Uşaqların tərbiyəsi
 

Mahatma Qandi
Tərcümə: Güntay Gəncalp

 

·        Gerçək eyitim çocuğun ən yaxşı özəlliklərini üzə çıxarmalıdır. Bu amac üçün insanlıq kitabından daha uyqun nə ola bilər?

·        Çocuğun gerçək zehni və fikri gücünü eyitmək onun əl, ayaq, göz, qulaq, burun kimi bədən üzvlərinin tərbiyəsi ilə mümkün ola bilər. Başqa bir deyimlə çocuğun bədən üzvlərinin eyitimi dürüst və ağıllaca ruhi eyitimlə bir yerdə olmalıdır. Bu durumda ən yaxşı və ən sürətli yol çocuğun zehni və fikri olanaqlarının genişləməsi üçün ortaya çıxacaqdır. Bədən və zehni gəlişmə bir yerdə və ruhi oyanışa uyqun biçimdə gerçəkləşməz və yalnız zehni oyanışa önəm verilərsə, bunun olumlu etkisi olmayacaqdır. Ruhi eyitimdən amac çocuğun könlünün tərbiyəsidir. Zehnin hər yönlü gəlişməsi və tərbiyəsi bədən və ruh yetənəklərinin oyanışı ilə daha olumlu sonuclar verər. Bunlar hamısı bir yerdə bir bütünü oluşdurar. Bu nəzəriyəyə görə onları bir-birindən ayırıb üzərində tək-tək durmaq böyük yanlışlıq ola bilər.

·        Eyitimdən amacım çocuğun və ya insanın cismi, fikri və ruhi özəlliklərinin hər tərəfli tərbiyəsindən ibarətdir. Yazıb-oxuma eyitimin amacı ola bilməz. Bu eyitimin araclarından sadəcə biridir, yoxsa o, özü-özlüyündə eyitim sayılmaz. Bu üzdən də çocuq eyitimini onu bir əl işinə alışdırmaqla başlamanın tərəfdarıyam. Bu, çocuğu ilk gündən iqtisadi insan olmağa alışdırmaqdır. Bu yolla hər oxul iqtisadi açıdan öz ayaqları üstündə durar və ehtiyaclarını özü təmin edə bilər. Yetər ki, dövlət hər oxulun ilkin ehtitacların təmin etsin.bu eyitim sistemi ilə ruhi və zehni tərbiyə ən yüksək evrəsinə varaxağı inancındayam. Bunun üçün əl işləri mexanik biçimdə öyrədilməməli, elmi yöntəmlə bir yerdə olmalıdır. Yəni çocuq anlamalı və bilməlidir ki, nədən bu işi görməlidir. Bu qonunu ciddi bir güvənlə yazıram. Çünkü bu qonuda təcrübələrim var. Ipəyirmənin işçilərə öyrədildiyi hər yerdə bu yöntəmdən yararlanılmışdır. Mənim özümün bu qonuda yaxşı təcrübələrim var. Bu yöntəm, tarix və coğrafiya bilgilərindən də dışlanmış deyildir. Təcrübələrim göstərmişdir ki, bu elmi və digər ümumi bilgiləri şifahi yolla daha asan anlatmaq olur. Kətbi yolla müqayisədə şifahi yol daha az enerji və zaman itkisi gərəkdirir. Çocuq əl işlərini öyrəndiyi sürə içində hesablamanı da öyrənəcəyi təbiidir.

·        Mən öz zəifliklərimi qəbul edirəm. Mənim bu qonuda universitet düzeyində eyitimim yoxdur. Orta oxulu oxuduğumda orta səviyəli bir öyrənci olmuşam. Sınavlarımdan keçərkən çox sevinərdim. Oxulun seçkin öyrəncilərindən olma arzusunu heç ağlımdan da keçirməzdim. Ancaq yenə də eyitim qonusunda yeni nəzəriyələrim var. Nəzəriyələrimi ölkəmə sunmağı öz ulusal görəvim olaraq anlayıram. Az qala məni boğmaqda olan utanqaclıq duyqusunu bir yana burxmalıyam. Mənə gülə bilər, məni məsxərə edə bilərlər. Bunlardan çəkinməməliyəm. Düşüncələrimi gizlin saxlasam yanlışlıqlarımı görə bilmərəm. Yarqılarımda yanlışlıqlarımı görüb onları düzəltməyə çox həvəsliyəm. Neçə il içində qazandığım təcrübələrimin sonucunu açıqlamaq istəyirəm. Çünkü hər yerdə başardığım qədər bu qurallara görə davranmışam.

