Saxta Alimlər və Azəri sözünün mənşəyi
Dr. Nemət Rəhməti

Azərbaycan və azəri sözleri haqda bu günə qədər çox sözlər deyilmişdir.  Hal-hazırda isə modern informasiya vasitələrində o cümlədən  müxtəlif internet səhifələrində „azəri“ sözü haqda vaxtaşırı olaraq bəzi yazılar yazılmaqdadır.  Bundan əlavə İranda yaşayan azərilər arasinda da bu məsələ barədə arada bir söhbətlərin aparılması eşidilir. Arada bir ona görə ki, bu gün İranda yaşayan gənc azərilər arasında özünü “türk“ adlandırma“ (self definition) meyli daha güclüdür. Bu meyillənmə, məlum olan kimi, kəçən əsrin sonlarında azərbaycan və onunla qonşu ölkələrdə baş verən siyasi-ictimayi hadisələr nəticəsində güclənməyə başlamışdır.[1] Həmin səbəblə yanaşı İranda ve keçmiş Sovet İttifaqında azəriler arasında kimlik (identity) məsələlərinin inkişafının dondurulması və həmçinin ona qarşı sərt siyasi addımların götüruüməsi əhəmiyyətli rol oynamışdır.

Bu gün türk mənşəli xalqlar arasında müqayise etdikdə ən çox kimlik problemi olan qrup azərilərdirlər. Azərilərdəkinin əksinə bu gün türk kökənli olan xalqlar arasında məsəslən qirqiz, türkmən, özbək və s. kimlik problemlerini müəyyən qədər hell olunmuş hesab etmək olar. Ancaq azərilər hələ ki „türk“ yaxud „azərbaycanlı“ və bunula bələ „türkçülük“ ilə „azərbaycançılıq“ arasında şəkk və tərəddüddə olaraq durğunluq dövrü keçirməkdədirlər.
Azərbaycan Respublıkasında bu məsələdən qurtulmağa az-çox cəhd göstərilsə də, hələ ki, son sözün deyilməsi mümkün olmamışdır. Bunun səbəblərindən biri azərbaycan həyatının tarixi inkişafilə yanaşı, Sovet İttifaqının dağılmasından əmələ gələn “shok” əhvalatı olmuşdur. Həmin bu “shok” əhvalati insanlarda hədsiz diktatoriyadan hüdudsuz azadlığa çatma təsəvvürləri yaradaraq, onları müvəqqəti çaşqınlığa yönəltmişdir. Bu bütün böhranlar əsnasında əmələ gələn bir reaksiyadır və o qədər də qeyri-adı görünməməlidir. Həmin çaşqınlıq nəticəsindədir ki, millətləşmə “nation-building” prosesi düşündürücü və dövrün tələblərinə qeyri-müvafiq bir şəkildə sürünməkdədir.

İranın yaxın tarixində azəri sözü ilə bağlı müxtəlif azəri və qeyri-azəri şəxslər tərəfindən bəlli iddialar irəli sürülmüşdür. Ancaq dəyilənlər ve yazılanlara diqqət etdikdə, onların təqribən hamısının bir-birinə bənzər və yaxud bir-birinin yamsilaması olduğunu görürük. Azəri sözünü bilərəkdən farslaşdıran və yaxud dəqiq desək İran dillərilə rəbt verənlərin misiyasi “azer” xalqının kimliyini ort-basdır etmək və həmin xalqın etnik xüsusiyyətlərini məhv etmək olmuşdur. Bu proses 19-cü əsrin sonlarından başlayaraq 20-ci əsrin birinci yarısında İranda dövlət doktrinine çevrilə bilmişdir. Bununla belə „azəri“ sözünün siyasiləşdirilməsi -hərçənd ki çox azərilər buna laqeyd yanaşmışlar-  baş tutmuş və bunun nəticəsi özünü azərilərin ictimai həyatının bütün sahələrində göstərməyə başlamışdır.

Bəzi „yeni azərbaycançılar“[2] azəri sözü haqqıda İran daxilində aparılmış olan elmi tədqiqatlardan söz açılır. Bizə məlum olan budur ki, bu günə qədər “azər” və ya “azəri” sözləri barədə irandaxili olaraq elmi tədqiqat aparılmamışdır. Bunu iddiya edən, bə-istilah „tədqiqatçılar“, özlərini dilçi adlandıraraq, həmin elmi tədqiqatları özlələrinin həyata keçirdiklərini təbliğat etmələri şübhəsi mövcüddür. Hal bu ki, hərgah belə tədqiqatlar aparılmalı olsa, o zaman əsas vəzifə bir para dəlillərə görə çoxunluqla dilçilərin yox, bəlkə sosyoloqların, tarixçilərin və etnoloqların üstünə düşəcəkdir. Burada fəqət bir məsələ diqqət dairəsindən uzaqlaşmamalıdır. O da, İranda azərilərin məsələlərinə güclü həssasiyyətin hələ də yaşamasıdır.

