Atamın savadı yoxdu,
oxu-yazı bilmirdi, ancaq kasıb bir kəndçi olsa da həyat
universitetini bitirmişdi, çünkü fələyin zərbəsini
artıqlamasıyla yemiş və həyatın hər cürə doğanağından
sınmadan keçmişdi.
Uşaqkən həddən artıq dəcəldim və ələ-ovuca əsla yovuşmazdım,
qorxu-hürkü də bilməzdim. Bunda ata-ananın bir övladı
olmağımın və ərköyün böyüməyimin də diyəsən öz təsiri vardı.
Beynimə nə düşsə hökmən onu edirdim və axırının hara aparıb
çıxaracağı isə məni qəti maraqlandırmırdı, "təki dediyimi
edim" düşüncəsi həmişə çəkidə ağır gəlirdi. Beynimə düşəni
həyata keçirirdim, ancaq nəticəsini də görürdüm, atamdan
yaxşıca kötək yeyirdim. Yeddi-səkkiz yaşlarında olardım.
Qonşularımızın məndən səkkiz-on yaş böyük olan oğulları ilə
Araz qırağına getmişdik ki, qatarın gəlib getməyinə tamaşa
edək. Anama hara getdiyimi də deməmişdim. Araz qırağında
daşqını önləməsi üçün çəkilmiş səddin üstünə çıxmış və o
tayda qatarın gəlib-getməsini yarım gündən artıq
gözləmişdik. Böyüklərimizin dediyinə görə o qatar düz
Azərbaycana gedirdi, ona görə də bizim üçün maraqlı idi.
Kənddən çıxmadığımıza görə qatarın nə mənəm şey olduğunu
bilmirdik, çünki görməmişdik və ona "dalbadal qoşulmuş fit
çalan dəmirdən arabalar" deyirdik. Qatar fit çala-çala gəlib
düz günbatana yaxın keçdiyinə görə də yubanmışdıq. Azan
çağını bir az ötmüş kəndə daxil olduq, gördüm atam və anam
yolda durub məni gözləyir. Onların məni gözləməyinin məqsədi
mənə o andaca aydın oldu. Anam atamdan arxada idi və mənə
əliylə qayıt harasa qaçıb-get mənasında işarə eləsə də mən
qaçmağı özümə sığışdıra bilmədim. Qatarı gözləyərkən bir
neçə dənə də yovşandan süpürgə bağlamışdım ki, guya mən evə
süpürgə bağlamaq məqsədiylə Araz qırağına getmişəm. Dinməz
söyləməz gəlib atamın qarşısında dayandım.
-Əəə harda idin indiyə kimi?!
-.......
-Sənnənəm!..
-.......
-Sən adam olmayacaqsan və sağ baş gora aparmayacaqsan,
nadincin biri nadinc, çünkü adam deyilsən..!
Kişiyə söz deyə bilərdim?! O ki var kötəyi yedim, ancaq of
da demədim. Evə gəldik, yazıq anam ağlaya-ağlaya süfrəni
saldı çörək gətirdi. Heç nə olmamış kimi, oturdum çörəyimi
yedim və durub yatdım. Kötəyi yemişdim, ancaq eləmək
istədiyimi həyata keçirmişdim, arzumu həyata keçirməyimin
əvəzində yediyim şillələr mənim üçün heç nə idi. Düzdü
üzüm-gözüm alışıb yanırdı və anamın əvvəllər bir neçə dəfə
"ata ananın vurduğu yerdən o dünyada gül bitəcəkdi" şəklində
dediyi sözləri xatırlamış, o da mənə ağrı-acılarımı
unutdurmuşdu.
Dava-dalaşa öyrənişikli idim. Tək olduğuma görə kənar
məhəllənin uşaqları haçan bir iş üçün onların tərəfinə
keçsəm məni təkləyib üstümə cumurdular. Aramızda ayrı
məhəllədən və tayfadan olmağın yaratdığı dava-dalaş dolu bir
rəqabət vardı. "Hansı tayfanın oğlu qorxmazdır, döyüşkəndir,
güclüdür" iddiası hamımızın başında idi. Bu səbəblə məni
görcək uşaqların beş-altısı birdən üstümə hücum çəkirdi,
onlar mənə vururdu mən də onlara. Mən onlardan birinə
vuranda onların heç olmasa üçünün, dördünün çubuğu ya
təpəmə, ya kürəyimə, ya da qıçlarıma yapışırdı. Yediyim
çubuqlardan qəzəbə gəlib onların hansına bütün gücümlə
ilişdirirdimsə o, "vay ana" deyib zırıl-zırıl ağlayıb
qaçırdı, bu dəfə digərlərinə yönəlirdim. Dalaşdığımızı görən
böyüklər o saat gəlib bizi aralayır bir onlara baxır, sonra
dönüb qəribə nəzərlərlə məni süzürdülər.