1.     Mən yüksək eyitim, hətta dünyada var olan ən yüksək eyitim imkanlarına qarşı deyiləm.

2.     Dövlət somut (konkret) məsrəflər qarşılığında yüksək eyitim xərcini ödəməlidir.

3.     Orta oxul və yüksək eyitim məsrəflərinin ümumi budcədən ödənməsinə qarşıyam.

4.     Kəsin inancım odur ki, bizim koleclərdə öyrədilən sözdə ədəbi bilgilər, yalnız vaxt və ömür itirməyə yarayır, başqa bir yararı yoxdur. Bunun sonucu olaraq ölkədə bir sürü oxumuş işsiz ortaya çıxmaqdadır. Ayrıca, bu koleclər gənc oğlanların və qızların ruhsal sağlığına zərər verməkdədir.

5.     Hindistanda orta oxulda və universitetdə yabancı dildə oxuma yayqınlaşmışdır. Bu, əxlaqi və ruhi baxımdan millətimizə və ölkəmizə çox zərər verməkdədir. Hindistanın istiqlal savaşı həm də öz dilinə sahib çıxması üçündür. Öz dilimizə hələ çox yaxın olduğumuzdan yabancı dildə oxumanın bizə nə qədər zərər verdiyinin bilincində deyilik. Özümüz yabancı dildə eyitildiyimiz üçün bunun zərərlərini anlayıb önləmlər almalıyıq. Ancaq nə yazıq ki, artıq bu iş qeyri-mümkündür. Bu sonuca varmağımın səbəblərini anlatmam gərəkir. 12 yaşıma qədər öyrəndiyim bütün bilgilər ana dilimdə idi. İlətişim dilimiz evdə və çevrədə Qocerati dili idi. O zamana qədər matematik, tarix və coğrafiya haqqında bəzi bilgilər əldə etmişdim. Orta oxula girdim. İlk üç ildə yenə də eyitim dilimiz Qoceratca idi. Ancaq oxulun müdürü ingiliscəni öyrəncilərin beyninə soxmaqda qərarlı idi. Böyləcə bizim zamanımızın yarısından çoxu bu dili və onun imlasını, tələffüzünü öyrənməyə həsr olurdu. Tələffüzü ilə yazılışı arasında çox fərq olan bir dili öyrənmək mənim üçün qorxunc idi. Qorxurdum ingilis dilindən. Hər bir sözün doğruca yazılış şəklini yadda saxlamaq çox çətin iş idi. Bu söylədiyimi bir mötərizə içi cümlə hesab edin, çünkü əsas söyləmək istədiyim qonu başqa şeydir. Hər halda ilk üç il çox da çətin deyildi. Gerçək işkəncə dördüncü sinifdən sonra başladı. Həndəsə, cəbr, kimya, göybilim, tarix və coğrafiya kimi bütün dərslikləri ingilis dilində öyrənməli idim. Ingilis dilinin zülmü o dərəcədə idi ki, sanskritcəni və öz ana dilimi də bu dilin aracılığı ilə öyrənməli idim. Ana dilimiz olan qoceratca danışan çocuqlar cəzalanırdılar. İngiliscəni yanlış yazıb, yanlış danışmaq öyrətmən üçün önəmli deyildi. Önəmli olan o idi ki, öyrəncilər ana dillərində danışmayıb ingilizcə danışsınlar. Öyrətmənin bu açıdan rahatsızlığı yox idi, çünkü öz ingiliscəsi də qüsursuz və əksiksiz deyildi. Böylə də olmalı idi. Çünkü ingilis dili həm öyrətmən üçün, həm də öyrəncilər üçün yabancı dil idi. Durum gərgin psixoloji ortamın oluşması ilə sonuclanırdı. Öyrənci olaraq bir çox şeyləri əzbərləyib yadımızda saxlamalı idiq. Bir haldakı əzbərlədiklərimizi yaxşıca anlamır və ya əsla anlamırdıq. Öyrətmən ingilis dilində həndəsə dərsi keçdiyində başım dönüb gicəllənirdi. Həndəsədən heç bir şey anlamadan irəliləyirdik. Etiraf etməliyəm ki, ana dilimə olan dərin bağlılığıma baxmayaraq, bu gün bilə, həndəsi və riyazi qavramların qarşılığını qocerat dilində bilmirəm. Indi düşünürəm ki, elmi dərslikləri dörd il içində oxuyub anlamamaq yerinə, öz ana dilimdə oxusaydım dörd ilə deyil bir tək ilə hamısını qolayca özümsərdim. Eyitim ana dilimdə olsaydı, mövzuları çox qolayca qavraya bilərdim. Qoceratca söz dağarcığım daha da zənginləşərdi. Öyrəndiyim bilgilərimin evimizdə də keçərliliyi olardı. Ancaq mən ingilis dilində eyitim aldıqca, gündən günə ailəmlə mənim aramda dərin uçurum yaranırdı. Çünkü onlar ingilis dilini bilmirdilər. Mən istəsəydim də, bildiklərimi atama, anama öyrədə bilməzdim. Çünkü atam oxumuş biri olsa da, hətta tək kəlmə ingiliscə bilməzdi. Mən böyük bir sürətlə öz evimdə ailəmə yabancılaşırdım. Özümü evimizdə daha üstün görmə kimi xəstə fikirlər ağlıma girirdi. Hətta getdikcə paltar geymə tərzim də dəyişdi. Bu, yalnız mənə aid olan bir durum deyildi. Hindistanda bir neçə nəsl bu şəkildə yabancılaşırdı. Oxumaq istəyən xalqın bütün çocuqlarını qorxunc yabancılaşma qapsayıb qavurmaqda idi. Orta oxulda keçirdiyim ilk üç il, ümumi bilgilərimdə artış sağlamadı. Bu illər öyrəncinin dərslərini ingilis dilində oxuya bilməsi üçün hazırlıq dönəmi sayılırdı. Orta oxullar İngiltərənin Hindistan üzərindəki kültür imperializmi politikasının oyqulanma məkanları idi. Mən oxudğum 300 kişilik oxulda əldə edilən bilgilər öyrəncilərin özəl bilgi mülkləri sayılırdı. Öyrəncilər bu bilgilərini öz ulusları ilə paylaşa bilmirdilər.

