QADINLARIN
HƏSRƏT QALDIĞI XOŞBƏXTLİK
Xumar Cəfərli
Ailə
həyatı qurularkən hər bir qadın istəyir ki, həyat
yoldaşı onu daim ön planda qoysun və hər şeydən
üstün saysın. Hər an və hər zaman onu xatırlasın,
hər şeydə ona üstünlük versin, hətta ər onun istəklərinə
görə öz istəklərindən də imtina etsin. Çünki
qadın bütün ömrünü onunla keçirməyə razılıq verib, öz
ata evindən köçüb ərin evinə gəlib və tam
varlığı ilə ərinə tabe olubdur. Qadın həyat
yoldaşından ən isti və ülvi sevgini gözləyir, bir bədəndə
iki şəxsin yerləşməsi kimi yaxın olmaq istəyir,
mənzildə qoyulmuş mebel və ya bir əşya kimi evdə
oturmağı diləmir. Bütün bunları arzulayarkən, ər
evinə gələr-gəlməz qısa bir müddət keçən
kimi sanki bütün xəyallarının puç olduğunu düşünür. Hər
şeyin mənasız və dəyərsiz olduğunu fikirləşir.
Həyat yoldaşının evlilikdən qısa bir müddət
keçən kimi dəyişdiyini hiss edir və heç cür rahatlıq
tapa bilmir. Yaxınlarına və dost-tanışlarına həyatının
ağır olduğu barədə danışır. Ərinə,
ona heç əhəmiyyət vermədiyini şikayət edir. Əlbəttə,
yuxarıdakı arzularla yaşamaq və həyatda onlara nail
olmaq hər bir qadının haqqıdır. Ancaq hər
şeydən əvvəl qadın özünü sevməlidir və daim ərinə
şikayət etməməlidir ki, ona niyə əhəmiyyət
vermir. Hər zaman şikayət eşidən kişidə belə
bir fikir yaranır ki, o nə etsə də qadının
haqqını yenə verə bilmir və yaxud qadın onsuz da
ondan razı qalmayacaq. Lakin ağıllı qadın
çalışmalıdır ki, həyat yoldaşı ilə
keçirdiyi vaxtı ən gözəl, mənalı və şirin
keçirsin. Öz qadınlığını, incəliyini, zərifliyini
və həssaslığını həyat yoldaşına
göstərə bilsin. Çünki həmişə qadınından
narazılıq və şikayət görən kişi onsuz da əvvəl-axır
bezməlidir və xasiyyəti dəyişməlidir. Ərindən
ona nə qədər əhəmiyyət verdiyini, ona niyə
belə münasibət göstərməsini, onun həyatında
hansı yeri tutduğunu və sairə kimi suallar verməkdənsə,
qadın çalışmalıdır ki, həmişə onunla
sakit və xoş vaxt keçirsin.
Təbii ki, bunları etmək o qədər də asan deyil. Buna
hər bir qadının gücü yetməz. Bütün bunları eşitsə
də, oxusa da, bilsə də yenə qadınlar həmişə
eyni cür sualları verirlər; Ərim məni sevsəydi, məni
evi idarə etməyə qoyardı. Mənim sözümə qulaq
asardı, necə ki, rəfiqəmin əri həmişə
onun sözünə hörmətlə yanaşır. Ailəsini, mənə
hörmət etməyə məcbur edərdi və aramızda
olanların heç birini ailəsinə deməzdi. Evləndikdən
sonra bədənimdə və əynimdə olan dəyişiklikləri
tam razı halda qəbul edərdi. Mənim bütün xarakterlərimi
incəliklə qəbul edərdi və başqa qadınlardakı
gözəl xüsusiyyətləri sayaraq mənim hisslərimlə
oynamazdı. Başa düşərdi ki, mənim mənzil işlərim,
uşaqların tərbiyəsi, yeməyin hazırlanması,
paltarların yuyulması və sairə kimi çox işim olur. Hərdən
əsəbləşəndə və qışqıranda məni
başa düşməli idi ki, mənim işlərim çox
olduğundan bu vəziyyətə düşürəm. Mənim rəfiqələrim
və məni tanıyanlar mənə qiymət verirlər,
amma o məni qiymətləndirmir, amma fikirləşmir ki, mən
ondan da yaxşısına ərə gedə bilərdim. Məni
sevsəydi...
Bütün qadınlar buna oxşar şikayətlər edirlər.
