Qalib
gəldi, Qalib getdi
Anar

Neçə aydır ürəyimiz səksəkədə idi. Vaxtaşırı səhhətinin yaxşılaşdığını, tezliklə geri dönəcəyini eşitsək də, nigarançılığımız səngimirdi. Onun xəstə çağının görüntülərinin - kino-video kadrlarının, adicə fotolarının meydana çıxmamasını başa düşürdüm, çünki xasiyyətinə az-çox bələd idim. Xəstə, həm də ağır xəstə, həm də yaşı 80-ni ötmüş bir insanın vicudunda da, sifətində də, təbii ki, bir üzgünlük, zəiflik seziləcəkdi. Heydər Əliyev dostlarına da, düşmənlərinə də, doğma xalqına da bu şəkildə,
bu halda görünməyə heç cür razı olmazdı. O, yaddaşlarda həmişəki kimi şax
yerişli, məğrur duruşlu, xoş sifətli, gülərüzlü, bəzən də sərt, iti baxışlı bir
insan kimi qalmaq istəyirdi. Və elə beləcə də qaldı. Bu günlərdə müxtəlif
telekanallarda nümayiş etdirilən kadrlarda onun yalnız rəsmi sürətini yox, çox
təbii, çox səmimi, çox insani cəhətlərini də gördük, şux zarafatlarını da
eşitdik, dalğınlıq anlarının, qəmli-qüssəli məqamlarının, musiqidən təsirlənib
gözlərinin yaşardığının da şahidi olduq. Əvvəllər gördüyümüz kadrlara da indi
ayrı gözlə baxırıq. Neçə ayın həyəcanları, təlaşları içində bir an da ümidimi
itirmirdim. İnanırdım ki, bir gün Bakı hava limanında uçaqdan enib üstünə cuman
jurnalistlərə təbəssümlə baxaraq: - mətbuat səhifələrində məni neçə dəfə dəfn
etmisiniz - deyəcəkdi - Görürsünüz ki, sağ salamatam - deyəcəkdi.
Dekabrın 12-dən 13-nə keçən məşum gecə ümidlərimiz puç oldu. ANS televizyonu
qara xəbəri bütün Azərbaycana yaydı, xalqımız yetim qaldı. İlham Əliyev və Sevil
xanım atalarını, Azərbaycan böyük oğlunu, mən isə çox doğma, çox yaxın, çox əziz
adamımı itirdim.
Bu sözləri tam səmimiyyətlə deyirəm. Heydər Əliyevə nə qohumluğum çatırdı, nə
də yaş fərqi, ictimai mövqe etibarı ilə dost ola bilərdik. Amma ömrüm boyu onun
diqqətini və qayğısını, isti münasibətini duymuşdum. Bilirdim ki, istər sovet
dönəmində, istərsə də müstəqillik dövründə məndən ona pis niyyətlə deyənlər də
az olmayıb. Yazıçıların XX qurultayında çıxış edərkən özü bu barədə danışdı.
Amma onu da bilirəm ki, bütün bu danoslar mənə olan münasibətinə zərrə qədər də
təsir etmirdi və edə də bilməzdi. Çünki insan sərrafı idi. Və kimin kim olduğunu
da yaxşı bilirdi. Boğazdan yuxarı təmənnalı sözləri də gerçək əməllərdən seçib
ayırırdı. Elə adamlar var ki, özləri lakey xislətli ola-ola özgəsinin səmimi
hislərinə heç cür inana bilmir. İnana bilmirlər ki, sevgi təmənnasız da ola
bilər, hörmət qarşılıqlı da ola bilər. Mənim heç bir vəzifə sahibindən heç vaxt
şəxsi umacağım olmayıb. Və Heydər Əliyev iş başında olanda da, olmayanda da, ona
eyni hörmət və rəğbət hissləri bəsləmişəm. Amma hisslərimi sağlığında ürək
dolusu deyə bilməmişəm, təmtəraqlı, gurultulu sözlərlə ifadə etməmişəm.
Düşünmüşəm ki, bunu ayrı cür yozacaqlar. Halbuki, Heydər Əliyevin mənim
haqqımda, ayrı-ayrı əsərlərim haqqında, 60 illiyimlə bağlı dediyi xoş sözlər,
mənim onun haqqında dediklərimdən və yazdıqlarımdan az deyil. Yalnız bir dəfə 75
illiyində "Oqonyok" jurnalının sifarişi ilə onun barəsində "Şəxsiyyətin miqyası"
adlı ayrıca bir məqalə yazmışdım.
