Zülfü Adıgözəlov
 

Güntay Gəncalp

 

Neçə yaşımın olduğunu xatırlaya bilmirəm. Ancaq çox uşaq yaşda idim. Atam Ərdəbildə dərs oxuyan böyük qardaşımın yanına getmişdi. Dönməsini səbirsizliklə gözləyirdim atamın. Dadlı şokalatlarla dönəcəkdi. Şəhərin nə olduğunu bilmirdim. Ancaq dadlı şokalatlar xəyalımda şəhəri gözəllik məkanı kimi təsvir etmişdi. Qardaşımın orda yaşamasına sevinirdim. Düşünürdüm ki, nədən qardaşım məni də bu dadlı və dərdsiz yerə aparmır? Düşünürdüm ki, nədən atam evimizə təkərləklər bağlayıb bir avtobusa, bir yük maşınına dönüşdürüb sürüb şəhərə aparmır evimizi? Bu haqda atamdan bir neçə sual da sormuşdum. Atam da gülüb məni bağrına basıb öpmüşdü. İndi atam da qardaşımın bulunduğu o gözəl yerə, Ərdəbilə getmişdi.

Bir gün anamla bir yerdə atlarımızla tarladan evimizə döndük. Həyətə girər-girməz evimizdən sirli səs duydum. Musiqi səsi idi. Ilk dəfə idi musiqi səsi duyurdum. Atdan enib evə qaçdım. Atam məni bağrına basıb və ”balama dadlı şokalatlarla birgə bir də səsyaz (maqnetofon) almışam” dedi. Bu sirli və gözəl görünümlü şeyə yaxınlaşdım. Oxuyurdu. Həm radio, həm də səsyaz. Qonum-qonşu da yığılıb gəldilər ki, bu səsyazdan çıxan gözəl səs nədir deyə bilsinlər. Evimiz dolmuşdu adamlarla. Atam səsyazın kasetini çıxarıb göstərirdi: ”Baxın, bunun içindən çıxır bütün səslər.” Sonra yenə də kaseti qoyurdu səsyaza, dinləyirdik. Oxuyanın adını atam unutmuşdu. Ancaq bu səs hamının ruhunu oxşayırdı. Yay tətilində qardaşım kəndə döndüyündə bu oxuyanın adının Zülfü Adıgözəlov olduğunu öyrənəcəkdim. Sadəcə bu oxuyanın deyil, Zaman keçdikcə qardaşımın yardımı ilə Bakı oxuyanlarından bir çox kasetim olacaqdı. Ancaq ilk səs qədər daha sonrakı səslər ruhumun dərinliklərini etkiləməyəcəkdi. Zülfü Adıgözəlovun səsi çocuqluq xatirələrimlə qaynayıb qarışırdı. Yuxularımda da bəzən bu səsi eşidirdim. Eşitdikcə də çocuqluq düşlərim uzayların sonsuzluğuna, sir dolu bir yerlərə yüksəlirdi. Zülfü Adıgözəlovun səsi mənim mənəvi zövq anlayışımı oluşdururdu. Öylə sanırdım ki, bir gün Zülfü gəlib məni aparıb Bakını gəzdirib gətirəcək. Zülfünün oxuduğu bütün muğamların və mahnıların sözlərini əzbərləmişdim. Hansı sözü necə tələffüz etməsini də əzbərləmişdim. Bəzən onun səsinə səsimi bənzədərək muğamları oxumaq istəyirdim. Yorulmurdum Zülfünün səsindən. Qardaşım da Zülfünün səsi haqqında fəlsəfi sözlər söylərdi. Dünyalar qədər sevdiyim qardaşımın dəyərləndirdiyi Zülfünün səsi mənim üçün daha da önəmli olurdu. Qardaşım hər səs haqqında böylə dərin sözlər söyləməzdi. Böyləcə zaman keçirdi. Mən yaşa dolurdum. Zülfünün səsindən də bezmədən dinləyirdim.

***

İllər keçdi. Mən artıq gənc adam olmuşdum. Düşüncələrim dərinləşirdi. Yaşlanmış olan böyük qardaşımla dostluq bağımız çox dərin idi. Bu nəcib insan mənə çox dəyər verirdi. Bəzən ən ibtidai işlərdə belə, mənimlə məsləhətləşir, fikirlərimlə hesablaşırdı. O qədər gözəl xatirlərimiz var idi ki. İran—İraq savaşında yaralandığımda Ərdəbildən Kürdistana, Mərivana gəlmişdi. İnsanın həyatında ona dəyər verən birinin olması həyatı məna ilə doldurur. Qardaşım mənə çox dəyər verirdi. Mərivanda da başladı Zülfünün muğamlarından oxumağa. Həm də onun nəfəsi ilə sanki. Özümü saxlaya bilməyib qardaşıma sarılaraq ağlamışdım hönkür— hönkür. Çocuqluq xatirələrim yadıma düşmüşdü. Anam, rəhmətə getmiş zəhmətkeş atam və çocuq arxadaşlarım, dağlarımız. Özümdən asılı olmayaraq “Heydər babaya salam”dan bir neçə bənd əzbər söyləməyə başlamışdım. Qardaşım mənim göz yaşlarıma da çox dəyər verirdi. “Ağlamaq gözəl işdir. Böyük Füzuli də yalnızlığında çox ağlamış. Duyqusallığın zirvəsidir. İnsaniləşməkdir” deyirdi. Qardaşım hər olayın arxasındakı dərinliyi anlatmağa çalışardı. Mən də onu dərindən dinlərdim. Mən də qardaşıma çox dəyər verirdim. İndi onunla yazışdığım məktublara baxıram. Hər biri bir sənət əsəridir. Əsgərlikdə olduğum zaman yazdığı bir cümlə heç bir zaman unudulmur. “Qardaşım, əgər qəlbimi bıçaqla yarsalar inan ki, sənin təsvirin orda açıqca görünər” yazmışdı.

