SOYUQ MÜHARİBƏNİN BAŞLANDIĞI YER-GÜNEY AZƏRBAYCAN

1945-1946
CƏMİL HƏSƏNLİ

I Fəsil       

Dekabr 1945:

tarixin dönüş məqamı-21 Azər

Səttarxan və Şeyx Məhəmməd Xiyabani kimi böyük simaların fədakar mübarizəsi ilə dünyanı heyrətə salmış Azərbaycan xalqı üçüncu mühüm hadisənin-21 azərin astanasında idi. Həmin böhranlı günlərdə S.C.Pişevəri birdirirdi: “Biz öz haqqımızı öz millətimizin gücü ilə əldə etməliyik...Biz Xiyabani mərhumun iştibahını tekrar etməyəcəyik. Xainlərə ölümdən başqa cavabımız ola bilməz. Xalq öz haqqını almaq üçün qurban verməkdən qorxmaz. Qurban verməyə hazır olmayan bir millət azad yaşamağa haqlı deyildir” (1).

Artıq 1945-ci ilin payızından başlayaraq Azərbaycanda ikihakimiyyətlik hökm sürürdü. Hər şeyə nəzarət edən Azərbaycan Demokrat Partiyasının rəsmi hakimiyyəti, bütün nəzarət imkanlarını itirən rəsmi hakimiyyətin isə real gücü yox idi. Tehranın Təbriz üzərinə ordu yeritmək cəhdləri puça çıxmışdı. Noyabr ayında Azərbaycana göndərilən ordunu Şərəfabaddan geri qaytarmağı İran siyasiləri məqbul hesab etmirdilər. Bu addımın Azərbaycandakı İran ordusunun əsgər və zabitlərinə mənfi təsir göstərəcəcəyindən ehtiyatlanan Baş Qərargah rəisi general Həsən Ərfə Qəzvin yaxınlığında dayanan İran hərbi hissələrinin Həmədana göndərilməsini təklif etmişdi. Tehrandakı ABŞ səfiri Uolles Mörrey dekabr ayının 8-də dövlət katibinə göndərdiyi gizli məlumatda yazırdı: “İranın belə hərəkətinə çox təəsüf edirəm. Çünkü bu, Sovet İttifaqının onların Təbrizə hücum etməsinə icazə verməməsini qəbul etmələri deməkdir. Dünən polkovnik Beykerlə danışan Ərfə vəziyyət haqqında çox bədbin fikirdə olduğunu bildirdi. O dedi ki, Tehranın indi Şimal (İranın) sərhədi olduğunu fikirləşir və rusların köməyi ilə “ demokratlar”ın paytaxta gələn ərzaq təchizatını kəsəcəyini təxmin edir. O qeyd etdi ki, mərkəzi qərargah “demokratlar”ın Tehrana qarşı ani bir hücumunu dəf etmək üçün sutkanın 24 saatı ərzində hazır vəziyyətdə durur (2). Hərbi yolla məsələni həll etməkdə aciz qalan mərkəzi hökumət indi daha çox diplomatik manevlərə və Azərbaycanda yeni vali təyin edilmiş Mürtəza Qulu Bəyatın (Səham əs-Sultanın) Təbrizdə apardığı danışıqlara ümid bəsləyirdi. Bu danışıqların birinci dövrəsi dekabr ayının 3-də başa çatmışdı, lakin elə bir nəticə verməmişdi. Tehranla əlaqə saxladıqdan sonra Səham əs-Sultan Pişevəri ilə ikinci görüşə can atırdı. O, vəziyyətin ümidsiz olduğunu başa düşsə də, bir tərəfdən Tahranın hansı addımlar atacağını gözləmək məcburiyyətində idi. İbrahim Hakiminin Bəyatı Azərbaycana vali təyin etməklə güclü bir rəqibini paytaxtdan uzaqlaşdırması da ona sirr deyildi.

Dekabr ayının 8-də səhər saat 10-da Təbriz əsilzadəsi Sirac Zəkaüddövlənin evində bir tərəfdən M. Bəyat və Həsən Dövlətşahi olmaqla, digər tərəfdən S.C.Pişevəri, Hacı Mirzə Əli Şəbüstəri və Məhəmməd Biriya olmaqla tərəflər arasında ikinci rəsmi görüş keçirildi. Saat yarımlıq görüş ərzində Bəyat çalışırdı ki, demokratlardan birtərəfli qaydada imzalanmış sənəd alsın ki, onlar Azərbaycan muxtariyyətini qurmağı necə təsəvvür edirlər, Məclisin hüquq və vəzifələri nədən ibarət olacaq, Azərbaycan Məclisi ilə İran Məclisinin qarşılıqlı əlaqələri necə olacaqdır? Əvvəlki görüşdə olduğu kimi, bu danışıqlarda da Bəyat əsas ağırlığı əyalət əncümənlərinin yaradılması, dil məsələsinin həll edilməsi, ana dilində təhsilin mümkünlüyü üzərinə salmaq istəyirdi. O bildirdi ki, İran Məclisi ilə paralel olaraq Azərbaycan Məclisinin fəaliyyətini təsəvvür edə bilmir. Bu məsələnin İran Konstitusiyası ilə ziddiyət təşkil etdiyini də Səham əs-Sultana bir daha Pişevərinin nəzərinə çatdırdı. Pişəvəri hiss etdi ki, Bəyat əncümən və digər məsələlərdə çoxlu güzəştlər vəd etməklə muxtariyyət ideyasını Tehrana verilən tələblər içərisindən çıxarmaq istəyir. Ona görə o, qəti surətdə bir daha təsdiq etdi ki, Azərbaycan xalqının tələbləri mətbuatda dərc edilən bəyannamədə aydın əks olunmuşdur. Bu tələblər şah və məclis tərəfindən təmin edilməlidir. Onların təmin edilib-edilməməsindən asılı olmayaraq artıq seçilmiş Azərbaycan məclisi bu günlərdə işə başlamalıdır. Muxtariyyət məsələsində Biriya və Şəbüstəri də Pişəvərini müdafiə etdilər. Bəyat sözarası bildirdi: “ Siz muxtar formada yaşaya bilməzsiniz“ (3). Sonralar S.C.Pişəvəri bu danışıqları xatırlayaraq yazırdı: “ Ağayi Bəyat şəxsən bizim haqqımızı etiraf edib əsl fikrimizin və prinsiplərimizin səhih olduğunu qeyd etdiyi halda, onun ətrafında aydın və açıq söz deyə bilmirdi. O istəyirdi ki, söz ilə bizim əsl məqsədimizi yuyub təmizləyib milli muxtariyyət ünvanını aradan aparsın. Onun danışıqları qətiyyən öz vicdanının sədası deyildi. İxtiyaratı məhdud, əl və ayağı bağlı bir adam kimi çapalayıb durduğu yerdə qalır, vaxtı tələf etmək üçün cüziyyət üzərində uzun-uzadı mübahisəyə girişirdi. Nəhayət, nümayəndələrimiz vəziyyəti olduğu kimi təsvir edib aydın bir lisan ilə millətin öz haqqını almağa qadir olduğunu və bu haqqı almaq yolunda tamam varlığı ilə mübarizəyə girişdiyini ona anladaraq dedilər... Bu gün-sabah məclisi millimiz açılacaq, qanuni və rəsmi hökumətimiz təşkil tapacaq. İrandan ayrılmamaq şərtilə Azərbaycanın daxili işlərini idarə etməyə şüru edəcəkdir.Tehranda vaxtında ittila verilmişdi. O, gün qazanmaq, vaxt tələf etməklə işi ört-basdır etmək fikrindədir. Bu isə çox səfihanə bir siyasətdir. Mərkəzi hökumət bu gün bizim uzatdığımız əli dala qaytarmaq istərsə, artıq o əl bir daha uzanmaz, bu da mərkəzi hökumətin böyük və əsas xəyanətlərindən olub qalar (4).

