Elə tarixi qəhrəmanlarımız var ki,
onların xalqın yaddaşında daşlaşmış obrazı üzərinə saxta
tarixşünaslıq konsepsiyaları nə qədər toz-çirkab ələsələr də,
əvvəl-axır bu çirkabı zaman təmizləyir və həmin qəhrəmanların
uğrunda mücadilə etdikləri yüksək milli-ruhi və vətənpərvərlik
amalları bizləri bu millətin Tanrı qarşısındakı müqəddəs
missiyasını dərk etməyə, möhtəşəm keçmişimizlə qürur duymağa,
sabahkı mübarizələrə daha böyük bir şövqlə atılmağa sövq edir.
Acınacaqlı burasıdır ki, millətimizin 200 illik işğal, fiziki
soyqırımı və mənəvi assimilyasiyası prosesi zamanı
qəhrəmanlarımızın tarixi yaddaşımızda canlanan obrazları
üzərində hər cür «eksperiment» aparılıb. Millətin gələcək
nəslini kor qoymaq, yadlaşdırmaq, təfəkkürcə
beynəlmiləlləşdirmək niyyəti bu «eksperimentlərin» nəticələrinə
diqqət yetirərkən açıq-aydın görünməkdədir. Son yüzilliklərin
Nadir Şah Əfşar, Ağa Məhəmməd Şah Qacar, Cavad Xan Gəncəli kimi
gerçək qəhrəmanları velikorus şovinizminin maraqlarına zidd
mübarizə apardıqlarına görə onları bizlərə birbaşa düşmən kimi
təqdim ediblər. Uzaq tariximizdə yer almış Sanatürk Beyləqanlı
kimi adlı-sanlı ərənlərimiz Qafqaza soxulmağa cəhd edən
erməni-hayların burnunu ovduğuna görə ümumiyyətlə xalqdan
gizlədilib. Üstəlik, S.Şaumyan, S.M.Kirov, Ə.H.Qarayev, Qatır
Məmməd, N.Nərimanov və s. kimi yeni və süni «sovet qəhrəmanları»
da yetişdirməyə cəhd ediblər. Bütün bunlar xalqa yaxşı məlumdur.
Lakin sovet tarixşünaslığının millətimizin tarixi keçmişinə
qarşı yönəlmiş daha iyrənc əməli bir sıra tarixi qəhrəmanların
mübarizə motivlərinin xalqa yanlış şəkildə təqdim olunmasıdır
ki, müstəqillik dönəmində bunun haqqında nədənsə çox az
danışılır. Səttarxan, Bağırxan, Xiyabani, Qaçaq Kərəm, Qaçaq
Nəbi, Dəli Alı, Kərbəlayi İsmayıl, Abbasqulu bəy kimi tarixi
şəxsiyyətlərin apardıqları mücadilənin mahiyyəti elə
saxtalaşdırılıb ki, bu gün də xalqın böyük bir qismi onlara bir
zamanlar təqdim olunan yalanların həqiqət olduğunu güman
etməkdədir. Kommunist-bolşevik qaragüruhunun tarixi
qəhrəmanlarımızla bağlı yürütdüyü xətt özündə aşağıdakı
prinsipləri ehtiva edirdi: 1. Rus dövləti şovinizminə qarşı sərt
şəkildə mübarizə apardığına görə Azərbaycan türklərinin
qəhrəmanları üzərində xüsusi «iş» aparılmalıdır; 2. Bu mübariz
xalqın tarixi qəhrəmanları elə günə qoyulmalıdır ki, xalq
onların obrazında öz azadlıq və istiqlal arzularının
gerçəkləşməsi yollarını görə bilməsin; 3. Azərbaycanın xalq
qəhrəmanları ilk növbədə öz baxışlarına və mübarizə üsuluna görə
utopik sosializm ideyalarının daşıyıcısı rolunda
canlandırılmalıdır; 4. Bu qəhrəmanların imkan daxilində hamısı,
ən pis halda isə böyük əksəriyyəti ailəsi problemli və özü də
sonsuz birisi kimi təqdim edilməlidir; 5. Bu xalq qəhrəmanları
mümkün olduğu qədər İslam təfəkküründən uzaq, saxta bəşəri
dəyərlər uğrunda özünü fəda edən, milli tərəqqi, inkişaf və
özünüdərk düşüncəsinə yad birisi kimi göstərilməlidir; 6. Bu
qəhrəmanların təbliğ olunan xarakterik keyfiyyətləri içərisində
ayrı-ayrı müəmmalı «nöqtələr» saxlanmalıdır ki, sonradan
müstəqil tarixçilər və geniş ictimaiyyət həmin detallara sərbəst
şəkildə diqqət yetirərkən özü özünü təkzib etmiş olsun; 7.
