Bahar gəlir ellərə,

Yaşıllanır bağ-meşə.

Çalpapaq çox tələsir,

Novruz ile görüşə.

 

Novruzum sazlı-sözlü,
Ən əziz bayramımiz.

Belə bayram günündə,

Sevinirik hamımız.

 

Çalpapaq da əliboş

Gəlməmişdir görüşə.

Xoş arzular diləyir,

Dostlarına həmişə.

 



 

Əziz dostlarım və balaca oxucularımız,

 

Sözümə başlamadan əvvəl sizin hamınızın Novruz bayramını tebrik etmək istəyirəm. Size möhkəm can sağlığı, sevinc dolu həyat arzu edirəm! Arzum budur ki, gələcəyimiz olan siz gül balalara ancaq şən və qayğısız günlər nəsib olsun!

  

Əziz balalar, sizinlə axırıncı görüşümüzün üstündən xeyli vaxt keçibdir. Heç bilirsiniz sizinlə yenidən görüşməyə necə tələsmişəm? Bu dəfəki sevincimsə yerə-göyə  sığmırdı. Bilirsiniz niyə? Çünki sizinlə ilk dəfə elimizin ən gözəl bayramı, bayramların bayramı- Novruz bayramında görüşmək və bayram sevinclərimi sizinlə bölüşmək istəyirdim.

 

Mən bu bayramı çox sevirəm. Novruz bayramı xalqımızın ən əziz, ən sevimli bayramıdır. Vətənimiz Azərbaycanda uşaqlı-böyüklu, cavanlı-qocalı hamı bu bayrama hələ çox-çox əvvəldən hazırlaşır və onu böyük təntənə ile keçirdirlər. Hələ bayrama 4 həftə qalmış hər çərşembə axşamında hər ev, hər məhəllə böyük tonqallar qalayır, hamı dualar edərək, niyyətlər tutaraq bu tonqallaın üstündən atlanırlar. Biri-birindən gözəl qədim el adətlərimiz bayram günlərində daha da canlanır, her yerdə oxuyub, çalıb, rəqs edirlər. Hoqqabazların hoqqabazı, hazırcavabların hazırcavabı Kosa da məclislərin yaraşığı olur və hamını zarafatları ilə, məzəli mahnıları ilə eyləndirir.

                                                                                  

Novruz                                                                                                

 

Xonçalı Novruz gəlir                                                                         

Qonçalı Novruz gəlir.                                                           

Sürmə çəkin qaşına,                                                                                    

Noğul səpin başına.           

 

Tonqalları oddayın,

Tüfəngləri addayın.

Xoncalı Novruz gəlir,

Qoncalı Novruz gəlir.

 

Novruz, novruz bahara,

Güllü-güllü nübara,

Bağçamızda gül olsun,

Gül olsun bülbül olsun.

 

A kosa-kosa gəlsənə,

Gəlib salam versənə.

A uyruğu, uyruğu,

Saqqalı it guyruğu.

Kosam bir oyun eylər,

Quzunu qoyun eylər.

 

 

 

Bayram günlərinde evlərdə gözəl süfrələr açılır, hamı yaxınlarına, qohumlarına, dostlarına gonaq gedib bayramlarını təbrik edirlər. Baharın, təbiətin rəmzi olan Səməni və içərisində şəkərbura, paxlava, qoğal olan Novruz xonçaları evlərin bəzəyi olur. Novruz bayramında ən çox sevinınsə uşaqlar olur. Tonqallardan atlanaraq, yumurta döyüşdürərək, qonşuların qapısına ”papaq atmağa çıxaraq və getdikləri məktəb və ya uşaq bağçalarında bayram tədbirləri ilə Novruzu çox gözəl şəkildə yaşadırlar. O Novruz ki, əsrlərdən-əsrlərə keçərək bu günümüzə qədər gəlib bizə çatmışdır. Uşaqlar bir görün ölməz şairimiz Ustad Şəhriyar öz uşaqlıq illərindəki Novruz bayramlarını necə qələmə alıb:

 

”Bayram idi gecə quşu oxurdu,

Adaxlı qız bəy corabın toxurdu,

Hər kəs şalın bir bacadan soxurdu.

Ay nə gözəl qaydaydı şal sallamaq,

Bəy şalına bayrampayı bağlamaq.

Şal istədim məndə də evdə ağladım,

Bir şal alıb tez belimə bağladım,

Qulamgilə qaçdım şalı salladım.