Azərbaycanın muxtariyyətinin İran Konstitusiyasına zidd olduğunda israr edən mərkəzi hökumət nümayəndələrinə Pişəvəri xatırlatdı ki, son 25 il müddətində bu konstitusiyanın çoxlu maddələri dəyişdirilib. Məsələn, Rza Şah Qacar ailəsinin şahlığına aid olan maddəni ləğv edərək onun yerinə öz padşahlığını salmışdır. Yaxud konstitusiyaya görə, İran mələkəsi iranlı olmalı halda, indiki mələkə misirlidir. Muxtariyyət sözünün mahiyyətinə gəldikdə isə, Pişəvəri Bəyata izah etdi ki, o, Azərbaycanın muxtariyyətini Amerika Birləşmiş Ştatları və İsveçrənin ştatları hüququnda təsəvvür edir (5).

Danışıqların sonunda Bəyat xahiş etdi ki, Milli Konqresdə qəbul olunmuş bəyannaməni və digər sənədləri ona göndərsinlər. Ola bilsin ki, o, Tehrana getsin və bu sənədlər şahla danışıqlarda ona köməklik etsin. Sonda Bəyat bir daha Pişəvəri ilə görüşmək arzusunda olduğunu bildirdi. Bu danışıqlar barədə SSRİ Xalq Komissarları Sovetinin sədri İosif Stalinə məlumat görəndən Sovet Azərbaycanı Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Mir Cəfər Bağırov yazırdı: “ Bəyatla ikinci görüş bir daha təsdiq etdi ki, o, İran hökumətinin tapşırığı ilə hərəkət edərək sonsuz danışıqlar vasitəsi ilə əsas və başlıca məqsəd olan Azərbaycanın muxtariyyəti məsələsinin həllini yubatmağa çalışır. Görünür, Azərbaycan haqqında məsələni xarici hökumətlərin əli ilə həll etmək istəyirlər. Bütün bunları nəzərə alaraq biz göstəriş verdik:

1. Məclisin birinci sessiyasının iclası bir daha təxirə salınmasın və dekabrın 12-də keçirilsin.

2. İstər Məclis və istər Məclisdə təsdiq olunmuş hökumət təcili olaraq ümumxalq konqresində qəbul olunmuş qərarların həyata keçirilməsinə başlasın.

3. Məclisin birinci sessiyası qurtarana qədər Bəyatla sonrakı görüşlərdən imtina edilsin (6). Səham əs-Sultan ilə görüş keçirilən günün axşamı Bakı üçlüyü ilə (Həsən Həsənov, Mirzə İbrahimov, Ağasəlim Atakişiyev) Təbriz üçlüyü (Pişəvəri, Şəbüstəri, Biriya) Azərbaycan Milli Məclisinin açılması, onun rəhbər heyətinin seçilməsi, hökumətin tərkibinin təsdiq edilməsiylə bağlı məsələləri müzakirə etdilər.

 

Azərbaycanda cərəyan edən hadisələr artıq böyük dövlətlərin siyasi dairələrinin və informasiya vasitələrinin müzakirə obyektinə çevrilmişdi. ABŞ radiosunun şərhçisi Stil dekabr ayının 7-də İran teleqraf agentliyinin keçmiş redaktoru Reza Şəhşəhanini dəvət etmişdi ki, radio vasitəsi ilə Azərbaycandakı hadisələri şərh etsin. Şəhşəhani Azərbaycan milli-demokratik hərəkatını və Xalq Konqresində qəbul edilmiş sənədləri müsbət qiymətləndirdi, Azərbaycan xalqının haqlı olduğunu qeyd etdi. Onun fikrincə, bu işləri Sovet İttifaqına düşmən münasibət bəsləyən ABŞ-dakı İran səfiri Hüseyn Əla kimi adamlar şişirdirlər (7).

