanovun sərt mövqeyinə və bəzi məqamlarda dirəniş göstərməsinə baxmayaraq Sovet Rusiyası Xalq Xarici İşlər Komissarlığı tərəfindən müəyyən edilən Azərbaycanın gözdən salınması siyasətinə üstünlük verdi. İyulun 20-də Nərimanova göndərdiyi təcili diplomatik teleqramda Çiçerin hikkəli formada yazırdı: “İndiyə qədər nə siz, nə də oradakı kommunistlər bizə izah edə bilirsiniz ki, nə üçün Rusiya qoşunlarının Qarabağı və Zəngəzuru tutmasının əleyhinəsiniz və nə üçün bu ərazilərin Azərbaycana birləşdirilməsini dönmədən tələb edirsiniz. Biz Ermənistanla işlərimizi qaydaya qoymalıyıq. Türkiyə bizə qarşı çevrildiyi təqdirdə hətta daşnak Ermənistanı belə türk hücumuna qarşı bizim ön istehkamımız, forpostumuz olacaq”.

RK(b)P MK Siyasi Bürosuna ünvanladığı digər bir məktubunda isə Çiçerin xəbərdarlıq edirdi ki, Qafqazda erməni-azərbaycanlı mübahisələrinə Türkiyənin siyasəti baxımından yanaşmaq lazımdır. O yazırdı: “Erməni-azərbaycanlı mübahisələrinin müzakirəsində mən həmişə göstərmişəm ki, türk siyasəti Qafqazda işğalçılıq yoluna meyl etdiy təqdirdə Ermənistan Türkiyəyə qarşı ön sədd olacaq və bizi müdafiə edəcək”.

Məhz buna görə Azərbaycan SSR XXİK-nın 1920-ci il avqust ayının 5-də hazırlayıb Moskvaya göndərdiyi “Azərbaycan Sovet Sosialist Respublikasının Ermənistanla mübahisəsiz ərazilərinin hüdudlarının təsviri” adlı sənəd Ermənistanla Rusiya arasında müqavilə imzalanan zaman ümumiyyətlə nəzərə alınmadı. Bu sənəddə tarixi-etnoqrafik, coğrafi və inzibati dəlillərə əsasən Sovet Azərbaycanının Ermənistanla sərhədləri təsvir edilirdi və bu təsvir kiçik istisnalarla Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistanla olan sərhədlərini özündə əks etdirirdi.

1918-1922-ci illərdəki Rusiya-Azərbaycan münasibətləri haqqında maraqlı kitabın müəllifi R.Mustafazadə haqlı olaraq yazır ki, Sovet Rusiyasının Azərbaycanda mövqeləri möhkəmləndikcə artıq bu sovet respublikası onun ehtiyatlarının və ərazilərinin hesabına Gürcüstanın və Ermənistanın burjua respublikalarını sakitləşdirən və sonuncunun sovetləşdirilməsi üçün əlverişli şəraitin yetişəcəyini gözləyən bolşeviklərin regional siyasətinin özünəməxsus “donor”una çevrilirdi.

1920-ci ilin oktyabr ayının 15-də RK(b)P MK-nın Qafqaz Bürosunun Rəyasət Heyəti Gürcüstan və Ermənistana münasibətdə sülh siyasəti yeritməyin vacibliyini bir daha vurğuladı. Nərimanovun təbirincə desək, “həmişə Denikini müdafiə etmiş Ermənistan müstəqillik qazanıb və üstəlik, Azərbaycanın ərazilərini alıb. İndiyə qədər ikili siyasət aparan Gürcüstan müstəqillik əldə edib. Üç respublikadan birinci olaraq Sovet Rusiyasının ağuşuna atılmış Azərbaycan isə həm ərazisini, həm də müstəqilliyini itirib”.