Bir neçə söz də ədəbiyat haqqında danışmaq istəyirəm:

İngilis ədəbiyatından bir neçə düzyazı (nəsr) və şeir örnəkləri oxumaq zorunda idiq. Bu, özü-özlüyündə yaxşı idi. Ancaq bu bilgilərin öz xalqımla ilişkilərimi dərinləşdirmək üçün həç bir etkisi yox idi. Düşünürəm ki, ingilis dilində öyrəndiyim ədəbi örnəkləri öyrənməsə idim, heç də dəyərli bir xəzinə itirməzdim. Çünkü bu bilgilər məni öz toplumumdan daha da uzaqlaşdırırdı. Ancaq bu yeddi il sürəsincə, qocerat dilində riyaziyat, kimya, bioloji, sanskritcə və digər bilgiləri öyrənsə idim, öz bilgilərimi toplumumla paylaşma imkanlarım daha geniş olardı. Ana dilim olan qoceratcanı ayrıntılı biçimdə öyrənəcək olsaydım, vətənimə xidmət etmə olanaqlarım bir o qədər də artacaqdı. Yazdıqlarımdan ingilis dilində mövcud olan zəngin ədəbiyatı aşağılamaq kimi, bir sonuc çıxarılmamalıdır. “Nəcis”ləri savunmaq üçün yayımladığım “Hericen” qəzetinin sütunları mənim ingilizcəyə olan sayqımın göstərgəsidir. Ancaq Hindistanı qurtarmaq üçün ingilis dilindəki zəngin ədəbiyatın necə təsiri ola bilər? İngiltərənin ılımlı havasının Hindistana təsiri olmadığı kimi. İqlim özəlliyi açısından İngiltərənin gerisində qalsa da, Hindistan öz iqlimində öz ədəbiyatı ilə parlamalıdır. Biz və evladlarımız öz mirasımızı dirildib qurmalıyıq. Başqa bir mədəniyəti öykünsək (təqlid etsək), öz mədəni mirasımızı daha da yoxsul duruma soxacağıq. Biz idxal edilən bəsin (qida) malları ilə böyüyə bilmərik. Mən istəyirəm ki, Hindistan öz ana dilləri* aracılığı illə ingilis və digər dillərdə olan zəngin ədəbiyatla ilişkiyə girsin. Taqorun əsərlərindəki gözəllikləri görmək üçün bənqalcanı öyrənməm şərt deyil. Mən yaxşıca tərcümə yolu ilə onları oxuyuram. Tolstoyu oxumaq üçün qocerat gənclərinin rus dilini öyrənmələri gərəkməz. Rus ədəbiyatını trcümə yoluyla oxuya bilərlər. İngilislərin dünyada böyük bir üstünlükləri var. Dünyanın ən yaxşı ədəbiyatını harda olursa olsun, yayımından bir həftə sonra sadə ingilis dilinə tərcümə edirlər. Şekspirin və Miltonun əsərlərini oxuya bilməm üçün ingilis dilini öyrənməm nəyə lazımdır? Öyrəncilərdən bir qismini bu amac üçün eyitmək çox yaxşı olar. Onlar dünyanın müxtəlif yerlərində dəyişik dillərdə yayımlanmış ədəbi və fəlsəfi əsərləri Hind dillərinə tərcümə edə bilərlər. İngiltərə önümüzə yanlış bir yol qoymuş və biz də yanlışı doğru təsəvvür etməyə alışmışıq.