Vəziyyətin ciddi xarakter aldığını hiss edən böyük Britaniya Moskvadakı səfiri vasitəsi ilə dekabrın 8-də İrandakı Sovet və İngiltərə qoşunlarının ən yaxın vaxtda oradan çıxarılmasını müzakirə etməyi SSRİ xarici işlər komissarı Vyaçeslav Mixoyloviç Molotova bildirmişdi. Britaniya səfirinin məktubu Molotovla Britaniya xarici işlər naziri Ernest Bevin arasında London görüşündəki razılaşmaya və Molotovun Bev inə yazdığı 20 sentyabr tarixli məktuba əsaslanırdı. Azərbaycanın şəhərlərində partizan dəstələrinin polisi və jandarmı tərk-silah etməsi, ordunun döyüş qabiliyyətini itirməsi İrandakı diplomatik missiyaların hadisələrə ciddi, dahha dəqiq deyilsə, həyəcanlı marağını doğurmuşdu. Təcili olaraq Təbrizə gələn Tehrandakı ABŞ səfirliyinin mətbuat katibi kayler Yanq dekabrın 9-da ADP MK-nın sədri Pişəvəri ilə görüşmüşdü. Söhbət zamanı yanq Azərbaycanın muxtariyyəti, partizan hərəkatı, Demokrat Partiyasının strukturu, onun sinfi və milli tərkibi, Xalq Konqresinin sənədləri, Demokrat Partiyasının silahlı partizanlara münasibəti və onların haradan silah alması və s. Məsələlərə maraqlanmışdı. Xüsusilə rusların bu hərəkatda iştirakı ilə bağlı Yanq Pişəvəriyə çoxlu suallar vermişdi. M.C. Bağırov Kreml rəhbərlərinə göndərdiyi məlumatda qeyd edirdi ki, Pişəvəri verilən sualların hamısına əsaslandırılmış cavablar vermişdir. Xüsusilə amerikalının “ Axı bəyannamə İran Konstitusiyası ilə ziddiyət təşkil edir sualına cavab olaraq o bildirib ki, Azərbaycan xalqının öz ədaləti tələblərini irəli sürməyə tarixi haqqı vardır. Necə ki, bir vaxtlar Amerika xalqı öz haqlarını tələb edib. Azadlıq uğrunda mübarizədə həmin dövrdə mövcud olan konstitusiya Amerika xalqının ədalətli hərəkatına mane ola bilmədi. Azərbaycan xalqı dünyanın demokratik xalqlarının, xüsusilə bu gün Azərbaycan xalqının dərdini daha dərindən duya bilən Amerika xalqının yardımına böyük ümid bəsləyir. Sonda amerikalı bildirib ki, o, Pişəvirinin fikirlərini bölüşür və onun dəlilləri ilə razıdır. Lakin Yanq Pişəvəridən söz verməyi xahiş edib ki, o, Tehrana qayıdıb öz səfirliyinə məruzə edənə qədər onun bu fikirləri “ Azərbaycan qəzetində dərc edilməsin (8).

Xarici işlər nazirlərinin görüşü ərəfəsində Vaşinqtondakı İran səfiri H.Əla dekabrin 10-da Tehrandan aldığı təlimata əsasən dövlət katibi Ceyms Brinsdən xahiş edirdi ki, Moskva görüşündə müttəfiqlər İranla bağlı məsələləri, xüsüsilə xarici qoşunların ləngimədən İrandan çıxarılması və İran hökumətinə öz ərazisində tam və mütləq idarəetmə azadlığı verilməsini müzakirəyə çıxarsınlar. O yazırdı: “ Bu bizə ölkədə intizamı bərpa etmək və Azərbaycana gələrək oradakı dövlət işçilərini öldürən və dövlət idarələrini dağıdan mühacirlərin( vaxtilə Sovetlərdən gəlmiş mühacirlər nəzərdə tutulur-C.H.) və kimliyi bilinməyən özbaşına adamların qarşısını almaq imkanı verəcək. Əgər bizim cəhdlərimizin iflic olunması və qarşımıza maneələrin qoyulması davam edərsə, İranın Azərbaycanda və şimal əyalətlərindəki təhlükəsizlik qüvvələri icraetmə gücünü kəskin şəkildə itirəcək, kütləyə və guruhçu ünsürlərə təslim olacaq (9). Xarici qoşunların İrandan vaxtından əvvəl çıxarılması məsələsi ABŞ-ın Sovet İttifaqına göndərdiyi 29 noyabr tarixli notada da əks olunmuşdu. Moskva Birləşmiş Ştatların “ bütün müttəfiqlər ordularını yanvarın 1-nə qədər İrandan çəksin” təklifini qəbul etmədi (10). Dekabrın 8-də Dövlət Departamantı rusların cavab notasını açıqladı. SSRİ hökumətinin fikirncə, xarici qoşunların İrandan vaxtından əvvəl çıxarılmasına elə bir ciddi səbəb yox idi. Güney Azərbaycandakı böhrandan ABŞ-ın narahatlığına gəldikdə isə, Sovet notasında deyirildi: “Artıq Şimali İranın Ümumxalq məclisinin bəyannaməsi dərc olunduqdan sonra aydın oldu ki, İranın şimalında yaşayan Azərbaycan əhalisinin demokratik hüquqlarının qorunması, onların İran dövləti daxilində muxtariyyət (idarəetmə və dil məsələsində) alması Azərbaycan xalqının milli iradəsi məsələsidir (11).

İrandakı ABŞ səfirliyinin mətbuat katibi Yanq beşgünlük səfərdən sonra dekabrın 12-də səhər Təbrizdən Tehrana qayıtdı. Elə həmin gün Mörrey Yanqın Təbrizdə müxtəlif adamlarla, İran dövlət nümayəndələri, hələ ki dırnaq içərisində verilən “demokrat” liderləri, xarici konsullar, dini liderlər, mülki vətəndaşlarla görüşlərdən hazırlanmış məruzəsini Moskvaya yola düşməyə hazırlaşan dövlət katibi Ceyms Birnsə göndərdi. Səfirin teleqramında bildirilirdi: “ Bu gün Təbrizin” “demokratlar” tərəfindən işğal olunması gözlənilir. Azərbaycan valisi Bəyat və Təbrizdəki İran ordusunun komandanı general Ələkbər Derəxşani Yanqa bəyan ediblər ki, onlar şəhəri müdafiə edə bilməyəcəklər və gücləri valinin evi ilə ordu hissələrinin kazarmalarını qorumağa ancaq yetər. Bu gün axırıncı “seçkilərdə” seçilən nümayəndələrdən ibarət “Azərbaycanın Hökumət Məclisi” Təbrizdə ilk yığıncağını keçirəcək. Yığıncaqda 10 nazirdən ibarət kabinet seçiləcəkdir ki, bu nazirlərin, müdafiə və xarici işlər nazirlərindən başqa, hamısı İran hökumətindəki kimi portfellərə sahib olacaq”. Bəyat “demokrat” liderlərlə keçirdiyi iki görüşdə onlara kompromis təklif edib. Onlar isə Bəyatın bunu etməyə qadir olmadığını söyləməklə yanaşı, qeyd-şərtsiz muxtariyyət verilməsini istəyirlər. Təbrizdə hamı deyir ki, Sovetlər “Demokratlar”a canlı qüvvə və silah-sursat da daxil olmaqla hər cür kömək göstərir. Demokrat liderlər özləri Yanqa etiraf ediblər ki, ruslar onlara kömək göstərir. Demokratların Təbrizdə keçirdikləri iclaslar Sovet əsgəri uniformalı adamlar tərəfindən qorunur. Təbrizdən çıxmaq istəyən İran hərbi hissələrinin ruslar tərəfindən nəzarət edilən yol məntəqəsindən buraxılmadığını Yanq şəxsən  görüb. Bundan başqa, o, Ərdəbildən yenicə alınan İran ordusunun rəsmi raportu ilə tanış olmuşdur. Raportda deyilir ki, oradakı orduları hücum altında olan jandarm məntəqəsinə gedən kömək maşınının yolunu kəsib geri qaytarıblar. Sovet komandanı oradakı İran komandanına öz ordularını heç bir yerə hərəkət etdirməmək haqqında əmr verib. Rizaiyyədən başqa, Azərbaycanın bütün əsas yaşayış məntəqələri de-fakto demokratların nəzarəti altındadır. İran dövlət məmurları Yanqa etiraf ediblər ki, artıq onlar Təbrizin adından başqa heç nəyi nəzarət altında saxlaya bilmirlər. Təbrizdəki İran məmurları deyiblər ki, demokratların axırıncı hərəkəti gözlənildiyindən daha sürətli olub(12).