***

1920-ci il sentyabr ayının 23-də Leninə göndərdiyi gizli teleqramda Ermənistandakı Rusiya səlahiyyətli nümayəndəsi Boris Leqran Azərbaycan ərazilərinə münasibətdə Sovet Rusiyasının niyyətlərini belə müəyyənləşdirirdi: “Hesab edirəm ki, Zəngəzur və Naxçıvanın Ermənistana verilməsindən ehtiyatlanmaq lazım deyil. Birincisi, “Azərbaycanda bizim hərbi və sovet qüvvələrimizin indiki vəziyyətində bu vilayətlər bizə yaxınlığımızda olan Türkiyədə və Təbriz istiqamətində müstəqil əməliyyat aparmaq üçün çıxış nöqtəsi kimi lazımdır” fikri təmiz xülyadır.

İkincisi, Zəngəzur həqiqətən erməni vilayətidir, indi orada bizim hakimiyyət əhaliyə düşmən mövqeyindən yanaşır və hərəkətlərimiz işğal xarakteri daşıyır, xüsusilə Gorus hadisələri zamanı bu özünü daha qabarıq göstərdi.

Üçüncüsü isə, Azərbaycanın ərazi iddiaları ilə razılaşmamaq olmaz, Moskvanın ərazi məsələləri ilə bağlı obyektiv siyasi mülahizələrlə əsaslandırılmış hər hansı qərarı, şübhəsiz ki, Azərbaycan üçün də uyğun olacaq. Qarabağa gəldikdə, onun Azərbaycana birləşdirilməsində təkid etmək olar”.

1920-ci ilin oktyabr ayının 24-də Çiçerinə göndərdiyi digər gizli teleqramda Leqran ermənilərlə aparılan danışıqlarda Azərbaycan ərazilərinə münasibətini belə təsvir edirdi: “Ermənilər Naxçıvan və Zəngəzurun onların ərazisi kimi tanınmasını qəti şərt olaraq qoyublar. Mən göstərdim ki, Azərbaycansız bu məsələ həll edilə bilməz və yalnız Ermənistan Qarabağa olan iddialarından imtina etdiyi halda biz bunu Azərbaycanın qarşısında qoya bilərik. Ermənilər razılaşdılar, uzun müzakirələrdən sonra, kiçicik şərtlərlə Qarabağdan imtina etdilər”. 

Lakin bu imtina müvəqqəti xarakter daşıdı və 1920-ci ilin noyabr ayının sonlarında Ermənistanda sovet hakimiyyətinin qurulması ilə Qarabağın dağlıq əraziləri uğrunda mübarizə yeni müstəviyə daxil oldu.

*** 

1920-ci ilin noyabrında bolşeviklərin Dilicanda hakimiyyəti ələ alması və Ermənistanda sovet hakimiyyətinin qurulması Qarabağ probleminin yenidən gündəliyə gətirilməsi istiqamətində kommunistlərə əlverişli şərait yaratdı. Dilican hadisələrindən sonra ermənilər “proletariatın dünya qardaşlığı” ruhunda olan hər cür inqilabi-romantik bəyanatları öz xeyirlərinə yozurdular.

Ermənistanda sovet hakimiyyətinin elan olunması münasibəti ilə Azərbaycan İnqilab Komitəsinin sədri N.Nərimanov və xarici işlər üzrə xalq komissarı M.D.Hüseynov Ermənistan İnqilab Komitəsinə təbrik teleqramı göndərdilər. Bu teleqramın məzmunu ilə AK(b)P MK-nın Siyasi və Təşkilat Bürosunun noyabr ayının 30-da keçirilən iclasının qərarında ziddiyyət var idi. Azərbaycan İnqilab Komitəsinin sədri N.Nərimanovun Ermənistanda sovet hakimiyyətinin qurulmasına həsr olunmuş, dekabr ayının 1-də Bakı Sovetinin təntənəli iclasındakı məlum çıxışı ilə dekabrın 1-də Nərimanov tərəfindən elan olunmuş bəyanatın məzmunu arasında da bəzi ziddiyyətli məqamlar görünür.

