M.Ə.Rəzulzadə yazırdı: "Rus istilasının yaxşılığı bu oldu ki,
azərbaycanlılar özlərinin ictimai bir vücud, xüsusi mədəni
qurumlarını daşıyan bir cəmiyyət, yəni farslardan ayrı bir
millət olduqlarını hiss etməyə başladılar. Azərbaycan
Rus süzgəcindən keçsə də, özlərinə keçən
Avropa elm və texnikasının təsiri ilə xalq Şərq şübhə və
xülyalarından silkinərək yaxşı bir həyat əsəri göstərir,
doğru yol tapır, böyüyür, inkişaf edirdi".
Rusiyada qəbul edilən bütün qərarlar əyalətlərə də şamil
edildiyindən təhkimçilik hüququnun ləğvi ilə 19-cu əsrin
ikinci yarısından etibarən ilk dəfə Azərbaycanda insan
haqları, o cümlədən
qadın haqları problemi aktuallaşır.
Azərbaycanda cinsi ayrıseçkilik tarixini araşdırarkən
arxivdə elə sənədlərlə qarşılaşırıq ki, məəttəl qalırıq: sən
demə, Azərbaycanda qadınların hüquqları uğrunda hərəkata ilk
dəfə kişilər başlayıblar -19-cu əsrin sonu 20-ci əsrin
əvvəllərində qadınların hüquq və azadlığı uğrunda Qərbin
humanist və demokratik prinsipləri üzərində tərbiyə görən
kişi ziyalılar mübarizə aparırdılar. Həmin kişilər
cəmiyyətin inkişafından danışanda cinsi deyil, insan amilini
əsas götürürdülər. 20-ci əsrin sonunda professor adı almış
ölkədəki azsaylı fəlsəfə mütəxəssislərindən biri bir dəfə
belə dedi: "Mən çox dözümlü insanam, hətta qadının
fəlsəfəylə məşğul olmasına da dözürəm". Bizim xalqın özünün
müstəqil, xaricilərin köməyi olmadan yetirdiyi ziyalı bundan
artıq deyil.
20.ci əsrin əvvəlinin ziyalıları ilə onu
necə müqayisə edəsən!? Fəlsəfənin çoxdan ayıb hesab etdiyi
əvvəldən mühakimə, mədəni insanın özünə yaraşdırmayacağı
cinsi ayrıseçkilik, "arvad nədi, onun fikri nə ola" kimi
söhbətlər qədər bilikdən, biliyin anası olan şübhədən
məhrumluq ölkəni başına alıb gedir. Lakin bizim məqsədimiz
elmi bir araşdırmadır. Jan Bodriyar deyirdi: "Bir arzum var,
elə bir kitab yazım ki, hər cümləsi "bəlkə" sözü ilə
başlasın". Qərb professoru insanlar haqda işlətdiyi hər
cümlədə bu qədər ehtiyatlı olmağa çalışırkən, niyə bizim
ictimai rəy, niyə azərbaycanlı professor mollalar kimi
dünyanın gərdişini lap yaxşı bildiyinə, artıq tam müdrik
olduğuna bu qədər əmindir?!
20-ci əsrin əvvəlində Azərbaycanda müsəlman qızlarına oxumaq,
yazmaq, elm, fəlsəfə, mədəniyyət öyrətmək üçün "Nicat" qadın
maarifçilik cəmiyyəti yaradılıb, onun ruhlandırıcısı qadın
yox, H.Zərdabi olub, C.Məmmədquluzadə ilk qadın jurnalı olan
"İşıq"ın işıq üzü görməsi üçün çalışıb, C.Cabbarlı
Azərbaycanda feminist klubun yaradılması təşəbbüsüylə çıxış
edib, Əhməd bəy Ağaoğlu isə Azərbaycanda qadın haqları
probleminin nəzəri əsasını qoyan şəxs hesab olunur.
