|
21 Azərdən sonrakı on gün ərzində bütün
Azərbaycan üzrə ordunun, jandarmın, Polisin və çinovniklərin
yeni hıkumətə tabe edilməsi başa çatdırıldı.
Milli Məclisdə qəbul edilmiş proqrama uyğun olaraq dövlət
apqratının komplektləşdirilməsi, nizami xalq qoşun hissələrinin
yaradılması, ölkənin bütün həyatının yenidən qurulması
istiqamətində ilk addımlar atıldı. Azərbaycan muxtariyyət
hərəkatı günbəgün ümummilli Prosesə çevrildi Həyatın bütün
sahələrində reformaların başlanması xalqın siyasi fəallığını
xeyli artırdı. Bir sözlə, Güney Azərbaycanda tədricən dərinləşən
milli hərəkat
Sovetlər Birliyi tərəfindən himayə edilir, regionun türkcə
danışan azəriləri Arazdan şimalda olan azərbaycanlı
qardaşlarından heç də az olmayan kömək və mehribanlıq görürdülər
(1). Güneydəki böyük hadısələr dövründə hər iki Azərbaycana
səyahət etmiş Britaniya parlamentinin leyborist fraksiyasının
üzvü Filipp Prays yazırdı: ”Bu əyalətdə (Güney Azərbaycanda-
C.H.) yaaşayan əhali öz dilində, dinində və tarixinə görə qonşu
Sovet Azərbaycanı Respublikasında yaşayan əhalidən heç nə ilə
fərqlənmir… Sovet Azərbaycanı Oktyabr inqilabı dövründən bəri
mədəni və iqtisadi baxımdan nəhəng tərəqqiyə nail olub. Yaxın
vaxtlarda mən orda oldum və indi müsəlman əhalinin həyatını 33
il əvvələ, sonuncu dəfə orda olduğum dövrlə müqayisə etmək
imkanı əldə etdim… İndi mən gördüm ki, azərbaycanlı müsəlmanlar
bütün hökumət müəssisələrində, maarif idarələrində, elmi və elmi
tədqiqat institutlarında işləyənlərin 75 faizini təşkil edirlər.
Sovetlərlə ittifaqın 25 illik nəticəsi belədir. mən burada
incəsənətin həqiqi intibahının şahidi
oldum”. Sovet Azərbaycanının coşqun iqtisadi inkişaf
fonunda Güney Azərbaycan üçün cazibə mərkəzinə çevrildiyini
F.Prays haqlı olaraq təsdiq edirdi. Onun fikrincə, İran
Azərbaycanı kəndliləri görürdülər ki, şimalda, sərhədin o biri
tayında iri feodallar artıq yoxdur, geniş miqyasda işləri,
kolxozlarda traktorlar yer əkir, kəndililər öz əməyinin
bəhrəsini his edirlər. Elə eyni vaxtda onların yeri primitiv
kotanla şumladığını İrana getmək üçün sərhədi keçərkən mən öz
gözlərimlə gördüm. Bundan əlavəə, onlar özməhsullarının 50
fayzini Tehranın dəbdəbəli saraylarında yaşayan mülkədarlar üçün
ayırırdılar. BütÜn bunlarla yanaşı, Britaniya parlamentinin üzvü
qeyd edirdi ki, rusların İranın şimal- qərbindəki əməllərinə
sevinmək olmaz. Müqavilə öhdəliklərin ruhu və mahiyyəti
pozulurdu, Lakin F.Praysa görə, İranda indi davam edən siyasi
rejimə heç bir alternativ təklif etmədən sırf hüquqi nöqteyi-
nəzərə istinadən rusları müqaviləni pozmaqda ittiham etmək nə
dərəcədə məntiqidir?
”İndiki vaxtda qorxulu vəziyyət yaranır, belə ki, Rusiya
İran Azərbaycanında muxtar islahatçı rejimi müdafiə edir, biz və
amerikalılar isə, eyni zamanda, ölkədə ən qatı irticaçı
ünsürləri müdafiə edirik”. Onun fikrincə, vəziyyətin belə
xarakter alması ötən illərdə Tehran hökumətinin geniş
ixlahatlara başlamaması ilə bağlıdır. Nə İngiltərə, nə də ABŞ öz
yaxasını İrandakı məsuliyyətdən kənara çəkə bilməz. Biz
Almaniyyapərəst fəaliyyətinə görə keçmiş şahı dəyişdirdik.
