Pro. Dr. Cavad Heyət
|
Güntay Gəncalp |
Dəyərli insanlar haqqında yazı yazmaq bir roman yazmaqdan daha çətindir. Çünkü gerçək bir dəyəri yansıtmaq çətin işdir. “Dəyər” oluşdurma, “dəyər”li olma hər zaman böyük dirəniş və mücadilə gərəkdirmişdir. Heç bir dəyər birdən-birə var olmaz, var edilməz. Uzun bir sürəcin və evrilimin ürünü olaraq bir “dəyər” aşama-aşama, evrə-evrə və zərrə-zərrə oluşar. Özəlliklə özgürlüyün olmadığı ya da özgürlüyün qısıtlı olduğu ortamlarda dəyər icad etmək, dəyərli olmaq böyük özverilik gərəkdirər. Çünkü “özgürlük” yararlıolma, verimliolma olanaqlarını genişlətmək deməkdir. Bu üzdən də dəyərliolma yolundakı çabalayışlar dirək olaraq həm də özgürlük yolunda savaşım anlamındadır. Ancaq bu savaşım intellektual planda gerçəkləşər. Savaş, barış uğrunda olur. Bu savaş, özgür düşüncənin təqlidə və qaranlıqlara qarşı çıxmasıdır. Barış, “varlıq”ların kəndi ilkələri əsasında uyumlu gəlişməsidir. “Varlıq”ların uçurulması, təxribi var isə, barış da mümkün olamaz. Dəyərli insanın icad etdiyi dəyər kəndi bireysəl yaşamı ilə sınırlı qalmaz. Toplumsal yaşamı, ulusal tarixi və insanlığın ortaq evrilişini də dərindən etkilər. Ulusların kəndi dəyərli insanlarından etkilənimi aydınlığa doğru irəliləməyə yola açar. İşığı göstərən aydınlar olur. Çünkü uluslar kəndi ərədəmli və örnək şəxsiyətlərinin timsalında təmsil olurlar. Bu açıdan bəzi ərdəmli kişilərin gerçəkdən bir millət qədər dəyəri var. Bu ərdəmli insanlarımızın ən önəmlilərindən biri haqqında naçiz görüşlərimi bildirmək, yazmaq istəyirəm. “Naçiz” deyirəm çünkü Dr. Heyət dühasını və sevgsini, Dr. Heyətin insan haqları fəlsəfəsini, insansevərliyini və ədalət anlayışını ayrıntıları ilə anlada bilmək mənim zəif qələmimin öhdəsindən gəlməz. Sadəcə mən Türk ulusuna mənsub olan bir birey olaraq boyunumda və vicdanımda olan Dr. Heyətə qarşı vəfa borcumu ödəmək istəyirəm. Dr. Heyət bütün zərrələri ilə Türk ulusunun mənəviyatında, dilində, arzularında və ülkülərində yerləşmişdir. Böyləsinə bir ulu insan haqqında görüşlərimi, duyqularımı bilıdirmək istəyirəm. Böyük yüksəlişimizin və varoluşumuzun səbəbkarı haqqında yazmaq istəyirəm. ** İranda devrimin yararlı tərəfləri də oldu. Türklər açısından yararsız tərəfinin daha da qabarmasının səbəbi İranda yaşayan Türklüyün milli kimlikdən, milli bilincdən yoxsun olması idi. Bu yoxsunluq üzündən çox fürsətlər əldən çıxmışdır. Yoxsa inqilab sonrası milli haqlarımıza çata bilərdik. Ancaq bu istək yolunda heç bir toplumsal devinim olmadı. Ulusal kimliyin yüksəlişi doğrultusunda bir dayanaq əksəni (mehvəri) yox idi. Nə uzaq keçmişdə olmuşdur nə də yaxın keçmişdə. Bu dayanaq əksənini inşa etmək gərəkirdi. İştə Dr. Heyət dühası İran Türklərinin ağlında mədəni bir devrim gerçəkləşdirmək