Fatma xala mənə corab bağladı,

Xan nənəmi yada salıb ağladı.”

Yox! Yox! Bayram günündə ağlamaq olmaz. Deyirlər ki, Novruz bayramını kim nece qarşılayırsa bütün il boyu günü-güzaranı o cür keçirmiş. Mən də siz balaca dostlarıma arzu edərdim ki, hər gününüz, hər saatınız bayram kimi keçsin. Bu bayram günündə mən də əliboş gəlməmişəm, sizə lətifələr və nağıl gətirmişəm.

 

Lətifələr

 

Məktəbin müdiri şagirdi yanına çagırıb bərk danlayır:

-         Mənə de görum sən qonşu sinifdəki o oğlanı niyə döymüsən.

Oğlan cavab verir:

-         Onu ona görə döydüm ki, mənə ”gərgədan” deyirdi.

-         Bele.... Bu ne vaxt olub?

-         Deyəsən elə keçen il bu vaxtlar idi.

-         Nə? Bir il bundan əvvəl? Bəs niye uşağı indi döyürsən?

-         Çünki gərgədanın şəklini ilk dəfə dünən görmüşəm.

 

 

 

Məktəbdə tənəffüs vaxtı dostu Elxandan soruşur:

-         Elxan, bu nədir qulağının arxasına goymusan?

Elxan əlini qulağının arxasına atınca əlinə bir sosis gəlir.

-         Bu ki anamın səhər çantama goyduğu sosisdir. Hə, onda bele çıxir ki, men bayaq sosis yerine qələmimi yemişəm.

 

 

      

- Elxan, sinifinizdə ən fərasətli uşaq kimdir?, deyə anası Elxandan soruşur.

      - Ən fərasıtlimiz İlqardır. O oturduğu yerdən saqqızı yazı lövhəsinə ata bilir.

 

 

 

Elxan, səncə qara pişiyin birinin arxasınca gəlməsi bir bədbextlik əlamətidirmi?

     - O baxır pişiyin kimin arxasinca düşməsinə: adamin yoxsa siçanın.

 

 

 

Müəllim bir gün əvvəl yazılmiş inşa yazılarını şagirdlərə qaytarır. Növbə Elxana çatanda müəllim duruxub dedi:

     - Elxan, sənin itin haqqında yazdığın inşa mənə tanış gəldi. Deyəsən bu sənin keçən il qardaşının yazdiğı inşadır.

Elxan cavab verir:

    - Müəllim düz deyirsiniz. Mən nə edə bilərəm ki? Söhbət elə həmin itdən gedir. Axı keçən ildən bu ilə kimi itimizin həyatinda dəyişiklik olmayıb! 

 

 

 

  - Elxan səncə Səddamın dəmir qablardakı koka-koladan niyə xoşu gəlmir?

   - Cünki dəmir kola qabını açanda belə bir səs gəlir:”Buşşşşşşşş”

 

 

İki  siçanın dostluğu

 

Biri var idi, biri yox idi. Yer üzündə iki siçan var idi. Bunlardan biri meşədə, o biri də evdə yaşayırdı. Günlərin bir günündə siçanlar rastlaşdılar. Salam-kəlamdan sonra hal-əhval tutdular. Meşə sıçanı  gündən, küləkdən yanıb qaralmışdı. Özü de yaman arıq idi.                         

Ev sıçanı ağ və totuq-motuq idi.

Meşə sıcanı təzə tanışını meşəyə gəzməyə çağırdı. Necə dolandığından  nağıl edib dedi:

 - Yemek üçün korluq çəkmirəm. Meşədə hər şey var. Oyuğun içində özümə yuva düzəltmişəm. Ağacın kötüyünün altında isə anbar. Səhərdən axşama kimi rahatlıgım yoxdur. Əlimə keçən azuqəni anbara daşıyıram ki, nə özüm nə də

balalarım korluq çəkməsin.

Meşə Siçanı süfrə açdı. Qış azuqəsindən seçib qoz və şabalıdın yaxşısını, meyvə köklərini, sarı buğda dənələrini ortaya tökdü. Ev Sicanı əvvəlcə acgözlüklə süfrəyə cumdu. Yeyib doyandan sonra özünü çəkib dedi:

 -Təkcə bunlarla yaşamaq olmaz. Görürəm ki, səhərdən axşama qədər vurnuxursan. Elə ona görə də bir dəri, bir sümüksən. Özün də beləcə yanıb qaralmısan. Mən heç bir gün də belə yerdə yaşaya bilmərəm. Yolun düşəndə bizə gəl, onda görərsən ki, biz necə yaşayırıq.