İranın daxili vəziyyətinə görə məsuliyyətin bir hissəsi bizim
üzərimizə düşür. Biz islahat
layihələrini həyata keçirməyə hazır olmayan İran
hökumətlərini müdafiə etməməklə vəziyyəti xilas edə bilərdik. Bu
gedişlə məsələlərin həllində rus nöqteyi- nəzəri qalib gələcək.
”Mançester Qardian”
qəzetindəki geniş yazısında Milli hökumətin yaranması ilə
bağlı Güney Azərbaycandakı hadisələri təhlil edən F.Prays
rusların buradakı siyasətinin nəticə etibarı ilə mÜəmmalı
olduğunu da ehtimal edirdiş O yazırdı : ”Rusların hadisələrin
indiki inkişafi fonunda uzağa getmək niyyətini yalnız güman
etmək olar. Onların
İrandakı siyasəti, ehtimal ki, müəyyən dərəcədə beynəlxalq
siyasətin digər sahələrində güzəşt əldə etmək məqsədilə
Britaniya şirinin quyruğunu astaca tapdalanmaqdan və Amerika
qartalının tüklərini ehmalca yolmaqdan xoşhallanan kiçik bir
oyundur. Şübhəsizdir ki, Şimali İrandakı şərait onlar üçün
əlverişlidir. Əgər biz ehtiyatlı olmasaq, anqlo- saks ölkələri
deyil, Rusiya Orta Şərqin geniş müsəlman dünyasında islahatların
müdafiəçisi olacaq ” (2). Göründüyü kimi, Güney Azərbaycandakı
hadisələrə bütün Orta Şərq ölkələrində böyük ehtiyac duyulan
islahatçılıq hərəkatının başlanğıcı kimi baxılırdı.
XX əsrdə milli inqilabların və yeni dövlətlərin yaranma
prosesinin böyük ölkələrə söykənməsi istər gizli, istərsə də
açıq formada tarixin sınaqından keçmiş hadisəsi kimi çoxlarına
aydın idi. Böyük Britaniya, ABŞ və Fransa Avropa, Asiya, Latın
Amerikası və Afrikada bu istiqamətdə artıq xeyli təcrübə
toplamışdırlar. Güney Azərbaycandakı milli hərəkatın Sovetlər
Birliyi tərəfindən müdafiə edilməsi buna bənzər bir hadisə olsa
da, Sovet Azərbaycanının Güneydəki milli proseslərdə yaxından
iştirak etməsi ona yeni çalarlar verirdi. Tehran hökumətindən
fərqlı olaraq Azərbaycan demokratları Bakıdan edilən yardıma çox
vaxt xarici hadisə kimi baxmırdılar.
Dekabr ayının ortalarında milli hökumətin ilk addımları,
xüsusilə Təbriz qarnizonunun dinc yolla tərk- silah edilməsi
əhalinin müxtəlif təbəqələrinin əhval – ruhiyyəsiinə böyük təsir
göstərmiş, hökumətin və Demokrat Partiyasının nüfuzunu
xeyli artırmışdı. Böhranlı vəziyyətdən öz məqsədlərini həyata
keçirmək üçün əlverişli məqam kimi istifadə etmək istəyən
soyğunçuların, oğruların və digər cinayətkar ünsürlərin təcrid
edilməsi, şəhərdə qayda- qanun hökm sürməsi yeni formalaşan
milli hakimiyyət orqanlarının mühüm uğuru idi. Hadisələrin belə
dinc inkişafi Təbrizin tacir və sənayeçilərini razi salmışdı.
Təbriz Ticarətt palatasının sədri Ə. Sədaqiani elan etmişdi ki,
Azərbaycandan köçmək barədə olan əvvəlki fikrindən daşınır
və qərara gəlmişdir ki, yeni hökuməti müdafiə etsin. Təbrizdə
belə şayiələr yayılırdı ki, guya, İran Azərbaycanında qayda
yaradılıqdan sonra demokratlar Tehrana hücum edəcəklər.