üçün ortaya çıxmışdır. Dəyərli olmaq var olan dəyərləri bir çatı altında mərkəzləşdirib bütünləşdirmək deyildir yalnızca. Var olanı düzənli bilgi halına gətirmənin yanı sıra çağdaşlaşma olanaqlarını sağlamaq, yuxarıya doğru yüksəlişin yolunu açmaqdır həm də. Dr. Heyət bu baxımdan bir fərd kimi deyil, bir neçə istedadlı fərd kimi fəaliyət göstərmişdir. Soyuq Savaş dönəminin ideolojilər savaşı olduğu bəllidir. Ancaq zamanın ötəsinə yüksələnlər bu dönəmin aldadıcı, keçici olduğunu anlayabilirdilər. Cavad Heyət bunu anladığından, həm də çox dərindən anladığından “zaman”ın ötəsindəki ehtiyaclara görə davranmışdır. Yəni bir ulusun tarixdə varoluş təməllərini və ilkələrini göz önündə bulundurmuşdu. Soyuq Savaş dönəmində minlərcə insanımız sağ-sol ideolojilər yolunda öldürüldülər. Həm də böyük cəsarət göstərərək ölürdülər. İçəriyi olmayan bu cəsarət İranda caydırıcı sosial psikoloji oluşdurmuşdu. Türk milli kimliyi yolunda çalışanlara aşağılayıcılıq anlamında “pantürkist”, “Türkiyə casusu” deyirdilər. Ancaq zamanın irəliləməsi yavaş-yavaş gerçəkləri ortaya çıxaracaqdı.
İnqilab olduğunda mən çox aşağı yaşda idim. Böyüdükçə gözümün önündə cərəyan edən olaylara tanıq oldurdum. Türlü-türlü ideolojilərdən etkilənməmək mümkün deyildi. Etkilənim dönəmi duyqusal və ussal planda bitmədikcə, etkiləmək olanaqsız olur əlbəttə. Oxuya bilmək üçün şəhərə köçmüşdük və şəhər həyatına başlamışdım. Şəhərlərin kitab mağazalarında hər dəfə gözlərim vitrində minlərcə farsca kitabın içində bir tək Türkçə “Varlıq” dərgisinə toxunduğunda içimdə bilinməz sorular şəkillənirdi. Öyrənci həyatımdakı maddi əksiklik kitab və dərgi almağa izn verməzdi. Bu üzdən də dərgilərin bir sürə sonra ikinci əldən daha ucuz satıldığı zamanı bəklərdim. Böyləcə mənim üçün heysiyət örnəyi olan Dr. Heyətlə tanış olurdum uzaqdan-uzağa. Tanış olduqca da ilginc olaylarla qarşılaşırdım. Bir fərd olan Cavad Heyətə qarşı bütün ideolojik örgütlər, dövlət düzənində geniş imkanları əllərində bulunduran şəxslər və hətta dövlət özü də qarşı idi. Kimliyini yaxşı tanımadığım Cavad Heyəti mitolojilərin qəhrəmanlarına bənzədirdim öz çocuqluq xəyallarımda. Bu qədər əngəllərə qarşı necə çıxa bilir, necə çıxara bilir bu dərgini kəsintisiz olaraq? Ərəb əlifbasında çıxan və bizlər üçün oxunması çox asan olan bu dərgi vasitəsi ilə Türk dilinin qramatikası ilə, şeir sənəti ilə, Türk tarixi ilə, Türkiyənin və Azərbaycanın milli şəxsiyətləri ilə tanış olurdum. Bu üzdən də həyatımda ilk öyrətmənim Varlıq dərgisi olmuşdu. Milli duyqularım gəlişdikcə Ərdəbildə yalnızlıq hiss edirdim. Şeirlərimi oxuyacaq birisi yox idi. Ancaq “Varlıq” dərgisində bəzi adlarla tanış olurdum. Tanış olduqca da yanlızlıq duyqularım gedərilmiş olurdu. Dərginin adının “Varlıq” olması çox önəmli idi. Çünkü “Varlıq” fəlsəfi bir qavramdır. Dərin anlamı var. Bütünləşdiricidir. Türk kimliyi özünü həm özgün bir “varlıq” həm də “varlıqlar”ın birəşimində (tərkibində) kəndisini göstərmiş olurdu. Bu dərgi unudulmuş insanlara dəyər və moral verərək, onları toplumun sayqın insanlarına çevirirdi. Şəhriyar “Heydər baba”nı yazdıqdan sonra unutdurulmağa çalışırlırdı. Bilim dünyasında ünlənmiş Cavad Heyət kimi bir insan Şəhriyara moral verərək onun həm Türkçə yazmasını təşviq edirdi, həm də şairin dəyərinin hansı sevimli bir aşamada olduğunu göstərmiş olurdu. Şəhriyar yaradıcılığını “Varlıq” dərgisi övdükçə yeni şeirlər şair tərəfindən işıq üzü görürdü. “Varlıq” dərgisinin bu nəcabətli tutumunu Şəhriyar gözəl bir şeir ilə övəcəkdi: “ Hər çənd qurtulmaq hələ yox darlığımızdan,an, Ancaq bir azadlıq doğulub varlığımızdan. “Varlıq” nə bizim təkcə azadlıq quşumuzdur, Bir müjdə də vermiş bizə həmkarlığımızdan. Bəh-bəh, nə şirin dilli, bu cənnət quşu tuuti, Qəndin alıb ilham ilə dindarlığımızdan. Dil açmada karlıq da gedər, korluğumuz da, Çün lallığımız doğmuş idi karlığımızdan. Düşmən bizi əlbir görə, təslim olu naçaar, Təslim oluruq düşmənə naçarlığımızdan. Hər inqilabın vur-yıxı son bənnalıq istər, Dəstur gərək almaq daha me'marlığımızdan. Huşyar olasız, düşməni məğlub edəcəksiz, Düşmənlərimiz qorxuru huşyarlığımızdan. Birlik yaradın, söz bir ola biz kişilərdə, Yoxluqlarımız da bitəcək “Varlıq”ımızdan.”
Səhənd, Həmid Nütqi, Fərzanə kimi şairlər
və araşdırmacılar, düşüncəsi ideolojilərin qaranlıqlarına
gömülmüş Türk toplumu üçün böyük bir səbirlə tanıdılırdı.
Mən gənclik yaşıma girdikçə bilgisəl ehtiyaclarım da
artırdı. Dr. Heyətin şəxsiyəti haqqında bilgilərim də
artırdı. Təbrizin soylu ailələrindən olan böyük iradəli bu
insana içdən-içə mənəvi bağlılıq hiss edirdim yaxından
buluşub hüzurundan feyzyab olmağım mümkün olmasa da.
Şəhriyarın Bakı şairlərinə, Bakı şairlərinin Şəhriyara
yazdıqları məktublar İranda yaşayan Türklərin “ayrılıq”,
“həsrət” və “qovuşma” duyqularını estetik biçimdə
güncəlləşdirir, dərinləşdirirdi. Dr. Heyət, Soyuq Savaşın ən
qatı vaxtında tibb bilgilərinin gücü ilə Güney və Quzey
Azərbaycan arasında mənəvi ilişki bərqərar edə bilmişdi.
Moskovaya etdiyi elmi səfərləri ilə və orada Dr. Nurəddin
Rzayev kimi alimlərlə tanış olmaqla geriyə döndüyündə yeni
bilgilər, yeni xəbərlər və ədəbi məlumatlarla dönürdü. Bütün
bu ilişkilər gələcəkdə böyük aydınlanma projəsinin
altyapısını oluşduracaqdı. Bu ilişkilər ortamında Bəxtiyar
Vahabzadə kimi yaxşı şairlərimizin əsərləri Güney
Azərbaycanda və İranda bilinəcəkdi. Bəxtiyar Vahabzadə,
Professor Doktor Cavad Heyətin elmi və mənəvi fəaliyətlərini
“Bıçaq və qələm” adlı şeirində dəyərləndirmişdi.