Azərbaycandakı böhranla bağlı Tehrana gəlmiş ingilis jurnalistləri Britaniya səfirliyinin mətbuat katibinin müşayiəti ilə dekabrın 10-sa baş nazir İbrahim Həkimi( Həkimmülmülk) ilə görüşdülər. Onlar mövcud böhrandan çıxış yolu barədə İran hökumətinin fikrini soruşduqda baş nazir dedi: “Müharibə artıq çoxdan qurtarmışdır. Müttəfiq dövlətlərin ordularının İranda qalmasına heç bir lüzüm yoxdur. Əgər üç böyük dövlət ordularını İrandan çəkərsə, Hökumət tam hərəkət azadlığı əldə edib ölkədə islahatlar həyata keçirir və sakitliyi təmin edir. O zaman İran hökuməti SSRİ-yə və bütün dünyaya sübut etməyə hazırdır ki, o, Sovetlər Birliyi ilə əsl dostluq münasibətləri qurmaq arzusundadır. Britaniya jurnalistləri hazırkı vəziyyəti öyrənmək üçün İrana komissiya göndərmək barədə müraciət etmək  arzusunda olub-olmadıqlarını soruşdular. Baş nazir yaranmış böhranın Sovet İttifaqı ilə danışıqlar yoluyla həll ediləcəyinə ümidvar olduğunu bildirdi. Eyni zamanda, o qeyd etdi ki, Birləşmiş Mİllətlər Təşkilatı tərəfindən problemin həllinə yönəlmiş hər hansı diqqəti İran hökuməti üçün məqbul sayır. Son olaraq İ.Həkimi böyük dövlətlərin 1942-ci ilin 29 yanvarında imzalanmış üçtərəfli müqaviləyə və 1943-cü ilin 1 dekabrında elan edilmiş Tehran bəyannaməsinə əməl edib İranın suveren hüquqlarına hörmətlə yanaşacaqlarını bildirdi(13).

Dekabrın 11-də artıq bütün Azərbaycan ADN-nin nəzarətli altında idi. Marağa, Sərab, Bostanabad, Mərənd və Sofiyan fədailər tərəfindən azad edilmişdi. Təbriz mühasirəyə alınmış, oradakı İran ordusunun Tehran və digər yerlərlə əlaqəsi tamam kəsilmişdi. Milli Məclisin sessiyasının açılması və Milli hökumətin təşkili üçün hazırlıq işləri görüldü.

Demokrat Partiyası MK-sı və Milli Komitə tərəfindən hazırlanmış  Azərbaycan Milli Məclisinin daxili nizam nizamnaməsinin ləyihəsi M.C. Bağırov tərəfindən İosif Stalin, Vyaçslav Molotov, Lavrenti Beriya və Georgi Malenkova göndəildi. 39 maddədən ibarət olan nizamnamə Bakıda və Moskvada ciddi dəyişiklik olmadan bəyənilmişdi (14). Pişəvəri və Şəbüstərinin əvvəlcədən razılaşdırılmış parlament kommissiyalarına əlavə olaraq büdcə və xalq qanunu kommissiyası yaratmaq təklifini Bakıda bəyənilmədi. Son olaraq M.C.Bağırov göstəriş verdi ki, qabaqcadan nəzərdə tutulanlardan başqa heç bir yeni parlament komissiyasi yaradılmasın. Eyni zamanda, M.C.Bağırov tövsiyə edirdi ki, Məclisin iclası zamanı Təbrizdə əhali arasında çaxnaşma yaranmasına yol verilməməlidir. Elə etmək lazımdır ki, həm Məclisin iclası, həm də hakimiyyətin yeni Azərbaycan hökumətin əlinə keçməsi prosesi imkan daxilində qan tökülmədən baş versin. ÜİK(b)p MK-sının 6 iyul 1945-ci il tarixi “Güney Azərbaycanda və İranın şimalının digər vilayətlərinə separatçı hərəkətin təşkili üzrə tədbirlər haqqında” gizli qərarının yerinə yetirilməsi gedişində Təbrizdəki Bakı üçlüyünün üzvü Mirzə İbrahimov, xalq daxili işlər komissarı Mirteymur Yaqubov, dövlət təhlükəsizliyi komissarı Stepan Yemelyanov hadisələrin sonrakı gedişi ilə bağlı öz təkliflərini M.C.Bağırova verdilər. Sənəddə deyilirdi:

“Sizin göstərişinizlə hazırlanmış İran Azərbaycanı milli-azadlıq hərəkatının ikinci mərhələsinin başlıca vəzifələri haqqında təkliflər layihəsini sizə göndəririk”. Sovet Azərbaycanı məsul işçilərinin ADP liderləri ilə müzakirələri nəticəsində hazırlanmış təkliflərdə dekabrın 12-də Azərbaycan Milli Məclisinin birinci sessiyasının açılışı, Azərbaycan muxtar hökümət kabinəsinin təşkili nəzərdə tutulurdu. Dekabrın 15-20-si arasında yerli hakimiyyətin irticaçı məmurlarının yeni yaranmış Azərbaycan hökumətinə tabe edilməsi və bununla da Azərbaycanda milli-Azadlıq hərəkatının birinci mərhələsi başa çatmalı idi. Sənəddə göstərilirdi ki, ADP Mk liderləri və Milli Komitə rəhbərləri İran Azərbaycanında milli muxtariyyət hərəkatının sonrakı gedişindən, onun hansı formada inkişaf edəcəyindən qayğılanırlar. Milli-azadlıq hərəkatının birinci mərhələsinin təhlili əsasında qeyd olunurdu ki , əgər şah və İran hökuməti Azərbaycan muxtariyyətini rəsmən tanısalar da, Sovet ordusu Şimali İran hüdudlarından çıxdıqdan sonra vəziyyət köklü şəkildə dəyişə bilər. ADP liderlərinin fikirincə, İranda istənilən hökumət Sovet ordusunun çıxmasından istifadə edib silah gücünə Azərbaycanın muxtariyyətini ləğv edəcəkdir(15).