Hadisələrin gedişi barədə Moskvaya məlumat verən M.C. Bağırov
Stalin yazırdı: ”Təbrizdəki
Amerika konsulluğunun katibi Meyva Aprik söhbət zamanı bildirib
ki, Amerika dairələri Azərbaycanda demokratik hərəkatın əleyhinə
deyillər. Lakin onlar, guya, rusların bu işlərə açıq
müdaxiləsindən
dəqiq xəbərdardırlar” (3).
Hələ
Moskvadan cavab gəlməmiş M.C, Bağırov daxili işlər komissarı
M.Yaqubov və təhlükəsizlik komissarı S.Yemelyanov, vasitəsi ilə
Güneydəki işlərə məsul olan A.Atakişiyev, M.İbrahimov, H.
Həsənov və general Russova təlimat göndərdi ki, gizlilik
şərtlərinə ciddi əməl etsinlər. Sənəddə göstərilirdi: ”İstər
hərbi, istər mülki təşkilatlar vasitəsi ilə İran Azərbaycanından
”Starşiyə” (M.C. Bağırova- C.H.) məlumat daxil olmuşdur ki,
bizim işçilər yerli yoldaşlara əməli yardım göstərərkən
həddindən artıq açıq hərəkət edirlər.
Yoldaş ”Starşi” zəruri hesab edir ki, sizi və sizin
vasitənizlə bütün işçləri xəbərdar edək ki, onlar özgə
ərazisində olduqlarını və ciddi konspirasiyaya riayət etməyin
zəruriliyini unutmasınlar. Nəzərə almaq lazımdır ki, hər bir
Sovet işçisinin hərəkətlərini yalnız iranlılar deyil, ingilislər,
amerikalılar, türklər və digərləri də müşahidə edirlər.
Yoldaşların İran Azərbaycanı işlərində həddən artıq açıq
iştirakı, məsləhətlər verməsi və Demokrat Partiyasına, Partizan
dəstələrinə açıq tövsiyələr verməsi şəkildə arzuolunmaz, bir çox
cəhətlərinə görə, hətta ziyanlıdır. Yoldaş ”Starşi” tapşırıb ki,
bizim işçilərin yerli yoldaşlarla işgüzar əlaqələrində
ehtiyatlılığı və gizliliyini təmin etmək üçün
bütün ölçüləri götürəsiniz” (4).
Dekabrın ortalarında Azərbaycanda İran ordusu və
jandarmının tərk- silah edilməsi başa çatmaq üzrə idi. Xoyda
fədailər jandarmı tərk- silah edib 200 tüfəng, 2 avtomat, 20 min
patron və jandarm batalyonunnun qərargahını
ələ keçirmişdilər. əhərdə jandarm və ordu öz mövqelərini
qoyub Təbriz istiqamətinə qaçmağa başlamışdı. Lakin onların
içərisindən 50 nəfər jandarm geri dönüb öz silahlarını könüllü
olaraq demokratlara təhvil vermişdi. Əhərin polis rəisi Əhmədi
isə könüllü şəkildə demokratlara təslim olmuş və Azərbaycan
hökumətinə xidmət etmək arzusunu bildirmişdi. Əhərdə 147 tüfəng,
2 pulemyot, 9 tapança, 4500 patron, 9 at fədailər tərəfindən
müsadirə edilmişdi. Ərdəbil briqadasının silahlarının qəbul
edilməsi başa çatmiş Miandoabda İran ordusu könüllü olaraq
partizan dəstələrinə təslim olmuşdu. Meşkinşəhərdə vəziyyət bir
qədər ağır xarakter almışdı. Milli Hökumətə düşməncəsinə
münasibətinə görə jandarm rəisi Ərdəbili, vilayət səisi
Arbaçizadə, Şahsevən tayfa başçısı, Ərdəbildə İran briqadasının
kəşfiyyat işlərinə başçılıq edən Aqit Əmini Partizanlar
tərəfindən güllələnmişdilər (5).