Vahabzadənin şeirləri “Varlıq” dərgisində İrandakı oxucuları
da etkiləyəckdi. “Varlıq” dərgisinin hansı nömrəsində
olduğunu unutduğum Vahabzadənin bir şeiri o zaman mənim
milli düşüncəmə təkan vermişdi. O zaman bu şeiri
əzbərləmişdim və heç bir zaman da yadımdan çıxmaz:/p>
“Filin
ayağına hələ körpəykən,ən,
Zəncirli,
qıfıllı qandal vurdular.
Niyə? Çünkü
onun gələcəyindən,
Ağır
zərbəsindən çox qorxurdular.
*
Günlər aya
döndü, aylar il oldu,
Böyüdü bala
fil yekə fil oldu.
*
O elə bildi
ki, elə sandı ki,
Bəzəkdir,
ziynətdir qandallar filə.
O elə bildi
ki, elə qandı ki,
Dədə-babası
da yaşarmış belə.
*
Onu
incitmədi bu tutsaq halı
Yəqin ki, bu
mənim haqqımdır dedi.
Fil öz
ayağında gördü qandalı,
Məhbus
olduğunu qana bilmədi.
*
Zərərsiz
heyvandır gördülər bu fil,
Azad
eylədilər onu zəncirdən.
Ancaq elə
bil ki, o, heç fil deyil,
Bir addım
atmadı durduğu yerdən.
*
Yeri, yeri
deyə vurdular onu,
Qalxmadı,
qamçıya başını əydi.
Axı
azadlığın nə olduğunu,
Fil hardan
biləydi, fil nə biləydi?!
Biz bu bilgiləri bir tək şəxsiyətin
hesabına əldə edə bilirdik: Cavad Heyətin.
Dr. Heyət, həyatını ideolojilər yolunda
fəda edən Türk gəncləri üçün çox acımışdı. Onların bəziləri
Pəhləvi rejimi ilə silahlı savaşda yaralanırdılar. Bu
yaralananlardan bir neçəsinin yarasını Dr. Heyət sarmışdı.
Bunlardan biri də gənc və istedadlı şairimiz Oxtay olmuşdur.
Oxtayın lirik şeirləri bu gənc adamın içində nə qədər dərin
sevginin var olduğunu göstərməkdədir. Oxtay qısa ömründə
Türk dilində bir şeir kitabı yaza bilmişdi. “Mən məhəbbət
yollarında—Can qoymağa yaranmışam” söyləyən Oxtay gerçəkdən
də yaşamını inandığı ideoloji yolunda qurban vermişdi.
Oxtayın son anlarını Dr. Heyət görmüş, onun yaralarını
sarmışdı. İranda devrim olduqdan sonra Dr. Heyət Oxtayla
olan xatirlərini Fars dilində yaxşı romanlar, Türk dilində
də bəzi şeirlər yazan yazar Rza Bərahəniyə anlatmışdı. Dr.
Heyət və Oxtayın xəstəxanada buluşmaları Rza Bərahəninin
yazdığı “Öldürülənlərin şərqisi” adlı romanda öz əksini
tapmışdır. Bu romanda Doktor Cavad Heyət, Doktor Cudi kimi
təsvir edilmişdir. İştə böyləcə Dr. Heyət toplumsal və
intellektual yaşamımızın bütün qatmanlarında yerləşmişdi.
Cavad Heyəti ixtisasına görə həkim kimi tanıyırıq. Ancaq O,
dilçi, tarixçi, jurnalist, filsof kimi də bilinməkdədir.
Fəlsəfi əsərlər yazdığını daha sonra yaxından tanış
olduğumuz zaman öyrənəcəkdim. Bu fəlsəfi əsərlər hələ
yayımlanmamışdır.
