Ay Çalpapaq, Çalpapaq
Səndən yoxdur səs-soraq.
Qiş gəldi, qar da yağdı,
Gözümüz yolda qaldı.
Hər yan oldu ağ-appaq.
Gəl qartopu oynayaq.


Salam əziz uşaqlar!

 

Bu mənim sizinlə ikinci görüşümdür. Məni xatırladınızmı? Əvvələcə sizi Yeni il münasibəti ilə təbrik etmək istəyirem. Bu Yeni ildə sizə şən, qayğisiz günlər və firavan həyat arzu edirəm! Qoy 2003 ildə o gül üzünüz həmişə gülsün və hər gününüz, hər saatınız sizə yeni bir nəşə, yeni bir sevinc gətirsin!

 

Uşaqlar, bəs bu geridə qalan 2002-ci ili necə başa vurdunuz? 2002-ci il nəyi ilə sizin üçün əlamətdar, yaddaqalan bir il oldu? Məktəbə gedən dostlarım, siz necə, yarısı arxada qalmış dərs iliniz necə keçdi? Bunları bilmək mənə çox maraqlıdır. Ona görə də istərdim ki, bu haqda mənə  məktub yazıb göndərəsiniz.

 

Əziz dostlarım, əgər siz də mənimlə marqlanıb eyni sualları mənə versəniz, bunu

deyə bilərəm ki, mən bu 2002-ci ildən çox razı qaldım. Mən yenə hər zaman olduğu kimi böyük dünya səyahətinə çixmişdim. Bu uzun səfərimdə dünyanı gəzdim, diyar-diyar dolaşdım, başıma çox qəribə əhvalatlar gəldi və özümə yeni dostlar tapdım. Gördüklərim və eşitdiklərim haqda sizə də hər görüşümüzdə yazacayam.

 

 

 

 

 

 

 

 

İndi sizə kimdən yazım, kimdən deyim - bizim Şaxta babadan! O Şaxta baba ki, siz uşaqlar onun yolunu səbrsizliklə düz bir il gözləyirsiniz. Düz 3 gün bundan əvvəl yolum meşədən duşmüşdü. Uzaqdan bir tustu görüb Çolpanla ona doğru yaxınlaşdıq. Yaxına gəldikcə gördük ki, bu Şaxta babadır, ocaq qalayıb. O hər zaman olduğu kimi qirmizi məxmər yapıncısını[1] geyinib, içi hədiyyələrlə dolu olan torbasını yanına qoymuşdu. Meşənin bütün heyvanları da Şaxta babanın başına yiğişmişdilar. Onlar ocağın ətrafında oturmuşdular və çox maraqla Şaxta babanın söhbətinə qulaq asırdılar. Şaxta baba bizi görüncə yanına çağırdı.

Biz də onlara qoşulduq və oturub Şaxta baba ilə söhbət etdik. Mən Şaxta babaya onun haqda, Yeni il bayramı haqda nə bilirdimsə danışdım. Ona söz verdim ki, dərgimizin bu dəfəki nümrəsində onun haqında yazacayam. Şaxta baba bundan çox razı qaldı. Ona görə də bu dəfəki “Eşitdiklərim, gördüklərim” bölümündə sizə bir az Şaxta babadan bəhs edəcəyəm.

 

Şaxta baba hər zaman olduğu kimi çox məşqul idi, axı sizin görüşünüzə tələsirdi! Ayrılarkən  mənə bunu dedi ki, əgər işim çox olsa çatdıra bilməsəm və ya yadımdan çixan olsa, onda bu hədiyyə almayan uşaqların Yeni ilini mənim adımdan təbrik edərsən. İndi mən də sözümdə duraraq istəyirəm ki, bütün uşaqlara  Şaxta babanın salamlarını və Yeni il təbriklərini göndərim. Yeni 2003 iliniz mübarək olsun! Mənim sizlərə hədiyyəmsə şer, söz, nağıl olacaq.

Sizlərə əvvəlcə müasir yazıçımız Əli Səmədovun yazdığı bir “nağıl”ı göndərmək istəyirəm. Elə bilməyin ki, nağıllar ancaq keçmişdə yazılırmış!!! İndi də bəzi yazıçılarımız uşaqlar üçün çox maraqlı təzə nağıllar qələmə alırlar.