Digər yerlərdən fərqli olaraq Urmiyyədə ordu və jandarmın
tərk- silah edilməsi bir neçə gün yubandı. Şəhərdəki İran
briqadasının komandusi polkovik Zənginə və jandarm rəisi
Nuribəxş əvvəlcə Sovet konsuluna bildirmişdirlər ki, onlar
qarnizona silahı yerə qoymaq əmri verməyə hazırdılar. Lakin
dekabrın 15- də Urmiyyə briqadasi şəhərin kənarında müdafiə
mövqeləri tutmüş, tankları partizanlara qarşı çəxarmış və şəhər
kənarında dayanan fədailərə atiş açmışdılar. Şəhər daxilində
demokratlara qarşı repressiyalar başlanmış ADP- nin 5 nəfər üzvü
jandarm tərəfindən güllələnmişdir. Belə vəziyyətdə Urmunun
hücumla alınması məsləhət bilinməmişdi. Qərara alınmışdır ki,
briqadanı dinc yolla tərk- silah etmək və qarşıdurmanı aradan
qaldırmaq üçün Təbrizdən Urmuya nüfuzlu adamlar göndərilsin,
briqada komandirinə təsir göstərmək məqsədi ilə yerli dini və
digər nüfuzlu şəxslərdən istifadə edilsin, kürdlər briqadanın
tərk- silah edilməsinə yaxın buraxılmasınlar, Urmu qarnizonunun
Tehran və digər şəhərlərdə rabitə əlaqələri kəsilsin, vəziyyəti
nəzarətdə saxlamaq üçün Urmuya əlavə silah və Təbrizin sinanmış
fədailəri içərisindən seçilmiş əlavə
qüvvə
göndərilsin. Görülən tədbirlər nəticəsində Urmu qarnizonunun da
müqaviməti qırıldı. Dekabrın 19- da şəhərdəki İran briqadasının
tərk- silah edilməsi başa çatdırıldı. Bununla da Güney
Azərbaycanın əsas şəhər və yaşayış məntəqələri hökumətin
nəzarətinə keçdi. Azərbaycanda demokratların qələbəsi ilə bağlı
Təbrizdəki Amerika konsulu dövlət katibinə yazırdı:
”Azərbaycandakı vuruşmalar Urmu şəhərinin demokratlar
tərəfindən nəzarətə alınması ilə bitdi” (6).
M.C.Bağırov Stalinə göndərdiyi raportda
isə göstərdi ki, Azərbaycanın bütün şəhərlərində, o
cümlədən Urmuda qayda yaradılması hökumətin nüfuzunu əhalinin
gözündə xeyli yüksəltmişdir (7).
Dekabrın 18- də baş nazir Pişəvəri 3-cü İran piyada
diviziyası zabitlərinin yiğıncağında çıxış etdi. 60 nəfər
zabitin qarşısında baş vermiş hadisələrin xarakterini, Milli
Hökumətin məqsədə və vəzifələrini izah edərək zabitləri
Azərbaycan hökuməti ilə əməkdaşlığa dəvət etdi. Azərbaycanlı
zabitlərin bir hissəsi elə həmin yiğıncaqda Milli Hökumətin
rəhbərliyi altında işləməyə razı olduqlarını bildirdilər.
Azərbaycanda hakimiyyətin ələ alınması prosesinin başa çatması
münasibətilə Təbrizdə Milli Hökumət fədai dəstələrin qələbə
paradını keçirdi. Paradda iki minə yaxın fədai iştirak etdi.
Dekabrın 19- da Təbriz şəhər teatrının binasında Azərbaycan xalq
qoşununun yığıncağı keçirildi. Yığıncaqda çıxış edən xalq qoşunu
vəzirinin muavini Qulam Yəhya fədailəri Təbrizdə və Azərbaycanın
vilayətlərində bərqərar edilmiş nümunəvi qayda- qanunu bundan
sonra da qorumağa, Azərbaycan muxtariyyətinə sədaqətlə xidmət
etməyə çağırdı. Qulam Yəhyanın çıxışı bir necə dəfə alqışlala
kəsildi və baş nazir Pişəvərinin şərəfinə şüarlar səsləndi.
Demokratik hərəkatın qələbəsi münasibətilə Təbriz, Səlmas,
Azərşəhər,Əhər və digər yerlərdən gələn çoxsaylı təbrik
telegramları dekabrın 19-da ”Azərbaycan”
qəzetində dərc edilmişdi (8).