Sovet Azərbaycanı rəhbər işçiləri də demokratların bu fikri ilə razı olduqlarını bildirdilər. Azərbaycanın milli hüquqlarının tanınmamasını onlar İran hökumət dairələrinin, ictimai-siyasi qüvvələrinin böyük dövlətçilik azarına, fars şovinizminə tutulması ilə əsaslandırırdılar. M.C.Bağırova təqdim olunan təkliflərdə deyilirdi: “Onların dərin inamına görə, İran Azərbaycanında yaşayan azərbaycanlıların milli hüquqlarının müdafiəsinin yeganə təminatı Monqolustan Xalq Respublikası formasında müstəqil xalq demokratik dövlətinin yaradılmasıdır. Ona görə hadisələrin inkişafı və irticaçı Tehran hökumətinin Azərbaycan xalqının tələblərinə münasibətdə küt və dəyişməz mövqeyi İran Azərbaycanında müstəqil xalq demokratik hökumətinin yaradılmasını qaçılmaz zərurətə çevirir. “Tarixi ədalətsizliyi ləğv etmək, Azərbaycan xalqının əsrlik arzu və istəklərini təmin etmək məqsədilə biz Milli Komitənin və ADP MK-nın İran Azərbaycanı milli-azadlıq mübarizəsinin ikinci mərhələsinin başlıca vəzifəsi kimi Monqolustan Xalq Respublikası formasında dövlətçilik yaradılmasını düzgün təklif hesab edirik” (16). Təxminən bir ay sonra S.C.Pişəvəri başda olmaqla Milli Hökumıtin liderlərinin imzaladığı “Azərbaycan xalqının tələbləri” adlı sənəddə müstəqillik ideyası daha da inkişaf etdirildi. Orada deyilirdi: “Biz İrandan tamamilə ayrılıb demokratik əsasda öz müstəqil dövlətimizi-Azərbaycan Milli Demokratik Respublikasını qurmalıyıq... Bizim ölkəmiz Azərbaycan Milli Demokratik Respublikasi adlanmalıdır (17). Sonrakı mərhələdə isə hər iki Azərbaycanın birləşməsi Demokrat Partiyası və Sovet Azərbaycanı rəhbərlərinin müzakilərində dəfələrlə vurğulanməşdı. ADP-nin yaranması və Azərbaycanın muxtariyyətinin elan olunmasına qarşı gizli və açıq yollarla mübarizə aparan, Sovet rəhbərliyinə çoxlu gizli məlumatlar göndərən Tudə Partiyası liderlərindən olan Ərdəşir Ovanesyan sonralar bildirdi:”Azərbaycanda yaran hərəkət M.C.Bağırovun və S.C.Pişəvərinin şəxsi planları və diktovkaları əsasında olmuşdur. Mən o hərəkata bütünlüklə müxalif idim. Bağırov istəyirdi ki, 5 milyonluq Cənubi Azərbaycanla 3 milyonluq Şimali Azərbaycanı birləşdirib Ukraynanın qabağına qoysun və özü ağalıq etsin. Mən bununla müxalif olduğuma görə mənim başımı yemək istəyirdilər. Buna müvəffəq ola bilmədilər” (18). Azərbaycandakı hadisələrin təxminən bu istiqamətdə cərəyan edəcəyini İran siyasi və hərbi dairələri də etiraf edirdilər. Baş Qərargah rəisi general Həsən Ərfə sonralar xaricdə nəşr etdirdiyi xatirələrində yazırdı: “ Bu regionun İrandan ayrılıb Sovet Azərbaycanına ilhaq edilməsi prosesi başlanmışdı” (19). Nəhayət, ciddi hazırlıqlardan və Sovet siyasi rəhbərliyi ilə razılaşmadan sonra 1945-ci ilin dekabr ayının 12-də (1324-cü ilin Azər ayının 21-də) səhər 10-da Təbrizin “Didəban kinoteatrında Azərbaycan Milli Məclisinin ilk sessiyası açıldı. Azərbaycan xalqının tarixində və taleyində mühüm hadisə olan “21 Azər” günü tarixə qovuşdu. Həmin gün Azərbaycan Teleqraf Agentliyinin Təbrizdən Bakıya verdiyi məlumatda göstərilirdi: ”Unudulmaz tarixi günlər hər bir adamın həyatında baş verir, belə günlər hər bir xalqın və dövlətin tarixində daha çox olur. 21 Azər (12 dekabr) günü Şimali İranda yaşayan 5 milyonluq azərbaycanlıların yadından heç bir zaman çıxmayacaqdır (20).