Ə.Ağaoğlu Bakıda Tağıyev qız məktəbinin açılışı barədə
yazırdı: "Bundan sonra müsəlman qadınları ailəyə maarifin
canlandırıcı şüasını səpmək imkanı qazanacaqlar... onlar
gələcək nəsillərə, inkişafa, yaxınlarına, xeyirxah insanlara
və işlərə sevgi təlqin edəcəklər ki, bunsuz hər hansı
cəmiyyət ölümə məhkumdur". Qərbdə və Şimalda mədəniyyət,
təhsil görmüş əsrin əvvəlinin ziyalısının indiki milli
müstəqillik dövrünün ziyalılarından daha mədəni və mütərəqqi
olması onların gender məsələsinə münasibətlərində də ifadə
olunur. Oxuma-yazma bilməyən başıaşağı müsəlman qadınların
arasında Azərbaycanda o vaxt ilk qadın jurnalı "İşıq"ın
meydana çıxması mühüm hadisə idi, jurnalın üz qabığında qara
çadralı qadın uşağının əlindən tutaraq ona çıxan günəşi
göstərir. Vurğulamaq zəruridir ki, həmin şəkli kişi rəssam
çəkmişdi. O vaxt cəmiyyətdə şok qarşılanan, redaktoru Xədicə
Əlibəyova olan, iki illik bu jurnalın ideyası təkcə
qadınların maariflənməsi deyil, hətta bərabər seçki
hüquqları uğrunda mübarizə idi. Jurnalın müəllifləri öz
qadın oxucularına belə müraciət edirdilər yazılarda: mənim
bacılarım. Azərbaycanla yanaşı Gürcüstan, Ermənistan,
Rusiyanın bəzi bölgələrinə də yayılırdı "İşıq" qadın jurnalı
və onu yayanlar kişilər idilər.
Sovet dövrünün ilk illəri müsəlman Şərq qadınını kişinin
ayaqları altından götürüb ona ilk dəfə cəmiyyətin tamhüquqlu
üzvü olmaq imkanı verdi. Bu, yerli əhaliyə o qədər yad idi
ki, Sovet dövrünə məcburi feminizm dövrü adı vermişdilər.
Qadın məsələsinin həlli sosializm mütərəqqiliyinin bir
hissəsi idi. Lakin əvvəlcə Avropanın humanist ideyalarından
tərbiyə almış ADR liderlərinin gender məsələsinə səmimi
töhfələrini yada salaq. Hələ 1907-ci ildə Rusiyanın Dövlət
Dumasında müsəlman fraksiyasının rəhbəri X.Xasməmmədov ölkə
qadınlarına seçki hüququ verilməsi haqda qanun layihəsi
təklif etmiş, müsəlman fraksiyası dəyişikliklə də olsa, bu
qanunverici təşəbbüsü dəstəkləmişdi. Azərbaycan Şərqdə ilk
dəfə gender ziddiyyətləri probleminin həllində rəyini
bildirmişdi. ADR-in təsis yığıncağı seçkilərə hazırlıq
prosesində qadınlara seçmək və seçilmək hüququ vermişdi.
1917-ci ildə Tiflisdə keçirilən Qafqaz Müsəlmanlarının
birinci qurultayında Azərbaycan nümayəndəliyinə Şəfiqə
Məmmədova daxil edilmişdi. Lakin qurultayda bu qadının
çıxışı çox pis qarşılandı. Onu hörmətsizliklə tribunadan
endirdilər. Bu da o dövrdə qadınların siyasi iştirakına
münasibətin göstəricisi idi. Müsəlman qadını parlamentdə,
qurultayda yox, mətbəxdə görmək istəyirdi. Aydınlanmış
müsəlmanlar bunun yaramaz iş olduğunu anlayırdılar, məsələn,
İran şahının əmrilə xüsusi direktiv feminizm həyata
keçirilməyə başlanmışdı, lakin cəmiyyət bütövlükdə
patriarxal ənənələrdən kənara çıxa bilmədi.
Azərbaycan gender tarixində 19-cu əsrin sonu, 20-ci əsrin
əvvəli qadın xeyriyyəçiliyi dövrü kimi qalıb. İlk Azərbaycan
qadın xeyriyyə cəmiyyəti 1908-ci ildə H.Zərdabinin həyat
yoldaşı Hənifə Məlikovanın təşəbbüsüylə yaradılıb.
Azərbaycanlı zəngin qadınlar xeyriyyə aksiyaları keçirib bir
qrup müsəlman qızının təhsili üçün ianə toplayırdılar. Ötən
əsrin 20-ci illərində Qərb və Rusiyada geniş yayılmış
feminist hərəkatdan təsirlənmiş Bakı neft sənayeçilərinin
qızları və arvadları Rusiyadakı "bestujevkalar", "ravnopravkalar",
Amerikanın toxucu qadınlarının xatirəsinə elan edilmiş
Beynəlxalq qadın günü haqda xəbərlərdən təsirlənib öz
həmcinslərini salındıqları qara vəziyyətdən qaldırmağa
çalışırdılar. 8 martı qadın bayramı elan edən Kopenhagen
konfransı Azərbaycanda qadın xeyriyyəçiliyi dövrünə təsadüf
edir. Lakin bizim qadınların xeyriyyəçiliyi Qərbdə yayılmış
qadın hərəkatının əsas tezisi ilə üst-üstə düşmürdü: Qərb
qadınlarının "dünyaya xeyriyyəçilik gərək deyil, dünyaya
ədalət gərəkdir" şüarı bizim kübar qadınlar üçün yad idi.