Nəhayət, bu xalqın qəhrəmanları öz etnik-milli kimliyinə görə
mübahisəli adamlar kimi xalqa təqdim olunmalıdır. Bu minvalla
sözügedən prinsiplərdən irəli gələrək sovet dövründə tarix
kitablarında yer almış «Azərbaycan qəhrəmanları» obrazlarının
xalqa təqdim olunma tərzinə diqqət yetirsək, acınacaqlı bir
vəziyyətin şahidi olacağıq – bu kitablara əsasən, · Babək bizim
dinə qulluq etməyən bir «kafir», «öz başçısının əyalına tamah
salmış bir əxlaqsız» yaxud yüz minlərlə mömin müsəlmanın qanını
axıtmış bir «zalım» kimi; · Koroğlu «milliyyəti naməlum və ya
qeyri-türk olan», «öz düşmənlərini öldürüb sonra onların
qızlarını öz yurduna gətirərək onlara xoşbəxt həyat vəd edən bir
anormal» yaxud «sonsuz» birisi kimi; · Şah Abbas «farslara
qulluq edən» birisi kimi; · Ağa Məhəmməd şah Qacar «işğalçı,
qaniçən» yaxud «kişiliyi olmayan bir xədim» kimi; · Nadir Şah
Əfşar «yadelli», «zülmkar» kimi; · Cavad xan Gəncəli «iranlılara
satılmış» birisi kimi; · Qaçaq Kərəm, Dəli Alı və digərləri
«hansısa bir ağa ilə şəxsi ədavətinə görə qaçaqlıq etmiş» birisi
kimi; · Fətəli Xan Xoylu, Həsən bəy Ağayev, Əhməd bəy Ağaoğlu,
Əli bəy Hüseynzadə və digərləri «sinfi düşmənlər»,
«kapitalistlərin mənafeyini müdafiə edən mürtəce bəylər» kimi; ·
Kərbəlayi İsmayıl kimi ağsaqqallar sovet hakimiyyətinə qarşı
mübarizə aparan bir «qolçomaq», «kulak» kimi xalqa, xüsusən də
gənc nəslə təqdim olunub. Bununla paralel olaraq, həm də yeni
süni «sovet qəhrəmanları» qayırıblar bu millət üçün. Bu millətin
ayağının altını qazımış, onun çörəyini yeyib, başına bəlalar
gətirmiş nə qədər vələdüzzina, nə qədər gədə-güdə varsa,
hamısını ucdantutma bu millətə qəhrəman kimi sırıyıblar. Lakin
nə qədər hiyləgər, məkrli və həqiqətlərin üstünə pərdə çəkən bir
konsepsiya olsa da, sovet tarixşünaslığını yönləndirənlərin ağlı
bir şeyi dərk etməyə yetməyib – onlar düşünməyiblər ki, nə
vaxtsa bu imperiya və onun yeritdiyi siyasət iflasa uğrayacaq,
nə vaxtsa Azərbaycan türkü zülmün girdabından qurtularaq öz
istiqlalına qovuşacaq və öz qəhrəmanları barədə ağzına qıfıl
vurulmuş həqiqətləri cidd-cəhdlə,
inadla araşdırıb üzə çıxarmağa başlayacaq. Diqqət yetirsək, bir
çox igid şəxsiyyətlərimiz məhz bu prinsiplər əsasında «çıxdaş»
və ya «saf-çürük» edilmişdir. Koroğlu adlı gerçək xalq
qəhrəmanından «anti-türk mövqeli alovlu utopik sosialist»,
fəaliyyəti hələ də qeyri-müəyyən olan Cavanşirdənsə «mahir
siyasətçi və sərkərdə» qayıran sovet tarixşünaslığı digər
tərəfdən bir çox həqiqi qəhrəmanlarla yanaşı Babək adlı tarixi
şəxsiyyətimizi də rahat buraxmamışdır. Xilafət sarayının
yalan-palan yazmaqla məşğul olmuş tarixçilərinin və milliyyətcə
fars olan digər yazarların zaman-zaman yazdıqları təhrif dolu
fikirlər azmış kimi, Babəkin (Həsənin) apardığı ruhi mücadilənin
mahiyyəti sovet dönəmində ən iyrənc formada saxtalaşdırılmış,
onun qırmızı bayrağı «əski kommunizm elementi» kimi
dəyərləndirilmiş, Abbasilər sülaləsinin yürütdüyü siyasətə qarşı
qaldırdığı üsyan «ərəb işğalına qarşı azadlıq hərəkatı» kimi
qələmə verilmişdir. Maraqlıdır ki, sovet tarixşünaslığı Babəklə
bağlı irəli sürdüyü konsepsiyanı əsaslandırmaq üçün ərəb
xilafəti dövrünün bir sıra saray tarixçilərinin yazdıqları
əsərlərə istinad etmişdir. Məhz bu nöqteyi-nəzərdən Babək
şəxsiyyəti, onun apardığı mübarizənin əsl mahiyyəti barədə bu
gün daha dəqiq fikir söyləmək üçün gərək lənətəgəlmiş sovet
tarixçilərinin əməllərini bir kənara qoyub hər şeydən əvvəl
sözügedən ərəb tarixçilərinin yazdıqlarına diqqət yetirək,
onların yazmış olduqları kitablarda rastımıza çıxan yalanları
ifşa etməklə yanaşı, həm də bir sıra incə və qaranlıq qalmış
mətləblərin üzərinə işıq salaq. Etiraf etmək lazımdır ki, bu,
heç də asan deyil, və bu işdə
tarixi məxəzlərin məlumatlarını təhlil edərkən tez-tez dəmir
məntiqə və intuisiyanın gücünə yer vermək lazım gəlir. |