Hamının bildiyi kimi, çox vaxt İranda hər çərəkə yazan durub şairlik və yaxud mühəqqeqlik iddiası edər. Həmin əsasda bu gün belə nəzərə gəlir ki, hər kim azəri dilində mübtəda və xəbərin harad yerleşdirilməsini başa düşür isə, özünü Azərbaycan və ya azəri dilinin mütəxəssisi sanmağa calışır. Azərilər arasında, atalar demişkən „kişi olmayan yerdə keçiyə hacı Abdülkərim ağa deyərler“ məsəlinə bənzə bir vəziyyət yaranmışdır. Bu gün irandan alınan xəbərlərə əsasən bir sürü dilçi və azərbaycanşünaslar meydana çıxmışlar. Bu özlüyündə çox sevindiricidir. Ancaq bir nəfər yoxdur bunlardan soruşsun: Siz ki deyirsiz azəri İranda qadağandır. Azərbaycanlılara mədəni təzyiqlər olunur və lehaza.  Bəs siz harada azərbaycançılığın ve azəri dilinin mütəxəssisləri olub gəlibsiz? Olmaya bizim keçəllər adlarını „Zülfəli“ qoymuşlar?!

Məlum olan budur ki, bu hərəkətlərdən məqsəd əslində “mən də varam” dəməkdir. Bəlkə bir zaman pay-pülüş olsa bunlar da „paylarına“ çatsınlar. Belə olduqda görürük ki, əsas məsələ arxa plana atılır, gərçəklər şəxsi ambisiyalara qurban verilir, daha bətəri, insanlarin zehni bir para ucuz söhbətlərlə doldurularaq çaşqınlığa yönəldilir. Bunlara şahid olaraq iki misal:

1945-46-ci illərdəki Təbriz hərəkatı və demokratların siyasi fəaliyyətləri hamıya məlumdur. Bu siyasi cərəyan haqda bu günədək çox sözler danışılmışdır. Ancaq diqqet etdikdə görürük ki, həmin deyilənlərin hamısı iki cinahin sözləri olmuşlar: Bir cinah demokratlara qara yaxaraq onlari yamanlayırlar. Başqa cinah həmin yamanları yaman deyənlərə qaytarır.

Ciddi məsələlərə qarşı belə hərəkətlər etmək həmin məsələlərə yalnız “iranlilar sayagi” yanaşmaq demək olar. Bunun nəticəsi bu olubdur ki, bu gün əlli altı, əlli yetdi il demokratlıq dövrünün üstündən keçməsinə baxmayaraq həle “sözun canı” deyilməmişdir. Sankı bu hadisənin səbəb, motiv, national və international vəziyyət, iqtisadi vəziyyət, savadsızlıq, fəqr ve sair komponentlər heç kimi maraqlandıra bilməmir.

Zənnimcə bu gün Azərbaycan və azərilər elə bir şəraitdədirləri ki, onları yamanlayan da, tərifləyəndə hər ikisi azərilərə və Azərbaycana qulluq edirler. Çünki hər iki grup azərilərin məsələlərini gündəmə gətirir, onu aktuallaşdirirlar. Əhməd Kəsrəvinin bu iki qrupdan hansına daxil olmasını məlum etmək hər kəsin öz işidir. Ancaq məlum hal dudur ki, bu günə kimi azərilərin çoxu Kəsrəviyə yaman-yoğuz dəməklə daha çox özlərinə məhbubiyyət və şöhrət qazanmağa cəhd göstərmişlər. Sankı Kəsrəvi “Azəri ya zəban-e bastani-ye Azərbaycan" məqaləsini yazmasaydı, Pəhləvi hakimiyyəti azərilərin məsələlərinə məntiq yolu ile toxunacaqdı. Belə şəxslər şöhrət və məhbubiyyət qazansalar da, azərilərin probləmlərinin həllinə nail ola bilməmiş, azəri sözü barədə yeni bir tezis ortaya qoya bilməmişlər və yaxud qoymaq istəməmişlər. Həmin xəstəlik nə təssuf ki, xüsusən cənublu azəriler arasında şiddətli sürətdə yayqındır. Məhz buna görədir ki, bütün sahələrə aid olan külli suallar bu günə qədər cavabsiz qalmışdır.