Milli Məclisin ilk sessiyasında Azərbaycanın müxtəlif yerlərindən seçilmiş 95 vəkildən 76-sı iştirak edirdi. Diplomatik nümayəndəliklərdən Sovet baş konsulu, Fransa diplomatik nümayəndəsi, Fransa katolik missiyası, Azərbaycan valisinin nümayəndələri, maarif idarəsi müdirinin müavini, kənd təsərrüfatı idarəsinin, maliyyə idarəsinin, kəndli bankının, polis idarəsinin rəisləri, Ticarət Palatasının, SSRİ-nin İranla mədəni əlaqə cəmiyyətinin Təbriz filialının  sədrləri və digər qonaqlar məclisin açılışına gəlmişdilər. Milli Məclisin tarixi iclası ən yaşlı millət vəkili, iri torpaq sahibkarı Nizaməddov lə Rəfii açdı. Müvəqqəti rəyasət heyətinin seçkisindən sonra Məclisin daxili nizamnaməsi maddə-maddə müzakirə edildi. Baş Nazir başda olmaqla hökumətin tərkibinin on nazirdən ibarət olması haqqındakı 35-ci maddə ətrafında gərgin mübahisələr oldu-Miyanə və Mərənddən olan Məclis üzvləri hökumətin tərkibində Xarici İşlər Nazirliyinin yaradılmasını tələb edirdilər. İclasa sədrlik edən S.C.Pişəvəri izah etdi ki, Azərbaycan öz muxtariyyətinə nail olmaqla yanaşı, İran dövlətin tərkibində qaldığından Xarici İşlər Nazirliyi yaratmağı heç bir zərurət yoxdur. Böyük səs çoxluğu  ilə iclas hökumətin tərkibində XİN yaratmağı lazim bilmədi. Bir çox deputatlar Azərbaycanda toplanan verginn 25 faizinin mərkəzi hökumətə verilməsinin əleyhinə çıxış etdilər. Nizamnamə səsə qoyularaq qəbul edildi. Bundan sonra gizli səsvermə yolu ilə Məclisin daimi rəyasət heyəti seçildi. Mirzə Əli Şəbüstəri Azərbaycan Milli Məclisin rəisi, Sadıq Padeqan, N. Rəfii və Həsən Cövdət Məclis rəisinin müavinləri, Mirrəhim Vilayi və Məhəmməd Əzima Məclisin katibləri, Əliəsgər Dibaian, Sadıq Dilməqani və Murad Əlixan Bayat Maku rəyasət heyətinin üzvləri seçildilər. M.Ə.Şəbüstəri qəbul olunmuş nizamnamənin 33-cü maddəsinə əsasən hökumətin təşkilini Məclis seçkilərində səs çoxluğu qazanmış ADP-nin lideri S.C.Pişəvəriyə tapşırdı. Elə iclasin gedişində Təbriz şəhəri jandarma idarəsinin iki nümayəndəsi içəri girib dünən partizanların onlara verdiyi tərk-silah olmaq barədə ultimatumun şərtlərini qəbul etdiklərini bildirdilər. Məclis Qulam Yəhya və Vilayiyə tapşırdı ki, jandarm idarəsini və silahları rəsmi şəkildə sənədləşdirib qəbul etsinlər. Bununla da səhər iclacı başa çatdı. “Didəban” kinoteatrı qarşısında toplaşmış çoxsaylı Təbriz sakinləri fasiləyə çıxan parlament üzvlərini alqışlarla qarşıladılar (21).

Dekabrın 12-də keçirilən axşam iclasının məsələsi Azərbaycan Milli Hökumətinin təşkil edilməsi idi. S.C.Pişəvərinin təqdimatı üzrə hökumət kabineti aşağıdakı təkibdə təsdiq edildi: Seyid Cəfər Pişəvəri- baş nazir, Səlamulla Cavid-daxili işlər naziri, Qulamrza İlhami-maliyyə naziri, Rza Rəsuli- iqtisadiyyat və ticarət naziri, Cəfər Kavian-xalq qoşunları naziri, Həsən Orəngi-səhiyyə naziri, Mirzə Rəbi Kəbiri-poçt və teleqraf naziri, Yusif Əzimi-ədliyyə naziri, Cavid Məhtaş-kənd təsərrüfatı naziri, Məhəmməd Biriya- maarif naziri(22). Az sonra Həsən Cövdət Rza Rəsulini əvəz etdi. Axşam iclasında Zeynəlabidin Qiyami Ali Məhkəmənin sədri, Firudin İbrahimli Azərbaycan prokuroru təsdiq edildi. Kabinet formalaşdırıldıqdan sonra S.C.Pişəvəri hökumət proqramı ilə çıxış etdi. Milli hökumətin belə nüfuzlu və hörmətli adamlardan təşkil edilməsi əhali arasında razılıqla qarşılanmışdı. Təbriz Şairlər Məclisinin üzvlərindən Əli Fitrət, Mİr Mehdi Etimad, Hüseyn Səhhaf, Müzəffər Dərvişi, Mir Mehdi Çavuşi, Yəhya Şeyda, Balaş Azəroğlu Azərbaycan Milli Hökümətini şerlə təbrik edərək yazırdılar:

 

“Seçdi ellər xalq içindən şövq ilə on bir vəzir.

Olmaya yadlar əlində xalqımız bir də əsir.

Doğma dildə körpələr verməkdə indi səs-səsə,

Ağuşun açmış elə, gəl-gəl deyir hər mədrəsə,

Ey vətən, ey şanlı Azərbaycan, fəxr eylə sən!

Bir də at çapmaz sənin sinəndə heç vaxt hər yetən...

Qoy məzarından durub əhsən desin Sərdarımız,

Qoy baxıb övladına fəxr eyləsin Salarımız!”(23).

 

Milli Hökumətin baş vəziri S.C.Pişəvəri yeni qurulmuş hakimiyyətin mahiyyətini belə açıqlayırdı: “Azərbaycan Milli Hökuməti xəlqın səadəti və xoşbəxtliyindən ötəri qurulduğu üçün ümumi xəlqi fəaliyyətə, düzlüyə, asayiş və əmniyyəti hifz etməklə bir-birilə qardaşvari yaşamağa dəvət edir....Hamıdan xəlqə və ölkəyə xidmət və Azərbaycanın gələcəyi yolunda ciddiyyət gözlənilir. Dövlət isə onun şəraitini vücuda gətirməyə çalışacaqdır”. Eyni zamanda , Təbrizdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərə bildirilirdi ki, onlar öz işlərini beynəlxalq qanunlara uyğun əvvəlki qaydada davam etdirsinlər.” Həmçinin demokratik dövlətlərin təbəələrinin asayiş və əmniyyətini hifz etmək yolunda milli dövlət heç bir fədakarlıqdan çəkinmiyəcəkdir” (24).