Ərdəbildə isə min nəfərdən artıq adamın iştirak etdiyi
mitinq keçirilmişdi. Azərbaycan Milli Hökuməti yarandıqdan sonra
keçən qısa müddətdə İran ordusunun 5983 nəfər əsgər və zabiti
tərk- silah edilmiş, onlardan 4 top,1000 mərmi, 205 pulemyot,
3577 tüfəng, 22 tapança, 6 tank, 2 minomyot,300 mina, 470 min
patron alınmışdı. Urmu və Ərdəbil jandarm polklarında 2800
nəfərə yaxın jandarm tərk- silah edilmiş, onlara məxsus 565
tüfəng, 31 min patron fədailər tərəfindən müsadirə edilmişdi
(9). Azərbaycandakı İran ordusunun tərk- silah edilməsi başa
çatdıqdan sonra dekabrın 19-da keçmiş İran diviziyasının
komandiri general Derəxşani, qərargah rəisi polkovnik Vərəhram
və digər 7 nəfər zabit heyətinin təyyarə ilə Tehrana getməsinə
Milli Hökumət icazə verdi. Lakın Pişəvərinin general Derəxşanini
yola salmağa getməsi heç də M.C, Bağirovun xoşuna gəlməmişdi. O,
öz adamları vasitəsi ilə Pişəvəriyə məsləhət görmüşdü ki, bundan
sonra belə məsələlərdə özünü daha ağır aparsın (10).
Diviziya komandiri Derəxşani və qərargah rəisi, habelə gedən
yüksək rütbəli zabitlər Tehrana çatan kimi həbs edildilər. Bu
addım bir növ mərkəzi hökumətin Azərbaycana barışmaz
münasibətini nümayiş etdirdi. Buna etiraz edən Pişəvəri qeyd
edirdi ki, general Derəxşani və zabitlər qurupunun həbs olunması
ağılsız həhəkətdir. Derəxşani öz iradəsi ilə təslim olmadi.
Sadəcə olaraq, onun əsgər və zabitləri xalqa güllə atmaq
istəmədilər. Derəxşanini həbs etməklə Tehran bir daha ğöstərir
ki, o, hər cür cinayətkarlığa hazırdır.
”Əgər bix öz Milli Hökumətimizi və silahlı qüvvələrimizi
yaratmasaq, Tehran hər şeyi bizim əlimizdən ala bilər. Biz
İranın istiqlal və tamamiyyətini dəfələrlə etira etmişik. Tehran
isə bu istiqlaliyyəti pozmaq yolunda hər gün təzə firıldaq
çıxarır. İş belə gətirsə, biz tamamilə ayrılıb müstəqil bir
dövlət təşkil etməyə məcbur olacağıq. Ayrı
çarə yoxdur… Naçar gərək deyək”sizinki sizdə, bizimki
bizdə”. Yaxamızdan
əl çəkib, qoyun bildiyimiz kimi öz evimizi istədiyimiz kimi
idarə edək” (11).
Milli Hökumətin üzvləri dövlət işlərində təcrübəsiz
olduqlarına görə Bakıdan xahiş edilmişdi ki, hər nazirliyə heç
olmasa bir qeyri-
rəsmi məsləhətçi göndərilsin. Lakin bunu Moskvanın razılığı
olmadan etmək mümkün deyildi. Dekabrın 19- da Stalin, Molotov,
Beriya və Malenkova ünvanladığı məktubda M.C.Bağırov yazırdı: ”Azərbaycan
Milli Hökuməti əməli fəaliyyətə keçmişdir. Hökumət üzvləri
dövlət işlərində lazım olan təcrübəyə malik deyillər və ona görə
də məsləhət və konsultasiyaya ehtiyac duyurlar. Təbrizli
yoldaşlar xahiş edirlər ki, hər nazirə bizim adamlardan bir
nəfər məsləhətçi kimi təhkim etməyə izin verilsin. Bizim
fikrimizcə, təbrizli yoldaşların xahişi ilə razılaşmaq olar.
Bunun üçün adamlar seçirik. Sizin göstərişinizi gözləyirik”
(12). Dekabrın 24-
də Maskvadan bu təklifə müsbət cavab gəldi. V. Molotovun
M.C.Bağırova göndərdiyi 185 sayli teleqramda deyildi:
”İran
Azərbaycanı Milli Hökumətinin nazirlərinə kömək üçün
məsləhətçilər kimi
bizim adamların ayrılması barədə sizin təkliflərinizlə razıyıq.