Bəyanatda deyilirdi: “Sovet Azərbaycanı Ermənistan və Zəngəzurda ən yaxşı yoldaşlarımızın - kommunistlərin günahsız qanını tökmüş və tökən daşnakların hakimiyyətinə qarşı əməkçi erməni xalqının mübarizəsinə yardım göstərərək elan edir ki, bundan belə heç bir ərazi məsələləri əsrlərdən bəri qonşu olan ermənilərin və müsəlmanların bir-birinin qanını tökməsi üçün səbəb ola bilməz; Zəngəzur və Naxçıvan qəzalarının ərazisi Sovet Ermənistanının ayrılmaz hissəsidir; Dağlıq Qarabağın əməkçi kəndlilərinə isə öz müqəddəratını təyin etmək hüququ verilir, Zəngəzurun hüdudlarında bütün hərbi əməliyyatlar dayandırılır; Sovet Azərbaycanının qoşunları isə buradan çıxarılır”. 

Əvvəla, qeyd edilməlidir ki, Nərimanovun 1 dekabr bəyanatı AK(b)P MK-nın 4 və 30 noyabr tarixli qərarları ilə ziddiyyət təşkil edir. Çünki AK(b)P MK Siyasi Bürosunun İosif Stalin və Serqo Orconikidzenin iştirakı ilə 1920-ci ilin noyabr ayının 4-də keçirilən iclasında Rusiya-Ermənistan müqaviləsi müzakirə edilərkən qərara alınmışdı ki, müqavilə layihəsində “Naxçıvanın və Zəngəzurun Ermənistana verilməsi haqqında təklif edilən maddə istər siyasi, istər də strateji cəhətdən sərfəli deyil”.

Lakin Ermənistanda sovet hakimiyyətinin qələbəsi ilə bağlı noyabrın 30-da keçirilən AK(b)P MK-nın iclasında 4 noyabr qərarına zidd olaraq Zəngəzurun Ermənistana verilməsi haqqında qərar qəbul edildi. 30 noyabr tarixli qərarda ümumiyyətlə Naxçıvan məsələsinə toxunulmurdu. Görünür, elə bunun nəticəsidir ki, dekabr ayının 2-də Leqran haqqında söhbət gedən üç ərazidən yalnız Zəngəzurun Ermənistanın tərkibinə keçdiyinin Sovet Rusiyası tərəfindən tanındığını bildirirdi. Lakin 30 noyabr qərarı əsasında hazırlanıb dekabrın 1-də Nərimanov tərəfindən elan edilən bəyannamədə, göründüyü kimi, Zəngəzurla yanaşı Naxçıvanın da Ermənistana verilməsi öz əksini tapmışdı.

Nəriman Nərimanovun Bakı mətbuatında dərc edilmiş bəyannaməsinin mətni, hələ bu bəyannamə qəzetlərdə dərc edilməzdən əvvəl Serqo Orconikidze tərəfindən təhrif edilməyə başlanmışdı. Dekabr ayının 1-də Orconikidze Ermənistandakı Rusiya diplomatik nümayəndəsi Leqrana və Çiçerinə vurduğu şifrli teleqramda bildirdi ki, “Azərbaycan artıq Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağı Sovet Ermənistanına verib”. Bu məzmunda bir məlumatı dekabrın 2-də Orconikidze Lenin və Stalinə də verdi. Orada göstərilirdi: “Azərbaycan dünən artıq Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağın Sovet Ermənistanına verildiyini bəyan edib”. Orconikidzenin bu məlumatı Moskvaya yetişən kimi, dekabr ayının 4-də “Pravda” qəzetində dərc edilmişdi.

Belə bir sual meydana çıxır: doğrudanmı Orconikidze məsələni dəqiqliklə bilmirdi, yoxsa bu səhvə bilərəkdən yol verirdi? Axı Dilicanda sovet hakimiyyəti elan edildikdən dərhal sonra Orconikidzenin Nazaretyanla birbaşa xətlə söhbətinin mətnində məsələ Nərimanovun bəyanatında olduğu kimi göstərilir. O deyirdi: “Bu gün Bakı Sovetinin təntənəli iclası oldu və Nərimanov Azərbaycan hökumətinin bəyannaməsini oxudu. Orada göstərilir ki, bundan sonra Sovet Ermənistanı ilə Sovet Azərbaycanı arasında heç bir sərhəd yoxdur, bu gündən etibarən Zəngəzur və Naxçıvan qəzalarının ərazisi Sovet Ermənistanının ayrılmaz hissəsidir, Dağlıq Qarabağın əməkçi kəndlilərinə isə öz müqəddəratını təyin etmək hüququ verilir. Neft və kerosin hər iki müttəfiq respublikanın sərvətidir”.