Bəli, atamdan kötək yemişdim. O atam idi və mənə hər cürə
cəzanı verə bilərdi, buna hüququ çatırdı, çünkü ata kimi
haqqı vardı. Onun məni tərbiyə metodunun başında da kötək
dayanırdı, deməli ən yaxşı bildiyi metod bu imiş. Kənd
yerində dəcəl uşağın tərbiyə metodu kötəkdən savayı nə ola
bilərdi ki?! Cəmisi dörd dəfə atamın sillələrini yemişdim,
onların üçü Araza görə idi. Birində Rus əsgərlərinin balıq
tutmaq üçün düz qüllənin altında Araza saldıqları toru
balıqlı malıqlı oğurlamış və əsgərlərin gəlib toru çəkmək
istədiklərində və necə deyəllər əlləri quru yerə dəydikdə nə
cür əsəbləşdiklərini görmüş və balıqları onlara göstərib
yandı-qındı vermişdik. İki dəfə də Arazda çimərkən keçib
Ermənistan tərəfdəki qumluqda oynamış bizi qorxudub öz
tərəfimizə keçməyimizi istəyən Rus əsgərlərinə barmaq
silkələmiş və gəlib dalımıza düşənə kimi onların qumunu var
gücümüzlə təpikləmişdik. Guya bununla rusları təhqir etmiş,
onların torpağını çığnamışdıq. Hə, iki hadisəni də atama
xəbər vermişdilər. O da mənə turşulu aşı o ki var
yedizdirmişdi. İki oğlunu yeniyetməlikdə, iki qızını cavan
gəlin ikən uşaq üstə itirən atanın əlində qalmış bir oğul
üstündə yarpaq kimi əsməyindən daha təbii nə ola bilərdi!
Mən isə uşaq ağlımla məsuliyyətsizlik edir, atamı da anamı
da onları başa düşmədən incidirdim.
Yazıq kişi öz-özünə deyinirdi:
-İtoğlunun diyəsən canı it canıdır, o qədər kötəyi vecinə
də almadı, oturub çörəyini arxayıncasına yedi və ayağa
durdu.
Anam isə içini çəkə-çəkə ağlayırdı.
Aradan bir müddət ötmüşdü. Atamın əhval-ruhiyyəsinin yaxşı
olduğunu görüb yanına getdim və bir az söhbət edəndən sonra
səsimə də maraq doğuran bir ton verərək soruşdum:
-Dadaş (atama dadaş deyirdim), sən o günü dedin ki, "sən
adam olmayacaqsan", bəs mən adama oxşamıram, o sözü mənə
dedin? İnsan nə cür adam olur?! Mən neynəməliyəm ki, sənə
görə adam olum?!
- Bala, adam olmağın birinci şərti məsuliyyət daşımaqdır,
Allah insana məsuliyyət duyğusunu artıqlamasıyla verdiyinə
görə ondan müəyyən işləri görməyi gözləyir. Birincisi,
ocağımızın yeganə çıraq yandıranısan və təksən, ona görə də
hara getməlisən, getdiyin yerdə nə qədər qalmalısan,
kimlərlə dolanmalısan bunları hesaba almalısan. Sonra yaxşı
oxumalısan, oxuyub irəlidə böyük adam olmalısan, anan da,
mən də səndən bunları gözləyirik.
- Dadaş, adam nə cür böyük adam olur?!
-Yaxşı oxuyub böyük məktəbləri bitirməlisən, əvvəla
ata-anana, qohum əqrəbalarına, kəndimizə, dövlətimizə,
xalqımıza, soy-kökümüzə layiqli oğul olmalısan, bunları
bacarsan adam olarsan, bacarmasan sadəcə olaraq insana
oxşayan bir məxluq olarsan, özgə heç ... da ola bilməzsən...