Ezam edilənlərin tərkibində diqqət yetirin ki, onlar yerlərə
gedərkən lazımi qaydada işləsinlər, özlərinin Sovet vətəndaşı
olduqlarını açıqlamasınlar” (13).
Təbrizdə olan M. İbrahimov, H.Həsənov,A. Atakişiyev
M.C.Bağırova 26 dekabrda yazdiqları məktubda müxtəlif
nazirliklərə göndərilən işçilərdən istifadə məsələsini
Pişəvəri ilə müzakirə etdiklərini bildirdilər. Razılıq
əldə edilmişdi ki, Daxili İşlər Nazirliyi üzrə bir nəfər polisin
işini təşkil etmək və bir nəfər kəşfiyyat işlərini qurmaq üçün
göndərilsin. Maliyyə Nazirliyində iqtisadçı- maliyyəçi
mütəxəssis kimi Təbrizdə olan Məmmədovdan istifadə edilməli idi.
Xalq Qoşunu Nazirliyinə ordu növləri üzrə mütəxəssislər qrupuna,
Əkinçilik Nazirliyinə bir təşkilatçı aqronoma, Ədliyyə
Nazirliyinə bir məhkəmə və prokurorluq mütəxəssisnə, Ticarət
Nazirliyinə ticarətin təşkili və koperasiya üzrə bir təcrübəli
işçiyə böyük ehtiyac duyulduğu bildirildi. Maarif və səhiyyə
Nazirliyində Təbrizdəki Sovet məktəb və xəstəxanası işçilərindən
istifadə etmək qərara alınmışdı.
Bir neçə gün sonra M.C.Bağırova göndərilən ikinci
məktubda yerli faallardan kadr hazırlığını təşkil etmək üçün
Milli Hökumətin sərəncamına təcili olaraq 10 nəfər təcrübəli
tarixçi və pedaqoqlar göndərilməsi xahiş edilirdi. M.C.Bağırov
Azərbaycan K(b) PMK katibi Qafarzadəyə və təhlükəsizlik
komissarı Yemelyanova tapşırıq verdi ki, ən geci 10 gün
müddətində lazım olan ixtisaslar üzrə adamlar seçilsin,
hərtərəfli yoxlanılsın, onlara söhbət aparıldıqdan sonra 1946-cı
ilin yanvar ayının 15- dən gec olmayaraq Təbrizdə olsunlar və
yerli yoldaşlara zəruri olan yardımı göstərsinlər(14).
Məhərəmlik təziyəsi
ilə bağlı işini dayandırmış Azərbaycan Milli Məclisi dekabrın
21-də fəaliyyətini bərpa etdi. Qanuna görə, 20 yaşına çatmış
vətəndaşlar il yarım müdətinə xalq qoşununa hərbi xidmətə
çağırılmalı idilər. Bu qanunda göstərilirdi ki, xalq qoşunları
Azərbaycan xalqının ehtiyacından doğmuş, onun müdafiəsini və
xalqın azadlığını təmin etmək üçün yaradılmışdır. Xalq qoşunları
əsgər və zabitləri də bütün vətəndaşların malik olduğu hüquqa və
içtimai haqqa malikdirlər (15).
Xalq qoşunu haqda qəbul edilən qanunla Məclis Azərbaycan
hökumətinə səlahiyyət verdi ki, ordu hissələrini təchiz etmək
üçün istər İran daxilindən, istərsə də xaricdən silah alsın.
Fədai dəstələrini yaratmaq və silah əldə etmək işinə hələ
1945-ci ilin payızında başlanılmışdı. Bu barədə S.C. Pişəvəri
yazırdı: ”biz yaxşı bilirdik ki, xalqı yalın əllə silah
qarşısında göndərmək olmaz. Ona görə də yoldaşların hər biri ilə
təklikdə danışıb silahlı adamları cəlb etmək və yerlərdə olan
silahların siyahısını tutmaq haqda tapşırıq verdık və beləliklə
fədai dəstələrin təşkili uğrunda daha ciddi işlər apara bildik.
Bilirdik ki, iş davasız, döyüşsüz ötüsməyəcək… Çalışırdıq silah
işlətməkdə əvəlinci olmayaq. Bizi silahli dəstə yaratmağa məcbur
edən Tehran hökumətlərinin irticaçı ruhiyyələrini bilməyimiz idi”
(16).
Ardi var… |