Çalpapaq
Gülnarə Məmmədova

Ay Çalpapaq hardasan?
Hansı diyarlardasan?
Səni sevən dostları,
Heç yadına salırsan?

Kiçik dostların səni,
Sözünü, söhbətini
Eşitmek
üçün darıxıb.
Aləmə soraq salıb.

İlk bahar da yoldadır,
Çöll
ər yaşıl don geyir,
Novruz bayramı gəlir.
Çalpapaq da sizlərə
Bayram salamı deyir!

Sevimli dostlarım və bütün az yaşlı oxucularımız!

Sizinlə yenidən görüşdüyümə çox sevinirəm. Uzun muddətdir ki, sizlərlə görüşə bilməmiş, eşidib gördüklərimi sizlərlə bölüşə bilməmişəm. Bu dəfə də evlərinizə əli dolu gəlmişəm, hətta çiynimdəki bu söz xurcunumu ağırlığından daşıya bilmirəm.

Əziz dostlarım, sizinlə belə gözəl bir zamanda görüşürük: qarşıdan Əziz Novruz bayramı gəlir! Sözümün lap başında sizin hamınızın bayramını təbrik edirəm, sizə can sağlığı, şən həyat və dərslərinizdə ugurlar arzu edirəm. Ele bu dəfəki görüşümüz də Novruz bayramına həsr olunacaq.

 

Əvvelce siz balaca dostlarıma öz başıma gələn bir əhvalatı danışmaq istəyirem. Siz də bilirsiniz ki, mən dünyanı gəzib dolanmağı çox sevirəm. Xüsüsən də təbiətin qoynunda olmağı çox xoşlayıram. Elə belə bir səfərlərimin birində bir gözəl meşədə gedirdim. Heç bilirsiniz kimi gördüm? Bahar Qızıni! Bəli, gördüm ki, Bahar Qızı bərk əl-ayağa düşüb, sankı uzaq səfərə hazırlaşır, əşyalarını, paltarlarını yığışdırmaqla məşğul idi. Mən də yaxınlaşıb dedim:- Xoş gördük sizi, Bahar Qızı! Xeyir ola, niyə belə təşvişdəsiniz? Bahar Qızı məlahətli səsi ile belə dedi:- Səni də xoş gördük, ay Çalpapaq! Soruşursan hara belə tələsirəm? Bəs görmürsən, yaz gəlir, mən gedib elimizə Baharın müjdəsini verməliyəm, mənim adımi boş yerə Bahar Qızı qoymayıblar ki?! Bu sözləri eşidəndə elə bil yuxudan ayıldım. Birdən yadıma düşdü ki, doğrudanda bir azdan elimizə Bahar gələcək, soyuq, sərt qış öz yerini həmişə yaşıl, təravətli Bahara verəcək. Min rəngli, min bəzəkli gül-çiçəkdən don geyinmiş Bahar Qızının yükünə baxanda bir az qorxdum ki, bu gedişlə o heç gəlib Novruz bayramına sizlərə yetişməsin. Ona görə də soruşdum ki, ona nə kömək edə bilərəm. Bahar Qızı təşəkkür edib  belə dedi:- Sağ ol, Çalpapaq, sən heç yolundan qalma. Balaca dostlarımız səni gözləyir. Mənim də bahar ətirli salamlarımı onlara yetir.Beləcə mən də özümü sizlərə yetirdim. İndi buyurun, bu da mənim sizlərə şe’rdən, nağıldan ibarət Novruz sovqatım!

Bahar nəğməsi
Bir quş uçdu bizim bağa.
Səhər-səhər oxumağa,
Qondu yaşıl bir budağa
Dedi: gözəl bahar gəlir.
Günəş güldü, əridi qar,
Yerdən göyə qalxdı buxar..
Coşan sellər, daşan çaylar

Dedi: gözəl bahar gəlir.
Çiçəklənib hər dağ, meşə,
Qızıl lalə qonşu döşə.
Pıçıldayıb qöy bənövşə

Dedi: gözəl bahar gəlir.
Çoban baxdı bir yaylağa,
Sürüsünü yaydı dağa.
Baxdı sola, baxdı sağa
Dedi: gözəl bahar gəlir.
Mirmehdi Seyidzadə