Azərbaycan hökuməti təşkil edilən günün səhəri Təbriz şəhridarı Rövşəni baş konsulu A.Krasnıya bildirdi ki, M.Bəyat ordu, polis və jandarma göstəriş vermişdir ki, qan tökülməsini mənasiz hesab edir və ona görə də heç bir müqavimət göstərmədən demokratik hökumətə tabe olsunlar. Eyni zamanda, Rövşəni əlavə etdi ki, bu, ümumxalq işi olduğundan Bəyat demokratik  hökumətə hesablaşmağı, mərkəzi hakimiyyətin nümayəndəsi kimi Azərbaycan Milli  hökuməti ilə əməkdaşlığı zəruri hesab edir. Elə həmin axşam o, təbrizdəki ABŞ konsulu ilə görüşüb Azərbaycandakı vəziyyəti müzakirə etmişdi. Dekabrın 13-də məlumat alınmışdı ki, Bəyat tələsik Tehrana getməyə hazırlaşır. O, Krasnıya müraciət etmişdi ki, “İnturist” vasitəsi ilə ona təyyarə verilməsinə kömək etsin. Baş konsul Krasnı bu barədə “İnturist”ə göstəriş vermişdi. Şəhridar Rövşəni Bəyatın adından Sovet konsulundan xahiş etdi ki, talançılığa, çaxnaşmaya və qisasçılığa yol verməmək, şəhərdə qayda-qanunu qorumaq üçün Qırmızı Ordunun köməyini əsirgəməsinlər. Krasnı bu xahişə müsbət cavab vermişdi. O, Stalinə yazırdı: “Krasnının cavabını məqbul hesab etmirik. Bizim hərbçi yoldaşlara bir daha göstəriş verin ki, şəhərdə qayda demokratların özləri tərəfindən təmin edildiyi halda baş verən hadisələrə müdaxilə etməsinlər” (25).

Azərbaycan Milli Hökuməti yarandıqdan sonra vali M.Bəyatın Təbrizdə qalması mənasız bir

işə çevrilmişdi. S.C.Pişəvərin fikrincə, Səham əs-Sultanin Təbrizdə qalması ilə “Milli Məclis , Milli hökumət, milli muxtariyyət düz gəlməyəcək idi...Ona görə Azərbaycanda milli heyətin qərarı üzrə ağayi Bəyatın yanına rəsmi bir heyət göndərib onun Azərbaycanı tərk edib getməsi lüzumunu bildirdik. O isə heç bir qüdrət və köməyə dayana bilmədiyi halda özünün orada qalmaq üçün israr etməsini zərərli hesab etdiyinə görə, bizim pişnəhadımızı qəbul etdiyini bildirdi” (26).

Dekabrın 13-də Tehran qəzetlərin 6 jurnalisti ilə birlikdə Azərbaycanda cəmisi 16 gün qalmış M.Bəyat Təbrizi tərk etdi(27). Təyyarə meydanında onu Pişəvəri və Sovet konsulluğunun katibi yola saldı. S.C.Pişəvəri yazırdı: “ Biz kamilən biqərəz olduğumuzu isbat

Etmək üçün onu təyyarə meydanınadək müşayiət etdik. Mən şəxsən təyyarə meydanında ona tələbatımızı qəbul etmək şərtilə Tehran hökuməti ilə hər günə müzakirəyə hazır olduğumuzu bildirdim. Ona dövlətin silah gücü ilə Azərbaycanda nəzarət yaratmağına zərərlərini sayıb söylədim”(28).

M.Bəyat getdikdən sonra Milli Hökumətin liderləri valinin iqamətgahına gəlib işə başladılar. Dekabr ayının 12-də gecə Təbriz yaxınlığındakı Marağa yolunda ingilis konsulu Uollun maşını partizanlar tərəfindən saxlanıldı. Görünür, Marağa getmək bəhanəsi ilə Uoll Azərbaycandakı, xüsusilə Təbriz yaxınlığındakı vəziyyəti öyrənmək istəyirmiş. Partizanların tələbinə baxmayaraq o, şəhərə qayıtmaqdan qəti imtina etdi və partizan dəstəsinin başçısı ilə görüşmək istədiyini bildirdi. Üsküyə aparılarkən Uoll öz tərcüməçisi vasitəsilə partizanların silahı haradan alması, partizanların sayı və s. Məsələrlə bağlı çoxlu suallar verdi. O dedi:” Tehran Azərbaycana muxtariyyət verməz. Sizin pulunuz yoxdur, siz ayrı yaşaya bilməzsiniz” (29). Partizan dəstəsinin rəhbəri Uollu dərhal azad etmiş və gecə o, Kürdüstan istiqamətnidə yolunu davam etdirmişdi.

Dekabrın 12-dən 13-nə keçən gecə jandarmların tərk-silah edilməsi və silahların təhvil alınması başa çatdırıldı. Məclisin axşam iclasından sonra Milli Hökumət nümayəndələri ilə Təbriz diviziyasının komandiri general Derəxşani arasında danışıqlar başladı. Danışıqlar zamanı Derəxşanı Azərbaycan hökumətinə tabe olmağa razılığını bildirdi. Orduya göstəriş verdi ki, hətta fədailər hərbi şəhərciyə daxil olsa belə, onlara atəş açılmasın. Məsələni sonadək həll etmək üçün ona səhər saat 9-a qədər vaxt verilməsini xahiş etdi.

Lakin o, dediyi vaxtda hökumətin iqamətgahına gəlmədi. Dekabr 13-də saat 12-də hökumətin başçısı Pişəvəri general Derəxşanini yanına dəvət etdi. Ona bildirdi ki, diviziya Milli Hökumətə tabe edilsin və silahlar təhvil verilsin. General fikirləşmək üçün daha saat yarım vaxt istədi. Pişəvəri buna etiraz etmədi. Vaxt tamam olduqdan sonra o, zəng edib sabaha qədər fikirləşmək arzusunda olduğunu bildirdi.Pişəvəri qəti şəkildə etiraz etdi. Danışıqlardan sonra Derəxşanı Təbrizdəki Sovet ordusunun korpus komandiri general-leytenant Qlinskiye məktubla müraciət edib bildirdi ki, şəhər çox saylı silahlı adamlar

Tərəfindən mühasirə edilmişdir. Diviziyaya hücum olunacağı təqdirdə biz müdafiə olunacağıq. Milli Məclisin axşam iclasında Pişəvəri general Derəxşaninin hərəkətlərivə bu hərəkətlərin qan tökülməsinə səbəb olacağı barədə məlumat verdi. Derəxşaninin hərəkətləri barədə təcili vərəqələr çap edilib əhali içərisində yayıldı. Deputatlar İran hökumətinə və Azərbaycan muxtariyyətinə sədaqətli olacaqları barədə and içdilər. Qurana and içdilər ki, Məclisin qərarlarını müqəddəs iş kimi yerinə yetirəcək, öz xalqına şərəflə xidmət edəcəklər.

