MÜBARİZƏ METODLARINİ YENİLƏŞDİRƏK
|
Zaur Qurbanlı |
Cənubi Azərbaycan: Türkmənçay, yoxsa yeni mübarizə üsulu?!
Bu yazıda həm beynəlxalq hüququn tələbləri cəhətdən, həm də məntiqi olaraq Türkmənçay müqaviləsinin qüvvəsindən yazmaq istəyirəm. Mütəxəssis olduğum iddiasında deyiləm və həmin müqaviləni maddəbəmaddə təhlil etmək fikrində də deyiləm. Tükmənçay müqaviləsi Rusiya imperiyası və İran şahlığı arasında bağlanmışdır. İndi həmin dövlətlərin heç biri mövcud deyildir. Lakin Türkmənçay müqaviləsi nəticəsində yaranan hüquqi vəziyyət hələ də qismən diktə edir. Yəni Azərbaycanın cənub torpaqları İranın tabeliyindədir, Xəzərin statusunu müəyyən etmə məsələsində İİR bu müqavilədən yapışıb nəticə əldə olunmasına imkan vermir, ermənilər isə Cənubi Qafqazda hətta dövlət də qurublar (ermənilərin Cənubi Qafqaza köçməsi Türkmənçay müqaviləsinə 15-ci maddə əlavə olunandan sonar kütləviləşdi). Lakin məsələyə hüquqi varislik nöqteyi-nəzərindən baxanda vəziyyət dəyişir. Məsələ burasındadır ki, Rusiyada 1917-ci ilin sosialist inqilabı həmin ildə olan burjua inqilabından fərqli olaraq özünü Rusiya imperiyasınının varisi kimi tanımadı. Bunun həm ideoloji, həm də real səbələri var idi. İdeloji səbəblər aydındır, real olaraq isə Rusiya imperiyası qərb dövlətlərindən borc cəhətdən asılı idi. Bolşeviklər isə elan etdilər ki, “biz çarizmin – “istismarçı” quruluşun borclarını ödəmərik”. Bu da təbii ki, qərbə sərf etmədi və ABŞ daxil bir-çox qərb dövlətləri ağqvardiyaçılara xeyli kömək etdilər, lakin qırmızılar doğrudan da “qırmızılıq” göstərərək dözdülər və SSRİ-ni qurdular. Qərb dövlətlərinə Rusiya imperiyasının borcları qayıtmadı. Borc tələbi müqabilində SSRİ Alyaskanı istədi (Alyaskanı 1867-ci ildə Rusiya imperiyası ABŞ-a 100 illik icarəyə vermişdi). Sonda Qərb təslim oldu və 1933-cü ildə ABŞ SSRİ-ni tanıdı. Bu o deməkdir ki, Rusiya imperiyasının hüquq və öhdəlikləri SSRİ-ə şamil olunmur, o cümlədən Türkmənçay müqaviləsindən də irəli gələn öhdəliklər. Yəqin ki, elə buna görə də II Dünya Müharibəsi vaxtı SSRİ Cənubi Azərbaycanı işğal edəndə Türkmənçay müqaviləsinə istinad edərək ondan işğalı dayandırmaq barədə İran düşünmürdü. Türkmənçay müqaviləsini bağlayan digər feodal dövləti – İran şahlığı da 1979-cu ildə iran islam inqilabı nəticəsində süqut etdi. Bu zaman da yeni yaranmış İİR şahlığı xələf kimi görmədi və hər şeyi sıfırdan başlamaq qərarına gəldi. Yəni İran şahlığının hüquq və öhdəlikləri İİR-a şamil olunmur, o cümlədən Türkmənçay müqaviləsindən də irəli gələn öhdəliklər və səlahiyyətlər. Bu o deməkdir ki, İran cənubi Azərbaycanı əldə saxlamaq üçün Türkmənçay müqaviləsinə istinad edə bilməz. bu müqavilə artıq mövcud deyildir. Çünki müqaviləni bağlayan subyektlər hüquq varisi qoymadan ləğv olunmuşdur. Lakin bu, o demək deyil ki, Azərbaycan Respublikası Cənubi Azərbaycana iddia edə bilər. Bu, hüquqi cəhətdən ümumiyyətlə, ağlasığmazdır. Çünki indiki Azərbaycan Respublikası 1918-1920-ci illərin Cümhuriyyətinin varisidir, bu indi də qüvvədə olan 1995-ci il Konstitusiyasının qüvvəsini tanıdığı 1991-ci il, 18 oktyabr Müstəqillik Aktı ilə elan olunub. Cümhuriyyət isə de-yure heç bir dövlət tərəfindən tanınmamışdır. Versal sülh konfransındakı de-fakto tanınmaya istinad etsək də, Cümhuriyyət heç vaxt Cənubi Azərbaycanın öz ərazisi