Bu sözlərdən riqqətə gələrək Nazaretyan birbaşa xəttə demişdi: “Bravo azərbaycanlılar! Mətbuatda sabahdan mən qışqırmağa başlayacağam”.

Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun məlum 1 dekabr 1920-ci il tarixli bəyanatı bax beləcə bolşeviklərin “yüngül” düzəlişinə məruz qalmışdı. Bəyanatın Bakıda nəşr olunan “Kommunist” (02.12.1920) və “Bakinski raboçi” (03.12.1920) qəzetlərindəki mətnində Dağlıq Qarabağın əməkçi kəndlilərinə “öz müqəddəratını təyin etmək hüququ verilir”disə, onun “Pravda” qəzetinin 4 dekabr və Ermənistanda çıxan “Kommunist” qəzetinin 7 dekabr sayında dərc olunmuş mətnində Yuxarı Qarabağın “Ermənistan Sosialist Respublikasının tərkib hissəsi kimi tanınması”ndan söhbət gedirdi.

Bəyanatın məzmununun belə saxtalaşdırılması həmin vaxt Nərimanovun özünün də ciddi etirazına səbəb olmuşdu. Bir müddət sonra o, Tiflisdə olan xarici işlər komissarı Mirzə Davud Hüseynova tapşırmışdı ki, onun Dağlıq Qarabağ barədəki bu fikrini Qafqaz Bürosuna çatdırsın: “Qafqaz Bürosunda mənim bəyannaməmə istinad edirlərsə, orada hərfən belə deyilib ki, Dağlıq Qarabağa öz müqəddəratını təyin etmək hüququ verilir”. 

Ümumiyyətlə, belə bir sual ortaya çıxır: bu bəyanatın doğru mətni Ermənistanda olubmu? Axı Serqo Orconikidzenin yazışmalarından əlavə, bu bəyanat Nərimanov və Mirzə Davud Hüseynovun imzası ilə teleqram formasında Ermənistan İnqilab Komitəsinə göndərilib.

Məhz bu sənədə istinadən Ermənistan İnqilab Komitəsinin Moskvada olan nümayəndəsi Ter-Qabrelyana məlumat verirdi ki, “Azərbaycan Zəngəzurun, Naxçıvanın birləşdirilməsini və Dağlıq Qarabağda referendum keçirilməsini bəyan edib”. Hətta sonralar, 1957-ci ildə Yerevanda “Böyük Oktyabr Sosialist İnqilabı və Ermənistanda Sovet hakimiyyətinin qələbəsi” adlı sənədlər məcmuəsi nəşr edildikdə bəyanatın Ermənistan Mərkəzi Dövlət Arxivində saxlanılan doğru-düzgün mətni həmin sənədlər toplusuna daxil edilmişdi.

Bununla belə, ötən əsrin 80-ci illərindən başlayaraq erməni müəllifləri həmin sənədin düz mətnini qoyub nədənsə onun əsli ilə düz gəlməyən variantına üstünlük verirlər. Məsələn, bu səhvin yer aldığı Ermənistan SSR EA-nın hazırladığı “Dağlıq Qarabağ. Tarixi arayış” kitabçasının müəlliflər heyətinin bəziləri vaxtilə yuxarıda adı çəkilən sənədlər toplusunun hazırlanmasında da iştirak etmişdilər.

Lakin buna baxmayaraq onlar sənədin Ermənistan arxivində olan və 1957-ci ilin akademik nəşrdə yer alan əsl mətninə deyil, 1920-ci ilin dekabr ayının 7-də İrəvanda çıxan “Kommunist” qəzetindəki “əl gəzdirilmiş” mətninə üstünlük veriblər. Təəssüf ki, Qarabağ sənədləri ilə bağlı bu əməliyyat nə birinci idi, nə də sonuncu oldu.

