BAKI QEYDLƏRİ

 


S. Altayli


Qazi Universiteti-Bakı Slavyan Universiteti-Türk Dil Qurumunun Əlbirliyi ilə böyük şair Bəxtiyar Vahabzadənin xatirəsinə I-ci Uluslar arası Türk Dili və ədəbiyyatları Simpoziumu 22-24. Oktyabr 2010 tarixləri arasında Azərbaycan Xalq Cümhuriyyətinin banisi ölməz Məmmədəmin Rəsulzadənin anadan olduğu Novxanı qəsəbəsində yerləşən Akva Park otelində təşkil olundu. Həmin günlərdə bir də "Müqayisəli ədəbiyyatlarda və Mədəniyyətlərdə Estetik Tiplər (Arxetiplər) Uluslararası Simpoziumu" da reallaşdırıldı.
   
   Simpozium olduqca səmərəli və uğurlu keçdi. Bakı Slavyan Universitetinin Rektoru əziz dostum Kamal Abdulla, 1990-cı ildə tanıdığım həddən artıq işgüzar, müasir fikirlərə sahib bir ziyalımızdır. Kamal Abdullanın və ekibinin hər işə ciddi yanaşması, həssasiyyət göstərməsi simpoziumun olduqca uğurlu keçməsində önəmli rol oynadı. İki uluslararası simpoziumun bir arada təşkil olunması münasibətiylə dünyanın dörd bir küncündən gələn ziyalılar bir-birləriylə görüşüb tanış olmaq fürsətini tapdılar. Onsuz da simpoziumların bir məqsədi, bəlkə də ən önəmli ideyası bu deyildirmi?
   
   Bakı yenə məni çaşbaş saldı, çünkü ötən May-İyun aylarında gördüyüm Bakı simasını yenə dəyişmiş, birçox yerdə özünə sığal vermiş, daha da gözəlləşmişdi. Bunda əməyi keçən hər bir kəsə, başda Azərbaycan Cümhuriyyətinin Dövlət Başqanı İlham əliyev olmaq şərtilə səmimi qəlbdən təşəkkürlərimi bildirirəm. Qardaş Azərbaycan Cümhuriyyətinin günü gündən inkişaf edib gözəlləşməsi, güclənməsi hər Anadolulu Türk kimi məni də həddən artıq xoşbəxt edir və sinəmi qürur hissiylə doldurur. Türkiyə ilə Azərbaycan arasındaki əlaqələrin hər ötən gün inkişaf edib güclənməsi, hər iki qardaş xalqın dünya arenasında səsinin daha gur çıxması mənasındadır. Təbiidir ki, bu reallıq dostları sevindirir, düşmənlərin isə bağrını yarır. Qardaş Azərbaycan və Türkiyə Cümhuriyyəti arasında ziddiyət yaratmaq istəyən qaraqüvvələr də hər dəfəsində ovuclarını yalayırlar, indən belə də yalayacaqlar.
   
   Azərbaycan indilərdə seçki prosesinə daxil olub. 7 Noyabr günü millətvəkili seçkiləri aparılacaqdı. Millətvəkili namizedləri seçki bölgələrində hər gün xalqla, yəni seçiciləri ilə görüş keçirib öz fikirlərini və millətvəkili olandan sonra nələr edəcəklərini çatdırırlar, onlardan özlərinə səs vermələrini istəyirlər. İctimai Tv-Radio Verilişləri də çox gözəl bir işi reallaşdırıb. Hər gün müəyyən bölgələrin millətvəkilləri İctimai Tv-nin studiyalarında tapışır və televiziya ekranı vasitəsiylə seçicilərinə özlərinə ayrılan müddət ərzində nələr edəcəklərini bildirirlər. əsrin texnoloji nemətlərindən bu cür müsbət mənada istifadə edilməsi, Azərbaycan Türklüyünün əsrlə ayaqlaşmada üstün bir istedada malik olduğunu da göstərir. Türkiyədəki televiziya şirkətləri də məncə bundan nümunə götürməlidir.
   
   Bu gedişimdə məni sevindirən hadisələrdən biri də "Ədalət" qəzetinin təsisçisi, dostum Aqil Abbas bəyin təkrar millət vəkilliğinə namizedliğini verməsi idi. Bakıya hər gedişimdə olduğu kimi bu gedişimdə də qaçqınların yaşadığı yerləri ziyarət edib vəziyyətləriylə tanış olmağı çox istəyirdim. Aqil Bəylə axşamüstü görüşdükdə seçki bölgəsinə gedəcəyini və Qarabağlı qaçqınlarla görüşəcəğini söylədi. Mənim də bu görüşə özüylə getməyimə icazə verməsini xahiş etdim. Sağ olsun, mənim xahişimi qəbul etdi və onunla birlikdə Qarabağlı qaçqınların kütləvi şəkildə yaşadığı yataqxanaya getdik. Onu qələbəlik bir Qarabağlı qrupu gözləyirdi. Aqil bəy görüşə onları salamlayaraq başladı və bu məsələlərə toxundu:
   
   "Bilirsiniz ki, bir dövrə millətvəkilliyi vəzifəsini yeritdim, bu müqəddəs vəzifəni yenə də boynuma götürmək istəyirəm. Ötən dövrdə nələr etdiyimi gördünüz. Mənə səs verin demirəm, sizdən xüsusilə xahiş edirəm ki, seçki günü gedib səsinizi verin və vətəndaşlıq hüququnuzdan istifadə edin, ürəyiniz kimi istəyirsə ona səs verin.
   