Soyuq Savaş bitmişdi. Bir çox ideolojilər
kəndiliyindən bu savaşın bitimi ilə eş zamanda tarixə
gömüldülər. Bu zaman Dr. Heyətin gördükləri işlər öz
nəticəsini göstərməyə başlamışdı. Milli kimliyin dərki
yolunda Doktor bəyin onillər içində oluşdurduğu qaynaqlar və
bilgilər əlimizin altındaydı. Dr. Heyəti yenidən kəşf
edirdik. Ancaq Soyuq Savaşın bitimi də bizə acılar gətirdi.
Qarabağ savaşı başlamışdı. Savunmasız, silahsız və yalnız
olan Azərbaycana ermənilər saldırır insanları amansızca
öldürürdülər. Erməni-Rus birliklərinin ortaq saldırısı
Xocalı olayında vəhşiliyin zirvəsinə çatmışdı. O zaman mən
Bakıya yeni gəlmişdim. İzdihamlarda tarixdən az-çox xəbəri
olan 70-80-90 yaş arasında narahat kişilərin öz-özünə “Ənvər
Paşa”, “Nuru Paşa” pıçıldadıqlarını duyurdum. Böyük
ruhlardan imdad bəkləntisi var idi. Tam bu sırada Dr.
Heyətin Türkiyə Cümhuriytinin başbakanı Süleyman Dəmrələ
yazdığı açıq məktub yayımlandı. Doktor bəy Xocalı qırğınına
işarə edir və nədən Türkiyənin susqun durduğunu sorurdu. O
zaman Dr. Heyətin bu məktubu çox təsirli oldu. Ən azından
Prof. Dr. Cavad Heyətin necə vicdanlı bir Türk olduğu Türk
tarixi üçün bəlli oldu. İllər sonra Doktor bəylə yaxından
görüşüb bolca söhbətimiz oldu. Doktor bəy bu məktubla bağlı
bunları söyləyirdi içi yanaraq:/p>
“Xocalı
faciəsini eşitdiyimdə həyatımda heç bir zaman örnəyi
görünməmiş ruhi sarsıntı yaşadım. Gözlərimdən yaş öz-özünə
axıb gedirdi. Nə edə bilərdim? Türkiyə Böyük Elçisini aradım
Tehranda. Görüş istədim. Getdim görüşünə. Yüksək səslə Elçi
ilə danışırdım. Çox gərgin idim. O da rahatsız idi. Elçi də
rahatsız idi və məni anlayırdı. Sonra təklif etdi ki,
Süleyman Dəmrələ bir məktub yazım.” Dr. Heyət bu sözləri
danışarkən sanki Xocalı faciəsinin acılarını yenidən
yaşarcasına görünürdü. Mən isə, əsrimizin və tariximizin bu
böyük insanı ilə yaxından danışmanın hüzuru içində idim.
Azərbaycanda və Türkiyədə Dr. Heyətin bir
çox elmi konferanslarına qatıldım. Bu konferanslarda
Doktorun səsini eşitdiyimdə hər zaman dərindən duyqulandım.
Bəzən göz yaşlarım zövqlü bir şəkildə öz-özünə axı verirdi.
Dr. Heyətin səsi çox etkiləyicidir. Çox uzaqlardan gəlir,
ordan, tarixin və gələcəyin orasından, dərinliyindən.
Kaşqarlıdan, Nəvaidən, Füzulidən, dildən və tarixdən
danışdığında sanki Kaşqarlının kəndi səsini duyar kimi
olurdum. Ya da bilinməz ərmiş bir Türk bilgəsinin səsini.
Bir kərəsində kəndilərinə “Üstad, Sizin bu sevgi və bilgi
dolu səsinizi duymaq mənə mənəvi hüzur gətirir. Çox
duyqulanıram” söylədim. /p>
Bu gün bu
dəyərli insanın doğum günüdür. 85 il verimli və sevgi dolu
bir yaşam. Qəlbimizdəsən Böyük Üstad.
25.05.2010 |