Səməni

Avaza da saz gərək
Ay səməni, saxla məni,
İldə cücərdərəm səni.
Ayaq basdın ölkəmizə,
Bol-bol şənlik gətir bizə.
çatır-çatır yansın ocaq,
Şadlıq etsin oğul-uşaq.
Sünbül saçlı tarla, əkin.
Parıldasin qızıl təkin.
Bağlar bəzək vursun yənə,
Quşlar məclis qur
Budaqlarda axşam, səhər
Şəfəq saçsin şux m
Sevincimiz həddən aşsın,
Bahar, günəş qucaqlaşsın

Abdulla Shai

Novruz Çərşənbələri

Sizə bir az Novuz bayramının ən mühüm adətlərindən olan çərşənbə şənliklərimizdən  bəhs etmək istəyirəm. Bilirsiniz ki, Novruz bayramı xalqımızın ən çox sevdiyi bayramdir. Novruz sözünün mə’nası ”yeni gün” deməkdir. Hələ qədim zamanlardan xalqımız gecəylə gündüzün bərabərləşdiyi 21 mart gününü yazın gəlməsilə əlaqədar olaraq bayram etmişdir. Bu bayramın çox adət - ən’ənələri var, bunlardan biri də bizim çərşənbələrimizdir. Bu çərşənbələrin öz adları var: Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq (ilaxır) çərşənbə. Novruz çərşənbələrində xalq çölə çıxıb şənliklər keçirir: tonqallar qalayib onların üstündən hoppanirlar, nəğmələr söyləyirlər, uşaqlar hədiyyə, novruz şiriniləri yiğmaq üçün ”papaq” atırlar, evdə gözəl yeməklər bişirilir. Eyni zamanda hər çərşənbənin öz mə’nası, özünə məxsus adətləri vardır. Çərşənbələrin ən əzəmətlisi, xalq tərəfindən ən böyük coşqu ilə keçiriləni Novruzun ən axır çərşənbəsi – Torpaq çərşənbəsidir. İnaclara görə sonuncu çərşənbə torpaq oyanır, bu vaxt torpağa toxum səpmək olar. Su, hava isinir, əkinə hazır olur. Axır çərşənbə ilin ən əziz günlərindən biridir. Bu gündə el böyük şənliklər edir, hamı çölə çıxaraq bir-birini təbrik edir, tonqalların üstündən atlayaraq belə oxuyurlar:

Ağırlığım-uğurluğum odlara,
Yazda mənlə hoppanmayan yadlara.
Ağırlığım od olsun,
Odda yanan yad olsun.
Dədəm gəlsin, saz gəlsin,
Oynamağa yaz gəlsin.
Qoşqu deyib heyləsin,
Bahar sözü söyləsin.
Bahara avaz gərək,
Avaza da saz gərək.

Yaxud:
Ağrım-uğrum tökülsün,
Oda düşüb kül olsun.
Yansın alov saçıls
ın,
Mənim bəxtim açılsın. 

Novruzun bəzəyi olan Kosayla Keçəl də öz məzəli geyimləri, oyunları ilə meydandan çıxmırlar. Çiyinlərində elə mənim xurcunuma  bənzəyən xurcunları olur. Camaat onların başına yığışır. Kosayla Keçəl də gah məzəli əhvaltlar danışırlar, gah da mahnı oxuyurlar, amma hərdən də sovqat  toplamağı unutmurlar.

Sovqatdan bəhs etmişkən birdən yadıma düşdü, axı mənim sizə hələ bir nağıl hədiyyəm də var! Bu dəfə sizə hiyləgər bir keçi haqda nağıl göndərirəm.

Hiyləgər keçi

Günlərin bir gününündə el dağdan köçürdü. Bir keçi, bir dana, bir qoyunun bundan xəbəri yox idi. Özlərini xəlvət bir yerə verib otlayırdılar. Heyvanlar bir vaxt başlarını qaldırıb gördülər ki, ləl köçüb, yurdu qalıb; bir-birilərinin üzünə baxdılar. Dana ağlayıb dedi:

-Keçi qardaş, qurd gəlib bizi yeyəcək. Tez bir çarə elə.

Keçi dedi:

- Gedək bir daxma tapıb içində yaşayaq.

Hər üçü buna razı oldu. çox gəzdilər, az gəzdilər, dana bir ayı dərisi, keçi bir qurd dərisi, qoyun da bir tülkü dərisi tapıb büründü. Bir xeyli gəzəndən sonra bir daxma tapdılar. Sevinə-sevinə içəri girib gördülər ki: bir ayı, bir qurd, bir də bir tülkü oturub söhbət eləyir.

Ayı sevinib dedi:

-Tülkü baba, qalx bir odun gətir.

