Ermənilər Xocalıda törətdikləri vəhşilikləri boyunlarına alırlar
XOCALI SOYQIRIMININ ŞAHİDİ, LİVANDA ÇIXAN "XAÇ UĞRUNDA" KİTABININ MÜƏLLİFİ DAUD XEYRİYAN ERMƏNİLƏRİN AZƏRBAYCANLILARIN BAŞINA GƏTİRDİKLƏRİ MÜSİBƏTLƏRİ QƏLƏMƏ ALIB
Aradan 11 il keçəndən sonra ermənilər özləri də artıq Xocalı soyqırımı ilə bağlı
həqiqətləri etiraf etməyə başlayıblar. Erməni müəllif Daud Xeyriyan Livanın
"Şərq" mətbəəsində çap olunmuş "Xaç uğrunda" kitabında yazır: "... Martın 2-də
"Qaflan" erməni qrupu 100-ə yaxın türkün cəsədini topladı və onları Xocalının 1
kilometrliyində yandırdı. Axırıncı yük maşınında mən başından və qollarından
yaralanmış 10 yaşlı bir qız uşağını gördüm. Onun üzü gömgöy olmuşdu. Soyuq,
aclıq və ağır yaralara baxmayaraq o, hələ də sağ idi... O, tənginəfəs idi və mən
onun ölüm yuxusuna getməkdə olan gözlərini hələ də unuda bilmirəm. Tiqranyan
familiyalı bir əsgər onu ölülərin içərisinə atdı. Daha sonra onlar cəsədləri
yandırdılar. Mənə elə gəldi ki, cəsədlərin yandığı tonqaldan ağlamaq səsləri
gəlirdi... Bütün bunlardan sonra mən daha irəli gedə bilmədim. Ancaq Şuşanı
görmək istəyirdim. Mən geri qayıtdım. Onlar isə xaç uğrunda müharibələrini davam
etdirdilər..."
Qeyd edək ki, həmin yazı iki il öncə "Sahil" İnformasiya və Araşdırmalar
Mərkəzi tərəfindən yaradılan www.khojaly.net saytının "Şahidlər" bölməsinə
yerləşdirilib. Həmin bölmədə Xocalı faciəsini öz gözləri ilə görmüş şəxslərin
danışıqları, xatirələri toplanıb. İngilis dilində tərtib olunan www.khojaly.net
saytı Xocalı faciəsi haqqında məlumatları dünya ictimaiyyətinə çox dolğun
şəkildə çatdırır. Bu səhifədə faciə haqqında məlumat və fotoşəkillərlə yanaşı,
Xocalı qurbanlarını əks etdirən videomateriallar da nümayiş etdirilir. Saytda
Xocalı soyqırımı ətrafında ermənilərin spekulyasiyalarına tutarlı cavab verən
geniş bir analitik yazı da dərc olunub və bu yazı saytın müəllifi olan "Sahil"
İnformasiya və Araşdırmalar Mərkəzi tərəfindən hazırlanıb. Xocalı haqqında
həqiqətləri bir şahid kimi ilk gündən bütün dünyaya yayan amerikalı jurnalist
Tomas Qoltsun "Xocalı" yazısı da bu səhifədə öz əksini tapıb.
Saytın "Qurbanlar" bölməsində faciədə şəhid olan azərbaycanlıların siyahısı
verilib, "Media" bölməsində isə Xocalı faciəsi ilə əlaqədar dünya mətbuatında
indiyə qədər dərc olunan materiallar toplanıb.
AZADƏ