 

 

 

 

 

Kəndli və qişin dostluğu

 

Hava getdikcə soyuyurdu. Bu, kəndlini heç də narahat etmirdi. O, bütün yayı işləmişdi. Qışda yandırmaq üçün meşədən odun gətirmişdi. İnəyi üçün ot hazırlamışdı. Taxılını deyirmanda üyüdüb, çuvallara doldurmuşdu.

 

Günlərin bir günü qalın qar yağdı. Qiş kəndliyə qonaq gəldi. Kəndli onu gülər üzlə qarşıladı. Motal pəndirinə, qovrulmuş ətə qonaq etdi. Qiş yeyib.içib dincəldi. Havalar qizanda qalxıb getməli oldu. Kəndli onu çox hörmətlə yola saldı. Qiş kəndlidən çox razı qalmışdı. Kendlidən ayrılanda utana-utana dedi:

-Sən mənə çox hörmət etdin. Mən sənə borclu qaldım.

Kəndli hörmətle baş əyərək dedi:

- Dost dostun sağlığını istər.

- Ancaq mən də sənə bir yaxşılıq etməliyəm, ya yox?

Qiş bir an fikrə getdi, sonra sevinclə dilləndi:

- Tapdım! Bax, yaxşılığım bu ola bilər ki, qəlişimi qabaqcadan sənə xəbər verim. Sən də bütün işlərini vaxtında görüb qurtarasan.

Kəndli razılıq etdi. Onlar öpüşüb ayrıldılar.

 

Havalar istiləşdi. Ağaclar çiçək açdı, quşlar nəğmə oxumağa başladılar. Kəndlilər meşədən odun qirib gətirdilər. Doğrayib dama yiğdilar. Mal-qara üçün ot biçdilər. Qurudub taya vurdular. Dənlərini uyudub çuvallara doldurdular. Ancaq qişla dostluq edən kəndli yerindən tərpənmədi. Bütün günü yeyib yatdı. Qonşuları onu hər gün işə səslədilər. Kəndli isə onlara hər dəfə belə cavab verdi:

- Mən tələsmirem, dostumun sifarişini gözləyirəm. Xəbər göndərər, mən də işə başlaram.

 

Günlər bir-bir gəlib keçdi. Havalar yavaş-yavaş soyuyur, köçəri qüşlar uçub gedirdilər. Ağacların yarpaqları saralıb tökülürdü. Uzaq uzaq kəndlərə, dağlara qalın qar yağdı. Kəndli dostunun sifarişini gözlədi, arxayınca yeyib yatdı.

 

Bir gün axşam bərk külək əsdi. Kəndli səhər durub gördü ki, hər tərəfe qalın qar yağıb. Qiş dayanıb qapının ağzında.

Kəndli əvvəl gözlərinə inanmadı:

- Belə də xəbərdarlıq olar? – dedi.

Qış şaxtadan dönmüşdü. Kürkünün ətəklərindən buz sallanmışdı. O, qara bata-bata kəndliyə əl uzatdı:

- Xoş gördük, ay dost!

- Xoş gəlmisən, buyur içəri.

Kəndli dostunu qonaq etmək üçün əl-ayağa düşdü. Sərnici[2] götürüb təvləyə qaçdı.

- Ay mənim qizil inəyim, əziz qonağım gəlib, səndə sud olarmı sağım?

İnək yazıq-yazıq sahibin üzünə baxıb dedi:

- Sən mənim üçün ot gətirmisənmi? Axi mən acam.

Kəndli dəryaz götürürb tələsik tarlaya qaçdı. Hər tərəf qarla örtülmüşdü. Otlar görünmürdü. Kəndli otları səslədi:

-Ay otlar, heyyy!.. Hardasiniz? Axı mənim qizil inəyim acdir, sizi biçməyə gəlmişəm.

Qarın altında boğuq səs gəldi:

- Biz qarın altında qalıb donmuşuq.

Kəndli istədi ocaq yandirib qonaq üçün çay qaynatsin.Tez odun damına qaçdı. Gördü odun damı bomboşdur.Utana-utana soruşdu :

- Ay odun damı, niyə boşsan!

Odun damı cavab verdi:

- Axı niyə də boş olmayım?! Yayda məgər mənə odun yiğmisan? Get odunu meşədən istə!

Kəndli balta götürüb tez meşəyə yollandı. Meşə də qardan ağ don geyinmişdi.

Kəndli:

-Ay meşə, -dedi, - mənə odun verərsənmi?

Meşə uğuldadi, ancaq hirsindən cavab vermədi.

Kəndli bir şələ çirpi yiğib evinə qayıtdı.