4-cü Sovet ordusunun komandanlığından xahiş edildi ki, diviziyanın tərk silah edilməsini uğurla başa çatdırmaq üçün partizan dəstələri başçılarına kömək etmək məqsədilə dörd yaxşı təlimatçı və tərcüməçilər ayrılsın. Lakin Baki Hərbi Dairəsi ordusunun komnadanı, ordu generali İvan Maslennikov bunu qadağan etdi. Onun əmrində göstərilirdi: “Heç bir təlimatçı ayrılmasın, Qlinski baş verən hadisələrə müdaxilə etməsin, mənim şəxsi göstərişlərimə

uyğun korpusun döyüş hazırlığı məşğul olsun. Atakişiyev bütün digər imkanlara malikdir, mənim icazəm olmadan heç bir halda ona nə bir əsgər, nə bir zabir verilməsin” (30).

Azərbaycan SSR dövlət təhlükəsizliyi komissarının müavini general A.Atakişiyevə tapşırıq verildi ki, Təbriz qarnizonuna qarşı hərbi əməliyyat aparılmasın, qarnizon ətrafdan təcrid

edilsin, onun ərzağı və suyu kəsilsin. Məsləhətçilərin fikrincə, bu halda əsgərlər özləri silahı yerə qoyub təslim olacaqlar. Eyni zamanda, hökumətə təklif edildi ki, qarnizonu tərk-silah

etmək üçün nüfuzlu adamlardan, bütün dinc vasitələrdən istifadə edilsin. Bu vaxt ərzində Derəxşani Tehranla vəziyyəti aydınlaşdıra bilmədi. O, Tehrana, baş nazir Həkimiyə teleqrafla məlumat göndərmişdi ki, əgər dekabrın 13-də axşam saat 9-a qədər təslim olmasaq, Sovet qüvvələrinin yardımı ilə demokratlar hərbi düşərgələrə hücum edəcəklər. Həkimi hərbi nazir general Riyaziyə tapşırmışdı ki, Baş Qəragah rəisi Ərfə ilə birlikdə divizyanın təslim olması haqda əmri hazırlasın. Uzun müzakilərdən sonra “biabırçı” əmri baş nazir özü imzalayıb birbaşa Derəxşaniyə göndərdi. Lakin gec idi. Bu əmrin göndərilməsindən iki saat əvvəl artıq Derəxşani təslim olmuşdu (31).
Dekabrın 13-də axşam saat 8-də general Derəxşani telefonla xahiş etdi ki, Pişəvəri onu qəbul etsin. Şəbüstəri, Cavid və Biriyanın iştirakı ilə Pişəvəri general Derəxşanini qəbul etdi. Görüş zamanı o, Təbriz qarnizonunun Milli Hökumətə tabe edilməsinə razılıq verdi. Lakin

Derəxşani belə bir əmrin özü tərəfindən Rizaiyyə və Ərdəbil briqadlarına verilməyəcəyini bildirdi. Bunu o, həmin briqadların, guya, birbaşa Tehrana tabe olmağı ilə əsaslandırırdı və

Bir sıra zabitlərin sağ-salamat Tehrana getməsi üçün təminat istədi. Ona belə bir təminat verildi. Azərbaycandakı İran diviziyasının Milli Hökumətə tabe olması və onun tərk-silah

edilməsi haqqında Pişəvəri ilə Derəxşani arasında sənəd imzalandı. Orda göstərildi:

“Təbriz qarnizonundakı ordu bütıvlükdə Azərbaycan Milli Hökumətə tabe olur, silahlar təcili olaraq fədailərin nəzarətinə keçən anbarlara verilir, milli Hökumət icazəsi olmadan ordu kazarmadan kənara çıxa bilməz, Təbrizdə xidmət etmək istəməyən zabitlərin Tehrana getməsinə icazə verilir, Azərbaycanda qalıb xidmət etmək istəyən əsgər və zabitlərin silahları hərbi and qəbul edildikdən sonra qaytarılacaq” (32). Yeni Hökumətin üzvləri olan İlhami və

Cavidə tapşırıldı ki, kazarmalara gedib zabitlərlə danışsınlar və silahları təhvil alsınlar. Sənəd imzalandıqdan sonra Derəxşani bildirdi ki, 0, bir daha diviziyaya qayıtmaq istəmir və Pişəvəridən xahiş etdi ki, hökumətini binasında gecələmək üçün ona icazə versin.

Derəxşaniyə icazə verildi ki, Azərbaycan Məclisin sədri M.Ə.Şəbüstərinin evində gecələsin. M.C.Bağırovdan göstəriş gəldi ki, Azərbaycandakı İran ordusu bütıvlükdə, ilk növbədə isə Rizaiyyə və Ərdəbildəki briqadlar tərk-silah edilməmiş Təbriz diviziyası əsgərlərinə silah paylanmasın. Ərzaq və maddi çətinlikləri yüngülləşdirmək üçün diviziya əsgər və zabitlərindən evlərinə dağılmaq istəyənlərə icazə verilsin. General Derəxşani özünü düzgün aparırsa və həqiqətən İran hökumət repressiyasından ehtiyat edirsə, ona köməklik göstərilsin və müdafiə edilsin (33). Dekabr ayının 14-də səhər Təbiz ətrafında dayanan fədai dəstələr mütəşəkkil şəkildə şəhərə daxil oldu. Baş nazir S.C.Pişəvəri bəyanat verərək bildirdi ki, bütün idarə və müəssisələr tamamilə Milli Hökumətin əlindədir. Məhərrəmlik mərasimi ilə bağlı Milli Məclis öz işini bir həftəlik dayandırdı. Bununla da Sovetlərin hərbi, siyasi, diplomatik himayəsi və yaxından iştiraki ilə Güney Azərbaycan milli-azadlıq hərəkatının birinci mərhləsi-hakimiyyətin ələ alınması prosesi başa çatdı (34).

S.C.Pişəvərinin fikrincə, hadisələrin sürətlə inkişafi nəticəsində “Azərbaycanda ikihakimiyyətlik dövrəsi xatimə tapıb iş xalqın intixab etdiyi Milli Hökumətin əlinə keçməklə nə tək Azərbaycan, bəlkə bütün İranda yeni bir dövr başladı” (35).