
S. Altayli
Azərbaycan Türkcəsində işlədilən bir
ifadə var: İlanın ağına da lənət, qarasına da. Bu ifadənin
məqsədi aydındır. Onların ağı da qarası da birdir, eyni təhlükə
hər ikisindən də gözlənə bilər.
Amerika ilə tarix boyu heç döyüşmədik. Ancaq yüzillər boyu
Çar Rusiyası və Rus imperializminin maskı olan Qırmızı İnqilabı
reallaşdıran Bolşevik Rusiya ordularıyla üz-üzə dayandıq.
Ölkələrimiz işğal edildi, ziyalılarımız qondarma məhkəmələrə
çıxarılıb "Pantürkizm, Panturanizm ideologiyasına qulluq edirsən
deyə ittiham edildilər, kimisi Sibirin buzlu cəhənnəminə
yollandı, kimisi küçənin ortasında günün günorta çağındaca
güllələndi. Öz vətənini və millətini sevir deyə gecənin oğlan
çağında həyat yoldaşının, oğul-uşağının nalələrinə fikir
vermədən zor gücüylə evdən götürüldülər və qondarma məhkəmələrə
çıxarıldılar qondarma ittihamlarla güllələnmə cəzasına
uğradılar. Azərbaycan Türkcəsində "qapın çırpılsın" qarğışı
tuthatut illərinin məhz bu əməllərinə görə yaradıldı. Bakının
burnunun dibindəki Nargin adasına xalq "Ölüm Adası" adını qoydu,
çünkü bura gedən gəlmirdi, eynilə Yəmən kimi.
"Yəmən bənim nəyimə
Şivan düştü əvimə"
Tarixdə güclü oluduğumuz zamanlarda qərblilər də, ruslar da
bizimlə daim yaxşı yola getdilər. Zəif, gücsüz və ya daxili
problemlərimizlə cəbəlləşdiyimiz vaxtlarda isə yaradılan süni
səbəblərə ya da müxtəlif bəhanələrə görə üstümüzə hücum
çəkdilər, qırğınlar törətdilər. Vəg Anadolunu güclə xilas etdik,
ancaq Azərbaycan, Orta Asiya və Sibir türklüyünün işğalına mane
ola bilmədik.
Heyhat..! Tarixdəki bəzi məqamlar yada düşəndə insan
hiddətdən özünü itirir. Ehey ulu babalarımız, əmir Teymur,
İldırım Bayəzid, Yavuz Sultan Səlim, Şah İsmail Xətayig!
Bir vaxtlar bugünkü Avropanın həddən artıq hikkəli və güclü
xalqlarının dərəbəyləri Osmanlının adı çəkiləndə az qala özünü
batırırdı. Dünənə kimi bir-birinin qanını içən Avropalılar, bir
araya gəldilər və Avropa Ortaq Bazarını yaratdılar. Sonra da onu
Avropa Birliyi elədilər, inkişaf edib bugünkü qüdrətlərini əldə
etdilər. Hələ dünənə kimi kommunist sistemdə olan Rumınya,
Bolqarıstan və Macarıstan kimi ölkələri Avropa Birliyinə qəbul
etdilər. Biz də əlli ildir dinimiz və soyumuz fərqli olduğumuza
görə qapıda gözləyirik.
Gələk özümüzə. Bir-birimizlə vuruşmaqdan baxıb ancaq görməyən
korlara döndük. Bunlar kifayət etmirmiş kimi elmdən, ürfandan da
uzaqlaşıb əzbərçi bir təlim sisteminə yönəldik. Nəsrəddin
Tusilərin, İbni Sinaların, Farabilərin, Şəyx Səfiyəddin
Urməvilərin elmi mirasına yiyə dura bilmədik. Avropalılar, İbni
Sinanın yazdığı tibb kitablarını 19-cu yüzilliyin axırına kimi
universitetlərində dərslik kimi tədris etdilər, həkimlər,
davaçılar, kimyagerlər, astronomlar yetişdirdilər, axırda atom
bombunu ixtira etdilər, texnolojidə əsri də o yana adadılar və
dünyada meydan sulamağa başladılar. Bizim isə elmdən və
texnolojidən payımıza kotan düşdü, cüt düşdü. 630 il hökmran
olan imperiyamız elmdən və texnolojidən uzaqlaşmamıza, rüşvətə
və yerlibazlığa yönəlməmizə, özgələrini zahiri görünüşdə
yamsılamağımıza görə tənəzzülə uğradı. Atatürk və silahdaşları
olmasaydı bugünkü Türkiyə də olmayacaqdı. Bunlar özünü bilən
insanlara izdirab verən və yol göstərən tarixi həqiqətlərdir.
Yerin nurla dolsun, Allah sənə nəhayətsiz rəhmət eləsin, ey
böyük şairimiz Məmməd Araz:
"Ey daşlaşan torpaqlaşan
ulu babam!
Bu günümdən dünənimə
uzaqlaşan ulu babam!
Küləkləşən, dumanlaşan
ruhunla sən
Ayağa dur, səninləyəm..!