Azəri sözülə yanaşı başqa problemlərə də, “saxta” alımlərin populyar şivə və şuarlar ilə  cavab axtarmaq məqsədə çatdıran təşəbbüs ola bilməz. Bu gün əgər akademik arqumentasiya yolulə çixiş etmək istəsək, görəcəyik ki, azəri sözü türk mənşəli bir kələmədir. Nece ki, qırqız, türkmən və s. Azər sözünün izləri hətta Azərbaycan xalq ədəbiyyatında da görmək mümkündür. Azer tayfası ən qədim türk tayfalarindan biri olmuşdur. Azər sözü yunanlıların irani fəth etdikdən hələ en azı beş yüz əvvəl həmin məntəqədə yaşayan tayfaların birinin adı olmuşdur. Bu barədə asurların tarixinə dair qaynaqlarda söhbət getməkdədir. Bunların olmasını nəzərə alaraq yalnız bir məsələni aydınlaşdirmaq lazimdir. O da, görəsən azər xalqının keçmişində nələr baş verib ki, azərilər arasında “self definition” azər sözündən azərbaycanlı və yaxud türkə mübəddəl olmuşdur. Bu Azərbaycanin qonşu türk tayfalarında belə dəyildir. Məsələn türkmənistanlı bir tükməndən onun kim olduğunu soruşduqda, türkmənistanlı yox belke türkmənəm deyəcəkdir, qazaxstanlı da qazax.

Azəri sözünün nə məna daşıması və etimoloji cəhətdən onun hansı kökdən yaranması, azərilərin kimliyi üçün əhəmiyyət daşımır. Burada əhəmiyyətli olan həmin azəri sözünü mənimsəmək və onun azər xalqına aid olmasına boyun qoymaqdır. Hətta əgər Bürhan-e Qate-ye əsaslanaraq azərilər azəri sözü haqda burada yazılmış olan əfsanəyə bələ inansalar yenə də düz hərəkət etmiş olacaqlar. Çünkü bu bütün başqa xalqlarda da belədir. Nə üçün azərilərdə belə olmasın? Əgər ruslar, yunanlar, farsların və s. əfsanələri vardırsa və biz bilirik ki bunlar həmin  əfsanələrin bir qısmını yaratmışlar və başqa qısmını isə bir-birilərindən götürmüşlər, nə üçün biz var olan əfsanələrimizə inanmayaq və yox olanlarımızı isə yaratmayaq?!

İranlıların qəribə xasiyyətləri vardır. Bunlar iki şeydən çətin əl çəkərlər, biri ölüdən bir də köhnə adətdən. Görərsən min il bir ölüyə ağlarlar. Ancaq həmin ölü dirilsə bələ, onu “xortlayıb” deyərək daşlayıb bir de öldrərlər. Görərsən kimisə yalan-doğru bir ifade işlədər, başqaları ondan yapışıb illər boyu uzun-uzadı didişmələrlə məşğul olarlar. Ancaq öz içlərindən gələn mövzularla məşğul olmağa qətiyyən tənbəllik edərlər.

Həmin əsasda görünür ki, bu “azəri” sözü, Kəsrəvi ve Pəhləvi rejimi hələ ki kimsələrə lazım olan şeylərdirlər. Deyəsən bu məqulələrlə hələ uzun zaman al-ver olunmalıdır!! Bizim məsələlərimiz barədə de bir əcnəbi tapılar, bir kitab yazar, onun ilə də problemlərimiz çönüb sifirdən başlar.

Kim bilir?!
Bəlkə?!

[1]İranda şahlıq ənənəsinə son qoyulma və Sovet İttifaqının dağılması həmin hadisələrin ən mühumlərindəndirlərş Bu hadisələr nəticəsində Şimali Azərbaycanda türkçülük idiyası öz inkişafı üçün yrni alan tapmışdır. Ancaq müxtəlif səbəblər üzündən Şimali Azərbaycan türkçüləri həmin idiyanı kütləviləşdirib dövlət doktrininə çevirməyi bacara bilməmişlər. Ancaq Cənubi Azərbaycanda xüsusi bir şəraitin hakım olması insanları cəlb etmək üçün həmin idiya üçün əlverişli imkanlar yaratmışdır.

[2]“Yeni Azərbaycançılar“ dan məqsəd yuxarı yaşlı azərilərdilər ki ümumiyyətdə Sovet İttifaqı və Pəhləvi sülaləsinin aradan qaldırılmasında sonra hər hansı bir səbəb üzündən aşırı azərbaycançı olmuşlar.