Onların öz həmcinslərinin vəziyyətləri üçün narahatlıq
hərəkatına başlamaları yerli acınacaqlı şəraitdən
qidalanırdı. İlk maarifçilərin fədakarlıqla apardıqları işin
çətinliyini təsəvvür etmək üçün aşağıdakı məlumata diqqət
yetirin. İlk qadın məktəbinin açılışından 25 il sonra
savadlılığın vəziyyəti belə idi: 1926-cı il demoqrafik
siyahıyaalma nəticələrinə görə, Azərbaycan əhalisinin 81,5
faizi savadsız idi və qadınını, qızını evdən məktəbə
buraxmaq istəmirdi. Əhalinin əsas kütləsi olan türklərin
savadlılıq faizi cəmi 8,6 faiz, türk qadınlarının savadlılıq
faizi isə 2,4 faizə enir. Yazısı olmayan kiçik xalqların
savadlılıq səviyyəsi daha aşağıdır: 77323 talışdan yalnız 3
faizi, qadınlardan 0,1 faizi, yəni 37673 qadından ancaq 54-ü
savadlıdır. 41193 kürddən cəmi 4,3 faizi, 19014 avardan 3,8
faizi, 8879 avar qadından ancaq 33-ü savadlıdır. (AZSSRİ
Xalq Maarifçilik Komissariatın respublika qəzalarında
savadsızlığın ləğvi haqqında hesabatı. AR dövlət arxivi
F1114, s.3, iş323, v.152).
1920-ci ildə Bakı və onun kəndlərinin qadınları üçün Əli
Bayramov adına qadın klubu açıldı. Ruslar zorla müsəlman
qadınları ərlərinin, atalarının təpikləri altından qaldırıb
ora gətirmək, oxutmaq, mədəniyyət öyrətmək istəyirdilər. Bu
klub azərbaycanlı qadınlar arasında aparılan işin rəhbəri və
nümunəvi mərkəzi oldu. Hətta, daha bir hətta 1924-cü ildə 8
martın müəllifi, Almaniya Komunist Partiyasının yaradıcısı
Klara Setkin Əli Bayramov adına kluba gəldi. Həmin klubda
etdiyi çıxışda oranı "inqilabi qüvvələrin toplanış məntəqəsi"
adlandırdı, "Qafqaz od içində" kitabında K.Setkin yazır: "bu
klub göstərir ki, müsəlman qadınlarda yüzillər ərzində
həyatın kütləşdirici şəraitinə baxmayaraq, insanlıq ləyaqəti
və insan hüquqlarını əldə etmək səyi oyanır" (Moskva, 1926,
s.91-92, Az. milli tarix muzeyinin ən yeni tarix fondu).
Həlimə Axundova "İşıq" jurnalında "Müsəlman qadınların
hüquqları" məqaləsində yazır: "Əgər biz insanıqsa onda
bizimlə insan kimi rəftar etmək lazımdır. Mənim bacılarım,
qətiyyət göstərməyin vaxtıdır. Bizə bilik lazımdır."
Müqəddəs Nina məktəbini bitirmiş Mədinə xanım
Vəkilova-Qiyasbəyli 1906-cı ildə Salahlı kəndində öz evində
qadın məktəbi açmışdı. 1906-cı ildə Gövhər
Cəfərzadə-Şövqiyyə də öz evində qadın məktəbi açdı, lakin
çar məmurları hökumət əleyhinə fəaliyyətdən qorxub məktəbi
bağladılar. Bu azsaylı savadlanan azərbaycanlı qadınlara
paralel olaraq onlarla neft milyonçusunun arvadı, qızı
evlərində ianə məclisləri, "bəyaz çobanyastığı", "sinidə
lentlər" aksiyaları keçirir, özləri kimi varlılardan pul
yığıb qadınlar üçün məktəblər, savadsızlığın ləğvi
məntəqələri açdırırdılar. Ağ çobanyastığı günlərində
Müqəddəs Nina gimnaziyasının qızları rəmzi olaraq adi
çobanyastıqlarını ağlasığmaz yüksək qiymətlərə alır, yığılan
pullar müsəlman qızların təhsilinə verilirdi. Azərbaycan
maarifçisi Həsənbəy Məlikov və qadını Hənifə Məlikzadə
Zərdab kəndində 16 il polis nəzarəti altında yaşamağa məcbur
olarkən qadınlar arasında maariflənmə aparır, pulsuz məktəb
açırdılar, bu məktəb də polis tərəfindən eyni qorxu ilə
bağlanıb. 1901-ci ildə H.Zərdabinin həyat yoldaşı Tağıyevin
qadın məktəbinə başçılıq etdi, sonra yenidən yaşlı
müsəlmanlar arasında sərbəst maarifçilik işi apardı, 1909-cu
ildən sonralar Əli Bayramovun adı verilən məktəbə
rəhbərlik etdi...