***  

Şübhəsiz ki, Ermənistanda sovet hakimiyyətinin qələbəsindən “vəcdə” gələn Nərimanovun bəyanatında Zəngəzur və Naxçıvan qəzalarının Sovet Ermənistanının bir hissəsi kimi elan edilməsi ciddi səhv idi. Ermənilər, habelə onların Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almağa meylli olan havadarları bundan dərhal istifadə etdilər. Sonralar, 1923-cü ildə Leninə məktubunda doktor öz səhvini etiraf edərək yazırdı: “Ermənistanın xeyrinə Azərbaycan hətta öz ərazilərindən imtina etdi, halbuki həmin vaxt siyasi mülahizələrə görə bunu etmək olmazdı”.

Nərimanovun bəyanatından iki gün sonra, 1920-ci ilin dekabr ayının 2-də Gümrü müqaviləsinə alternativ kimi imzalanan Rusiya-Ermənistan hərbi-siyasi müqaviləsində Zəngəzur qəzasının Ermənistanın tərkibinə keçdiyi mübahisəsiz fakt kimi tanınırdı. Halbuki inqilab astanasında rusların keçirdiyi əhali sayımına görə Zəngəzur qəzasında 123 095 nəfər müsəlman, 99 257 nəfər erməni yaşayırdı.

Zəngəzurun bir hissəsinin Ermənistana verilməsindən sonra Qarabağ və Zəngəzurun fövqəladə komissarı Şamil Mahmudbəyov dekabr ayının 24-də Nərimanova ünvanladığı və onun tapşırığı ilə surəti Orconikidzeyə göndərilən məruzəsində yazırdı: “4 sahədən ibarət olan Aşağı Zəngəzurun nümayəndələri mənim yanıma gələrək Azərbaycan sovet hakimiyyətinin idarəçiliyində qalmaq istədiklərini qəti olaraq bildirdilər. Əgər onların təklifi nəzərə alınmazsa, onlar xahiş edirlər ki, bu əhalinin hara köçürüləcəyi yer müəyyənləşdirilsin”.

Şamil Mahmudbəyov 1920-ci ilin dekabr ayının 30-da Nəriman Nərimanova və Həmid Sultanova göndərdiyi ikinci məlumatda vəziyyətin böhranlı xarakter daşıdığını, daşnakların dinc əhaliyə hücum təhlükəsinin hər an gözlənildiyini yazırdı. O qeyd edirdi ki, əgər Mərkəz siyasi mənada bu diyarda hər şeyin uğurlu olacağına əmin olub yüz verstlərlə sahədən orduları çıxarırsa, onda bizim özümüzə icazə verin Qarabağ və Zəngəzuru gözlənilməz hücumlardan qorumaq üçün öz qüvvələrimizi səfərbər edək. O əlavə edirdi ki, biz bunu mümkün və zəruri hesab edirik. 

1921-ci ilin fevral ayının 15-də Şamil Mahmudbəyov 24 dekabr məruzəsinə əlavə olaraq Nəriman Nərimanov, Həmid Sultanov və Əliheydər Qarayevin adına iki səhifəlik məlumat göndərmişdi. O, daşnakların daha da azğınlaşdığın yazır, Qarabağın və Zəngəzurun müsəlman əhalisini erməni talanlarından qorumaq üçün Bakıdan yardım istəyirdi. Mahmudbəyov xəbərdarlıq edirdi ki, daşnaklar “Dağlıq Qarabağın düzən Qarabağla əlaqəsini tamamilə kəsmək üçün Şuşa qəzasının II Vərənd sahəsində üsyan qaldırıb, I Xankəndi sahəsi ilə birləşmək” istəyirlər. O, təklif edirdi ki, Qarabağ və Zəngəzurda müsəlman əhalisinin müdafiəsini gücləndirmək üçün bölgədə böyük nüfuzu olan Sultan bəy Sultanovun imkanlarından istifadə etmək lazımdır. Bunun yeganə yolunu isə o, az əvvəl Qarabağ və Zəngəzurun general-qubernatoru olmuş, azərbaycanlı əhalinin erməni talanlarından qorunmasında müstəsna rol oynamış, ermənilərin təkidi ilə həbs edilmiş Sultan bəy Sultanovun qardaşı Xosrov bəy Sultanovun həbsdən azad olunmasında görürdü.