Tülkü gedib odun gətirdi. Ayı onu döşünə basıb dedi:

-Dınqır sazım, dınqır sazım, bir dana yemişəm, biri də bacadan düşdü.

Qurd odunu ayıdan alıb dedi:

-Dınqır sazım, dınqır sazım, bir keçi yemişəm, biri də öz ayağı ilə gəldi.

Sonra odunu tülkü aldı:

-Dınqır sazım, dınqır sazım, bır qoyun yemişəm, birini də yeyəcəm.

Bu sözü eşiden keçi qoyuna dedi:

-Qalx mənə bir odun gətir.

Qoyun keçiyə bir odun verdi. Keçi odunu döşünə basıb beyirdi:

-Dınqır sazım, dınqır sazım, bir qurd yemişəm, dərisinə bürünmüşəm, birini də yeyəcəyəm.

Odunu danaya verdi. Dana bir şıllag atıb dilə gəldi:

-Dınqır sazım, dınqır sazım, bir ayı yemişəm, dərisinə bürünmüşəm, birini də yeyəcəyəm.

Dana da odunu qoyuna verdi, qoyun söylədi:

-Dınqır sazım, dınqır sazım, bir tülkü yemişəm, dərisinə bürünmüşəm, birini də yeyəcəyəm.

Tülkü bu sözü eşidən kimi götürüldü. Onun dalınca qurd daban aldı, ayı da onlara baxıb qaçdı.

Keçi yoldaşlarına baxıb dedi:

-Bu kələklə ölümdən qurtardıq. Gəlin qaçıb bir yana gedək. Onlar yolda fikirləşəcək, geri qayıdıb bizi yeyəcəklər.

Keçinin fikrini beyənib yola düşdülər. Bir az getdilər. Qabaqlarına bir qaya çıxdı. Dırmaşıb qayanın başına çıxdılar, orada uzandılar.

Ayı, qurd və tülkü də bir xeyli qaçdılar. Sonra bir ağacın dibində durdular. O biri tərəfdən qurd dedi:

-Ədə, qoyun, keçi, dana bizi yeyə bilməz. Onlar bizi aldatdılar. Qayıdın gedək, onları yeyək.

Qayıdıb daxmaya girdilər, gördülər ki, lələ köçüb yurdu qalıb. Onların izi ilə gedib qayaya çatdılar. Gördülər ki, keçi, qoyun, dana qayanın başındadı. Ayı gözlərini aşağıdan yuxarı bərəldəndə dana bərk qorxdu, ayağı sürüşüb tappıltı ilə qayadan düşdü. Dananı görən keçi səsi gəldikcə bağırdı:

-Dana qardaş, sən ayını bərk tut qaçmasın, biz də qurdla tülkünü tutaq.

Tülkü keçinin bu sözlərini eşidən kimi qaçdı, onun dalınca qurd, qurdun dalınca ayı götürüldü.

Keçi, dana, qoyun o ki var güldülər, sonra hər üçü bir-birinə qoşulub arana gəldilər.

Beləcə, Əziz dostlarım nağılımız burda bitdi. Göydən üç alma düşdü, biri mənim, biri sənin, biri də nağıl danışanın. Yə’ni bu hesabla mənə iki alma, sizə də bir alma düşmüş oldu!!! Bilirəm, almaları belə böldüyümə görə məndən inciməzsiniz. Axı siz də bilirsiniz ki, nağıllarımız həmişə bu ”üç alma” ilə bitər. Yoxsa mənə qalsa nəinki almaların hamısını, Yer üzündəki ən gözəl meyvələri, ne’mətləri, hədiyyələri, hətta günəşi göy üzündən qopardıb sizlərə verərdim.

Elə bizim bu dəfəki görüşümüz də burda bitir. Sanıram ki, bu dəfəki Novruz bayramında da yenə sizlərlə bayram sevinclərimi bölüşə bildim. Sizə və bütün xalqımıza gözəl Novruz bayramı, bərəkətli illər, əmin-amanliq və siz, gül balalarımıza sevinc dolu bir həyat arzu edirəm.

 

Mənə məktub yazmağı unutmayın. Ünvanımız dərginin birinci səhifəsində yazılıb. Mənə hər mövzuda: özünüz haqda, sizi maraqlandıran mövzular haqda, və ya yazdığınız şe’rləri , eşitdiyiniz lətifələri bizə göndərə bilərsiz . Sağ olun, dərgimizdə gələn görüşlərə qədər.

Çalpapaqın dilindən  qələmə aldı Gülnarə Məmmədova