باش ساغليغی

 

آذربايجان ادبيات سماسينين ايشيقلی اولدوزلاريندان بيری ده سؤندو!

 

آلديغيميز آجی خبره گؤره، آذربايجانين قوجامان شاعيری حاجی عبدالرحمان طيار (ده ده کاتب)  84 ياشيندا،  2009- جی ايل فورار آيی نين ... سينده اورمو شهرينده ابديته قووشدو.

ده ده کاتب 1304- جی گونش ايلی، اورمو شهری نين اطرافيندا يئرلشن قولونجو کندينده بير اکينچی و زحمتکش عايله ده دونيايا گؤز آچير. او، کلاسيک شکيلده تحصيل آپارماييب و تورکيه نين «تاتوان» شهرينده تورک ملا احمد آفندی و اوجا محمد امين – نين يانيندا عربجه تحصيل آليب و سونرالار اؤز فعاليتی  نتيجه سينده معلوماتين آرتيرميشدی، استانبول شيوه سينده تورکونو، هابئله عرب و فارس ديللرينی ده اؤيرنميشدير.

ده ده کاتب ايلک شعيرين عسگرليک چاغيندا يازيب، او ، عاشيق ادبياتی نين هوسکارلاريندان بيری ايدی و بو ساحه ده توکنمز اراده ايله امک صرف ائتمه سی نين اورمو شهرينده هرکس شاهيدی اولموشدور. ده ده کاتب ترکيه نين «قونيه» شهرينده فعاليت گؤسترن ادبيات درنگی نين عضوو ايدی و ائله جه ده « ده ده» عنوانی بو درنگ طرفيندن  مرحوما وئريلميشدی.

ده ده کاتب 60 ايل ديرلی عؤمرون آنا ديليميز آذربايجان تورکجه سينده شعير يازيب و دئمک ده صرف ائتميشدير. اونون اوچ اثری: «اينجيلی صدف» «اورمو گؤلو» و «گونوموز آيدين» بوگونه ده ک گون اوزو گورموشدور.

ده ده کاتب بوتون حياتيندا  ائل- اوباسين سئور بير اينسان کيمی خالقی نين و يوردونون باش اوجاليغی اوغروندا يورولمادان چاليشميشدير. بيز یو آغير ايتگينی اونون حورمتلی عايله سينه، قوهوم قارداشينا و بوتون اونو سئونلره، اؤزلليکله آذربايجانين ميللی – مدنی فعاللارينا باش ساغليغی وئرير و ده ده کاتبين اولو روحونا رحمت و شفقت ديله ييريک! روحو شاد اولسون. ده ده کاتبين شعيرلريندن بير نمونه آشاغيدا درج اولونور:

وارليغين سسی درگی سينين تحريريه هيئتی

 

دلی کونلوم يارادان ايسته درده درمان ای عزيز

قاچ ناکسين صحبتيندن اولار زندان ای عزيز

ويرانه لر گولشان اولسا بايقوش اولسا عندليب

آه چکيب آغلار قناره يانار گولشان ای عزيز

قيله داشی جاماکادا قيزيل اولماز قال اولماز

قاره زيگيل زنخداندا اولسا هندی خال اولماز

ها گزه ر ويزا ويزايله خرمگسدن بال اولماز

يارادان زنبور ياراديب باغلادير شان ای عزيز

نانجيب لر خان اولسالار ناله م چيخار آسمانا

عاليم که بی عمل اولدو آتش وورار قرآنا

آج اصلانلار دايانيب تولکو گيرسه ميدانا

مرد ميدانلار قان آغلار سيزيلدار جان ای عزيز

ده ده کاتب حقی دئيب چشم گريان اولسادا

انصافسيزدا ايمان اولماز اهل قرآن اولسادا

يئمه نامرد لقمه سينی مرغ بريان اولسادا

ال آت مردين سفره سيندن يئه قورو نان ای عزيز

طيار، عبدالرحمان « ده ده کاتب»  

 

   

GƏLİMLİ-GEDİMLİ DÜNYA

 

Böyük Türk dünyasının oğlu, şair, dramaturq, akademik Bəxtiyar Vahabzadə 2009-cu ilin fevral ayının 13-də vəfat edib.
Bəxtiyar Vahabzadə1925-ci ildə Azərbaycanın Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur. Kiçik yaşlarında ikən ailəliklə Bakıya köçmüşlər. Burada orta məktəbi qurtarandan sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır.Bitirdikdän sonra universitetin aspiranturasında saxlanmış, "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı ilk şerini çap etdirdikdən sonra başlamışdır. O vaxtdan dövri mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunur. "Mənim dostlarım" adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapmışdır. Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad" və "Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı", "Rəqabət" pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuşdur. Tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət göstərmişdir. "Səməd Vurğunun həyat və yaradıcılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Azərbaycan Dövlət Universitetində Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışmışdır. 1990-cı ildə təqaüdə çıxmışdır. Azərbaycan MEA-nın müxbir üzvü, sonra həqiqi üzvü seçilmişdir. 1981-ci ildə SSRİ Yazıçılarının VII qurultayında SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilmişdir. O, həmçinin Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin və Ağsaqallar Şurasının üzvü idi. Ədəbi-bədii prosesin yorulmaq bilməyən təbliğatçısı və təşkilatçısı kimi tanınırdı. Azərbaycan KP Bakı şəhər Komitəsinə üzv və bir neçə çağırış Bakı xalq deputatları Sovetinə və X çağırış Azərbaycan Ali Sovetinə, 1995 və 2000-ci illərdə Azərbaycan Milli Məclisinə deputat seçilmişdir. Bəxtiyar Vahabzadə bir neçə əsərinə görə Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür. "Qırmızı Əmək Bayrağı" və "İstiqlal" ordenləri ilə təltif olunmuşdur.
"Varlığın səsi" redaksiya heyəti bıyük ədibin ölümü münasibətilə kədərləndiyini bildirir, Bəxtiyar Vahabzadənin ailəsinə və bütün Türk dünyasına başsağlığı verir. Allah ona qəni-qəni rəhmət eləsin!

Ömür başdan-başa, beşikdən-qəbrə
Həyatın sevinci, qəmi deyilmi?
Ölüm bir ömürlük iztirabların -
Ağrının, acının cəmi deyilmi?
Mənəvi dünyaya qalxıb ucalmaq
Qanadlı duyğuya qismətdir ancaq.
Beləysə, ömürdən, gündən kam almaq
Hər kəsin arzusu, kamı deyilmi ?
Keçir məqamlar da gündə yüz əldən,
Hansı gizli əldir pozan, düzəldən.
Sənin güvəndiyin dünya əzəldən
Əkilən, biçilən zəmi deyilmi?
Ayaqlar altında yer oldu tapdaq,
Sirrini, məğzini bilmədik ancaq.
Tapdaq etdiyimiz bu qara torpaq
Əbədi mənzilin damı deyilmi?
Damımız üstündə gəzər, hey gəzər,
Hərə ürəyincə bir mənzil bəzər.
Torpağı sormaqdan etmədik həzər,
Bu da ağlımızın kəmi deyilmi?
Ötəri mənzildə qədər hökm edər,
Kimimiz bal içər, kimimiz zəhər:
Əbədi mənzildə hamı - bir nəfər,
Bir nəfər özü də hamı deyilmi?

22 fevral, 1986 (Bəxtiyar Vahabzadə)