Bu tarixi araşdırdıqca təsəvvür etmək çətin deyil ki, rus
kolonial təsiri, yüksək dünyagörüşü verən Qərb təhsili
olmasaydı, sonradan SSRİ qurulmasaydı, bu xalq özü-öz
şirəsində qalsaydı, qadının maariflənməsi, hüquqlarına sahib
çıxması neçə on il yubanacaq, bəlkə hələ 2000-ci illərd
başlayacaqdır.
Əziyyətli yol keçmiş Azərbaycan, SSRİ vaxtı öz tarixi
məqsədinə çatdı, bəs sonra nə oldu? O ləyaqətli və zəngin
aydınların əməyi hara getdi? Bir əsr sonra onların xalqı
yenə öz mahiyyətinə döndü: "qadının universiteti əri, iş
yeri isə uşaqları olmalıdır", "arvad yıxan evdən Allahın
xəbəri yoxdur", "arvada qulaq as, əksini elə", "qadının da
pişik kimi sahibi olmalıdır", "məndən sonra bura bir qadın
təyin olunsa, bu idarə çökəcək", "uşağı nəzarətsiz buraxmaq
olmadığı kimi qadını da özbaşına qoymaq olmaz", "arvad yıxan
evi fələk də tikə bilməz", "arvad qazıyan quyudan su çıxmaz"
və s. yayğın ictimai rəy əsaslılığına görə "qarşınızdan qara
pişik keçsə, işiniz uğursuz olacaq" deyimindən fərqlənmir.
Qərb ölkəsində bir universitetin, nəşriyyatın, yazıçılar
klubunun pilləkəninə ayaq qoyduğumuz zaman görürük ki, orada
gənc, qoca, qadın, kişi, tələbə, müəllim, insan haqlarının
yaratdığı şəraitdən bəhrələnərək bir-birilə yalnız bilikləri
ilə yarışdığı, cins, irq, dil, din fərqlərinə görə
bir-birinə münasibətini tənzimləyən ulu babalarını
təbəssümlə xatırladıqları, mədəni bir atmosferdə yaşadıqları
halda Azərbaycanda şüurlar ağ-qara, kişi-qadın, xeyir-şər
binar ziddiyyətlərinin məngənəsindədir. Azərbaycanda insan
ruhu əzab çəkir. Bu ölkənin gəncəcik yazıçısı deyir: "İki
Nobel mükafatı almış kitab görsəm, birinin üstündə qadın,
birinin üstündə kişi müəllif adı yazılıbsa, ikincini
oxuyaram, əlbəttə." Naşirlər və yazıçılar arasında keçən son
on ilimdə qadının nə zaman söhbət mövzusu olsa, yalnız cinsi
kontekstdə müzakirə olunduğunu, dünyanın ünlü qadın
yazarların isə əsərlərinə görə deyil, gözəl, ya çirkin
olmalarına, şəxsi həyatlarına görə danışıldığını görürdüm və
qadın cinsi ünvanına xoşagəlməz topdan mühakimələrə şahid
olurdum. Hizbullah və Taliban zehniyyətinə uca dağların
başındakı kəndlərdə deyil, özünə modernist və postmodernist
deyən kişilərin arasında rastlanır bu ölkənin paytaxtında.
Qadın əskik və zəifdir, zəkadan və qabiliyyətdən anadangəlmə
şikəstdir onlar deyirdilər. Nə yazırıqsa yazaq, qadınlıq nə
olan şeydirsə, şlaqbaum kimi yolumuzun qarşısını kəsəcək.
Fəqət başqa yerdə yox, bu ölkədə!
Zorakılıq və müharibələr əsri olan 20-ci əsrdən sonrakı
yüzilin bir başlıca, aktual mövzusu var: insan haqları.
Başqa sözlə desək, gender mövzusu bir neçə əsr davam edən və
21-ci əsrin həll etməyi qarşısına məqsəd qoyduğu insani
mövzulardandır.
Bu gün ABŞ-ın bütün universitetlərində qadın haqları
məsələsi ilə məşğul olan ayrıca dissiplinlər fəaliyyət
göstərir, Avropada kişilərin də qadın haqları tərəfdarı kimi
danışdığı vaxt niyə bizim ölkədə insanlar üstündə böyüdüyü
palazda aldığı tərbiyənin, huşsuz nənə-baba kəlamları, mif
və hədislərin əsarətindən çıxara bilmir öz şüurlarını və
qadına güvənsizlik kompleksi daşıyır? Bu ölkədə cəfəng
adət-ənənələr mövcuddur və onlar tək qadını
didib-parçalamağa hazırdır. Atalar öz qızlarını oğlana
məktub yazdığına görə öldürürlər. C.Cabbarlı "Gülzar","Dilarə",
"Dilbər" hekayələrində qeyri-insani Azərbaycan
adət-ənənələrin qurbanı olan qadınların taleyindən danışır.
