Cari ilin
sentyabrın 18-də Azərbaycanın dahi bəstəkarı, musiqişünas
alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir
Azərbaycan professional musiqi sənətinin və milli operasının
banisi Üzeyir Hacıbəyovun anadan olmasının 125 ili tamam
oldu.
1885-ci il sentyabrın 18-də Şuşa qəzasına bağlı Ağcabədi
kəndində anadan olmuş Üzeyir Hacıbəyov ilk təhsilini
Şuşadakı ikisinifli rus-türk məktəbində alıb. Şuşanın zəngin
musiqi-ifaçılıq ənənələri Hacıbəyovun musiqi tərbiyəsinə
müstəsna təsir göstərib. 1899-1904-cü illərdə Qori
Müəllimlər Seminariyasında təhsil alan Hacıbəyov burada
Avropa musiqi klassiklərinin əsərlərini mənimsəyib, skripka
və baritonda çalmağı öyrənib, xalq mahnı nümunələrini nota
köçürüb.
Üzeyir Hacıbəyov Rusiyada 1905-1907-ci illər inqilabı
ərəfəsində Bakıya gəlib, Bibiheybətdə, sonralar isə "Səadət"
məktəbində dərs deyib, 1907-ci ildə Bakıda Azərbaycan
türkcəsində "Hesab Məsələləri" və "Mətbuatda İstifadə olunan
Siyasi, Hüquqi, İqtisadi və Əsgəri Sözlərin Türki-Rusi və
Rusi-Türki Lüğəti"ni nəşr etdirib.
Üzeyir bəy bədii yaradıcılığa publisistika ilə başlayıb. O,
"Kaspi", "Həyat", "İrşad", "Tərəqqi", "Həqiqət", "İqbal",
"Yeni İqbal" qəzetlərində və "Molla Nəsrəddin" jurnalında
"Ordan-burdan", "O yan-bu yan" və s. başlıqlar altında "Ü",
"Filankəs", "Behmankəs" və s. gizli imzalarla dövrün mühüm
ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə,
felyeton və satirik miniatürlər dərc etdirib.
Üzeyir Hacıbəyovun 1908-ci il yanvarın 15-də Bakıda Hacı
Zeynalabdin Tağıyevin teatrında göstərilən "Leyli və Məcnun"
operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman
Şərqində opera sənətinin əsası qoyulub. Hacıbəyov operanın
librettosunu Füzulinin eyni adlı poeması əsasında yazıb.
Hacıbəyov 1909-1915-ci illərdə bir-birinin ardınca "Şeyx
Sənan" (1909), "Rüstəm və Söhrab" (1910), "Şah Abbas və
Xurşud banu" (1912), "Əsli və Kərəm" (1912), "Harun və
Leyla" (1915) muğam operaların librettosunu xalq dastanları
və rəvayətlər, Firdovsinin "Şahnamə" əsərinin motivləri
əsasında yazıb. O, "Leyli və Məcnun"dakı üslub
xüsusiyyətlərini və estetik sənət prinsiplərini sonrakı
operalarında da davam etdirib.
Xalq dastanı əsasında bəstələdiyi "Əsli və Kərəm" operasında
Hacıbəyov muğamatla bərabər aşıq musiqisindən də istifadə
edib.
Üzeyir Hacıbəyov Azərbaycanda musiqili komediya janrının
yaradıcısıdır. Onun "Ər və Arvad" (1909, ilk tamaşası:
1910), "O Olmasın, bu Olsun" (1910, ilk tamaşası: 1911),
"Arşın Mal Alan" (1913) musiqili komediyalarında inqilabdan
əvvəlki Azərbaycan məişəti, xalq adət və ənənələri əksini
tapıb. Hacıbəyov 1911-ci ildə musiqi təhsilini artırmaq üçün
Moskvaya gedib, həmin il burada filarmonik cəmiyyətin musiqi
kurslarında, 1913-cü ildə isə Peterburq konservatoriyasında
oxuyib. Peterburq dövrü Hacıbəyovun yaradıcılığında mühüm
rol oynayıb, o, "Arşın Mal Alan" musiqili komediyasını məhz
burada yaradıb.
Üzeyir bəy 1921-ci ildə Bakıda azərbaycanlı tələbələr üçün
ilk musiqi məktəbini - Azərbaycan Dövlət Türk Musiqi
Məktəbini təşkil edib.
1926-cı ildən Azərbaycan Dövlət Konservatoriyasında
fəaliyyət göstərən Hacıbəyov burada nəzəriyyə, harmoniya,
Azərbaycan musiqisinin əsasları fənlərindən dərs deyib,
konservatoriya yanında ilk çoxsəsli Azərbaycan xor
kollektivi yaradıb.
O, 1927-ci ildə Müslüm Maqomayevlə birgə ilk "Azərbaycan
Türk El Nəğmələri" məcmuəsini nəşr etdirib. Hacıbəyov
1931-ci ildə Azərbaycan Radio Komitəsi yanında ilk notlu
xalq çalğı alətləri orkestrini yaradıb.
1937-ci il aprelin 30-da Azərbaycan Opera və Balet Teatrında
ilk dəfə tamaşaya qoyulan "Koroğlu" operası (librettosu
H.İsmayılov və M.S.Ordubadinindir) Hacıbəyov yaradıcılığının
zirvəsini təşkil edir. Azərbaycan opera sənətinin
incilərindən sayılan bu operada Üzeyir bəy ilk dəfə olaraq
klassik opera formasına riayət edərək bitkin ariyalar,
kütləvi xor səhnələri, müxtəlif ansambllar, balet nömrələri,
reçitativlər yaradıb.
O, "Koroğlu" operasında simfonik orkestrin tərkibinə
Azərbaycan xalq musiqi alətlərini daxil edərək orkestrin
rəngarəng səslənməsinə nail olub. Üzeyir Hacıbəyovun "Arşın
mal alan" musiqili komediyası ingilis, alman, çin, ərəb,
fars, polyak, ukrayna, belorus, gürcü və s. dillərə tərcümə
edilib.
Dahi bəstəkar Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul
olunmuş və Azərbaycan yenidən müstəqilliyə qoşulduqdan sonra
yenidən rəsmi status verilən Azərbaycan dövlət himninin
müəllifidir. Üzeyir Hacıbəyovun “Sənsiz”, “Sevgili
canan” romansları, “Çırğınırdı Qara dəniz” mahnısı,
“Aşıqsayağı” kamera-instrumental əsəri, “Qaytağı”
xoreoqrafik miniaturü və yüzlərlə digər əsərləri bu gün də
musiqisevərlər tərəfindən sevə-sevə dinlənilir.
Dahi bəstəkarın anadan olmasının 100 illik yubileyi böyük
təntənə ilə keçirilib. YUNESKO-nun görkəmli şəxsiyyətlərin
ildönümü və 1985-ci ilin mühüm hadisələri təqviminə əsasən
Hacıbəyovun yubileyi beynəlxalq miqyasda da qeyd olunub.
Üzeyir bəyin anadan olduğu Azərbaycanda Üzeyir Musiqi Günü
kimi qeyd olunub.
Üzeyir Musiqi Günü münasibətilə Azərbaycanda hər il müxtəlif
silsilə tədbir keçirilir.
Varlığın səsi dahi bəstəkarın 125 illiyi
münasibətilə sevinc hissi keçirərək, hər bir dövrdə Üzeyr
bəyin musiqilərinə ehtiyac duyulacağına əminik.