
Mövlud Mövlud
Yazarlarımızın qəribə bir xüsusiyyəti var: hansısa dəyərli
yazıçı və şair haqqında yazmaq üçün onun doğum, yaxud ölümünün
neçəncisə ildönümünün gəlməsini gözləyirlər. Qiymətli qələm
adamlarımızın haqqında yazdığımı eşidən dostlarımın verdiyi sual
məni həmişə düşündürüb: “Ad günüdür?”, “İlidir?” Görəsən,
sağlığında (elə ölümündən sonra da) dəyərini bilmədiyimiz mənəvi
xəzinələrimiz haqqında yazmaq üçün mütləq onunla bağlı hansısa
əlamətdar bir günmü olmalıdır?
Böyük Azərbaycan yazıçısı Sabir Əhmədli dünyasını dəyişəndə,
yazarlarımız bir nəfər kimi növbəyə düzülüb təsirli cümlələr
yazmaq istədikləri dövrdə, mən də isti başla nəsə yazmağa
çalışsam da, əlim qələm tutmadı (yaşıdlarımın bir çoxundan
fərqli olaraq, yazılarımı qələmlə yazıram). İndi bu böyük
yazıçımız haqqında yazıb, ürəyimi boşaltmaq istəyirəm...
Sabir müəllimlə tanışlığımızın qəribə bir tarixçəsi var.
Təxminən 7-8 il bundan əvvəlin iyulu idi. Şərif Ağayarla
birlikdə Yasamal tərəfdə gəzişirdik, Sabir Əhmədli haqqında
söhbət düşdü. Şərifin o vaxt dediyi fikirləri indi də çox
maraqlı tapıntı hesab edirəm: “Sabir müəllimin əsərlərinin adicə
adı böyük bir enerjidən xəbər verir. “Yamacda Nişanə”, “Axirət
Sevdası”, “Ömür Urası”, “Dünyanın Arşını”... Bu əsərlərin adını
eşidəndə adam bilir ki, bu yazıçını düşündürən ciddi
məsələlərdir”.
Həmin gün qərara gəldik ki, gedək ustadgilə. Şərif yaddaşını
qurdalayıb bloku tapsa da, evin neçənci mərtəbədə olduğunu dəqiq
bilmirdi. Ol səbəbdən başladıq birinci mərtəbədən qapıları
döyməyə.
- ...Tak-tak-tak...
- Kimdir?
- Öhö-öhö... Bağışlayın, Sabir müəllimin evi buradır?
- Sabir müəllim yuxarıda yaşayır.
Elə beləcə də dedilər: “Yuxarıda yaşayır”.
Bu minvalla bir neçə mərtəbədə bizə - “dünənin colma-cocuğ”una
başa saldılar ki, Sabir Əhmədli YUXARIDA YAŞAYIR.
Mərtəbələri qalxa-qalxa gəlib çıxdıq, Sabir Əhmədlinin evinə;
- Kimdir?
- Şərifdi. Ağayar.
- Kim?
- Şərif Ağayar, gənc yazar.
Şarakkk... Qapı açıldı.
Biz elə qapının ağzındaca dedik ki, bir neçə ay əvvəl keçirilmiş
“Proza N” müsabiqəsində Sabir müəllim Şərifin hekayələrini çox
yüksək qiymətləndirib. Həmin qiymətlərin hesabına da dostumuz
birinci yerə layiq görülüb. Sabir müəllim hekayələri xatırladı
və həmin yazılar barədə xoş sözlər dedi. Həmin günü bir xeyli
söhbət elədik onunla. Ədəbiyyatdan, ədəbi mühitdə gedən nəsil
savaşından, gənc yazarların əsərlərindən. Mən ilk dəfə bir yaşlı
yazıçının cavanlar haqqında belə səmimi danışdığını görürdüm.
Sonralar onun “Yamacda Nişanə” povestini oxuyub, Laçın obrazı
ilə tanış olanda gördüm ki, onda gəncliyə qarşı qəribə bir sevgi,
bizim ideallarımıza hörmət var. Və ən əsası odur ki, bütün
bunlar çox səmimi idi. O, bizim hamımıza birər Laçın kimi (çoxumuz
bu ada layiq olmasaq da) baxırdı. Məni ən çox təəccübləndirən
isə evdə detektiv romançı Çingiz Abdullayevin kitablarının
olması idi. Bu ona bənzəyir ki, adam Demis Rusosun evində
Aydınçikin diskini görür. Xeyli söhbətləşib, ayrıldıq...
Sabir müəllimlə ikinci görüşüm də indiki kimi yadımdadır. Həmid
Herisçinin “Dəli Kür” romanının təqdimetmə mərasimi idi. Getdik
maşınla götürdük evindən. Yolda xeyli söhbətləşdik. Cavanlardan
xeyli danışdı. Yazılan əsərləri təriflədi. Onu tez-tez yad
etdiyinə görə Həmidə minnətdarlıq elədi. O da barmaqları ilə
saçını geriyə darayıb, nazik səslə, Bakı ləhcəsində cavab verdi:
- Borcumuzdiii...
Sabir müəllim içəri girəndə hamının üzünə kədərli bir təbəssüm
qondu. Yaxınlıqdakı masalardan bir səs eşitdim: “Kişi qocalıb”.
Həmin tədbirdə də yenə gənclərə sevgi dolu bir çıxış elədi Sabir
müəllim.
Onun ölüm xəbərini Sabir heykəli ilə üzbəüz “Monolit” kafesində
eşitdim. Qonşu stolda oturan bir yazıçı dostumuz masamıza
yaxınlaşıb bu xəbəri verəndə Şəriflə bir-birimizə baxdıq.
- Əşi, təki biz də belə kişi kimi ömür yaşayaq. Ən yaxşı nasir
olasan, oğlunu bu torpağa qurban verəsən, cavanların mənəvi
atası olasan, kişi kimi də öləsən...” - Şərif dilləndi.
- Həəə, əlbəttə...
Bunu də mən dedim.
Təxminən on-on beş dəqiqə bir-birimizə belə təsəlliverici sözlər
dedik.
Bir də onda ayıldıq ki, ikimizin də gözlərindən yaş axır.
Mənə elə gəlir ki, biz bu göz yaşları ilə Sabir müəllimə onu
unutmayacağımıza söz verirdik.
Biz sizi unutmamışıq, Sabir müəllim!
Siz yazdıqlarınızda da, bizim yaddaşımızda da KİŞİ ADAMSINIZ! Və
yenə də YUXARIDA YAŞAYIRSINIZ!..
movludmovlud@mail.ru
*Alma
İctimai qəzet- 11-10-2010 |