Amma ağıllı qadın elə edə bilər ki, bütün məsuliyyətlər
ərin üzərinə düşsün. Ərinə bir şeyi məsləhət
etmək istədikdə ona, bəs belə etsək necə
olar, bəlkə yaxşı olar - deyər. Əri bunu qəbul
etmək istəməsə, artıq inciklik göstərməməli,
onu məcbur etməməli, "onsuz da bilirəm mən
dediyimin heç birini qəbul edən deyilsən" deməməli
və tərslik göstərməməlidir. Çünki çox vaxt bu,
kişilərin inadkarlığına səbəb olur və
evin kişisi olduğu üçün heç bir sözə qulaq asmadan elə
bildiyini etməyə məcbur edir. Qadın bezmədən və
incimədən həmişə həyat yoldaşına
yumşaqcasına və incəliklə məsləhət etməlidir
və əri bunu ilk təklifdə qəbul etmədiyini hiss
etdikdə, özünü razı kimi göstərməlidir. "Bilirəm
ki, sən daha düzgününü seçəcəksən və ailəmiz üçün
ən doğru seçim edəcəksən." - deməlidir.
Xoşbəxt olmaq istəyən qadın başqa
qadınların və rəfiqələrənin dediklərinin
hamısına inanmalı deyil. Bəlkə bəzi qadınlar
onu incitmək üçün belə edirlər. Yaxud da tutalım ki, həmin
qadınların dedikləri doğrudur və evdə nə istəsələr
ərləri razı olurlar. Amma bilmirlər ki, belə
kişilərin çoxusu başqa qadınlara meyl edirlər. Çünki
öz qadınlarının yanında sözləri keçmir və
başqa qadınların yanında özlərini əsl kişi
kimi hiss edirlər.
Ağıllı qadın qaynana və qaynata sevgisini
qazanmağı bacarmalıdır. Onlarla daim mülayim və zərif
davranmalıdır. Uşaqları onları sevməyi öyrətməlidir.
Qadınlar ailə qurduqdan sonra bədənlərindəki mənfi
dəyişiklikləri gördükdən sonra bu dəyişikliklərə
təslim olurlar. Fikirləşirlər ki, artıq ərə
getmişəm, olan-olub və keçən-keçib, ailəm var,
uşaqlarım var, ev işlərim var, indidən sonra mən
nəyə görə bəzənməliyəm və bədənimi
normal (fiqura) saxlamalıyam?! Ağıllı qadın isə nə
olursa olsun buna təslim olmalı deyil, iradəsini güclü
saxlamalıdır və daim özünün gözəl və cazibəli
qalmasına çalışmalıdır ki, ərini özündən
qaçırmasın. Çünki sonunda uduzan varsa o da özü olacaqdır.
Qadınlar həm də ərlərinə şikayət etdikdə
deyirlər ki; sənin uşaqlarına baxıram, tərbiyə
edirəm, evi təmizləyirəm, paltarlarınızı
yuyuram və sairə. Amma qadın düşünmür ki, qadın
bununla öz qiymətini salır və özünü xidmətçi kimi göstərir
və sanki heç o, bu ailənin bir üzvü deyil. Ağıllı
qadın deyərdi ki; "Uşaqlarımızı tərbiyə
edirəm, uşaqlarımıza baxıram, evimizi təmizləyirəm,
paltarlarımızı yuyuram" və s.
İşləyən qadınların çoxu isə belə bir
şikayət edirlər ki, iş yerimdə hamı mənə
hörmətlə yanaşır, qədrimi bilirlər. Amma həmin
qadına bir sual verilməlidir; Sən iş
yoldaşlarınla rəftar etdiyin surətdə, ərinlə
də rəftar edirsənmi?
Bəzi qadınlar evdə ərləri nə desə, buna
qarşılıq bir cavab verməlidir,
çığır-bağır salmalıdılar ki,
uşaqları görsünlər ki, analarının sözü sözdür.
Kişi bir söz dedikdə, qadın ikisini deyir, kişi əsəbləşən
kimi qadın da qışqırmağa başlayır. Beləcə
qadın, ailə həyatını döyüş meydanına
çevirir.
Qadınlar deyirlər ki; biz evlənməmişdən əvvəl
o məni elə sevərdi ki, mənimlə elə nəzakətli
idi ki, həmişə mənə məhəbbətlə
yanaşardı. Amma qadın demir ki; o özü həmişə incə
rəftar edərdi, oğlana gözəl və cazibəli görsənmək
üçün hər cür yollara əl atardı. Evləndikdən sonra isə
artıq əvvəl etdiklərini etmir axı. Nişanlı
olan vaxtlarında geyindiyi kimi, davrandığı kimi indi də
əri ilə elə davransa bu olanlar baş verərmi heç?!