"Gülzar" hekayəsində yazıq qız ormanda bir çoban tərəfindən
təcavüzə məruz qalır, sonra onu sevən Mənsur ondan imtina
edir və s. Qızın ərə getdiyi zaman bakirəliyi olmadıqda
başını qatıqlayıb geri göndərmələri, atasının, qardaşının,
yaxud əmisininsə bu qızı öldürməsi, yaxud intihar
səviyyəsinə çatdırması Qərbdə yalnız dəhşətlə oxunulan roman
ola bilər, bizim ölkədə isə əxlaqın, mentalitetin özüdür. Bu
ölkənin əxlaq anlayışının mərkəzində qadının cinsiyyət
orqanı dayanır və "ölkənin əxlaq anlayışı bir qaşıq qanla
ölçülür" (S.Baycan). On minlərcə qadın bu şəkildə
tariximizdə intihar etmişdir. Bu zehniyyət yalnız qadınları
dişi olduqları üçün təhqir etmir. Bütün dişi heyvanları da
aşağı varlıqlar sayır. "Mədəniyyət"imizdə "qancıq" sözünün
necə aşağılayıcı söz olduğunu bilməyən yoxdur. Qorxunc və
qeyri-insani tariximiz var. Qızın sevdiyi şəxslə birlikdə
həyat qurmaq üçün getməsi Şərqdə əxlaqsızlıq sayılır, Qərbdə
isə qadının haqqı. Boşanmaq Qərbdə insanın şəxsi həyatına
aid şəxsi məsələdir, Şərqdə isə qadını didib-parçalama
mövzusu. Törə razıdır ki, qadın ona işgəncə verən həyatda
ömrü boyu gərginlik içində yaşasın, ancaq boşanmasın.
Adət-ənənələr insanın başı üzərində qurulmuş dəmirxanadır.
İnsanın təbii ehtiyacları: yemək, su içmək, cinsi ehtiyac...
Qərbə görə, onlardan hər kəs özünün düzgün bildiyi şəkildə,
başqalarına ziyan verməmək şərtilə istifadə etməyə haqlıdır,
Şərqə görə isə onların hamısından özünün düzgün bildiyi
şəkildə istifadə etmək olar, təkcə cinsi təbii ehtiyacını
qarşılayarkən buna törə qərar verməlidir. Qərbdə qadının
elm, sənət, təhsillə iç-içə olması onun şəxsi uğuru sayılır,
Şərqdə isə uğursuzluğu. Qadına "özü üçün varlıq" kimi deyil,
"kişi üçün varlıq" kimi yanaşıldığından, yalnız kişi
tərəfindən qida, rifahla təmin olunmaqdan məhrum qalmış
qadınların təhsil dalınca getdiyi haqda mühakimə formalaşıb.
Öz-özünü ayaqda saxlayan, təhsil alan, işləyən qadın tək
olduğu müddətdə natamam görülür, o yalnız bir kişiyə məxsus
olduğu zaman xoşbəxt və tam sayılır. Azərbaycan əyalətində (əyalət
bütün ölkə üzərində dominantlıq edir) qadınları müşahidə
edən adam belə nəticəyə gəlir: burda qadın özü üçün varlıq
deyil, kişi üçün varlıqdır. Onun kişi dünyasında
funksiyaları var, onun son məqsədi kişidədir, kişisiz bu
qadınlar heç bir məna kəsb etmirlər. Azərbaycan əyalətində
kişi bəyan edir ki, qadını öz peşəsi olmadığından özündən
aşağı saymır, ailə ilə məşğul olmaq da özü ləyaqətli peşədir,
lakin ilk mübahisədə qışqırır: "Mənsiz yaşamaq üçün pul
qazana bilməzdin". Azərbaycanda cinsi ayrıseçkilik əyalətin
hər addımından hiss olunur. Qaşlarından tükləri qopartdığına
görə qızlar döyülür. Bakı kəndlərində və Azərbaycanın
rayonlarında qarşımıza bığı, saqqalı olan qızlar çıxır.