***

1992-ci ildə qardaşım xərçəng xəstəliyinə yaxalandı 46 yaşında. Çarəmiz hər yerdən kəsilmişdi. Həkimlərin edə biləcəyi bir iş yox idi. Ölümünü gözləyirdik. Deyirdilər Savalanın arxasında bir kənd var. Orda bir şaman varmış. Türkəçarə yolu ilə sağalmaz xəstəlikləri sağaldırmış. Anam məni çağırıb “get o şamanı tap. Bəlkə qardaşını sağaldar” dedi. Ərdəbildən Əhərə yola düşdüm. O kəndin adını indi unutmuşam. Oraya araba getmədiyi üçün qalan yolu piyadə gedəsi oldum. Dağlardan, dərələrdən keçdim. Gedib kəndə çatdım. Kənd adamlarından soruşdum ki, burda belə bir şaman varmış, lütfən məni onunla görüşdürün. Şamana vermək üçün üstümdə bolca para da götürmüşdüm. Adamlar dedilər o rəhmətə getmiş. Başında tala qar görünən Savalanın zirvəsinə tikildi gözlərim. Öz-özümə pıçıldadım: “Ulu dağ, bəlkə sən bir möcüzə göstərəsən, qardaşıma yardım et lütfən!” Şaman arxasınca getdiymi qardaşıma deməmişdim. Qardaşım sürəkli məni soruşub durmuş ki, hara getmiş? Hər gecə qardaşımın xanımı ilə birlikdə növbə ilə oyaq qalırdıq. Gündən günə əriyirdi qardaşım. Ağrı içində yavaş-yavaş ölürdü. Bəzən halı nisbətən düzələndə muğamlar haqqında danışırdı. “Cabbar Qaryağdıoğlunun səsi bəm, orta və zilləri oxumağa da çatır. Ancaq Yəqub Məmmədov “mənsuriyə”ni çox gözəl oxuyur. Bütün səs imkanları burda ortaya çıxır. Geniş səs imkanları dinləyicini dinləməyə məcbur edir. Gerçək bir sənət də bax bu deməkdir. Dinləyicini öz fəzasına sala bilməlidir sənət əsəri” deyirdi.

O qədər zəifləmişdi ki, sadəcə bir dəri bir sümük qalmışdı. Dili söz tutmurdu. Bir gecə çox çətinliklə “Zülfünün kasetini qoy dinləyək” dedi. Gecə yarısı idi. Zülfünün kasetini qoydum. Zülfü oxuyurdu. Bir neçə gecə yuxusuz qalmaq məni yurmuşdu. Başımı qardaşımın ayağının altında düşəyin üstünə qoyub uzanmışdım. Xanımı da yanıbaşında idi. Məni yuxu apardı. Zülfünün səsi röyalarımı qarışdırırdı. Yuxu görürdüm. Gördüm qardaşımın başından ağ-appaq süt kimi bir duman ayaqlarına tərəf yayılır. Ayaqlarına tərəf yayıldıqca, bu ağ duman sıxılır, kiçilirdi. Gəldi, gəldi sağ ayağının baş barmağına yerləşdi. Artıq bir arpa qədər olmuşdu. Sıxılıb arpa qədər olmuşdu. Sonra da bu arpa boyda olmuş ağ sıxışmış duman birdən sürətlə qardaşımın ayağının baş barmağından çıxıb getdi, yox oldu. Bu zaman qardaşımın xanımı məni ağlaya-ağlaya oyatdı: “Oyan, qardaşın öldü...” dedi. Diksinib oyandım. Qardaşım ölmüşdü. Zülfü Adıgözəlov oxuyurdu:

“Söylə ol səngdilə durmasın axır gəlsin

Gəlməsə, üstümə loğman gələ olmaz çarə...”

                 O gecə yatdığım üçün özümü bağışlaya bilmirəm. Son nəfəsində qardaşımı yalnız buraxmışdım.

Dəfn və yas mərasimi başlamışdı...

30.11.2010