ANA DİLİNDƏ SAVAD ALMAQ ZƏRURİ ƏMRDİR
Bunu Ərdəbilin imam cüməsi, höccətülislam Amili "Araz" qəzetinin kollektivi ilə görüşündə söyləyib
Sədrəddin
Güney Azərbaycan Milli Hərəkatı özünün həssas dövrünü yaşayır.
Bu gün ayrı-ayrı fədakar ziyalılarımız, tələbələrimiz, habelə adi
soydaşlarımız deyil, hətta rejimi təmsil edən bir sıra din xadimləri belə,
Azərbaycan türkünün təbii haqlarını müdafiə etməkdədirlər. Ancaq sonuncuların
çıxışlarında səmimiyyət dərəcəsini müəyyən etmək çətindir. Hərçənd onların
söylədikləri hərəkatın tələblərindən sayıla bilər. Bu baxımdan təqdim
etdiyimiz yazı maraqlıdır.
Güney Azərbaycanın Ərdəbil şəhərində "Araz" adlı qəzet dərc olunur. Onun
yiyəsi və redaktoru Əli Nəzəri Şeyx Əhməddir. Qəzetin 53-cü sayında "Ana
dilində savad almaq zəruri əmrdir" başlıqlı yazı çap olunub. Bu yazı "Araz"ın
redaktoru və redaksiya heyəti ilə vilayəti-fəqihin (ayətulla Xamneyinin)
Ərdəbildəki nümayəndəsi və buranın imam cüməsi höccətülislam Amili arasında
keçirilən görüşə həsr olunub. İmam cümə bu görüşdə qonaqlarının bir sıra
suallarına cavab verib.
O deyib: "Ümumiyyətlə, emosionallıq milliyyətçilikdən fərqlənir. Cəmiyyətin bu
həyəcanı vasitəsilə böyük nailiyyətlər əldə etmək olar". Amili vətəni sevməyin
milliyyətçi düşüncədən ayrı olduğunu vurğulayaraq söyləyib: "Peyğəmbərimiz də
öz vətəni Məkkəyə daha çox bağlı idi". Höccətülislam türklərin mədəniyyətinə,
qədimliyinə və kamilliyinə işarə edərək belə deyib: "Bizim keçmiş
ədəbiyyatımız və tariximiz ibrət götürməli, öyrənilməli məsələlərlə doludur.
Mən özüm təxminən iki min atalar sözü toplamışam. Ola bilməz ki, mən hər hansı
atalar sözümüzə rast gələm, onu yaddaş etmədən tez ötüb keçəm. Biz tariximizi
öyrənməliyik. Ana dilində məktəb və universitetlərdə təhsil alınmasını zəruri
sayırıq. Burada pis əməl görmürük. Ancaq gərək şübhəli ittihamlardan özünüzü
qoruyasınız. Çünki xalq və məsullar bu sözləri o kəslərin dilindən eşitmək
istəyir ki, belələri öz istəklərində səmimidirlər".
Vilayəti-fəqihin Ərdəbildəki nümayəndəsi görüşdə qəzetlərlə bağlı fikir
söyləyib. O deyib: "Mən əyalət mətbuatını izləyir və mütaliə edirəm. Orada
Ərdəbil tarixindən az yazırlar. Siz buradakı (Ərdəbili nəzərdə tutur - S.)
qələm sahiblərindən gərək daha çox faydalanasınız". Bu görüşdə "Araz"ın məsulu
Ə.N.Şeyx Əhməd və qəzetin vəziyyəti barədə höccətülislam Alimiyə məlumat
verib. Redaktor qəzetin üzləşdiyi çətinliklər barədə deyib: "Ərdəbil
əyalətinin məsullarını tənqid etmək olmur. Hər hansı idarə rəhbərini tənqid
etmək az qala qəzetin bağlanmasına gətirib çıxara bilir. Biz çalışırıq ki,
qanun çərçivəsində hərəkət edək, "Qırmızı xətləri" keçməyək. Biz Azərbaycan
xalqının yasal hüquqlarını müdafiə edirik. Ələlxüsus ana dilində təhsil və Ana
Yasanın 15-ci maddəsinin (dillə bağlı - S.) icra olunmasını istəyirik".
İmam cümə qonaqlarının çıxışlarına cavab olaraq söyləyib: "Sizin götürdüyünüz
çərçivə çox yaxşı və hərtərəflidir. Siz öz işinizi davam etdirin. Bilin ki,
dövlət məmurları və məsullar mətbuatın tənqidini nəzərə alırlar. Ancaq elə
edin ki, bu yazılar əsaslı, dəlil-sübutlu olsun".
Görüşdə daha bir nəfər, höccətülislam Əzimi də iştirak edib. O, Quranın "Rum"
surəsinin 22-ci ayəsinə işarə edərək deyib: "Bu ayə dillərin müxtəlif olması
haqdadır. Əgər Allah məsləhət bilsəydi, bütün insanları birdilli yaradardı.
Millətlərin ana dilini məhv edərək onu farslaşdırmaq nəzəriyyəsi
məntiqəziddir. Bu nəzəriyyə türkdillilərin tarixini təhrif etməkdir. Bu proses
1915-ci ildən, Əhməd Kəsrəvi tərəfindən (bu şəxs Azərbaycan türkü olsa da,
türklərin "azəri" adlı millət olması haqda qondarma nəzəriyyə irəli sürdü.
Həmin nəzəriyyəyə görə, Azərbaycan türkləri fars dilinin bir ləhcəsində
danışır və onların qoludur - S.) başlayıb. Bu gün də həmin yanlış nəzəriyyə
şahçılar, şovinistlər tərəfindən davam etdirilir. Buna qarşı çıxış etmək
lazımdır. Təəssüflər olsun ki, bu gün biz başqa məsələlərin şahidi oluruq.