Universitetlər öz xərclərini özləri təmin etməlidir. Dövlət, yalnız özünə lazım olan kadrların eyitiminə dəstək olmalıdır. Digər bilim sahələrinin gəlişməsi üçün dövlət özəl müəssisələri təşviq etməlidir. Eyitim dilini zaman itirmədən dəyişdirmək gərəkir. İngilis dilinin yerinə yerəl dilləri canlandırmaq lazımdır. Mən orta oxul və universitetdə təhsil almağa qarşı deyiləm. Ancaq ölkəmizdə olan eyitim sisteminə qarşıyam, qəbul etmirəm. Eyitim sistemi Hind dillərini tarixdən silməyə, ingilis dilini onların yerinə oturtmağa çalışmaqdadır. Mənim planlarıma görə ölkəmizdə daha yaxşı kitabxanalar, laboratuvarlar və araşdırma mərkəzləri olmalıdır. Hindistana xidmət etmək üçün dəyişik bilim dallarında uzmanlara ehtiyacımız var. Bu uzmanlar kəsinliklə yabancı dildə danışmamalıdırlar. Xalqın dilində danışmalı və qazandıqları bilim sərmayəsini bu yolla öz xalqları ilə paylaşmalıdırlar. Böylə olduğunda başqalarını təqlid etmək yerinə gerçək yaradıcılıq ölkəmizdə başlar. Sonuc gəlirin də eşitcə dağıtımı yapıla bilər.

·        Hind kültürü bizim dönəmimizdə oluşum sürəci içindədir. Hindistanın yeni aydınları bu gün yayqın olan dəyişik mədəniyətlər türündən uyqun və yeni bir tərkib oluşdumağa çalışırlar. Dünyadan təcrid olmuş, qapısını başqa mədəniyətlərə qapamış qapalı mədəniyətlər uzun zaman ayaqda qala bilməzlər. Bu gün Hindistanda arınmış Hind mədəniyətinin varlığından danışmaq doğru olmaz. Gələcək, bizim çalışmalarımızı dəyərləndirəcək. Gələcək göstərəcək ki, biz Hindistan və bəşəriyət üçün yararlı olmuşuq, yoxsa yox.

·         Evimin ətrafına bir divar hörüb pəncərələrini görünməz etmək istəmirəm. Bütün ölkələrin kültürlərindən evimin içinə küləklər əssin istəyirəm. Ancaq ən sərt küləyin bilə, məni yerimdən tərpədə bilməsini istəməzəm. Yurdumunun ədəbi zövqə sahib olan qadınlarının və kişilərinin ingiliscəni və ya başqa dilləri yaxşıca bilmələrini arzu edirəm. Onlardan bəkləntim budur ki, öz bilgi birikimlərini ölkəmizlə və dünyayla paylaşsınlar. Ancaq bir tək hindistanlının bilə, öz ana dilini unutmasını istəmirəm. Heç bir hind öz ana dili ilə ilgili aşağılıq kompleksi içinə girməməli və ana dilinin bilgi və bilim dili ola bilməyəcəyini sanmamalıdır. Məncə, məzhəb, qapıları sərtcə qapanmış zindan deyildir.