Hətta Ş.Mahmudbəyov məlumatın sonuna öz əl yazısı ilə əlavə etmişdi ki, “Xosrov bəy Sultanov azad ediləcəyi təqdirdə onun loyallığı və etibarlılığına şəxsən cavabdeh olacaq, onun bütün hərəkətləri üçün məsuliyyəti öz üzərinə götürəcək”. Şamil Mahmudbəyovun bu məlumatı da fevralın 28-də Xalq Komissarları Sovetinin işlər idarəsi tərəfindən Serqo Orconikidzeyə göndərildi.

***

Ümumiyyətlə, Nərimanovun bəyanatında Zəngəzur və Naxçıvanın Ermənistana verilməsi ideyası niyə səsləndirildi? Sənədlərin araşdırılmasından aydın olur ki, əslində, bu ideya Moskvadan, RKP MK Siyasi Bürosundan gəlirdi. Hələ 1920-ci ilin noyabrında Stalinin Qafqaza məşhur səfəri günlərində, ayın 4-də Azərbaycan K(b)P MK-nın RKP MK Qafqaz Bürosu ilə birgə keçirdiyi iclasda Ermənistanda vəziyyət haqqında Boris Leqranın məruzəsi dinlənilmiş və müvafiq qərar qəbul edilmişdi. Qərarın Rusiya ilə Ermənistan arasında müzakirə edilən müqavilə ilə bağlı bəndində qeyd edilirdi ki, Zəngəzur və Naxçıvanın Ermənistana verilməsi haqqında müqaviləyə Moskva tərəfindən təklif edilən bənd yalnız əlacsız qaldıqda həyata keçirilə bilər. Qərara görə, Naxçıvan və Zəngəzur haqqında Siyasi Büronun fikrinin əsaslandırmasını tərtib etmək Nərimanova tapşırılırdı.

Göründüyü kimi, Qarabağ məsələsi bu müzakirələrdə ümumiyyətlə mövcud deyildi və sənədlərdə də yer almamışdı. Lakin 1920-ci ilin noyabr ayının 20-də İrəvana gələn Sovet Rusiyasının diplomatik nümayəndəliyinin ilk addımlarından biri Gümrüdə aparılan Türkiyə-Ermənistan danışıqlarını izləmək, habelə Ermənistanın Azərbaycana və Gürcüstana olan ərazi iddialarını araşdırmaq olmuşdu. RSFSR xarici işlər komissarı Çiçerinə göndərilən məlumatda deyilirdi ki, “indi erməni xalqının mövcudluğu hərbi qüvvədən deyil, daha çox diplomatiyadan asılıdır. Partiya romantizmindən imtina edib sərt realizmlə silahlanmaq lazımdır”.

Ermənilərin Qarabağa iddialarına gəldikdə isə diplomatik nümayəndəlik Çiçerini məlumatlandırırdı ki, hələ “Batumda (1918-ci ilin may-iyun aylarında Batum sülh konfransı nəzərdə tutulur - C.H.) türklərlə danışıqlar apararkən Ovanes Kaçaznuni və Aleksandr Xatisyan Qarabağın Azərbaycana verilməsi ilə razılaşmışdılar”. Qafqazdakı sovet diplomatiyasının başlıca vəzifəsi ermənilərin hələ 1918-ci ildə imtina etdikləri və artıq həll edilmiş sayılan bu məsələni yenidən gündəliyə gətirmək və ermənilərin xeyrinə həll etmək idi.