Avropada belə bir məsələ qaldırıb qadın haqları
müdafiəçiləri: kişilərə müraciət formasında onların evli,
yaxud subay olduğuna dair informasiya verilmir,
Miss,
Misis, Frau, Frayleyn, Madam, Madmuazel müraciət formaları
isə qadının adıyla yanaşı ailə vəziyyəti haqda ilkin
informasiya yayır! Bu məsələni qaldıranlar uğura nail
olublar və bu gün qadına müraciət formalarından biri
saxlanaraq, onların ailə mənşəyinə dair informator olmasına
son qoyulub. Belə şeylərə etiraz edən qərblilər çox
təəccüblənər: törəyə görə, qaşlar qadının evli, ya subay
olmasının göstəricisidir, bir kişi küçədə qadına baxarkən
onun üzündəki tüklərdən dərhal subay, yaxud evli olduğuna
dair passiv mesaj alır. Niyə qadının alnının ortasında onun
cinsi vəziyyətinə dair informasiya olmalıdır?! Niyə bir qız
ən təbii haqqı olan gözəl görünmək xatirinə qaşlarının
şəklini dəyişməməlidir ki, birdən cinsi vəziyyətini səhv
başa düşüb onunla evlənməzlər!? Bir kişiyə məxsus olmaq
qadının yeganə mövcudluq formasıdırmı, yoxsa qadın özü-özü
üçün də varlıq kimi mövcud ola bilər?! sualı bu ölkədə hələ
də aktualdır. Qərbdə insan haqlarının pozulması, cinslərdən
birinin digəri üzərində zorakılığı hesab edilən hallar
Müsəlman Şərqində norma və mentalitet sayılır. Buna görə də
Şərq və Qərb koloritini birləşdirməsi Azərbaycanda bir çox
çağdaş demokratik cəmiyyət elementlərinin öz mövcudluğuna
bəraət almamasına gətirir. Gender məsələsi, qadın mövzusu
Azərbaycanda demokratiyanın real fəth edə bilmədiyi, törə
ilə baş-başa gəlib dayanmalı olduğu yeganə ərazi olaraq
qalır. Belə bir mənzərədə Azərbaycanın qadın haqları üzrə
BMT məramnamələrini imzalaması ölkənin real halını deyil,
yalnız çatmaq istədiyi halı əks etdirir. Konstutusiyada
qəbul olunmuş insan haqları prinsipləri hələ ki cəmiyyətin
milli və konfessional dəyərləri, psixologiyası və tarixi
inkişafı ilə zəif əlaqədədir. "III minillik "qadın
keyfiyyətlərini" get-gedə daha çox tələb edir, ənənəvi "kişi
keyfiyyətlərinə" ehtiyac azalır. Nə vaxtsa kişinin fiziki
gücünü səfərbər edən aqrar və sənaye dövrü başa çatır,
əvəzində işdə intuisiya, diqqət, səliqə tələb edən
informasiya texnologiyalarının "qadın əsri" başlayır.
Əslində "kişi" və "qadın keyfiyyətləri"nə tələbat qalır,
dəyişən sadəcə onların nisbəti məsələsidir. Amma təəssüf ki,
bizim ölkədə adamlar bunu anlamamaqda qərarlıdırlar" (Əli
Abbasov, "Gender müntəxəbatı", Adiloğlu, 2004)ş
İndi bizim məqsədimiz Azərbaycan üçün qadına etibarsızlığın
və kişimərkəzçiliyin ictimai fikir tarixindəki səbəb
həlqələrini elmi şəkildə müəyyənləşdirməkdir. Dünyagörüşün
üç forması var: mif, din, fəlsəfə.
Azərbaycan mifləri, dinlər, ya Azərbaycan fəlsəfə tarixidir
qadına inamsızlığın və kişimərkəzçi təfəkkürün əsasını qoyan?
Bir çox xalqların mifik dünyagörüşünün əksinə, Azərbaycan
miflərində qadın və kişilər bədxah və xeyirxah qüvvələr kimi
cinslərinə görə bir-birlərinə qarşı dayanmır. İnsanlar
cinslərindən asılı olmadan mənəviyyatlarına və əqidələrinə
görə bir-birlərinə qarşı dururdular. Nağıllarda şər
qüvvələrin məhvində qadın zəkasının gücü təsbit olunur:
Məlikməmmədin məhv etməyə çalışdığı divin canının şüşədə
olduğunu məhz qızın xəbər verməsi buna misal ola bilər.
Azərbaycan miflərində şər problemi ümumiyyətlə insanın
əxlaqi problemi kimi götürülür. Astral miflərdə sitayiş
obyektinə çevrilən ulduzlar, bir zamanlar cəmiyyətdə öz
ləyaqətini qorumaq üçün ulduza və quşa çevrilən qadınlardır.
Məsələn onlardan biri Avestada Anahida kimi tanınan Nahid
dan ulduzunun kultudur. Azərbaycanda Şomutəpə, Qarğalar
təpəsində tapılan gümbəzvari evlərdə qadın bütlərinin ocağın
başında möhkəmləndirilməsi bu kultların davam etdiyini
göstərir. Türk mifologiyası panteonunda ikinci qüdrətli
allah Humay adlanır, "Humay tək anam xatunun bəxtinə" kimi
ifadələr var.