Səs getməyən, əl yetməyən
qədim tarix dərəsindən
Səs ver mənim səsimə sən:
Səndən gələn, səndən ötən
nəydi beləə
Səndən ötüb qardaşına
dəydi beləə"
Bəli..! Yüzillər boyu ya bir-birimizlə vuruşduq və ya
özgələri birimizə hücum çəkəndə əlbir olmadıq, ona köməyə
getmədik.
Nəticədə, tarixi səhvlərdən dərs götürən Atatürk, Türkiyə
Cümhuriyyətini yaratdı və "Yurtda sülh, cahanda sülh" prinsipini
əsas götürüb illərlə döyüşdüyü ruslarla və qərblilər də olmaqla
hamıyla sülh bağladı. Azərbaycan da müstəqilliyini elan edər
etməz Türkiyəni nümunə götürüb həm ruslarla həm də qərblilərlə
dostanə siyasət yeritməyə başladı.
Dünyanın süper gücü ABŞ, özünü terrorizmin düşməni və
demokratiyanın qoruqçusu elan edib. Halal olsun..! Səddamın
əlindəki kütləvi qırğın silahlarını işlətməyə icazə vermədən
İraqa əlini qolunu tovlaya-tovlaya girdi, illərdi orda
demokratiya yaradacağam dedi və hər gün orta hesabla yüz iraqlı
partladılan bomblarla həlak edildi. Deməli ölən iraqlılar
demokratiyaya düşməndi və Amerika da demokratiya düşmənlərinin
aradan götürülməsi üçün orda idi?!
Ruslar da demokratiyadan tərəfdir və sülhsevərdir! Qərbi
Azərbaycandaki Türklərə ulu babalarından yadigar qalan
torpaqlarını onlardan alıb buraya gətirib məskunlaşdırdıqları
gətirilmə haylara hədiyyə etdilər..! Sonra da Xocalı
Soyqırımının törədilməsinə bələdçi oldular, yol açdılar. Diyəsən
Xocalı Soyqırımında vəhşicəsinə həlak edilən çağalar, körpələr,
nənələr, babalar demokratiyaya düşməndi həəə..! Demokratiya
aşiqi ruslar bununla da kifayətlənmədilər və Dağlıq Qarabağla
birlikdə Azərbaycan torqaqlarının iyirmi faizini işğal edib
haylara ərməğan etdilər. Dedik də..! Ruslar çooox alicənab və
əliaçıq, səxavətli bir xalqdır..!
Amerika və Avropa Türkiyəyə deyir ki, "Ermənistan qapısını
aç, yazıqlar acından az qala öləcəkdi".
Amerikadakı dərsliklərdə 1915-ci il hadisələrinin
"soyqırım!!!" olduğu yazılıb. Amerikan vətəndaşı türklər bunun
yalan və böhtandan ibarət olduğunu sübuta yetirəcək bir neçə
ünsürün də dərsliklərə salınmasını istəyib. Demokratiya aşiqi və
ədalət tərəzisi həddən artıq düz çəkən Amerika onların bu
tələbini əlinin tərsiylə o tərəfə itələyib. Ağ Evə 50-60 metr
məsafədə ermənilərə bir bina bağışlanıb və bu binadan soyqırım
muzeyi kimi istifadə edilməsinə icazə verilib. Pah atonnan..!
Amerika nə qədər də haqqa, haqqaniyyətə qulluq edir..!
Həftə ərzində yayılan xəbərlərə görə dünyanın super
demokratiya mühafizi, insan hüquqlarını canı bahasına qoruyan
ABŞ, Dağlıq Qarabağda Xocalı Soyqırımını törədən hayların
"yaratdıq" dedikləri dırnaqarası parlamentin sədri Aşot Qulyanın
ABŞ Konqresində görüşlər keçirməsini təmin edib.
Ruslar, yüzillər boyu bizə dəhşətli zərbələr vurdu, hələ də
vurur. Amerikalıları isə özümüzə müttəfiq elədik və
sərvətlərimizdən onların da istifadə etməsini təmin etdik.
Ruslar, Xocalı Soyqırımının törədilməsində baş rolu oynadılar.
Amerikalılar da Xocalı Soyqırımını törədənlərin Azərbaycan
torpaqlarını işğal etdiyi yerdə yaratdıqları dırnaqarası
parlamentin sədrinin Amerikan Konqresində görüşlər keçirməsini
təmin edir. ABŞ xülasə olaraq bunu demək istəyir: "Dağlıq
Qarabağda, Türklərin adını dırnaqarası qoyduğu o siyasi reallığı
qəbul edirəm, ayrı sözün var..?!"
Atalar düz deyib. İlanın ağına da lənət, qarasına da. İlan
ilandır, hərçənd ki, rəngi nə olarsa olsun.
Amerikanın keçmiş prezidentlərindən biri olan Bill Clinton
bir vaxtlar belə demişdi: "İyirminci əsrin ilk əlli ilini
Türkiyə müəyyənləşdirdi, iyirmi birinci yüzilliyin ilk əlli ili
də Türkiyənin götürəcəyi addımlardan asılıdır".
Gəl, gələk bizə. Papağımızı haçan qabağımıza qoyub
fikirləşəcəyik.
Məkanın cənnət olsun Sabir baba:
"Səs salma, yatanlar ayılar,
qoy hələ yatsın
Yatmışları razı deyiləm kimsə
oyatsın".
|