·        Musiqi vəzn və nəzm anlamındadır. Musiqinin etkisi elektrik təsirinə bənzər, dərhal etkilər və içgüvən oluşdurar. Ancaq nə yazıq ki, musiqi də bir qrup brəhmənlərin kontrolunda olan Şastraha* kimi imtiyazlı bir qrupun nəzarəti altındadır. Sözün modern anlamında Hind musiqisi ulusallaşmamışdır. Musiqi oxullarında nüfuzum olsaydı, ulusal mahnıların xor şəklində oxunmasını zorunlu edərdim. Bu amac doğrultusunda böyük musiqiçilərdən hər konqrə və konfransda musiqi eyitimi vermələrini istərdim.

·        Bəzi pedaqoqlar geniş tarixi təcrübələrdən yola çıxaraq, musiqinin ilk oxullarda dərslik kimi tədris edilməsindən yanadırlar. Bu bu görüşə bütün qəlbimlə qatılıram. Əlimizin işə yatqınlaşması üçün eyitimin qaçınılmaz olduğu kimi, səsimiz də bu biçim eyitilməli və yatqınlaşmalıdır. Bədən eyitimi, əl işləri, rəssamlıq və musiqi oxullarda dərslik halına gəlməlidirlər. Çocuqların bu doğrultuda yetənəklərinin üzə çıxmasına yardım edilməlidir.

·        Gözlər, qulaqlar və dil əldən də önəmlidirlər. Oxuma, yazmadan öncə və rəsim çizmə hərflərin yazılışından daha öncə öyrədilməlidir. Bu doğal yöntəm izlənirsə, çocuğun gəlimşə sürəti yüksələcəkdir. Çocuğun həm hərfləri və həm başqa şeyləri öyrənməsi güclənəcəkdir.

·        Çevrəmə bir divar hörüb başqalarından ayrılmaq istədiyim sanılmamalıdır. Ancaq böyük alçaqkönüllülüklə bu görüşümü açıqlamaq istəyirəm. Öz kimliyimizi və kültürümüzü yaxşı tanıyıb və gəlişməsində fəal olduğumuz zaman başqalarının kültürü alqışlana bilər. Başqa kültürləri heç bir biçimdə ulusal kültürdən üstün bilməmək gərəkir. Başqa kültürləri danmağı və ya aşağılamağı mənim məzhəbim yasaqlamaqdadır. Ayrıca, mənim inancım öz kimliyimi və kültürümü yaxşıca tanıyıb özəl və toplumsal yaşamımda onu uyqulamamı istəməkdədir. Bunun tərsi olursa, öz milli kimliyimin ehtiyacları açısından mən bir türlü intihar etmiş olurum.

·        Bilim və bilginin, yalnızca kitab oxumaqla əldə ediləcəyi yanlış bir təsəvvürdür. Düşüncə evrilişinin (təkamülünün) ən sürətli yolu, əl işlərini elmi biçimdə öyrənməkdir. Öyrəncilər özlərini işçilər yerinə qoyub çalışmağı başarsalar, işsizlik sorunu öz-özünə çözüləcəkdir.

·        Məncə, çocuğa öyrədilən bir çox bilgilərin şifahi olaraq gerçəkləşməsi daha verimli ola bilər. Ümumi bilgiləri öyrənmədən öncə, çocuğu əlifba öyrənməyə zorlasaq, onları həyatlarının ən mutlu çağında bilgiləri şifahi yolla öyrənmə sevincindən yoxsun buraxacağıq.

·        Ədəbiyat öyrənmək şəxsi əxlaq dəyərlərini bir santım da artıra bilməz. Şəxsiyət yetişdirmə, şəxsiyətin olqunlaşması ədəbi eyitimlə ilgili deyildir, başqaca bir qonudur.

·        İlk oxulun Hindistanda parasız olması gərəkdiyinə inanıram. Ayrıca, bu dönəmdə çocuğa bir peşə də öyrədilməlidir. Bu tür eyitim çocuğun ruhi və bədəni istedadlarının parlamasına yardımçı ola bilər. Eyitim olayında iqtisadi amilə diqqət etmək lazımdır. İlk gündən çocuğu iqtisadi zehniyətə sahib olan insan kimi eyitmək lazımdır. Gerçək iqtisadiyatın yüksək əxlaq ölçüləri ilə heç bir ziddiyəti yoxdur. Gerçək əxlaqi düzənin də doğru olan iqtisadiyata ehtiyacı vardır.