Ev Siçanının sözündən Meşə Sicanı incidi. Ona görə də fürsət tapan kimi şəhərə cumdu ki, görsün təzə tanışının sözləri dogrudur, ya yox, Ev Siçanı Meşə Siçanını içəri aparan kimi oturmağa macal vermədən başladı:

 - Bax, mənim iki otağım var. Bir qış otağı, biri də yay otağı. Qış otağını isti döşəmənin altında düzəltmişəm. Yay otagım isə çardaqdadır. Qış üçün azuqə toplamağa ehtiyac yoxdur. Çünki bu otaqlarda, anbarda nə görürsənsə hamısı mənimdir. Nə qədər istəsəm götürüb yeyirəm. Özün də görürsən, xalçaların üstündə gəzib dolanıram. Doğrusu sənin kimilərə çox yazığım gəlir. Günki həmişə quru yarpaqların, mamır basmış kəsəklərin arasında izlənirsiniz.

Meşə Siçanı dedi:

- Meşenin öz gözəlliyi var. Yemi bol, havası təmiz. Ev Siçanı onun sözünü ağzında qoydu:

- Ona görə də ayaqların qabar olub da!

Meşə Siçanı təslim olmaq istəmədi.

- Bizim meşədəki quşların cəhcəhi nəyə desən dəyər.

- Eh, burada elə oxuyanlar, çalanlar, var ki, daha nə deyim?

Meşə Sicanı gözləyirdi ki, indi süfrə açılacaq, Ev Siçanının təriflədiyi yeməklər indi ortaya gələcək. Düzü özü də yol gəlib yaman acımışdı.

Amma ev Siçanı özünü o yerə qoymurdu.

- İndi də bəri gəl, mənim üçün hər şey hazırlayan adamları sənə göstərim.

Siçanlar çardağın dirəkləri üstünə çıxıb evin üstünə baxmağa başladılar. Nahar vaxtı idi. Ailə süfrə başına yığışmışdı. Kənarda ala-bula pişik oturmuşdu. Uşaqlar əllərinə keçən yaxşı tikələri onun qabağına atırdılar. Meşə Siçanı ömründə pişik görməmişdi. Ona görə də xəbər aldı ki, bu hansı heyvandır. Ev Siçanı özündın razı və lovğa olsa da, başa düşdü ki, uzaq yoldan gələn dostu üçün süfrə açmaq lazım idi. Amma nə etsin, azuqəsi yox idi. Günün günorta vaxtı da bir şey  oğurlamaq mümkün deyildi. Ona görə də Ev Siçanı Meşə Siçanının sualını eşidəndə sevindi, fikirləşdi ki, onu aldadaram var-yoxunu ələ keçirərəm. Həm də qonaq etməkdən canım qurtarar. Ona görə də belə cavab verdi.

- Hə, mənim qaynanamdı. Bu evdə hamı ona hörmət edir. Zəhmət çək, get, görsün ki, meşədə də qanacaqlı siçanlar var.

- Yox, yaxşı düşməz. Mən onu, o da məni tanımır. Gəl birlikdə gedək.

Ev Siçanı gördü ki, başqa əlac yoxdur. Yavaş-yavaş çardaqdan düşüb otağa keçdilər. Pişik onların hənirtisini duymuşdu. Elə ki, siçanlar göründü, Pişik sıçrayıb Ev Siçanını tutdu. Bunu görən Meşə Siçanı qaçıb canını qurtardi. Özünü güc-bəla ilə yuvasına saldı. Ancaq səhəri özünə gəldi. Özünə söz verdi ki, birdə lovğa, paxıl, özünü öyən Siçanlarla

dostluq etməsin.

 

 

         

Əziz dostlarım, bu dəfəlik də bu qədər. Sizinlə bayram sevincimi bölüşdüyüm üçün çox sevindim. Hər zaman olduğu kimi yenə sizdən məktub gözləyirəm. Mənə hər mövzuda,   məsələn dərqimizdə hansı mövzularda yazılar görmək istədiyiniz haqda, özünüz haqda və başqa arzu, təkliflərinizi, rəsmlərinizi, suallarınızı göndərə bilərsiniz. Sağlıqla qalın!    

 

                                                            Çalpapağın dilindən qələmə aldı Gülnarə Məmmədova