***

RK(b)P MK-nın Qafqaz Bürosu 1921-ci ilin iyun ayının 3-də Orconikidze, Maxaradze, Nərimanov, Myasnikov, Orexalaşvili, Nazaretyan, Fiqatner və Azərbaycan KP MK-nın katibi Kaminski, habelə Gürcüstan KP MK-nın üzvü Eliavanın iştirakı ilə keçirilən plenumunun axşam iclasının gündəliyində üç məsələ var idi - “Azərbaycan məsələsi”, “Zəngəzur məsələsi”, “Köçərilər haqqında” məsələ. Birinci və üçüncü məsələlər haqqında qəbul edilmiş qərarlar iclasın 6 saylı protokolunda əks olunsa da, ikinci məsələ ilə bağlı protokolda belə bir qeyd qoyulub: “Bax: protokola əlavəyə”.

Əslində, məsələnin elə müəmmalı tərəfi də burada idi. Birincisi, Zəngəzur məsələsi haqqında Qafqaz Bürosunun 7 bənddən ibarət qərarı “tamamilə məxfi” qrifi ilə qəbul edilmişdi. Halbuki iclasın 6 saylı protokolunun üzərində belə bir məxfi qrif yoxdur. İkincisi, Qafqaz Bürosunun “tamamilə məxfi” qrifi altında qəbul etdiyi qərar məhz “Zəngəzur məsələsi” üzrə qəbul edilib. Lakin 7 bənddən ibarət gizli qərarın 6 bəndi bilavasitə Zəngəzura aid olsa da, onun 5-ci bəndi Zəngəzura tamamilə dəxli olmayan “Dağlıq Qarabağ” haqqında idi.

Həmin 5-ci bəndində qeyd edilirdi ki, “Ermənistan hökumətinin bəyanatında Dağlıq Qarabağın Ermənistana məxsus olduğu göstərilsin”. Yəni “tamamilə məxfi” formada Ermənistana tapşırılırdı ki, hökumət bəyanatı ilə çıxış edib Dağlıq Qarabağın Ermənistana məxsus olduğunu göstərsin. Halbuki Qafqaz Bürosunun belə bir qərar qəbul etməyə ümumiyyətlə səlahiyyəti çatmırdı.

Digər tərəfdən, 1921-ci ilin may ayının 2-də keçirilən plenumda Qafqaz Bürosunun təşkili haqqında qəbul olunan qərarla plenumlar arasındakı dövrdə bütün işi aparmaq üçün üç nəfərdən ibarət Rəyasət Heyəti yaradılmışdı ki, ora da Orconikidze, Maxaradze və Fiqatner daxil edilmişdi. Göründüyü kimi, Qafqaz Bürosu məhdud sayda adamların nəzarətində idi, Azərbaycan Rəyasət Heyətində təmsil edilmirdi.

Qafqaz Bürosunun 3 iyun qərarından dərhal sonra, iyun ayının 12-də Ermənistan Xalq Komissarları Soveti Qarabağın dağlıq hissəsinin Ermənistana birləşdirilməsi haqqında dekret qəbul etdi. Orada deyilirdi: “Azərbaycan Sovet Sosialist Respublikası İnqilab Komitəsinin bəyannaməsi, Ermənistan və Azərbaycan sosialist respublikaları arasındakı razılıq əsasında bundan sonra Dağlıq Qarabağ Ermənistan Sovet Sosialist Respublikasının ayrılmaz hissəsi elan edilir”.

A.Myasnikov (A.Martuni) və M.Karabekyan tərəfindən iyun ayının 12-də imzalanmış bu dekret iyunun 15-də Ermənistan KP MK-da müzakirə edildikdən sonra onun elan edilməsinə qərar verildi. Orada deyilirdi ki, Dağlıq Qarabağın Sovet Ermənistanına birləşdirilməsi haqqında bəyannamə mətbuatda dərc edilsin. Həmin iclasda 5-ci məsələ kimi “Qarabağa nümayəndə göndərilməsi haqqında” məsələ müzakirə edilib müfafiq qərar qəbul edilmişdi. Qərarda göstərilirdi: “Yoldaş Mravyan və onunla birlikdə Pirumov, Hakop İoanisyan, Ter-Simonyan və digər yoldaşlardan ibarət qrup Qarabağa göndərilsin”.