Azərbaycan düşüncəsinə təsir göstərmiş dinlərdən biri
zərdüştilikdir. Bu dində qadınlar da kişilərlə bərabər xeyir
tanrısı Ahuranın Zərdüşt peyğəmbər vasitəsilə göndərdiyi
müqəddəs elmi öyrənib etiqad etməyə və cəmiyyətdə uğurlu
fikir, söz və əməlləri ilə xeyir verməyə borcludurlar.
Zərdüştilik ənənələrinə görə ilk qadın və kişi vahid bir
candan ayrıldıqlarından onların vəhdəti cəmiyyətin, ailənin,
dövlətin yaranmasına səbəb olur. Zərdüştün cəmiyyətində
qadın-kişi ayrıseçkiliyi yoxdur. Zərdüşt peyğəmbər insanlara
cinsi mənsubiyyətindən asılı olmayaraq, "ey insanlar"
şəklində müraciət edir. Bu isə gender bərabərliyidir. Deməli,
Azərbaycan miflərində və Avestada qadını kişiyə qurban etmək
kimi təqsirlər yoxdur.
"Kitabi Dədə Qorqud"da kişi-qadın surətləri məhz keçmiş türk
həyat tərzində qadınların kişilərlə bərabər yer tutmalarının
əyani sübutudur. Uzaqlaşdığımız həyat tərzi düşüncə və milli
mentalitetimizin mənbəyi olan bu dastanda qadın azadlığı
müasir dünya qanunlarının tələb etdiyi insani şəkildədir.
Azərbaycan fəlsəfə tarixi də insan sözü altında qadın və
kişini bərabər payda tutub.
XX əsrin rus maarifçisi N.Q.Çernışevski ilə eyni mövqedən
çıxış edib Azərbaycan fəlsəfi fikri: "Qadın təbiətən nə
qədər sadiq, güclü, zəkalı olub, lakin cəmiyyət bu zəkadan
istifadə etmir, onu rədd edir, onu sıxışdırır, onu boğur,
halbuki, bu zəka rədd edilməsəydi, əzilməsəydi, fəaliyyət
göstərsəydi, bəşər tarixi on qat artıq sürətlə inkişaf
edərdi."
Qadın istismarı Azərbaycanın öz fəlsəfi fikrində yoxdur.
Hətta orta əsrlərin filosoflarından Əbülhəsən Bəhmənyar,
Əbuhəfs Sührəvərdi, Şihabəddin Sührəvərdi, Eynəlqüzat
Miyanəci... heç birində qadın cinsinin aşağılanmasına əl
qoyan, qadın əleyhinə ictimai fikir formalaşdıran bir
mühakiməyə belə, rast gəlinmir. Azərbaycan fəlsəfə tarixinin
yeni maarifçilik dövründə isə kişilər qadın haqları uğrunda
Qərb feministlərilə paralel vaxtda mübarizə aparırdılar.
Sarbon Universitetinin məzunu, "Azərbaycan ədəbiyyatını
oxumağa sərf etdiyim vaxtı boşuna getmiş sayıram" kimi
dahiyanə cümlənin müəllifi Əhməd bəy Ağaoğlu Şərqdə qadının
vəziyyətinin pisləşməsinə görə məsuliyyət daşıyanları
araşdırır, "İslama görə və İslamda qadın" məqaləsində yazır:
"İlkin İslamda, eləcə də İslam dövründəki türk
mədəniyyətlərində qadının kişilərlə geniş haqq bərabərliyi
olub. Bu bərabərliyin pozulması orta əsrlərin tənəzzül
dövrlərində başlayır." H.Zərdabi: "Qadın haqlarının bərqərar
olması üçün başlıca maneə mürtəce ruhanilərdir və onlarla bu
məsələdə mübarizə birinci dərəcəli vəzifədir" deyir.
M.Ə.Sabir "dilsiz-ağızsız", "körpə qızlar"ın
maarifləndirilməsi uğrunda mollaların rəzalətlə dolu
dünyasını ifşa edir. C.Məmmədquluzadə "Molla Nəsrəddin"də
yazır: "Müsəlmançılıq aləmi bina olandan indiyə kimi
mollalarımız hər yanda deyiblər ki, qızlara yazı-pozu
öyrətmək haramdır. Ay cənab molla, Allah-təala bə niyə
buyurub ki, elm vacibdir həm oğlana, həm qıza?" Azərbaycan
fəlsəfə tarixini bütün yeni dövrü boyu narahat edən əsas
problemlər qadın azadlığı, Şərqdə qadına münasibət, qadının
həyatı, insanlıq ləyaqəti, feodal-patriarxal törənin qadın
hisslərinə və ağlına etinasızlığının tənqidi idi. "Qəssab"
hekayəsində bir kilo yağlı ət gənc qızın taleyini həll edir,
"Xanın təsbehi"ndə xanın özü yox, təsbehi belə, qadın
hüququnu tapdalamağa qadirdir. Belə baxanda bütün 19-20-ci
əsrlər Azərbaycan ədəbiyyatı və fəlsəfəsinin əsas mərkəzi
problemi qadın haqları olub, ədəbiyyat və fəlsəfə cəmiyyətin
cəfəng adət-ənənələrinin boğazından yapışıb ondan qadının
haqqını tələb edib. A.Şaiq "Şərqin gözəli" şeirində: "Qalx
qiyam elə, ey Şərqin gözəli, qır səni inlədən o kirli əli".