İndi bu böyük şəxsiyyətin miqyasının o vaxt mənim yazdığımdan da böyük
olduğunu etiraf edirəm. Və şübhə etmirəm ki, illər ötdükcə bu miqyasların
çox-çox daha böyük olduğunu da dərk edəcəyik.
Heydər Əliyevi tanıyanda çox gənc idim. Sonrakı illərdə Azərbaycan
rayonlarına səfərlər zamanı, müxtəlif vaxtlarda Gəncədə, Naxçıvanda, Şuşada,
habelə İstanbulda və Ankarada, Moskvada, Romada, Pekində və Şanxayda,
Alma-atıda, Bişkəkdə, dövlət başçılarıyla söhbətlərində, sənətçilərlə
ünsiyyətində, tarlalarda ya küçələrdə adi adamlarla görüşlərində onu yaxından
müşahidə etmək imkanım olub. Saysız-hesabsız toplantılarda, yubileylərdə onu
dinləmişəm, yazıçılarla, sənət adamlarıyla görüşlərində iştirak etmişəm, iki-üç
dəfə isə təkbətək çox ətraflı, məhrəm söhbətlərimiz olub. 1997-ci ilin payızında
İtaliyadan qayıdarkən təyyarədə ta Romadan Bakıyacan üç saatdan artıq ikilikdə
danışmışıq. Bu söhbətləri gündəliyimdə bütün ayrıntılarıyla və tam dəqiqliklə
isti-isti qeyd etmişəm.
İndi mənim bu böyük insanın xatirəsi qarşısında borcum - hafizəmdə və kağız
üzərində qalmış bütün təfərrüatları, uzun illər müşahidə etdiklərimi və məhrəm
söhbətlərimizin tam mətnini, eləcə də Heydər Əliyev fenomeni haqqında
düşündüklərimi iri bir yazı şəklində qələmə almaqdır və mən mütləq bunu edəcəm.
Ağır itkimizin təsiri altında yazdığım bu kiçik qeydlərdə isə Heydər Əliyev
taleyinin yalnız bir əsas cəhəti üstündə durmaq istəyirəm. Zənnimcə, Heydər
Əliyev bu dünyaya həmişə qələbə çalmaq üçün gəlmişdi.
O, heç bir vaxt qarşısına çıxan heç bir çətinliyin qabağından qaçmazdı. Ən
qorxulu vəziyyətlərdən belə zəfər çalaraq çıxardı. Xalq Cəbhəsi hakimiyyətdə
olan vaxt rus qoşunlarının Azərbaycandan çıxarılmasını böyük tarixi uğur hesab
edirlər. Razıyam. Amma çıxarılan ordunun yerini tutacaq milli zabitlər
korpusunun əsasını axı Heydər Əliyev çox-çox qabaqlar Sovet dönəmində
Naxçıvanski hərbi məktəbini yaratmaqla, neçə-neçə gənci SSRİ-nin ali hərbi
məktəblərinə göndərməklə qoymuşdu.
Sirr deyil ki, Sovet dövründə Azərbaycanın hərbi çağırışçıları orduda ya
tikinti batalyonunda? ya mətbəxdə işlədilirdilər. Böyük əhəmiyyətini yalnız
15-20 il sonra Qarabağ davası başlananda - tam dərk etdiyimiz bu iş - milli
hərbi kadrların yetişdirilməsi - sovet ehkamları üzərində qələbə idi.
Azərbaycanı yalnız xammal ərazisi kimi görmək istəyənlərə qarşı - ən yeni sənaye
ocaqlarının qurulması - SSRİ-nin iqtisadi ətalət siyasətinə qalib gəlməkdi.
37-ci ilin milyonlarla repressiya qurbanlarından yalnız birinin - böyük Hüseyn
Cavidin nəşinin tapılıb vətənə gətirilməsi hələ də zehinlərdə hökm sürən Stalin
buzlaqlarının əridilməsi deməkdi. Azərbaycanın görkəmli sənətkarlarının yüksək
ümumittifaq mükafatlarına, təltiflərinə nail olmaq yalnız o konkret şəxslərin
deyil, ümumən ədəbiyyatımızın, sənətimizin və deməli, Azərbaycanın nüfuzunu
ucaltmaqdı. Bütün bunlar - Heydər Əliyev vətənsevərliyinin, Heydər Əliyev
zəkasının, iradəsinin, uzaqgörənliyinin qələbəsi idi.