Belə ki, mədəni işlərlə məşğul olanlar hələ də bizim dediklərimizi və
hərəkətlərimizi, Ana Yasa çərçivəsində fəaliyyət göstərməyimizi,
vilayəti-fəqihi dəstəkləməyimizi, İran İslam Respublikasının ərazi bütövlüyünə
səmimiyyətimizi isbat etməyimizə inanmırlar. Belələri yenə də bizlərə
"bölücü", "pantürkist", "yerlibaz", "xaricəmeylli" damğalarını vururlar. Onlar
bu hərəkətləri ilə bizə mənəvi işgəncə verirlər".
Höcəttülislam Əziminin Güney Azərbaycanın Nəğədə şəhərində (Sulduz) çıxan
"Ərmağane-Azərbaycan" qəzetinin 20-ci sayında "Biz nə istəyirik?" başlıqlı
yazısı çap olunub. Qeyd edək ki, bu qəzetin yiyəsi İrəc Süleymanzadədir.
Əzimi məqaləsində istəkləri qruplara bölərək belə yazıb:
"Biz aşağıdakıları istəyirik:
1. Müxtəlif millətlərin öz ana dilində təhsil almasının ölkə Təhsil Nazirliyi
tərəfindən həyata keçirilməsini;
2. Yerli dildə (Azərbaycan türkcəsi nəzərdə tutulur - S.) televiziya
verilişlərinin yayınlanmasını;
3. Türk, kürd və başqa dillərdə akademiyanın yaranmasını;
4. Ana Yasanın 15-ci maddəsinə uyğun olaraq qanun çərçivəsində nəşr olunan
yerli qəzetlərin fəaliyyətinə maneələrin törədilməməsini;
5. Şovinist tarixçilərin qarşısında dayanmağı, çünki onlar türkdillilərin
tarixini təhrif edirlər;
6. Dövlət orqanlarında işləyənlər iğtişaş salıb türklərə yuxarıdan-aşağı
təhqiredici münasibət göstərirlər. Biz belə davrananlara qarşı mübarizə etmək
istəyirik.
Bizim bu istəklər Ana Yasa çərçivəsindədir. Yerli qəzetlər, ziyalılar,
türkdilli şüurlu tələbələrimiz siyasi partiyaların olmaması ucbatından
təkbaşına emosionallıqla siyasi təşkilatların da funksiyalarını öz üzərlərinə
götürüblər. Partiya və başqa ictimai təşkilatların yoxluğu üzündən pərakəndə
fəaliyyət göstərirlər".
Höcəttülislam Əzimi yuxarıda qeyd etdiyimiz istəklərlə yanaşı, bunları da
yazıb:
"Latın əlifbası ərəb yazısından üstün deyil. Ona görə xarici həmdillilərimizin
(Quzey Azərbaycanı nəzərdə tutur - S.) əlifbası latıncadır. Ancaq bu haqda
mübahisə etməyin zərəri xeyrindən çoxdur. Ərəb əlifbasını müdafiə etməyimiz
bizim inkişafımız üçün xeyirli və məsləhətlidir. Ərəb əlifbasında türk
dilindəki saitlər çatışmır. Bu da neçə illərdir ölkədə təşkil olunan
orfoqrafiya seminarlarında müzakirə edilir və həll olunur...
...Biz gərək özümüzü separatçılardan fərqləndirək. Onların şüarlarına uymayaq.
Bizim milli məsələlərimiz bir gün qanun çərçivəsində həll olunarsa, bu
separatçılar matəm edib deyəcəklər: "Nədən bizim məsələmiz qanunla həll
olundu?". Bir tərəfdən şovinistlər mədəni və ədalətli ziyalılarımızı
bölücülükdə ittiham edib, onları "yalançı" adlandırırlar, o biri tərəfdən isə
Babək qalasına bayraq düzməklə məşğuldurlar...
... Bizim şəri və qanuni tənqidlərimizi xarici qüvvələr və siyasi
partiyalardan qorumaq lazımdır...
... Çətinliklə çıxan yerli mətbuatı himayə etməliyik. Əgər bu nəşriyyələr
olmasaydı, bugünkü siyasi və mədəni düşüncəmiz, eləcə də gəlişməmiz bu həddə
çatmazdı. Əgər biz öz qəzet və jurnallarımızı daha çox himayə etsək, sonda
məqsədlərimizə vaxtından tez çata bilərik. Bu, millətlərin hər birinin
haqqıdır...
... Türk dili və ədəbiyyatını öyrənmək, eləcə də onu kiçik yaşlarından
uşaqlarımıza öyrətməliyik. İndi onlar mövcud mədəni və milli sahələrdə olan
ögey-doğmalıqdan bizimlə müqayisədə daha çox zərər çəkirlər. Bunu aradan
qaldırmaq üçün ərəb əlifbasında türk dilində çoxlu kitablar çap olunmalıdır.
Bizlər az tirajla çap edilmiş belə kitablardan istifadə etməliyik. Bu, ana
dilimizin öyrənilməsi, heç nə ummadan bu yöndə fəaliyyət göstərən
ziyalılarımızın təbliğ olunması və tanınması üçün lazımdır. Cüzi ixtilaflara
görə, biz bir-birimizdən uzaqlaşmamalıyıq. Kiçik incikliklərə görə
bir-birimizə düşmən kəsilməməliyik. Bir-birimizi qəbul etməliyik və s.".
* mənbə: Ayna qəzeti-ndən Baki