Demək, nə miflər, nə ədəbiyyat, nə fəlsəfədə deyil zəif bənd.
Xristianlıq və İslam qadının haqqını pis ödədi. Qadının ən
gözəl qabiliyyətlərindən olan bəhər vermək qabiliyyəti
kritik günləri "qadının murdar olması" kimi qiymətləndirilir,
belə qadına Allahıyla mənəvi ünsiyyətə girmək belə
yasaqlanır. Bu dişi məxluq kişi məxluqun qabırğasından
yaradılıb. Ona görə də bu dişi məxluq yaradılış etibarilə
müstəqil ola bilməz. Onun müstəqilliyinin adı əxlaqsızlıqdır.
Bu zehniyyət bir həyat tərzinə dönüşdü uzun tarix boyu. Dini
dünyagörüş qadını diskriminasiya edir, onu kişidən sonra
ikinci dərəcəli hesab edir. Lakin burdan bir sual doğulur ki,
axı İsa peyğəmbər də Məryəmin qolunun altından doğulub. "Qadın
kişidən yarandığı kimi, kişi də qadın vasitəsilə yaranır və
hər şey Tanrıdan törəyir" kəlamı Bibliyada əks olunub. Qadın
Adəmin qabırğasından yaranıbsa, ikinci dərəcəlidir fikrinə
etiraz edənlər tapılırdı: Adəm qaralama olub, Tanrı qadını
daha təcrübəli əllə kamil yaradıb. Hər bir arqument dərhal
öz arxasınca kontr-arqumenti gətirirdi, lakin onların hər
ikisi əsassız olurdu...
Qadın əleyhinə ilk fikirlər Azərbaycan torpağında İslamın
gəlişindən sonra başlanır. Qadının ikinci dərəcəli bir
varlıq kimi müfti, axund olmağa layiq görülməməsi, "namaz
qılarkən qarşınızdan eşşək, it və qadın keçsə, namaz batil
olur", "işlərini qadına tapşıranlar heç vaxt xeyir
görməyəcəklər", "xəyanət qadının mahiyyətindədir" kimi
Peyğəmbər adından ortaya çıxarılan hədislər, N.Tusinin İslam
fəlsəfəsi bayrağı altında yazılan "Əxlaqi-Nasiri" əsərindəki
"arvad döymək qaydaları" adlı ayrıca bölmə və s. bu ölkəyə
qadına qarşı qanuni zorakılıq gətirdi. Realist Azərbaycan
şairi Xaqani Şirvani 12-ci əsrdə yeni doğulmuş qızının ölümü
münasibətilə yazır:
Yenicə doğulan qızım gördü ki,
Qarşıda gözlənir min bəla, öldü.
Qeybdən gələn töhfə duydu ki,
Dərdlərə olacaq mübtəla öldü.
O kiçik gövhərim yaxşı anladı
Ki, çox pis yaranmış bu dünya, öldü.
O böyük qızımı hicabda görcək
Dedi: kifayətdir bu cəfa öldü.
Aydındır ki, əsərin motivi Xaqaninin
qadınlara zülm edilməsinə, onların əsarətdə saxlanmasına
etirazından ibarətdir. Qız doğulan kimi bacısını hicabda görür
və qadınları azad görmək istəyən atası Xaqaniyə bir cəfa
kifayətdir, ona ikinci cəfanı çəkdirməyim düşünərək ölür.
Qadınların xoşbəxt yaşaması üçün əlverişsiz "dünya"da şəraitdə
yeni doğulmuş qızın özü və ailəsi üçün vəziyyətdən ən yaxşı
çıxış yolu ölməsi idi. 12-ci əsrdəki vəziyyət bu gündə
dəyişməyib və kişilər qadının faciəsini aydın dərk edirlər, ona
görə də qadın kimi yaşamağın çətinliyini görərək qızlara "Bəsti",
"Qızbəsti","Qızyetər", "Qıztamam", "Yetər", "Kifayət" kimi adlar
qoyulması yashadigimiz mühitdə qadına verilən qiymətin bariz
sıbutudur.
***
|