Və bütün bunlar bədnam qonşularımızı qıcıqlandırır, qızışdırır,
qəzəbləndirir, yuxularını qaçırırdı.
Moskvaya, mərkəzi dairələrə danos-danos dalınca gedirdi. - "Heydər Əliyev
Naxçıvanı ermənilərdən təmizlədi, indi də Qarabağı təmizləmək niyyətindədir" -
danosların əsas mövzusu bu idi.
Heydər Əliyev bunu bilirdi. Və bunu bilə-bilə məhəl qoymurdu. Brejnevlə xoş
münasibətlərinin bir səbəbi də özünü və xalqını, respublikasını mikoyanlardan,
baqramyanlardan və onların tör-töküntülərindən siğorta etmək idi.
Şuşada əzəmətli Vaqif məqbərəsini, Natəvan heykəlini ucaltmaqla, Üzeyir
Hacıbəyli, Bülbül muzeylərini açmaqla, Şuşada təntənəli beynəlxalq sənət
tədbirləri keçirməklə Heydər Əliyev bu qədim Azərbaycan şəhərinin milli simasını
müəyyənləşdirirdi. Axı 50-ci illərdə Şuşada yeganə iki heykəlin Nelson
Stepanyanın və Tevosyanın büstləri olduğunu mən yaxşı xatırlayıram. Heydər
Əliyev Azərbaycan KP MK-nın Birinci katibi olduğu illərdə Dağlıq Qarabağda
erməni millətçiliyi meyllərinə qarşı çıxarılmış partiya qərarı da yadımdadır. Nə
bundan əvvəl, nə sonra erməni millətçiliyi meyllərinə qarşı bu kəskinlikdə
partiya qərarı qəbul olunmayıb.
Bütün bunlara rəğmən Heydər Əliyev iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına
da layiq görülür, Siyasi Büronun tərkibinə düşür. Ermənilər yanıb-yaxılmasın
neyləsin? Məni isə yandırıb-yaxan odur ki, Heydər Əliyev haqqında Moskvaya gedən
danosların böyük bir qismi elə onun öz vətənindən, Azərbaycandan gedirdi. Onun
öz soydaşları, azərbaycanlılar verirdilər bu danosları.
Səd heyif ki, yalnız ermənilərin deyil, bəzi "özümüzünkülərin" də Heydər
Əliyevə bu bədxah münasibəti bizim günlərdə, müstəqillik dövründə də davam edir.
Heydər Əliyev ermənilərlə mübarizə aparırdı, "Özümüzünkülər" isə onun özüylə. Bu
nə milli şakərimizdir belə, anlaya bilmirəm. Azərbaycanın hər hansı bir görkəmli
övladı - istər siyasət sahəsində olsun, istər elm, sənət, ədəbiyyat - xalqına
şöhrət gətirirsə, ölkəmizin sərhədlərindən kənarda ad qazanırsa, millətin
beynəlxalq aləmdə layiqincə təmsil edirsə - həmin elə bu xalqın, bu millətin bir
para insanları ona qənim kəsilir.
1987-ci ildə ermənilərin, erməni dairələrinin güclü təsiri altında olan
Qorbaçovun birgə səyləri ilə Heydər Əliyev SSRİ-nin siyasi Olimpindən
uzaqlaşdırıldı. Düz bir həftə sonra isə adıbədnam akademik Aqanbekyan Parisdə
Qarabağ kompaniyasına start verdi.
H.Əliyev istefaya göndərildi, ailə üzvləri basqılara məruz qaldı, Moskva
qazetlərində böhtanlar, iftiralar dərc olundu, barəsində cinayət işi açmaq üçün
qurdalanmağa başladılar. Təkləndiyi, yaxşılıq etdiyi adamların çoxunun dönük
çıxdığı (bu da milli şakərimizdi?) bir məqamda Heydər Əliyev heç nədən və heç
kəsdən qorxub-çəkinmədən Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlir, 90-cı ilin
qara Yanvarını lənətlə damğalayır, bütün dünya mətbuatı qarşısında Qorbaçovu
ittiham edirdi. Bu da onun qələbəsi idi.
O vaxt Moskvada Heydər Əliyevə telefon etmişdim. Moskva mətbuatındakı iftira
dolu yazılardan ürək ağrısıyla danışırdı. - Belə yazılara fikir verməyin - dedim
- Siz tarixi şəxsiyyətsiniz və bunu hamı bilir.