olduğunu iddia etməyib. İndiki Ermənistan, Gürcüstan Respublikalarının ərazilərindən bir hissə Cümhuriyyətin tərkibində və ya iddiasında olub, lakin 1945-ci ildə BMT-nin yaranması ilə Yer kürəsi yenidən bölüşdürüldü. O vaxt müəyyən olunan sərhədlər toxunulmaz olaraq tanındı. Lakin SSRİ-nin dağılması və sosializmin süqutu sərhədləri yenə dəyişdi. SSRİ və onun “maketi” olan Yuqoslaviya İttifaqı ərazisində keçmiş ittifaq dövlətlərinin sərhədləri əsas götürüldü. Nəticədə 20 (21-ci müstəqilləşmiş ittifaq dövləti Çernoqoriya oldu) müstəqil dövlət yarandı. Lakin bu prinsipi də danan hadisələr baş verdi. İlk növbədə Kosovonun müstəqilliyinin tanınması ilə hələ əksəriyyəti demarkasiya və delmitasiya olunmamış bu ittifaq dövlətləri arasındakı sərhədləri qərb dövlətləri şübhə altına aldı. Özünü SSRİ-nin hüquqi varisi elan edən Rusiya Federasiyası isə bu məsələlərdə onlardan geri qalmadığını Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıması ilə göstərdi. Nəticədə bizim də əlimizdə imkan oldu ki, Cümhuriyyətin öz ərazisi və mübahisəli ərazilər elan etdiyi torpaqları (Borçalı. Göyçə, Zəngəzur və s.) tələb edək. artıq bunun indiki şəraitdə nə qədər real olması başqa söhbətin mövzusudur. Çünki mən nəzəriyyədən, əslində necə olmalı olmasından danışıram. Qaldı ki, oxşar məsələlərin Cənubi Azərbaycana şamil olunmasına, bu, absurddur. Çünki İranla Azərbaycan və Ermənistan Respublikaları arasındakı sərhəd hələ 19-cu əsrdən demarkasiya da olunub, delmitasiya da. 20-ci əsr boyu Cənubi Azərbaycan da sakit durmamış, bir-neçə dəfə üsyan edib İran hakimiyyətindən çıxmağa cəhd göstərmişdir. Həmin əsrin əvvəllərində “Azadistan” dövləti elan edilmiş və milli hakimiyyət yaradılmış, əsrin ortalarında isə Seyid Cəfər Pişəvəri SSRİ qoşunlarının İran ərazisində olmasından və şahın Cənubi Azərbaycana nəzarətinin itməsində istifadə edərək milli hökumət qurmuşdur. Lakin bu mübarizələrin heç birində heç olmasa, bəyənat səviyyəsində də olsa, Şimali Azərbaycanla birləşmək, Türkmənçaydan, Gülüstandan əvvəlki vəziyyəti bərpa etmək çağırışı olmamışdır (düzü “Türkmənçaydan, Gülüstandan əvvəlki vəziyyət” deyəndə nə anlaşıldığı mənə də aydın deyil: xanlıqlar dövrümü, Səfəvilər dövlətimi, bəlkə işğallarla yaranan feudal dövlətlərdən imtina etməkmi? Mən başqa ifadə tapmadığımdan müvəqqəti “Türkmənçaydan, Gülüstandan əvvəlki vəziyyət” birləşməsindən istifadə etdim). Gördüyümüz kimi 20-ci əsrdə baş verən hadisələrin heç biri Şimali və Cənubi Azərbaycanın birləşməsinə hüquqi zəmin yaratmır. Hüquqi cəhətdən artıq qəbul olunub ki, İran indiki ərazilərdə səlahiyyət sahibidir. Bunun üçün Türkmənçaya, Cümhuriyyətə-filana istinad və istifadə etmək mənasızdır. Həmçinin İİR-nın da Türkmənçaya istinad etməsi absurddur. Onlar artıq qədimdən oturuşmuş dövlətlərin istinad etdikləri “tarixən belə gəlib” müddəasına, BMT nizamnaməsinə istinad edə bilərlər. Lakin mən hesab etmirəm ki, imkanlar itirilmişdir. Başqa mübarizə vasitələri var: azlığın hüquqları (həm də 35 milyonluq, 47%-lik (!) “azlığın”), diskriminasiya və assimilyasiya (məsələn, türk dilində təhsilin qadağanı) siyasəti, son dövrlərin təcrübəsi (Kosovo, Şərqi Timor, Sudan və s.). Tarixdən yapışıb axırda çıxılmaz vəziyyətdə qalmaqdansa, reallıqla ayaqlaşıb yeni mübarizə metodları seçmək lazımdır |