   Torpaqlarımız işğal altındadır, onları kimlərin işğal etdirdiyini və etdiyini hamımız çox yaxşı bilirik. Müqəddəs torpaqlarımız uğrunda 25 min şəhid verdik. Qardaş Türkiyədən birçox şeyi öyrənməliyik. Türkiyədən bura simpoziuma gələn qardaşımız Seyfəddin bəy də aramızdadır, özü TRT-də işləyir və Azərbaycan üçün çox işlər görüb, görür. Türkiyəli qardaşlarımızın vətəni qoruma uğrunda gördüyü işlərini, işgüzarlıqlarını, bayraqlarına duyduqları məhəbbəti və göstərdikləri hörməti, dövlət böyüklərinə qarşı nümayiş etdirdikləri sayğını, qardaşı Azərbaycana duyduğu sevginin nə mənaya gəldiyini çox yaxşı öyrənməliyik. İmkan tapdıqda Türkiyəyə gedin və bu qardaş dövləti yaxşı izləyin, orda gördüyünüz üstünlükləri və yaxşılıqları öz gənc dövlətimizə gətirin.
   
   Bizlər qardaşıq və qardaş qardaşdan bir şey öyrəndiyi vaxt onu özünə əksiklik saymamalıdır. Uşaqlarımızı yetişdirmədə, onlara təlim-tərbiyə vermədə Türkiyənin təhsil sistemindən çox şey götürməliyik. Türkiyədə təhsil alıb gələn gənclərimizin səviyyəsi həddən artıq yüksəkdir, bunu hamımız bilirik.
   
   Türkiyədə oğlunu əsgərə yolluyan ata analar onu toyla, zurna ilə yola salır, boynuna da bayraqlarını bağlayır. Bu hərəkət həddən artıq mənalıdır və yüksək bir ruh daşıyır. Orda heç kəs bayrağa, dövlətin atributu olan puluna hörmətsizlik edəbilməz. Toylarda Amerikan dollarını oynayanların, gəlinin, bəyin başına səpirlər, ancaq öz pullarını səpib ayaq altına salmırlar, bu atributlara hörmətsizlik edənlərə də xalq o saat dərsini verir.
   
   Azərbaycan və Türkiyə əzəli və əbədi qardaşdır. İnşallah bu seçkidən sonra tarixi qardaşlığımız və dostluğumuz yolunda daha yeni və gözəl işlər görəcəyik.
   
   Yenə deyirəm, seçki günü sandıq başına gedin və vətəndaşlıq hüququnuzdan istifadə edin. Mənim də sizin kimi Qarabağda evim qaldı, qohumlarımın evi-ocağı, torpağı qaldı. O torpaqlarımızı mütləq qaytaracayıq. Hörmətli Dövlət Başqanımız da bu yolda əsla güzəştə getmədi və getmək fikrində də deyil. O dəfələrəl dedi ki, biz məsələnin dinc yolla həllini istəyirik, lazim gəlsə torpaqlarımızı silahımızın gücüylə almağa qadirik və alacayıq. Biz, dövlət rəhbərimiz Cənab İlham əliyevin əmrində hər işi görməyə qadirik, görəcəyik də...
   
   Təkrar millət vəkili seçilərəm və ya seçilməm. Seçilməsəm də indiyə kimi problemlərinizin həlli üçün nələr etdimsə indən belə də edəcəyəm. Məni hədsiz sevindirən bir hadisə də Qarabağlı qaçqınların heç kəsdən hərhansı şey gözləmədən alnının təriylə öz çörəyini qazanmasıdır. Bu da xalqımızın nə cür yüksək bir ruha və mənəviyyata malik olduğunu sübut edir. Biz böyük bir millətin evladlarıyıq, bunu əsla yaddan çıxartmamalı və balalarımızın qulağına daim bu həqiqəti pıçıldamalıyıq. Hamınızı təkrar hörmətlə salamlayıram. Allah amanında".
   
   Dostum Aqil Abbasın bu sözləri qarşısında, "dilin, ürəyin var olsun" deməkdən savayı əlimdən heç nə gəlmir. Aqil Abbas, Türkiyə-Azərbaycan dostluğu va qardaşlığı üçün gərəkli bir şəxsiyyətdir. Türkiyəni, Türkiyədəkilərdən də çox sevən, Türkiyənin, Türk dünyası üçün nə cür strateji önəmə malik olduğunun fərqində olan bir aydınımızdır. Öz qəzetində indiyə kimi özünün təbliğatının nəinki aparılmasına, bir kəlmə belə yazılmasına icazə verməməsi onun nə boyda böyük bir ürəyə və ruha malik olduğunu sübut edir. İnşallah mənim bu yazımı təbliğat gözündə görməz və çap olunmasına mane olmaz.
   
   Yolun açıq olsun əziz və istəkli dostum Aqil Abbas Bəy, Tanrı sənə və Azərbaycana yar olsun.

(P.S. İsteyen media qurumu meqalemi yaya biler)