Bu telefon söhbətinin bir başqa vacib məqamı və nəticələri haqqında gələcəkdə
ətraflı yazacam. İndi isə ancaq onu deyim ki, bu söhbətdən Heydər Əliyevin daha
Moskvada qalmaq, orada yaşamaq istəmədiyini başa düşdüm.
Əfsuslar olsun ki, Heydər Əliyevə nəinki Moskvada, heç Bakıda da yaşamağa
imkan vermədilər. Tikilib qurulmasında bu qədər böyük zəhməti olan adama Bakıda
bir mənzil də tapılmadı, doğulduğu yerə Naxçıvana getməli oldu. Soyuq, şaxtalı,
yanacaqsız Naxçıvan qışında ətrafındakı etibarlı insanlara - "ölsək də bir yerdə
öləcəyik, qalsaq da bir yerdə qalacayıq" - dedi. İlk baxışda belə görünə bilərdi
ki, siyasi karyerası bitmiş Heydər Əliyev axır ki, məğlub edilib. Belə
amansızlıqlarla üzləşmiş, belə dözülməz şəraitə düşmüş başqa birisi bəlkə də
məğlub olardı. Hər hansı başqa birisi. Heydər Əliyev yox.
Cəmisi bir-iki il keçdi, Qorbaçovun özü də, ölkəsi də yerlə-yeksan oldu, indi
SSRİ-nin ilk və son prezidenti vaxtını öldürmək üçün radioda uşaq nağıllarını
səsləndirir və cibini doldurmaq üçün Makdonaldsı reklam edir. Heydər Əliyev isə
XX əsrdə müstəqilliyini ikinci dəfə qazınmış milli dövlətinin düz on il ərzində
Prezidenti oldu. Özü də elə bir Prezident ki, ərazisi və əhalisi baxımından
kiçik ölkənin dövlət başçısıyla ən böyük məmləkətlərin rəhbərləri hesablaşırdı.
Kim qalib çıxdı? Nəinki öz hakimiyyətini qoruya bilən, başçılıq etdiyi dövləti
belə bada verən Qorbaçovmu, ya parçalanmaqda olan ölkəsini xilas edən, sonrakı
çeviriliş cəhdlərinin qarşısını alan, bir gecə yarısı televiziya çıxışı ilə
Prezident sarayı ətrafına minlərlə insanı toplaya bilən Heydər Əliyevmi?
Bəziləri Heydər Əliyevi atəşkəs sazişinə görə suçlayır, Qarabağ problemini
həll etməməkdə təqsirləndirirlər.
Azərbaycanın hələ güclü ordusu olmadığı bir vaxtda Bişkək protokolu
imzalanmasaydı, rus ordusunun açıq və gizli dəstəyilə ermənilər gəlib Yevlaxa
çatsaydılar, Azərbaycan və Gürcüstan arasında yeni bir işğal zonası yaransaydı
və neft boru kəməri əbədi olaraq gündəmdən çıxsaydı, bu ittihamçılar görən onda
nə deyəcəkdi?
Qarabağ probleminin gec-tez həll olunacağına, Azərbaycanın ərazi bütövlüyünün
bərpasına, işğal edilmiş torpaqlarımızın qaytarılacağına qəti inamım var, amma
bu problemin nə qədər çətin olduğunu da aydın dərk edirəm. Postsovet məkanının
bu səpkili hansı problemi həll olunub - Moldova-Dnestrbasar problemi?
Gürcüstanın Abxaziya, Cənubi Osetiya indi də Acarıstan problemi? Və nəhayət
Rusiyanın Çeçenistan problemi? Hələ yarım əsrdən artıq sürən İsrail-Fələstin
qarşıdurmasını demirəm. - Siyasət mümkün olana əsaslanmaq sənətidir - deyiblər.
Hər halda Qarabağla bağlı danışıqlarda, hər yöndən güclü təzyiqlər altında
Heydər Əliyev Azərbaycanın mənfeyinə zidd olan heç bir güzəştə getmədi. Və
siyasətin mümkün olan əsasları baxımından bu da qələbə idi.
