Qanlı 20 yanvar faciəsində şəhid olmuş yurddaşlarımızın müqəddəs ruhu qarşısında baş əyirik!
Allah onlara rəhmət etsin!

Qoy əyməsin qussə-qəm səni qardaş,
Səninləyəm acı günündə qardaş,
Bu ağır dərdinə şərikəm qardaş!

Əziz oxucularımız,

Hər bir xalqın yaddaşında çox dərın iz buraxan, xalqın özünü dərk etməsində dönüş nöqtəsi yarandan hadisələr vardır. Əsrlərdir başı min bəlalar çəkmiş xalqımız tarixdə çox acı səhnələr görmüşdür. Amma bir gün var kı, o gün harada yaşasaq da, harada olsaq da hamımızın bir millət kimi içi qan ağalayır. Bu gün 20 yanvar günüdür! Tariximizə də ”Qanlı 20 yanvar” kimi keçmiş bu gündə 137 nəfər azərbycanlı ”Şanlı rus ordusu” tərəfindən uşaq, yaşlı, qadın, kişi demədən qəddarcasına qətlə yetirilmişlər. O günlərdə nə qədər insanımız itkin düşmüşdür ki, hələ də aradan 13 il keçməsinə baxmayaraq onların öldüklərindən-qaldıqlarından xəbərimiz yoxdur. Qana susamış rus əsgərləri yenə də hər zaman olduğu kimi ”işi təmiz həll etmək”üçün meyidləri əvvəldə gizlətməyə çalışsalar da bu böyüklükdə qirqini ört-bas edə bilmədilər. Bu 137 nəfər yalnız meyidi tapılıb Bakıda Şəhidlər xiyabanında basdırılan vətəndaşlarımızın sayıdır.

Belə bir faciənin başımıza gələcəyini kim bilərdi ki? Namərd bir insan adamı arxadan vurar, deyib atalarımız. Rus ordusunun törətdiyi vəhşiliklər namərdlik bir tərəfə qalsın, insanlıqdan .çox-çox uzaq bir şey idi. Bizi çox yandıran budur ki, bu hadisələr bütün dünya ictimaiyyətinin gözü önündə baş verirdi. Aylarla Azadlıq meydanına yığışaraq “Qarabağ bizimdir”, “Azərbaycana azadlıq” deyə bağıran azərbaycanlıların səsi, yeni başlamış erməni təcavuzu, müharibə zonasında olan əliyalın insanlarımızın ah-naləsi nədənsə nə Avropa nə də Amerika mediyasında yazıldı. Görəsən neyə görə o vaxt bu cinayəti törədən Rusiyani hər addımda tənqid edən bu nufuzlu ölkələrin  başçıları, siyasətçilər azərbaycan torpaqlarının zəbt olunmasına, insanlarına qarşı törədilən vəhşiliyə göz yumdular? Bu ölkə mediyalarının da bizə münasibətini bilirik: Sumqayıt hadisələrində, Gürcüstanda milli zəmində olan çaxnaşmalarda (orada 9 gürcü ölmüşdü) çox  əl-ayağa düşən, əlavə reportajlar hazırlayan dünya mətbuat, radio-televiziyası 20 yanvar hadisələrindən səthi bəhs etmişdi. Güya missiyaları “obyektiv məlumat vermək” olan, əslində isə kimlərinsə maraqına görə həqiqətləri görməzlikdən gələn bu mediabazlar 20 yanvar hadisələrinin də əsas səbəbini göstərmədilər. Bütün faktlar saxtalaşdirilaraq belə göstərildi ki, güya zərərçəkən  biz azərbaycanlılar dəyil, o vaxt Bakıda yaşayan ermənilər olublar, güya azərbaycanlılar onları döyürdülər, öldürürlər. Rus qoşunuda erməni din qardaşlarını bu “vəhşi azərbaycanlılardan” qorumaq məqsədi ilə Bakıya gəlib. Bəs görəsən bu “Şanlı ordu” o vaxt 1 ildən artıq erməni terrorçularının başlatdıqları təcavuz zamanı harda idilər? Hələ o zaman Moska mərkəzi televiziyası və mərkəzi rəzətlərinin Bakıda dinc əhaliyə qarşı törədilən bu qəddarlığı tənqid etməsi yerinə, dövlətin bu rus qaniçənlərinin evə dönmələrini təntənəli şəkildə qeyd etmələri və onlara medallar, mükafatlar verilməsi yasda olan millətimizə nə qədər təsir etmişdi təsvir etmək çətindir. O zamanlarda tez-tez xalq bunu deyirdi: ” Çərxin tərsinə dönsün, ay belə dünya, ay belə zaman! Bu nə müsibətdir biz çəkirik!“

Qanlı 20 yanvar bizə çox mətləbləri öyrətdi, dostumuzu-duşmənimizi tanıdıq. Bir gecədə bu qədər şəhid vermiş Vətənimiz, başını uca tut! Gör bizə nə qədər əzizsən ki, uğrunda can verən iyidlərin var. Əlbət bu dünyanın çərxi xalqımızın da xeyirinə bir gün dönər!

Şəhidlər xiyabanında əbədi yuxuya getmiş şəhidlərimizə redaksiyamız adından allahdan rəhmət dilələyirik! Rahat yatın Vətən övladları, nahaq axmış qanınız yerdə qalmayacaq!

İnsan insan olub öz hünərilə,
Millət millət olur xeyir-şərilə.
Torpağın bağrına cəsədlərilə,
Azadlıq toxumu əkdi şəhidlər!
Bəxtiyar Vahabzadə