·        Hər çocuqda əl, beyin və ruhun eyni səviyədə gəlişməsindən yanayam. Ancaq indi əllər iflic durumda və ruhlar baxımsızca, buraxılmışlar.

·        Çocuqlar həyat gerçəkləri haqda maraqlandıqlarında bildiyimiz nə varsa, hamısını söyləməliyik. Bilmədiyimiz bir şey varsa, öz bilməzliyimizi açıqca etiraf etməliyik. Söylənilməməsi gərəkən bir şey varsa və çocuq o haqda soru sorursa, çocuq üzərində o qədər kontrolumuz olmalıdır ki, o sualı bir başqasından sormaması yolunda onu razı salmalıyıq. Çocuqları həyatın gerçəklərindən uzaq tutmamaq gərəkir. Çocuqlar bizim təsəvvür etdiyimizdən də daha çox bilirlər. Çocuq bir şeyi anlamazsa, o qədər sual soruşar ki, onu tam olaraq anlamış olsun. Çocuqdan gizlin saxlamamız gərəkən bir mövzu varsa, bu qonuda diqqətli olmalıyıq. Öz yanlış işlərimizə çocuq tanıq olmamalıdır. Çocuq bizim yanlış işlərimizə tanıq olsa, onu bizdən deyil, başqa qaynaqlardan öyrənməyə çalışacaq. Bu da çocuğun güvənini pozan olaydır. Bu üzdən də çocuqdan gizlin saxlayacağımız özəl işlərimizin çocuq tərəfindən bilinməməsinə, görülməməsinə çalışmalıyıq.

·        Ağıllı ata-ana çocuqlarının yanlış yapmalarına izn verər, bunu faciə kimi görməzlər. Çocuq üçün ən azından bir dəfə barmağını yandırması yararlıdır.

·        Cinsi şəhvətimizi gözümüzü qapamaqla kontrol altına ala bilmərik. Mən gənc oğlanların və qızların cinsi orqanların qullanımı qonusunda eyitilmələrindən yanayam. Mən özüməməxsus yöntəmlə eyitimləri mənə tapşırılmış olan çocuqları bu qonuda bilgiləndirməyə çalışmışam. Həm qızları, həm də oğlanları. Mənim tərəfdarı olduğum cinsi eyitim, cinsi şəhvətə qalib gələrək ona əxlaqi özəlliklər qazandırmaqdır. Bu eyitim öz-özünə heyvan və insan arasındakı müqayisədə insanın üstün olduğunu çocuğa anlatmalıdır. Çocuğa anlatmaq gərəkir ki, heyvanla insan arasındakı cinsi bənzərlik insanın heyvan olduğu anlamına gəlməz. İnsanda ruh və ürək də var. İnsanın qürur duyacağı sahə heyvanlarla olan ortaq nöqtələr deyil, heyvandan ayrılan nöqtələrdir. Kor içgüdülərimiz (instinktlərimiz) üzərinə ağlın və məntiqin hakimiyəti olmazsa, insani özəlliklərimizi inkar edib heyvan səviyəsinə enərik. Insanda duyqu və sevgini hərəkətləndirib rəhbərlik edən ağıldır. Ancaq heyvanda ruh hər zaman yatmış durumdadır. İnsan qəlbini oyatmaq, əslində insan ruhunu oyatmaq və insan ağlını oyatmaq da yaxşı-pisi ayırd etmək üçün sezgi gücünü oyatmaqdır. Bu gün bütün mühitimiz, kitablarımız, fikirlərimiz, davranışlarımız bütünüylə sanki hesablanmış bir biçimdə cinsi fəaliyətləri təhrik etməyə yönəlmişdir. Bu qorxunc bataqlıqdan uzaqlaşmaq asan iş deyildir. Ancaq həm özümüzü, həm də gənclərimizi bataqlıqdan qorumağı başarsaq da, başarmasaq da bu, bizim missionumuzdur.

15.01.2011


 

* Hindistan 17 rəsmi dil var. G.G

* Brəhmənlərin kontrolunda olan Hind məzhəbinin qanunları.