İstədi qonağa xəşil[3] bişirsin. Un çuvalının yanına gəlib dedi:

- Ay un çuvalı, bir az un olarmı ? Əziz qonağim gəlib, xəşil bişirmək istəyirəm.

Un çuvalı yazıq-yazıq cavab verdi :

- Axı məni bu il  deyirmana aparmayibsan.

Kəndli bir kisə buğda götürüb deyirmana qaçdı.

-A deyirman, mənim  buğdamı uyudərsənmi?

Deyirmandan səs çixmadı. Onun suyu donmuşdu, işləmirdi. Kəndli bərk hirslənmişdi. Uzunu qişa tutaraq dedi :

-Ay qardaş, belə də dostluq olar?! Axi sən mənə söz vermişdin ki, gəlişini qabaqcadan xəbər verəcəksən.

Qiş buzdan olan iri dişləri şaqqıldadaraq güldü:

- Əziz dost, mən öz və’dime vaxtında əməl etmişəm, -dedi. – Ağacın yarpağını tökdüm, köçəri quşları qaçırtdım, qonşu kəndlərə, dağlara qar yağdırdım. Bəs bunlar sifariş dəyildimi?

Kəndli utandığından gözlərini yerə dikib, sakıt dayandı. O, səhvini indi başa düşdü.

Əli Səmədov

Atalar sözləri

 

İşləməyən dişləməz.

Halva-halva deməklə ağız şirin olmaz.

Cəfa çəkməyən səfa görməz.

Bal tutan barmaq yalar.

İş insanin cövhəridir.

Əkiblər yemişik, əkərik yiyərlər.

Şaxta babanın nəğməsi

 

Qopdu bayırda tufan,

Uğuldadı yel, boran.

Döyüldü pəncərə bərk,

Açdı qapını külək.

Yelləndi çilçiraqlar,

Doldu evə soyuq qar.

- Aha, aha deyəsən

Şaxta babadır gələn!

Saç-saqqalı tamam ağ,       

Başında qardan papaq

Girdi evə bir qoca,

Boyu çinardan uca…

Yapincisi buz kimi,                            

Parlayır ulduz kimi

Qotazlı qar xurcunu.

Uşaqlar görcək bunu

Alıb dövrəyə həmən

Tutdular ətəyindən:

-Şaxta baba, saxta can!

Hardasan bu vaxtacan?

Saşta baba gülərək,

Uşaqlarla təkbətək

Salamlaşıb görüşdü,

Nəsə yadına düşdü.

Fikrə getdi bir qədər,

Dedi:- Əziz körpələr,

Qarlı dağlar aşaraq,

Çox əllər dolaşaraq,
Dağlarda qurdum dəyə[4],

Gəldim sizi görməyə.

 

Əhməd Cəmil

Qar yağır

                     

Qarr, qarr!     

Yağır qar.

Hay salıb

Qarqalar :

Qarq, qarq!

Göylərin

Rəngi ağ,

Ağarır

Dərə, dağ.

Qar! Qar!

Dağa yağ,

Yerə yağ.

Yağ, yağ,

Yer üzü

Olsun ağ.

 

 

 

Qiş nəğməsi

 

Harda qaldın,

Günəş, sən ?

Üşüyürəm

Axı mən !

Sənsiz döndü,

Üşüdü su.

Üşüdü yer

Bizə isti ver.

 

Teymur Elçin                                                                        

Əziz uşaqlar, bu dəfəlik də bu qədər. Hələlik sağ olun! Dərgimizin gələcək nümrələrində görüşənədək! Yenə də həmişəki kimi sizdən məktüb gözləyirəm. Bütün arzu, istək və fikirlərinizi mənə yazın. Məktubun üzərində ”Çalpapğa”qeyd edərək ”Varlığın səsi” dərgisinin redaksiyasına göndərə bilərsiniz. Sağ və salamat qalın!

Çalpapağın dilindən qələme aldı Gülnarə Məmmədova


 

[1] Yapıncı – kürkəbənzər, qalın, uzun üst geyimi

[2] Sərnic – küp, qab

[3] Xəşil – Quzey Azərbaycanda un, yağ, bal və ya doşabdan hazırlanmış səhər yeməyidir.

[4] Dəyə - alaçıq, ustuörtülü yanlarıda açıq olan talvar. Burada “dəyə” müvəqqəti daldalanmaq üçün düzəldilmiş siğinacaq, koma mənası verir.