Atamın dediyi bu sözlər artıq o gündən mənim üçün mayaka
çevrildi və o xətt üzrə yeridim. Haçan atam yadıma düşsə
yediyim kötəkdən sonra aramızdakı o dialoq qulaqlarımda
cingildəyir.
Aradan illər ötdü, orta məktəbi bitirdim və liseydə
oxuyarkən başladım həm bizim gözəl yazıçılarımızı, həm də
qərbli klassiklərin əsərlərini oxumağa. Heç yadımdan çıxmır,
Tolstoyun "Hərb və Sülh" adlı əsərini almaq üçün bir aylıq
xərcliyimi vermişdim və o ayı pulsuz-parasız yola salmışdım.
Kitabı isə bir gün yarım ərzində oxuyub bitirmişdim. Çöldəki
insanın suya duyduğu ehtiyac kimi kitablara təşnə idim. Deyə
bilərəm ki, indiyə kimi qazancımın böyük hissəsini kitablara
xərcləmişəm. Onlar mənə çox şeyi öyrətdilər, ən başda isə
millətçiliyi, kimliyimi, kim olduğumu, soy-kökümü,
məsuliyyətimin böyüklüyünü.
Bəziləri millətçilik duyğusu ilə ideolojini bir-birinə
qarışdırır. İdeolojinin özülü də, axırıncı mənzili də
siyasətlə bağlıdır, millətçilik isə qan yaddaşı ilə.
Millətçilik bizə qan yaddaşımızla, irsiyyət yolu ilə gəlib
çıxır, ideolojini isə siyasi və əxlaqi xarakterimizə görə
seçirik. Hərhansı bir partiyanı və ya bir fikri, məsələn
kommunizmi, sosializmi, kapitalizmi nə bilim hansı zibil
..izmi mənimsəmək ideoloji seçimdir. Çinin zülmü altında
nalə çəkən Uyğurları, Rus zülmü altındakı türkləri
fikirləşmək, Fars şovinizminin ayaqları altında çığnanan
Güney Azərbaycanı fikirləşmək millətçilikdir.
Əlimizdən min bir oyunla çıxarılmış Qərbi Azərbaycan
torpaqlarının taleyini fikirləşmək vətənpərvərlikdir, vətən
anlayışını ürəyinin ən ucqar nöqtəsində duymaqdır. Qarabağ
dərdinə yanmaq, Xocalı vəhşətinin bütün əsrləri odlayan
naləsinin yanğısını ürəyində duymaq, onun oduyla qovrulmaq
millətçilikdir, vətənpərvərliyin ən yüksək zirvəsidir. əgər
bir insan, daha düzü bir Türk, Qarabağın dərdini ürəyinə yük
eləmirsə, itirilmiş o müqəddəs torpaqlarımızın ən tez vaxtda
geri qaytarılmasını fikirləşmirsə, o yolda bütün gücüylə
işləmirsə, mən ona insan belə demərəm, nəinki Türk. Türk
olmağın birinci şərti isə insan olmaqdır.
Eheyyy Qarabağım!.. Kimlər qarğıdı ki, sənin kimi müqəddəs
bir rəmzə murdar yad çəkmələri dəydi?! Biz kimə zülm
etmişdik ki, bu boyda bir kədər tonqalını ürəyimizin başında
qaladılar və bizi göynəyə-göynəyə qoydular?! Axı biz tarix
boyu hər bir xalqa Allahın müqəddəs bir amanatı kimi
yaxınlaşmış o cür rəftar etmişdik!.. Hamıya hörmətlə
yaxınlaşmışdıq!..
Ey ulu babalarımızın ruhunun cövlan etdiyi diyar, diyəsən
günah özümüzdədi!.. Özümüzün günahı olmasaydı, dəvə quşu
siyasəti güdməsəydik, öz-özümüzə qənim kəsilməsəydik, yadlar
sənə nəinki hücum çəkmək, gözlərinin ucuyla da baxa
bilməzdilər.
Səpələndim bəxt əlindən
Büdrədim bədbəxt əlindən
Lənət gəlmiş taxt əlindən
Qəddim qırılmış sütündu!..
Seyfəddin Altaylı