2003-cü ili - ömrünün son ilini də Heydər Əliyev qalib kimi başa vurur. Geniş
infakt keçirmiş, gecəsi-gündüzü olmayan, nə şənbə, nə bazar, nə məzuniyyət, nə
istirahət bilən, yaşı səksənə çatmış insan çıxış edərkən qəlb böhranı keçirir,
yıxılır, yeddi qabırğası sınır və dözülməz ağrılara tab gətirərək yenidən
səhnəyə qayıdır, sözünə davam edir. Bir də yıxılır və yenə görünməmiş, inanılmaz
bir iradə ilə səhnəyə dönür, xalqı ilə vidalaşmağa özündə güc tapır. Bu da onun
yıxılması haqqında hərzə-hərzə danışan və yazan mənəviyyatsız düşüklər üzərində
qələbə idi.
Şayiələr, dedi-qodular, ara söhbətlərinə əsaslanaraq insanı diri-diri
basdıranlar görəsən öz yazdıqlarına inanırdımı? Türkiyə və Amerika kimi açıq
ölkələrdə məşhur siyasi xadimin, ölkə başçısının ölümünü aylarla gizlin
saxlanmasına kim inanar? Və əgər bunu yazanların özləri inanmırsa, oxucularını
niyə ağılsız sayırlar?
Heydər Əliyev həqiqətən dünyasını dəyişən gün "biz bunu hələ dörd ay bundan
qabaq xəbər vermişdik" deyə yazanlar özlərini nə qədər gülünc vəziyyətə
saldıqlarını dərk edirlərmi?
Ucuz mətbuat şoularına Heydər Əliyev bu mənhus xəbərlərin bazara
çıxarılmasından sonra neçə ay yaşamasıyla, xəstə-xəstə belə Azərbaycanı idarə
etməsiylə, prezident seçkilərində iştirakı və vaxtlı-vaxtında namizədlikdən
imtina etməsiylə, seçkiləri izləməsi və nəticələrindən arxayın olmasıyla qələbə
çaldı. Bəlkə də bu gün yeganə təsəllimiz odur ki, Prezidentimiz dövlətinin
taleyindən arxayın getdi.
Dünyaya qalib kimi gəldi, dünyadan qalib kimi getdi.
Heç kəsin xidmətini danmadan Müstəqil Azərbaycanın qorunmasında, qurulmasında
və yaşamasında Heydər Əliyevin müstəsna rolu insafı olanların hamısına
açıq-aşkardır. Bir jurnalist doğru yazıb ki, Heydər Əliyev Qulliver, ona çirkab
atanlar isə liliputlardır.
Bütün keçəri, ötücü narazılıqlar, umu-küsülər, giley-güzar unudulub gedəcək,
Heydər Əliyevin möhkəmləndirdiyi, inkişaf etdirdiyi ölkə-sabit, istiqrarlı, söz,
mətbuat azadlığı təmin olunmuş, müxtəlif siyasi qurumların, o cümlədən müxalifət
partiyalarının fəaliyyət göstərdiyi, senzurasız, ölüm hökmsüz, sivil dünya
ailəsində layiqli yer tutan demokratik Azərbaycan qalacaq. Əlbəttə Azərbaycan,
yaxın gələcəyin Azərbaycanı daha da gözəl, firavan, daha əzəmətli və daha
ədalətli ola bilər və olacaq. Amma bu xoşbəxt gələcəyin təməlini bütün şər
qüvvələriylə mübarizədə qalib çıxan Heydər Əliyev qurdu, əl-ayağa dolaşanlara
rəğmən çətin doğulan əsər kimi yaratdı. Çağdaş Azərbaycan doğrudan da Heydər
Əliyevin əsəridir. Bizim borcumuz bu əsəri yaşatmaq, qorumaq, cilalamaq və
gələcək nəsillərə yetirməkdir. Bütün siyasi çəkişmələr, dartışmalar, toqquşmalar
- Xalqın taleyi qarşısında çox cılız görünür, böyük Tarix önündə çox kiçik
həvəslər, hərisliklər, hikkələrdir.
Heydər Əliyev hər xalqa bəlkə də, əsrdə bir dəfə qismət olan nadir şəxsiyyət
idi.
Həyata qalib kimi gəlmişdi. Xalqı ölümüylə sarsıdan, sarsındıraraq
birləşdirən, kədərləndirərək bütövləşdirən Heydər Əliyev ölümüylə də zəfər
çaldı. Kim nə deyir-desin, nə yazır-yazsın, qalib gəldi, qalib getdi.
16
dekabr 2003-ANAR
Qaynaq: Diaspora Dərgisi.Sayı 1