Bu qərara uyğun olaraq iyunun 19-da, yəni qəbul olunduğundan bir həftə sonra Ermənistan İnqilab Komitəsinin Dağlıq Qarabağın “Ermənistan Sovet Sosialist Respublikasının bir hissəsi” kimi elan etdiyi dekret mətbuatda dərc edildi və Askanaz Mravyan Dağlıq Qarabağa fövqəladə müvəkkil kimi təsdiqləndi.

Ermənistan İnqilab Komitəsinin dekreti mətbuatda elan olunduqdan bir gün sonra ona əməli xarakter vermək məqsədi ilə, habelə Qarabağın ələ keçirilməsində Zəngəzurda möhkəmlənməyin əhəmiyyətini nəzərə alaraq Ermənistan KP MK iyunun 20-də keçirilən iclasında Zəngəzurda gizli işi gücləndirmək üçün ora yeni işçilərin göndərilməsi haqqında qərar qəbul etdi. Bu qərara uyğun olaraq iyunun 28-də Ermənistan Təsərrüfat Şurasının sədri L.Lukaşin və ədliyə komissarı A.Karinyan Zəngəzura ezam edildi. Ermənistan KP MK-nın iyun ayının 28-də keçirilən iclasının qərarı ilə 1921-ci ilin may ayında yaradılan Ermənistan hökumətində daxili işlər naziri vəzifəsini tutan Makinsyan Zəngəzura fövqəladə müvəkkil təyin edildi. Elə həmin hökumətdə poçt-teleqraf komissarı vəzifəsini tutmuş Ter-Simonyan isə Zəngəzur İnqilab Komitəsinin sədri təyin edildi və ona tapşırıldı ki, Gorusu tutmaq üçün təcili olaraq yola düşsün.

AK(b)P MK-ya və İsay Dovlatova müraciət edildi ki, Askanaz Mravyanın sərəncamına işçilər göndərsinlər. Lakin Zəngəzuru müsəlman əhalinin həyəcanı bürüdüyü üçün Ermənistanın hər iki komissarı avqust ayının ilk günlərində İrəvana dönməli oldular. Avqust ayının 7-də keçirilən Ermənistan KP MK-nın iclasında Makinsyan və Ter-Simonyanın onlara tapşırılmış vəzifələri qoyub MK-nın razılığı olmadan İrəvana qaçmaları yolverilməz hesab edildi və Ter-Simonyan MK-nın qərarı ilə 2 aylıq Ermənistan KP MK-nın və XKS-nin nümayəndəsi olaraq Zəngəzura müvəkkil kimi ezam edildi.

Ermənistan XKS-nin 12 iyun tarixli dekretinin mətni ilə tanışlıq maraqlı məqamları meydana çıxarır. Sənədin araşdırılması zamanı aydın oldu ki, bu dekretin mətnində yazılanların əksinə olaraq nə Azərbaycan İnqilab Komitəsinin istinad edilən bəyannaməsində Dağlıq Qarabağın Ermənistana verilməsi məsələsi var idi, nə də iki respublika arasında bu istiqamətdə hər hansı razılıq əldə olunmuşdu. Bu dekretə bilavasitə Qafqaz Bürosunun Orconikidzenin sədrliyi və Fiqatnerin katibliyi ilə keçirilən 3 iyun tarixli iclasında qəbul edilən “Zəngəzur məsələsi” haqqında “tamamilə məxfi” qərarı rəvac vermişdi və nədənsə Qafqaz Bürosunun 3 iyun tarixli qərarı Ermənistan XKS-nin 12 iyun tarixli dekretində xatırladılmırdı. Ermənistan XKS-nin 12 iyun dekretində Qafqaz Bürosunun 3 iyun qərarının xatırladılmaması ilk növbədə qərarın “tamamilə məxfi” qrifi ilə qəbul edilməsi, ikincisi isə Qafqaz Bürosunun belə bir qərar qəbul etməyə səlahiyyətli olmaması ilə bağlı idi.

(Ardı var)